İnsanları anlamaq! Necə absurd cümlədir! – Seymur Sudan şeirlər

 İnsanları anlamaq! Necə absurd cümlədir!   – Seymur Sudan şeirlər

31 Yanvar 2022 14:32 508


YeniYaz.az gənc şair Seymur Suyun yeni şeirlərini təqdim edir.

Ətalət

Qarışdırdın hər şeyi, mədən çalxalanırdı…
Bir qaşıq qatıq yedin, arzularını qusdun.
Sanki için ağarır, çimib, yaxalanırdı:
Bütün aldatmacalar səni azdırdı yenə:
Son çipi son oyunda uğursuzca uduzdun.

Baxdın, amma sonra da kor olmaq istədin sən.
Gözün dedi: bu gözlər xrustaldı hamısı
Dedin: "Səmimi olaq!" Bax: Sustaldı hamısı!
İlk daşı günahsızın əlindən gözlədin sən
Şeytan kimi daşlandın... Yenə gülümsədin sən…

İnsanları anlamaq! Necə absurd cümlədir!
Anlamırsan linç edir, anlayırsansa edam
Olursan gözlərində - tanrı düşməni adam…
İnsanlara açma sən əllərini qucaqlıq:
Çarmıxa çəkəcəklər... Budur əsl uzaqlıq!

Süpürülmüş küçələr… Amma nədən bilmirəm
yenə də təmiz deyil: süpür, yenə də süpür…
Ay süpürgəçi xanım, bu süpürgəlik deyil…
Çünki bu küçələrin çirki gözümü öpür
Bu küçələrə tüpür, süpürgələrə tüpür…

Gəl bu gecə mənadan danışmasın bu dodaq,
Gəl bu gecə səninlə hər kədəri unudaq.
Gəl səninlə tökülən qanı-təri unudaq:
Gəl bu gecə mən səni xilas kimi tanıyım.
Kökü çürük ağacın bərpası sənsən - budaq.

Güzgüdəkidi əksim, əkizim deyil əksim
Başqa biri izləyir məni istehza ilə.
Güzgüdəki sonuncu şahzadə kimi yaşar
Mən isə yataqdayam, tarakan Samsa ilə.
Yazıram mən K. adlı uğursuz imza ilə.

Həqiqətləri ataq tarixin məzarına,
Duyğulardan yaradaq sarsılmaz bir krallıq!
Amma gəl aldanmayaq, bu təzad bir reallıq.
Beynimizdə ətalət, məhəbbət və ilk bahar,
Amma ürək… Terrorla viran qalmış Qəndahar.

Qapalı otaq

"Gücsüzləşdim" əvəzinə
"yorğunam" adı ilə
hər kəsi başından etmək periodu
- çox kiçik qısa zaman kəsiklərində
dilimizi vətən bildi.

Çünki beynimdə qarışıb fikirlər,
- sanki
çörəklə yuyucu tozun
eyni sellofana qoyulduğu
marketdəki zənbildi.

Gəl indi anlat ki,
ONLARA:
biz hamımız bir evin içindəyik
və qapını arxadan bağlayıb
çıxıblar aradan.

Gəl indi anlat ki,
ONLARA:
bizim alın yazısı A4-ləri
ofis daxılında
qarışdırıb Yaradan.

Bu öz mənim öz deyil,
Bu zaman mənim zamanım deyil.
Bu bədən mənim deyil.
Bu axan qanım deyil.

Mütləq başqasınınam
Başqası da mənimdir…

Noyabr

Bir andaca küləklər yuxusundan oyanar
Bir qırıq ümid tozu düşər göz bəbəyinə.
Soyuq kəlmələriylə düz önümdə dayanar:
- Məqsəd fəsli gəlir bax, geyin səbəb əyninə.

Mənim məqsədimmi var, bugünlükdü həyatım
Sabahımı düşündüm, yaman hürkdü həyatım
Dünəni xatırladım: Sabah düşünməmişəm!
Ömür boyu bugündən və sevgidən yemişəm.

Mənim duyğum ağlımı kölgələyib beləcə
Tam getmək havasında, addım basır əyləcə.
Mən artıq anlamıram, neçə söz var susduğum.
Hərflərim yağanda, dilim olur gölməçə.

Gəlir payız havası, bulud susuzdu susuz
Bunun yanvarı susuz, bunun avqustu susuz
Guya sakit gedirsən, heç bir şey də demirsən.
Bəs nədir bu qışqırıq? Bu qədər gurultu… sus.

Sən şəhərin tozusan, dolmuşkən pəncərəyə
Mənsə divar küncündə - məhbusam hörümçəyə.
İçindəki cüzamdan sözlər qopub tökülür
yarımçıq cümlələrtək bu kimsəsiz küçəyə...

Aman!

...İşıqlı pəncərələr gözlərimdə cikkildəşir,
baxışlarım parçalı-buludlu.
Qaranlıqlar xanımlı-kişili…
Kişilər nəhəng sinəli, xanımlar iri budlu...

Parkdayam...
Önümdəki binalar.
Yenə ağzımız havada, gözümüz göylərdə, ayaqlarımızsa tapdayır qarğa qığını...
Park yolunda minalar partlama ehtimalıyla anladır mənə ailəmin olmadığını...

Gözümüz üzbəüz binada:

Aman!
O evlərdəki isti,
aman! O evlərdəki adamlar da nihilistdi!

O isti çayı önünə qoyan adamın
yazı masası,
yazarlıq ixtisası – adam, bəlkə də,
həssasların həssası,
Düşünürəm ki, Adəmi həssas olduqca,
dözülməz olur evin Həvvası...
yoldaşı qurbağadan şikayətləndikcə,
əri isti havalar əlindən içəcək kvası...

Yoldaşı səhər 08-00-da qalxır,
bozarmış pijamasıyla qucaqlayır ərini.
Zəngli saat qoşur, gülümsəyir, öpür.
Mənsə qışqırıram: "bu həyata tüpür!"
Çünki süni xoşbəxtliyi yedikcə insan oğlu köpür.

Göydə ildırım çaxır,
yağış yağır.
Mən isə parkda.
Mühafizə polisləri,
itkin küçə pişikləri,
içkili evsiz adamlar
və sair və ilaxır.

Aman!
O məhşum görüntü: o çilçıraqdakı sarının tündü...
Aman! Duydu, deyəsən…
Anladı baxdığımı!
Pəncərə pərdəylə örtündü...
Aman! O çilçıraq da söndü
- o ev içimdəki qəbirliyə döndü.

Yağış bitdi. Romantika artıq qurtardı:
Gecəm indidən sonra başlayar artıq…

Yaraların şeiri

Onurğama güllətək dəydi o qış, o soyuq
Güllə də ki, özünə qurdu yuva, boş oyuq
İndi həmin yaradan Yaradan qədər uzaq
Sağaldım amma hər şey... yaralanmaqçün tuzaq!

Yaram qədər çəkidə, yaram boyda uzunam
Mənimçün ölüm ölü, mənimçün kədər ölü!
Ümid qədərəm amma yaram qədər yorğunam
Gözümdən düşən yaşın sürəti qədər ölü!

Mən yaramdan şikayət etmirəm ki, biləsən.
Yaram səndən fərqlidi, səndən fərqli - daimi…
Bu qış ağırlığında qaranquş səsi kimi...
Bu mələyin üzünə tanrı busəsi kimi…

O yaralar nə günlər gördü inan, biləsən
Bu süfrə tozu deyil, parça ilə siləsən
Toz deyil amma onlar mənimçün dərsdi, inan...
Onlar mənə hər kəsdən ən doğma kəsdi, inan…