İndi kim unudur, unutsun məni - Cəlildən yeni şeirlər

İndi kim unudur, unutsun məni   - Cəlildən yeni şeirlər

19 İyul 2024 13:00 258


Cəlil Cavanşir

“carpe mortem”

yumub gözlərimi, dilək də tutub,
söndürdüm yolumda yanan şamları.
çiçək qoxusunu sinəmə çəkib,
tərk etdim, tərk etdim mən adamları...
indi,
indi kim unudur, unutsun məni...

daha bundan sonra ağrı, acı yox
edam kəndiri yox, dar ağacı yox,
nə dost var, nə düşmən,
qardaş, bacı yox
daha,
daha kim unudur, unutsun məni...

viranə bəxtinə qonub, dincələn
mənəm kor bayquşu bu gecələrin,
qırıb bu yolların belini hər gün,
çoxdan səfiliyəm bu küçələrin,
getsin,
getsin, kim unudur, unutsun məni.

torpaq bu yağmurdan doyub, usanmaz
qarışıb yağmura torpağa sinsəm...
çəkib əllərimi fani olandan,
bu çirkli bədəndən qurtula bilsəm...
sonra...
sonra kim unudur, unutsun məni...

niyə ölür adamlar?

bu gün arxa çevirir – bir vaxt dost bildiklərim
qəfil qarşıma çıxsa, sahibsiz küçələrdə
qəfil yoluma çıxsa, yolda qoyub gedənlər,
qəfil üz-üzə gəlsək qaranlıq gecələrdə
dərin bir təəssüflə,
dönüb, çıxıb gedərəm,
mən sizə göstərərəm, niyə küsür adamlar...

yaxşı, bir az romdan süz, yorğun qarson, vaxt gedir
bu tənhalıq illəti, sıxır canımı yenə
aylmaq üçün tezdir, yatmaq üçün çox erkən
bu kloun maskası, bu təmkinsiz təntənə
icazə verin mənə,
çıxarım bu maskanı
mən sizə göstərərərəm, necə gülür adamlar

bir-iki tüstü çəkim, süstləşsin əl-ayağım
sən də arxamca düşmə, sərsəm səfil, dilənçi
bu gün bütün şəhərin sərgərdanı özüməm
qoy qalsın qursağında, səfalətin sevinci
insan dərdin bölüşər,
sevinci bölmək nədir?
mən sizə göstərərəm, nəyi bölür adamlar.

günəş hayandan doğur, gərək dəqiq öyrənəm
gərək gedib oturum dənizin sahilində
bu gecə sərsəmliyin son həddinə çatmışam,
bu gecə danışıram tanrıların dilində,
əgər vaxtınız varsa,
səhər gəlin sahilə
mən sizə göstərərəm necə ölür adamlar....


Cəlil Cavanşirin insanlığa mirası

– Eksperimental ş-ei-r –

Mətin Üstündağa sayğılarla…

1. Xırdalanda bir ev, dövlətdən kirayə
2. Səmada bir parça bulud.
3. Meyvələrdən üç meyvə
4. Bir neçə platonik sevgili
5. Tək-tük müştərisi olan bir barın ayağı qırıq taburetkası.
6. Fitlə çala biləcəyim 4-5 mahnı, biri meyxanadır.
7. 3 metrəlik kəndir, paltar asmağa.
8. 5-6 yüz kitab, rəfləri doldurmağa.
9. Həftənin tək günləri.
10. Tükənmiş zaman
11. İtmiş iman
12. Sonsuz məkan
13. Marsda xəyali villa.
14. Ayda 3 krater
15. Boş viski şüşələri
16. Bir külqabı dolusu siqaret kötüyü.
17. 20-25 söyüş. 2-si rusca, 1-i ingiliscə, 4-ü almanca olmaqla.
18. 5-6 ədəd market paketi.
19. 40 cüt geyilmiş corab.
20. Sevənlərin qəlbində qurulmuş taxt.
21. Limitsiz saç-saqqal, tük, pambıq, sintafon.
22. Müxtəlif parklarda yerləşən üç skamya.
23. Bir ədəd dabankeş, sarı rəngdə.
24. Böyrək daşı, kiçik ölçüdə.
25. Bir neçə dibçək, dibçəkdə çiçək
26. Ağac kölgəsi, quş səsi, otlar üstə uçub qaçan kəpənək.
27. Ayaqda döyənək
28. Sahibsiz küçə itləri, pişiklər və ağcaqanadlar
29. Bir ədəd Xəzər dənizi
30. Laçında Həkəri çayı
31. Cıdır düzündə bir qaya parçası
32. Dönər bıçağı, qayğanaq tavası, bir ton ədviyyat
33. Zibil torbası, kompyuter masası, bir ədəd laptop
34. Köhnə daraq, təzə qayçı, bir kilo alça çəyirdəyi
35. Balaca balkon, böyük ürək, sağlam can, yarım şüşə tut arağı.
36. 20 manat nağd pul. Kredit kartları. Bank borcları
37. Ata-anadan qalma yarısından çoxu yaşanmış həyat.
38. Omba sınığı. Qara ciyərdə piy. Balkonvari qarın.
39. Yazılmamış şeirlər, oxunmamış kitablar.
40. Parka mənzərəsi olan kafedə bir masa.

