YeniYaz.Az Nizami Bayramlının “Yazı subordinasiyası" essesini təqdim edir.
İstedad xislətdən doğan günəşdir, sənətçinin ən dolğun şəkildə yazılmış tərcümeyi-halıdır. Xislətində istedadı olmayan adamın sonradan süni-mayalanma nəticəsində istedad qazanmasını tibb belə sübut eləyə bilməz. Bunu mən yox, aparılan müşahidələr göstərir.
Poeziyanı qüruba doğru aparan yol da məhz istedadsızlıq körpüsündən keçir. Nə qədər ki, o körpünün “fundament”i adi söz yığınından ibarət mənasız-mənasız cümlələrdən ibarət olacaq, onun uçmamağına da zəmanət vermək mümkün deyil. Biz gənclərin poeziyada yenilik yaratmaq meyllərinin sonu gəlib termin vassallığında dayanır. Oxucunun da həmin terminləri başa düşməzlikdən gəlməyi heç də səbəbsiz deyil, bunu birdəfəlik yadda saxlamaq lazımdır ki, poeziya termin demək deyil.
Hətta qələm sahiblərinin çoxu işlətdiyi terminin mənasını bilmir, ya onu haradasa eşidib, ya qulağına xoş gəlib, ya da kiminsə yazılarında görüb, diqqət cəlb etmək üçün onu bir az qəlibləşmiş formaya salaraq şeirinə müəyyən əzabları yaşadır. Şəxsən, mən, azı 10 müəllifdən işlətdiyi terminin mənasını soruşmuşam, ya yalandan vəziyyətdən çıxmağa çalışıb, ya başqa cəfəngiyatlar fikirləşib və s.
Ona görə də misralar quru görünür, bəlkə də hansısa maraqlı informasiyanı çatdırmaq istəyib, bəlkə də çatdırıb, amma, nəticəsi "uğursuzluq" mərhələsindən o tərəfə bir addım belə ata bilmir.
Bir reallığı da nəzərə çatdırım ki, hazırda oxucunu bu kimi terminlərlə aldatmaq çox asandır, yəni sən mütaliəsi zəif olan oxucunun "möhtəşəm" deməsini asanlıqla əldə edə bilərsən.
Təəssürat məsələsinə gələndə o şeir haqqında bir dəfə də olsa, heç bir yerdə danışılmayacaq, çünki məcbur qalıb nəyinsə xətrinə "üz-üzdən utanır" deyiminin icrası onu bu prinsiplərdən çəkindirir.
Mətndəki texnika məsələsinə gələndə isə mən bunu "yazı subordinasiya"sı adlandırıram. Təəssüf ki, poetik fikri olduqca maraqlı olan müəlliflər də bu subordinasiya qaydalarından kifayət qədər kənara çıxır. Mətni oxuyursan, biri-birindən maraqlı poetik ifadələr var, istər ideya, istərsə də mövzu baxımından, amma, gəl ki, bir balaca süjetinə əl gəzdirsən, olacaq hekayə.
Sosial şəbəkələrdə gün ərzində ən azı 30-40 mətn oxuyuram, içərisində gözəl tapıntısı olanlar da var, maraqlı söz oyunu olanlar da, günün tələbatını ödəyən mövzular da. Təəssüf ki, məsələ texnikaya gələndə isə bir neçə dəqiqəlik sükut yaranır. Amma bu sükutun kökündə dayanan məqsəd savaşdır. Bir az da sadə dillə desək, texnika ilə poetik düşüncənin savaşı.
Poetik görkəm verəsi olsam, "Sükut-poeziyanın himnidir", texnikanın poetikanı bəstələməsi və ya texnika bəstəkarlığı. Necə ki, musiqi ilə şeir birləşib mahnını ortaya çıxarır, texnika da poetika ilə birləşib misranı, yaxud şeiri ərsəyə gətirir. Onda, mətnin özündə də bir demokratiya yaranır, sanki neçə müddətdir bu azadlığın axtarışındadır, yazıldığı gündən bəri bu azadlıq üçün vuruşur.
Bir də ən vacib məsələni də qeyd edim ki, termin məsələsindən uzaqlaşmaqdan vacib olan digər fakt da bədii mayadır. Misranın və ya şeirin kökündə dayanan, onun hansı poetik nəslin davamçısı olduğundan xəbər verən bədii maya.
Son olaraq, yazan, yazmaq istəmək arzusunda olan bütün gənc həmkarlara "yazı subordinasiyası"nı pozmadan, yaxşı nümunələrlə müasir Azərbaycan ədəbiyyatına rəng qatan müəlliflərə, yaradıcılıq fəaliyyətlərində uğurlar arzu edirəm.
Yazın, oxuyaq, oxunsun!