Kələ-kötür və hamar - Hekayə

Kələ-kötür və hamar  - Hekayə

18 May 2022 10:30 576


Yazıçı Hədiyyə Şəfaqətin hekayəsini təqdim edirik

Qoca kəndin kənarına çatıb dayandı. Həm dincini almaq, həm onu burdan aparacaq bir maşın tapmaq üçün ana yolun kənarındakı iri, yastı daşın üstündə oturdu.

Səyahət çətin keçirdi, indiki yolçuluğu da onu az yormamışdı. Bu kəndin onu tanıyacağına ümid etdiyi qocaların çoxu ölüb getmişdi, çoxuyla elə məzarların başında söhbətləşə bilmişdi. Bəlkə də beləsi ən yaxşısıydı, məzarlar qocanı dinəndə də eşitmişdi, susanda da, dərdini, fikrini ürəyində fikirləşəndə də. Orta yaşlıların çoxu onu unutmuş, qalanları da unutmaqdaydılar, cavanlardansa danışmağa dəyməzdi, tanıyanı tanımayanına, unudanı unutmayanına qarışmışdı, iki yol arasında qalıb nə o fikirdə, nə bu fikirdə olmayanları da üstəlik. Onun haqqında bilinənlər çaydan qol-qol ayrılan sular kimi get-gedə gücünü, həqiqət payını, tutumunu itirmişdi. Amma su, elə sudur, o da danışılanların gah o, gah bu tərəfində özündən nəsə görür, nəsə tapırdı, deməli, bu kənddə həm də hamı onu tanıyırdı. Fərqi yoxdu necə, fərqi yoxdu nə niyyətə, hamının ondan xəbəri vardı.

Amma onun o olduğunu bilən olmamışdı...

Baxıb-baxıb, soruşub-soruşub nə axtardığını anlamaq istəyənləri də olmuşdu, susub-susub uzaqdan-uzağa ömrünün ixtiyar çağında varını-dövlətini macəra axtarmağa, gəzməyə, dünyanı dolaşmağa xərcləyən təsadüfi yolçu olduğunu düşünənlər də. Kimi qolundan tutub kasıb daxmasına çəkib aparmaq istəmişdi, kimi şübhəylə baxıb: "Bu, göz qoyana oxşayır, uzaq dayanmaq lazımdır" - deyib üzünü çevirib getmişdi. Qoca nə axtardığını heç kimə deyə bilməmişdi, çox istəmişdi xəbər ala, dilini dişləmişdi. Onun hamıdan xəbəri vardı, hamının hasarından içəridə nə olduğunu, kimin kimin nəslindən, toxumundan gəldiyini bilirdi, bu balaca kəndin bütün yollarını, döngələrini, evlərini tanıyırdı, kimin bağında-bostanında nə bitdiyindən, kimin ocağında nə qaynadığından xəbərdardı. Kəndi kitab kimi açıb oxumuş, qapayıb götürdüyü yerə qoymuşdu, itiyi buralarda deyildi. İtiyinin buralarda olmadığını bilə-bilə ləngimişdi, gəzmişdi, dolaşmışdı, qapılara toxunmuşdu, bu kəndin itləri ona hürməmişdi, pişikləri ondan qaçmamışdı. Qocalar duyuq düşmüşdülər: "Kimlərdənsən, a kişi, sən heç nabələdə oxşamırsan", - deyib onu altdan-altdan sorğuya çəkmişdilər. "Heç kimlərdən", - demişdi ürəyində. Deyib gözünü qaçırmışdı, qocaların iti nəzərlərini üstündə hiss edəndə içi içindən oynasa da gərək səbr yiyəsi olub heç bu yola çıxmayaydı deyə peşman olmuşdu, özünü qınamışdı: "Bəlkə bir gün hər kimdirsə apardığını gətirib yerinə qoyub gedəcəkdi, hara tələsirdin?".

İndi qoca ana yolun kənarındakı iri, yastı daşın üstündə dincini ala-ala kim bilir neçənci dəfəydi bu uzun səyahətdə axtardığı itiyini niyə axtardığını düşünürdü. Qaytarıb yerinə qoymaq üçünmü? Qoymasa nə olacaqdı, tapsaydı nə olacaqdı, çiyninəmi alıb aparacaqdı, yanınamı salıb gedəcəkdi?

