YeniYaz.Az yazıçı Alpay Azərlə müsahibəni təqdim edir.
Alpay müəllimin fikrincə müasir hekayə necə olmalıdır?
Özündən demək kimi çıxmasın, müasir hekayəni yazanlardan biri də məməm. Nəyi nəzərdə tuturam? Azərbaycan hekayəçiliyində müasir geosiyasi prosesləri, tanıdığımız siyasi fiqurların bəzilərini nəsrə ilk gətirən mənəm. Bax, müasir hekayələr tipinə, adətən postmodernist üslubda yazılan hekayələri misal çəkirlər. Yəqin sən də fikir vermisən, cavan yazıçılarımız kənd nəsrindən yazanda, görürsən, şəhər, meqapolis nəsrini sevənlərdən, hətta kənd nəsrini başa düşənlərdən kimsə qıcıq olur. O dəqiqə reaksiya verirlər ki, nə qədər eyni mövzudan yazmaq olar, bu şeylər altmışlarda yazıldı, yetər artıq bu mövzulardan yazmağa, müasir hekayələr gözləyirik və s. Müasir hekayəçilərdən söz düşdüsə, Sənan İsmayılovun adını çəkmək istərdim, bəlkə də tanıyırsan, fantastika janrında maraqlı hekayələr yazır. Şamxal Həsənov var, bilmirəm, oxumusan, ya yox, bəzi mətnləri var ki, onları müasir hekayə kimi təqdim etmək olar.
Və vacib məqamlardan biri, müasir hekayə, bütövlükdə nəsr sözsüz ki, informasiya texnologiyaları, süni intellekt, sosial şəbəkələşmə, bir sözlə yeni informasiya dövrü ilə bağlı reallıqları özündə əks etdirməlidir.
Sizcə, mövzu çox önəmli faktordur, yoxsa dil?
Minimal nəsr dili deyilən kriteriya var. Yəni sən hansısa hekayəni götürüb elmi, ya publisistik dillə yazsan və ya mətndə tez-tez bu tipli cümlələrə rast gəlsən, hətta mövzu maraqlı olsa belə, ədəbiyyatdan az-çox anlayışı olan adam o dəqiqə deyəcək ki, bu yazıçının heç nəsr dili yoxdur, çox güman, kitabı atacaq qırağa, axıra qədər oxumayacaq. Minimal nəsr dili yaradıcılığın ilk pilləsidir ki, bu, təbii, istedada bağlı olan məsələdir. Yazıçı üslubçu olmaya bilər, bu, normaldır, amma onda ən azı, nasir təhkiyəsi olmalıdır. Qaldı ki, mövzu məsələsinə, əlbəttə, mövzu da vacibdir. Tutaq ki, qələmini təsdiq etmiş yazıçı xüsusi yeniliklər etmədən eyni mövzulardan yazanda, peşəkar oxucu sonda bezə bilər. Ona görə nasir həm dilə, həm də mövzuya fikir verməlidir.
Bizi dünya ədəbiyyatından geridə qoyan hansı cəhətlərimizdir?
Mən bu sualı “Biz dünya ədəbiyyatında niyə öz sözümüzü deyə bilmirik?” kimi başa düşürəm. Açığı, bu suala cavab vermək mənimçün çətindir. Gücüm, vaxtım daxilində çalışıram müasir dünya ədəbiyyatında sözünü demiş nasirlərin əsərlərini oxuyam görəm, biz onlardan nədə geri qalırıq. Gəldiyim nəticə budur: bizdə də dünya səviyyəli hekayələr yazılır, amma onları ingilis dilinə tərcümə etdirərək “Paris review”, “New-Yorker” kimi ədəbi baxımdan brend dərgilərə çıxa bilmirik. Bizdə bəyəm indi dünyada tanınan Edqar Keret səviyyəsində hekayə yazan nasirlər yoxdur? Əlbəttə, var. Dünyaya çıxa bilməməyimiz həm də bəxtsizlik məsələsidir. İkincisi, bu, kiçik millət olmağımızla bağlıdır. Bir dəfə Federiko Fellininin “Amarkord” filmində oynayan bir aktyordan müsahibə götürmüşdüm, kulis.az-da çıxıb o müsahibə. Bu aktyor həm də feysbukda mənim dostluğumdadır. Müsahibəni öz səhifəsində paylaşmışdı, altdan bir italyan komment yazmışdı ki, Azərbaycan haradır? Aktyor gülüş smaylikiylə cavab yazmışdı ki, qəpik boyda bir ölkədir. Belə.
