Şəhid
Onsuz da yaralı doğulur adam
Elə öz içinə tökülür qanı.
Bu bədən sarğıymış - örtür, bağlayır
Səninlə doğulan yaşıd yaranı…
İndi simurq quşu - bir güllə qonar,
Qonar ya köksünə, ya kürəyinə.
Torpaq inildəyər - qəbirlər doğar,
İşıq qəbirləri igidlərinə.
İndi bir şəhidlik oyanar bu yurd,
İndi bir şəhidlik isinər Vətən.
Ağrıkəsən imiş şəhid canları -
Daha ağrıların kəsilər, Vətən !
...Hərə Ölümündən dirilir bir az -
Yəni axan qanın yerdə qalmayır.
Hərə Ölümündən pay alır bir az -
Sənə ölümündən heç nə qalmayır.
Səfər Rzasoylu
13.09.2022