Qoca bu səyahət boyu çoxlu nəsə axtaran adam görmüşdü. İtiyini-itirmədiyini axtaran çoxlu adam. Baxmışdı, başını yelləmişdi: "Nə çox itik varmış bu dünyada?" - deyib öz-özünə sual vermişdi.

Axı nə vardısa vardı?

"Ay səni qoca..." - bunu da dodaqaltı pıçıldamaqdan saxlaya bilmədi özünü, "axı sənin nə işinə qalıb? Sən onların necə bir-birilərinə bənzədiklərini görmürsənmi? Heç nəyin sənin qoyub getdiyin kimi qalmadığını deyirsənsə, sən nə zaman gəlib, qoyub gedən olmusan? Heç nə sənin dediyin kimi deyilsə, hər şey sənin dediyin kimi olmazmı? Kimi aldadırsan? Bəs illərlə başını götürüb gedib mənzil etdiyin daxmanda günlərini gözlərini gün işığından, dağların özündən - kölgəsindən, qulaqlarını su səsindən, göy gurultusundan, quş civiltisindən, külək vıyıltısından başqa hər şeyə qapaya-qapaya, başının dincliyini, könlünün rahatlığını qoruya-qoruya keçirəndə bilmirdinmi bunları? Bildiyinimi unutmuşdun? Bildiyini unuda bilməzsən, qoca... Budur, biri gəlib çıxıb, sənə aid olanı aparıb gedib. Hara, niyə, bilmirsən, aciz qalmısan. Yollara düşməyinə baxma, itiyini kimdən xəbər alacağını, harda axtaracağını da bilmirsən. Nə deyəcəksən bu adamlara, nə deyəcək bu adamlar?", bunu düşünə-düşünə indicə çıxdığı kəndə sarı boylandı, kənddən cavab gəlmədi, "bunca həyatın boyu bircə dəfə, birinci dəfədir nəyinisə alıblar, çaxnaşmaya düşmüsən, ayağının altından yer, başının üstündən göy çəkilib elə bil, qəribsəmisən, bircə hönkürüb ağlamağın çatmır, heç kimi qınama, qoca", içindən bir ürpərti keçdi, "indən belə heç kimi qınaya bilməzsən. İndi unutmaq növbəsi də onlardadır, qınamaq növbəsi də, dilini kilidləyən sirr səni adam edəcək, adamları başa düşəcəksən".

Qoca başını aşağı salıb oturduğu yerdə...

...Kənddən səs gəldi. Başını qaldırıb səs gələn səmtə boylandı, bir dəstə uşaq öz aralarında danışa-danışa daşın yanından keçib yolun o tayındakı balaca meydançaya endilər. "Topla oynayacaqlar", - gözü uşaqlardan birinin əlindəki topa sataşdı. Kiçikli-böyüklü yeddi-səkkiz oğlan öz aralarında nəyinsə mübahisəsini edib razılığa gəlməyə çalışırdılar. Qoca qulaqlarını şəklədi, üstəlik, xeyli vaxtdı uşaqların oyununa baxmamışdı. Qalxıb yolu adladı, meydançaya yaxınlaşdı. Uşaqlar heç ona sarı baxmadılar da, başları özlərinə qarışmışdı. Qoca bir tərəfdə atılıb qalmış kötüyün üstündə oturub onlara tamaşa eləməyə başladı.

Oğlanlardan biri əlindəki topu yerə, ayağının birini qaldırıb topun üstünə qoydu, mübahisə səngidi, oğlan ötkəmliklə:

- Futbol? - deyə soruşub uşaqlara baxdı, bu baxışlardan ancaq "hə" cavabı gözlədiyi oxunurdu, deyəsən özünü çoxdan dəstənin istisnasız başçısı elan etmişdi.

- Hə, hə! - Uşaqlar onu çox gözlətmədilər. Amma oğlan fikrini dəyişdi, üz-gözünü turşutdu, bir az da uzaqdan zillənən qocaya eşitdirə-eşitdirə səsinin hökmünü qaldırdı:

- Bezdim futboldan.