Bir hekayə müəllifi kimi Alpay Azər üçün Azərbaycan ədəbiyyatında kimlər yaxşı hekayə müəllifləridir?
Məsələyə tarixən baxsaq, çox uzun siyahı alınacaq. Ona görə müasirlərdən danışa bilərəm. Səfər Alışarlı, Ataqam, Şərif Ağayar, Mübariz Örən, – bunlar təcrübəsi çox olan, eyni zamanda formada qalan nasirlərdir. Sadaq Budaqlının, Fəxri Uğurlunun yeni hekayələr yazmasını istərdim. Yenilərdən öncə adını çəkdiyim Şamxal Həsənov, İlham Əziz, Xəyyam Rəfilinin adlarını çəkə bilərəm, kimlərisə unuda bilərəm. Gənclərdən Orxan Həsəni, Sərdar Amin, Bahəddin Salman, Təvəkgül Boysunar hekayələriylə müəyyən qədər özlərini təsdiq edə biliblər. Müşfiq Şükürlü yaxşı hekayələr yazırdı, sonra nədənsə yazmağı dayandırdı. Son oxuduqlarımdan Nadir Yalçının “Vera Nikolayevna” hekayəsi çox xoşuma gəldi. Xanım hekayəçilərindən Afaq Məsudun, Jalə İsmayılın, Hədiyyə Şəfaqətin, Samirə Əşrəfin adlarını çəkə bilərəm.
İlk dəfə nəsrə nə ilə başlamısınız?
Ciddi saymasaq da, ikinci sinifdən yazmağa başlamışam, bloknotda kiçik hekayələr yazırdım. Amma nəsrə ciddi şəkildə 2008-ci ildə “Slovak qızı” hekayəmlə qədəm qoydum, kult.az saytında çıxmışdı. O vaxtdan dayanmadan yazıram.
Texnikanın nəsrdə nə kimi əhəmiyyəti var?
Texnika təcrübəylə əldə edilir, əhəmiyyəti ondadır ki, başqa yazıçıların texnikasını öyrənə-öyrənə, yazdıqlarını özündən öncəkilərlə müqayisə edə-edə sonucda öz yolunu tapırsan. Peşəkar yazıçı həm də peşəkar oxucu olmalıdır. Xüsusilə, yeni-yeni yazmağa başlayanlar buna diqqət yetirməlidir. İndinin özündə klassikləri oxuyanda, əsərin hansısa hissəsində özümə sual verirəm: “Görən, müəllif niyə bu yerdə bu gedişi etdi?”
Bu sualı çox adama vermişəm, sizcə, gənc yazarlarda nə olmamalıdır?
İfrat, pafoslu təsvirlərdən uzaq olsunlar. Ümumiyyətlə, hər şey qədərində yaxşıdır. İkincisi, təsirlənmə məsələsi. Bəzən görürsən, gənc yazıçılar klassiklərdən o qədər təsirlənir ki, sonucda yazıda təqlidçilik gözə dəyir. Yeni yazmağa başlayan müəlliflər birüslublu yazıçıları oxumamalıdır, eyni zamanda öz üslubuna yaxın yazıçını öyrənməlidir. Bir də ciddi yazıçı sosial şəbəkələrdə intriqalara baş qoşmamalıdır, cılız şeylərə öz vaxtını sərf etməməlidir. Bir az soyuqqanlılığını qorumalıdır, tənqidə dözümlü və açıq olmalıdır, amma özünü haqlı bilirsə, tənqidə opponentlik etməyi bacarmalıdır.
Hazırda ənənəvi nəsrin davam eləməsinin ədəbiyyata hansısa təsirləri varmı?
Çox maraqlı bir məsələyə toxundun, Nizami, bax, məsələn, Nadir Yalçınla bağlı deyirlər ki, yazdığı tərzdə hekayələr çox yazılıb, ənənəvi yolla gedir. Amma mən belə düşünmürəm, fikirləşirəm ki, yazıçı ənənəvi yolla, ənənəvi təhkiyə ilə getsə belə, maraqlı yeni mövzular düşünüb yaza bilər. Belə deyək də, hekayədə Cəlil Məmmədquluzadə üslubu var, kimsə o leksikadan istifadə edib, həm maraqlı əsər ortaya qoya bilər, eyni zamanda heç nə alınmaya bilər. İkinci halda müəllif mənasız təqlidçi, birinci halda novator olur. Eyni zamanda kimsə Cəlil Məmmədquluzadə üslubundan istifadə edib ona ironiya edə bilər, amma əndazəni keçmədən və ən əsası, buna istedadı çatsa əgər.
