Üç il əvvəl smartfon monitorunda “Google earth”ü çimdiyimlə böyüdüb-kiçildə Qarabağın dərələrində “gəzişəndə” utanırdım. Gözümün qabağında həmin dərələrdə dişiylə dırnağıyla çarpışan yaşıdlarım dururdu. Texnologiyanın köməyi ilə Xocavəndin sıx meşəli təpələrini aşıb bir göz qırpımında Şuşaya qalxmaq mənə ar gəlirdi. Şuşaya bir göz qırpında çatmaq olmaz! Smartfonla belə!
Həmin vaxt sevdikləriylə vidalaşmaq üçün həmin dərələrdə telefonuna “bir xətlik şəbəkə” gəzən gələcək şəhidlərimizin üzərindən aşıb Şuşaya qalxmağa əlim gəlmirdi. İsti otağımda əlvan ekranlı smartfonumla Şuşada “gəzinmək” vicdanıma sığmırdı.
Bu üzdən Qarabağ azad olunandan sonra bircə dəfə də olsun, ora getmək istəyimi dilə gətirməmişəm. Hər kəs qiymətini özü bilir, ancaq mən heç vaxt özümü Qarabağda, Şuşada olmağa layiq bilməmişəm. Düşünmüşəm, bu, daha çox qarabağlıların, orada döyüşənlərin haqqıdır.
Düşünürdüm, qoy, haqqı çatanlar getsin... Hətta 30 il əvvəl anasının qarnında Laçından çıxan bir at da Laçına aparılsın, mən sonra gedərəm.
Həmin gün gəldi, Mətbuat Şurasının sədri Rəşad Məcidin təklifi ilə bir vaxtlar smartfonumun monitorunu sığallaya-sığallaya diləndiyim o görüntüləri avtobusun pəncərəsindən izləyirəm.
Səhərin toranlığında Füzulinin viran qalmış kəndlərindəki adda-budda sökük evlər canavar parçalamış qoyunlara bənzəyir.
Zəfər yolu ilə üzü Şuşaya gedirik.
Birazdan bələdçi bizə digər avtbusdan bir neçə həmkarımızı da qoşur və deyir:
- Avtobus tam dolu olmamalıdır. Yoxsa Şuşa “pereval”ını qalxmayacaq.
Ardınca bizi sayır. 44 nəfər.
“Zəfər yolu”nda bu simvolik rəqəmi eşidəndə həmkarım Samirə Əşrəf mənə baxır və astadan pıçıldayır: Qırx dörd.
Bəli, biz “Zəfər yolu”nda nə edə bilərik? Yalnız hərəkət edə bilərik, o da yüksək təzyiqlə doldurulmuş təkərlərin torpaqdan ayırdığı avtobuslarla. Onlar zəfər yolunda nə etdilər? Canından keçdilər. Onları torpaqdan heçnə ayıra bilmədi.
Biz “Zəfər yolu”na qədər deyib gülə-gülə gəldik. Zəfər yoluna qədəm qoyandan sonra isə hər kəs bir pəncərəyə dikildi və susdu. Avtobusun hər pəncərəsi döndü oldu bir şəhid şəkli.
Yolboyu gözüm Şuşanı gəzdi.
Uşaqlıqdan yuxularımın fonu olmuş qayalardan biri... Rəssam olmasam da, həmin qayanı çox rəssamdan dəqiq cızaram.
Həmin qayaya çatdığımızı isə gözlərimdən qabaq qulaqlarım “gördü”. Şuşaya qalxanda illərdir batan sol qulağım təzyiqdən açıldı. Səs beynimə ilıq su kimi doldu. Xoşbəxtliyim bir az da artdı.
Belə cümlələri 3 il əvvələ qədər ancaq suya danışmaq olardı ki, çin olsun. Ancaq indi xalqa danışırıq. O cümlələr ki, onları zikr edəndə xoşbəxt olursan:
Şuşaya çatırıq.
Şuşaya çatdıq.
Şuşadayam...
İnsanın ən böyük xoşbəxtliyi Vətənə heyrətini itirməməsidir. Ayaqlarımı daş döşənmiş Şuşa yollarına basanda bir daha buna əmin oldum.
Şuşaya gəlmək məqsədimiz “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi ilə bağlı idi. Şuşa Türk dünyasının paytaxtı estafeti Türkmənistanın Anev şəhərinə ötürən kimi başqa bir xəbər verildi; Şuşa 2024-cü ilin İslam dünyasının mədəniyyət paytaxtı elan olacaq. Ardıcıllığa baxsaq, gələn il də Şuşa dünyanın mədəniyyət paytaxtı elan olunmalıdır. Çünki biz Şuşanı təkcə Azərbaycana, Türk dünyasına, İslam dünyasına deyil, bütün dünyaya qazandırmışıq.
Qala qapısını ziyarət edib qayıdanda Şuşaya xas olmayan külək qalxır. Burula-burula gələn belə küləklə Bakıda üz-üzə qalanda insanlar arxa çevirib burulğanın keçməyini gözləyir. Həmkarım Nadir Yalçın isə özünü burulğana salıb dərindən nəfəs alır. Ağzı-gözü dolur. Ağzını arıtlayıb deyir:
- Şuşa torpağı.
Toza torpaq deməyindən anlayıram ki, hiss elətdirmədən buralara dəli kimi aşiq olan təkcə mən deyiləm....
Şuşadan ayrılanda toranlıqlaşırdı.
Heç bir gözəl şəhərdən toranlıqda ayrılmayın. Gözəllikdən ayrılmaq çətin olur, bəllidir, toranlıqda ayrılmaqsa, ümumiyyətlə, mümkün olmur. Səndən nəsə qopub qalır oralarda. Şuşadan ayrılanda məndən qopanlar Ramiz Qusarçaylının misraları ilə üst-üstə düşdü:
Heyrətim yolunu azan arıydı,
Uyuyub qalmışdı güllərin üstə.
Qaranlıq düşür. Avtobus pəncərəsindən geriyə boylanıram. Tez-tez yuxularımın fonunda duran həmin Şuşa qayası üfüqdə nəhəng görünür. Bir az da diqqətlə baxıram, yanıldığımı düşünürəm, o qaraltı həmin qayaya oxşayan buluddur. Bir də diqqətlə baxıram, yox, elə qayadı. Bəlkə də buluddur. Elə bu an hiss eləyirəm, Şuşadan ta bayaq ensək də, qulağım tutulmayıb. Deyəsən, mən daha eşidəcəm.
Qafqazİnfo