Oğlanın səsinin hökmü qocaya yetişib dayandı, sonra axıb toz kimi ayaqlarının altına endi. Qoca gözlərini toza zillədi, sonra ayaqlarını yerdən götürüb yana qoydu, tozun ortasında bir cüt ləpir qaldı...

Uşaqlar ağızlarına sua alıb dayandılar. Başçı bir az dayanıb:

- Yeddi daş, - deyə qərar verdi.

"Aha, yeddi daş", - qoca ürəyində təkrarladı.

Hansısa səs peyda olub, sanki qocanın sözünü təkrarladı:

- Yeddi daş! Yeddi daş nədir, qız kimi, - sonra narazılığını əlavə etdi. Bu səsin sahibi, hamıdan ucaboy, hamıdan arıq, hamıdan qarayanız oğlan onsuz da bayaqdan qocanın diqqətini çəkmişdi.
Başçı ona tərs-tərs baxsa da, sözünü o biri uşaqlara yönəltdi:

- Nə deyirsiniz, futbol, yoxsa yeddi daş?
Qoca nəfəsini çəkdi.
- Yeddi daş! - Bayaqdan ağzına su almış uşaqlar da arığa tərs-tərs baxıb başçının tərəfini tutdular.
- Kim istəmir oynamasın.
Bu sözlər birbaşa arığa tuşlanmışdı.
- Cəhənnəm ol, dədənin oyunudur? - Arıq da sözünü udmadı.
- Yaxşı, daşları gətirin, - başçı, deyəsən, qarşısındakının dilinin acısından ehtiyatlandı, arığın düyünlü yumruğunun boşalıb yanına düşdüyünü isə, deyəsən, bircə qoca gördü.

Uşaqlar ətrafa dağılıb hamar daşları axtarmağa başladılar. Meydança təmizlənsə də, çaylaq yeriydi, burda yeddi hamar daş tapmağa nə vardı?

Az sonra uşaqlar yenidən bir yerə yığışdılar, hərə gətirdiyi daşları yerə töküb bayaqkı səs-küylə üst-üstə yığmağa çalışırdı. Qocanın qırğı gözləri uzaqdan-uzağa uşaqların əlinin altında üst-üstə qoyulmağa çalışılan, sonra yerində dayanmadığı görülüb götürülən, kənara atılan daşları bir-bir dənləyirdi.

- Qırağa durun görüm! - başçı bunu deyə-deyə yenidən gözünün ucuyla qocaya baxdı. "Ay səni...", - qoca özünü o yerə qoymadı. Başçı daşları üst-üstə qıymağa çalışan uşaqları yüngülcə kənara itələyib çöməldi, deyəsən, nəzarəti burda da əldən buraxmaq istəmirdi. Amma elə o da üst-üstə etibarla dayanacaq yeddi hamar daşı tapıb üst-üstə qura bilmədi. Daşlardan biri çatışmırdı, yerə tökülənlərdən heç biri arada dayanmır, qalaq əyilib aşırdı. Əlbəttə, nisbətən kələkötür daşı başda altı daşın üstünə qoyub məsələni həll etmək olardı, amma oyunun gedişində o daş ortaya düşsəydi, dilxorçuluq olacaq, heç kim udub-uduza bilməyəcək, növbə dəstədən dəstəyə keçməyəcək, oyun mənasını itirəcəkdi.

Oyunun mənası həmin yeddi hamar daşı tapıb üst-üstə qoymaqdan, sonra vurub dağıdıb yenidən qurmaq istəməkdən ibarətdi.

- Bir daş çatmır, axtarırıq! - Başçı əlləşməkdən cana doyub dikəldi.

Başçının budəfəki qərarı da, uşaqların budəfəki razılığı da qocanın xoşuna gəldi. "Necə ağıllıdırlar".

Uşaqlar yenidən ətrafa dağıldılar, arabir onlardan hansısa yerdən bir daş götürüb başçının yanına yüyürür, amma onun hər dəfə daşı əlində o üz-bu üzə çevirib:

- Yox, bu olmaz, - deməsiylə axtarışı davam etdirirdilər.