Elə bir mövzunuz olubmu ki, roman yazmaq istəmisiniz, hekayə alınıb?
Maksimum povest olub. Hekayə yazmaq istəmişəm, axırda yazdığım genişlənib povest olub. Eyni zamanda povest yazmaq istəmişəm, sonucda hekayə alınıb. Roman fərqli nəsr məkanı olduğu üçün, mən həmin an onun enerjisini və tutumunu hiss edib bilmişəm ki, bu mövzu ancaq roman həcmində işlənə bilər.
Sizə ən əziz olan mətniniz hansıdır?
Belə deyim, ağrı ilə yazdığım hekayələr mənə daha doğmadır. Hekayələr var küçədə gedə-gedə yadıma düşüb, gülmüşəm. Məsələn, “Sözpərəst adam” hekayəsi... Mənimçün lap çox doğma olan “Dinc dövrün şəhidi”, “Slovak qızı”, “Özündən küsən gəlin”, “Hikkəli qadın”, “Su... su...”, “Div ata” hekayələridir. Bir sözlə, o hekayələr ki, onları tez-tez xatırlayıram, obrazlar tez-tez mənim xəyalıma təşrif buyurur.
Azər Abdulla dünyasını dəyişəndən sonra həyatda bir ata boşluğu hiss olundu, yoxsa ədəbiyyatda bir yazıçı boşluğu?
Yaxşı, həm də yaralı sualdır. Atam həm də qələm dostum, nəsr yaradıcılığımda ilk müəllimim idi. İndi bəzən nəyisə yazıb bitirəndə, bir mətn yetimliyi hiss eləyirəm, çünki yazdıqlarımın çoxuna o baxırdı, fikrini deyirdi. Elə bilirəm, onun ölümündən sonra yazdığım hekayələr müəyyən mənada yetim kimidir. İlk oxucum o idi. Üstəlik, redaktə etdiyi hekayələr çox olub. Atam ənənəvi üslubla yazırdı. Deyirdim, əşi, sən bəzən inşa kimi yanaşırsan mətnə, cümlə quruluşunda mübtəda və feilin öz yerində olmasına hədsiz diqqət ayırırsan. Deyirdim, yazıçı dil qaydalarını yeri gələndə pozmalıdır. O, dil qaydalarının tərəfdarıydı deyə aramızda tez-tez mübahisə düşürdü. Onda dil zənginliyi var idi, məndə bu yoxdur. Belə deyim, nəsrdə nə minimalistəm, nə maksimalist, amma atam dil zənginliyinə fikir verən yazıçıydı.
Son olaraq Azərbaycan ədəbiyyatına gələn gənc hekayə müəlliflərinə nələri arzu edirsiniz?
İngilis dilini öyrənsinlər. Çünki müasir nəsr ilk növbədə ingilis dilindən tərcümə olunur, eləcə də ingilis dilinə tərcümə olunur. Məndə bu dildə çıxan ədəbi jurnalların siyahısı var, maraqlananlar həmin jurnallarda çıxan hekayələri tapıb oxuya bilərlər. İstəsən, sənə yazaram, gənc dostlarımızçün paylaşa bilərsən. İmkan varsa, rus dilini öyrənsinlər, dünya ədəbiyyatının demək olar, bütün klassikləri bu dilə tərcümə olunub. Ya ən azından, bizim dildə “Dünya ədəbiyyatı” seriyasından çıxan kitablardakı hekayələri oxusunlar. Dünyada hansı mövzularda hekayələr yazılır, necə yazılır, bu sahədəki tendensiyanı izləsinlər, bir də, Qismət Rüstəmovun ingilis, İlahə Əkbərin ispan dillərindən tərcümə etdikləri, sim-sim.az saytında çıxan hekayələri oxusunlar. Görsünlər ki, o dildə yazılan mövzular bizdə yazılıb, ya yox, yazılıbsa, öz yazdıqlarıyla müqayisə etsinlər, həm onlarda, həm də özlərindəki çatışmazlıqları müəyyən etsinlər. Qısası, müasir hekayəçilikdə uğur qazanmaq istəyən gənc nasirlər mütləq həm dünyada, həm də ölkəmizdə bu sahədə gedən cari prosesi imkanları daxilində izləməlidir.
Təşəkkür edirəm.
Mən də diqqətinçün sənə təşəkkür edirəm.
Nizami Bayramlı