Olur belə şeylər…

Nəysə, olur belə şeylər
Olur ki, darıxırsan…
Hər kəs sənə doğru qaçır,
Sən ona sığınırsan
Gecələr tez-tez diksinib
Adını çağırırsan…

Nəysə, olur belə şeylər,
Olur ki, çox sevirsən.
Sən hamıdan vaz keçirsən,
Hamıya yadlaşırsan.
O da səndən uzaqdadır,
Bu oyuna çaşırsan…

Nəysə, olur belə şeylər
Olur ki, ağlayırsan.
Göz yaşların ilıq-ilıq
Töküldükcə üzünə
Evin bütün künclərindən
O görünür gözünə…

Nəysə, olur belə şeylər
Olur ki, yorulursan
Bütün həyat eşqin ölür,
Bezirsən, təklənirsən
Bircə quru zəngi gəlir
Coşub ürəklənirsən…

Nəysə, olur belə şeylər
Olur ki, hər şey bitir.
Yaşadığın sevda zülüm,
Sevgin göz yaşı, kədər
Bir də baxırsan illərin,
Hədər gedibmiş, hədər…

Nəysə, olur belə şeylər,
Olur ki,
sən olmursan…

Öküz dərisinə yazılmış şeir

Hamıdan qəşəng darıxıb
Hamınızdan çox içirəm
Dərdlərə meydan oxuyub
Ömrün içindən keçirəm

Taleyimi varaq-varaq
Oxuyuram kitab kimi,
Çox məsumam, günahlarım
Yazılacaq savab kimi.

Mən bir az dəliyəm, dəli
Hər şeyə gülə bilirəm,
Hər sabah erkən doğulub,
Hər axşam ölə bilirəm

Hər gecə döyüb qapımı,
Sonra da özüm açıram.
Təklik qaçır qucağıma,
Baş alıb evdən qaçıram.

Dolaşıram küçələri,
Dolaşıram səfil kimi,
Öz başıma daş tökürəm,
Göylərdən əbabil kimi.

Dərd-səri yavanlıq kimi,
Harda gördümsə, qapıram
Bir az şeirlə ovunub,
Sözlə təsəlli tapıram.

Ömürdü də, yaşayıram,
Harda qırıla, qırıla!
Bir qız da çıxmır bəxtimə,
Düşüb eşqinə, vurulam.

Hamıdan gözəl sevirəm,
Hamıdan tez unuduram
Qəfildən ağlamaq tutur,
Tez özümü ovuduram.

Belə qarışıq adamam,
Gül keç, yoluxaram sənə,
Çıx get,
Bax, aşiq olaram,
Sonra darıxaram yenə.

Şairin gecə ayini -2

ulduzlar göz vurarkən parkdakı sahibsiz itlərə
küçə xəfif dumanlıykən
sərxoşların ay bildiyi küçə lampalarına daş atmalıydım
partlatmalıydım,
bir-bir əldən salmalıydım kimsəsiz, boş skamyaları
amma mən,
bu gecə oyandım, ölümümü düşündüm…

sevgilimin saçları,
gözləri,
bədəni bu qədər gözəlkən,
ona şeir yazmayacaq qədər hüzünlüyəm
darıxıram, sıxılıram…
froydun təsbitiylə, dəliyəm
yunqa qalsa, gülməliyəm
izdihamın içində qrenuy kimi ölməliykən
bu gecə oyandım, ölümümü düşündüm…

bu ucsuz-bucaqsız, kimsəsiz gecədə
bir şeir yazmalıykən
oturub alın yazımı qaraladım
sonra səmaya dikdim gözlərimi, ulduzlara baxdım
sabahı, baharı, səni düşünməliydim əslində
amma mən,
bu gecə oyandım, ölümümü düşündüm…

gecə bir azca soyuq, sənsə əbədi uzaq
aramızda küçələr, yollar, gecələr varkən
səni sevmək bu yaşımda,
durmadan, dayanmadan düşünmək dəlilikdir
bu gecə,
tanrı tumar çəkməliydi başıma,
qəfil saçlarımı qarışdırdı yorğun əlləri
bir səkinin üstündə oturub, sənə ağlamalıykən
bu gecə oyandım, ölümümü düşündüm…