Arıq birbaşa qalağa yaxınlaşdı, bununla tapdığı daşı o biri uşaqlar kimi əvvəl başçının yoxlamasından keçirmək istəmədiyini göstərirdi, qoca onun əlindəki hamar, boz daşı yaxşı seçirdi, o daşın başqa altı hamar daşın arasında necə özünə yer etdiyini də. Arıq dikəlib ayağının ucunu qalağa toxundurub yoxladı:

- Oldu, gəlin! - deyə qışqırdı.

Uşaqlar yaxınlaşdılar. Başçı yoxladı, qoca onun ayağının sərtliyini belə hiss etdi, amma qalaq möhkəm dayanmışdı. Arıq düz qabağında dayanıb parlaq gözlərini onun üzünə zilləmiş, cavab gözləyirdi. Arıq əyildi, daşları aşırıb arasından həmin boz daşı götürüb kənara tolazladı.

- Yaramır!
- Niyə... - dəstədən kimsə etraz etmək istədi, amma başçının əyilən sifətini görüb sözünü başa çatdırmadı.
Arığın üzünün ifadəsi dəyişdi, ayağıyla vurub yerdəki daşları ətrafa dağıtdı:
- Alın, bu da sizin oyununuz!

Qoca bir an arığın üzünə zilləndi, o bir anın içində, sanki uzun bir yolçuluğunun kölgəsi gizlənmişdi. İti baxışlar bu üzündən girib, o üzündən çıxdı, amma nə yaxşı arıq dayanmadı, yanından sürətlə keçib kəndə tərəf götürüldü. Ayaqlarının tappıltısı kəndə dəyib qayıtdı, əks-səda verdi, sonra həmin əks-səda get-gedə öləziyib yoxa çıxdı, kənd səsi uddu. Qoca ayaqlarının altındakı qoşa ləpirə baxdı.

Uşaqlardan biri ətrafa dağılan hamar daşları topalayıb yenidən üst-üstə yığdı.

Qocanın ürəyi sıxılmağa başlamışdı. Uşaqlar ikinci dəfə yeddinci daşın axtarışına başladılar. Qoca onlardan birinin başçının arıq gətirən daşı tolazladığı yeri axtardığını gördü, deyəsən, onu tapdı, yerdən qaldırdı.

Hə, elə həmin daşdı, yastı, boz, hamar daş.

Uşaq o yan-bu yana baxdı, nəsə düşündü, qalağa tərəf bir-iki addım atıb dayandı, daşı hiss olunmadan əlindən yerə saldı.

Bir az sonra həmin yerdə başçı peyda oldu. Uşaqların başı özlərinə qarışmışdı, ona kimsənin baxmadığını görüb hiss olunmadan əyildi, daşı cəld götürüb əlini yumdu, yerini dəyişdi. Bu dəfə də özünü qocaya sarı boylanmaqdan saxlaya bilmədi, onun iti baxşları düz gözünün içinə sancılırdı. Üzünü çevirib uşaqları səslədi:

- Oldu, tapdım, saxlayın!
Uşaqlar axtarışdan bezmişdilər, vaxt uzanır, oyun başlamırdı. Başçı əlindəki daşı altı hamar daşın düz ortasına qoydu.
- Vəssalam!
Bu dəfə səsi ucadan çıxsa da qocaya tərəf baxmadı.
- Bu elə... - bayaqkı balaca elə bir az əvvəl yarımçıq qalan etirazını tamamlamaq istəyirdi, amma yanındakının böyrünə ilişdirdiyi dürtmə yenidən səsini kəsdi.

Oyun başladı, uşaqların "qoyma!", "vur!", "qur!", "tez ol!" qışqırığı meydançanı başına götürdü.
Qoca ağır-ağır qalxıb yolu keçdi, uşaqların harayı bircə anda yolun o biri üzündə qaldı. Yenidən yerini rahatlamaq istəyəndə yanında bir maşın dayandı, sürücü başını aynadan çıxarıb onu səslədi:

- Baba, gedirsənsə gəl aparım...