Sima Ənnağı
Şeirlər
***
Qəfildən parlayan şimşək
Qılıncını torpağa sancdı,
Ulduzlarla toxunmuş asiman
Zəhmli buludlarla qapandı.
Yağış şırıltıyla cumdu şəhərə,
Vurdu damları, ağacları,
Evə tələsən insanları.
Gecənin bu vaxtı küçədə qalmış insanlar
Pencəyin yaxasını qaldırıb,
Əllərini ciblərə dürtüb
Gölməçələr boyu şappıldadar,
Şappıldadar ayaqlarını,
Hiss etməz nə soyuğu, nə yaş çəkmələrini –
Tələsər,
Qaçar guruldayan şimşəyin,
Şırıldayan yağışın əlindən,
Görəsən,
Bu cür məşəqqətlə evə gəlib çatan insanları
Bir stəkan isti çay,
Bir təbəssümlü qadın gözləyirmi...
***
Sənə deyiləsi o qədər sözüm var –
Səhərəcən
Yorulmadan
Nəfəs-nəfəsə
Dərdləşərdim...
Dibçəkdə gül açmış
Ətirşahla danışıram, səni düşünərək.
Yağış yağanda,
Külək əsəndə,
Ekranda gündəlik hadisələr
Bir-birini əvəzləyəndə
Səni bölüşürəm,
Sənlə bölüşürəm.
Darıxmağımda,
Oxuduqlarımda,
Görüb-eşitdiklərimdə sən varsan.
Günlərimi bir ovuca yığıb
Sənə gətirirəm -
Ağrılıdır sənsizlik.
***
Dekabr ayında,
Yeni il qabağı
Çovğuna, sulu qara
Özümüzü təslim edək.
Sulu qar
Qarşımızı kəsən sədləri yox etsin,
Çovğun sovursun onları üfüqlərə.
Təbəssüm edək,
Soyuq görünən dünyanı qucaq,
İsidək onu sevgimizlə.
Eheeey!
İnsanlar!
Çıxın daş yuvalarınızdan.
Mum edin daş ürəklərinizi,
Daşlaşmış arzularınızın qandallarını qırın –
Qucaq açın yeni üfüqlərə.