Kəramət Böyükçöldən yeni hekayə: Baqqal Qulam

Kəramət Böyükçöldən yeni hekayə:   Baqqal Qulam

10 Aprelel 2023 13:57 718


Üzü dənizə baxan binamızın ikinci blokunun girəcəyində - pilləkənlərin altında Qulamın balaca bir dükanı var. Qapısına iri hərflərlə “açar təmiri” sözlərini yazdırandan bəri onun açarları bütün kilidlərə düşür. Bir az irəli gedərək “açar təmiri” sözlərinin altına “ayaqqabı təmiri” də əlavə elədi. Bir güllə ilə iki dövşan vurub. Dükan köhnə, ordan-burdan sökülmüş və yarı çürümüş müxtəlif rəngdə taxtalardan düzəldilib. Taxtaların üstündəki əyiş-üyüş yüzlük mismarlar göz oxşamasalar da, dükanı pis gözdən, bəd nəzərdən qoruyur.

Hər səhər evdən çıxanda Qulama salam verməsəm, dükanında oturub kəklikotu çayından içməsəm, həmin gün işim heç düz gətirmir. Dükanın içi elə bil köhnəliklə təzələnib. Burda konserva qutusundan qənd qabına, sovetdən qalmış termos qapaqlarından daş pletkanın qırıq və əzik-üzük spirallarına kimi hər şeyə rast gəlmək olar və bütün bu şeylər adamı sanki insan olmağa çağırır, ürəyinə rəhmdillik gətirir.

Qulam dükanını təzə taxtalardan düzəltdirsə, tavanına parpar prıldayan lambirin vurdursa, xarici plastik pəncərə qoydursa, icra hakimi və polis rəisi onu ya işləməyə qoymayacaq, ya da qazancına şərik olacaqdılar. Cır-cırıldayan balaca qapı, damına vurulmuş həm dəmir, həm tol, həm də çatdaq-çatdaq olmuş kifli şiferlər dükanın işləməsinə imkan verir. Həm də görünüşü xalqın halına, sosial vəziyyətinə uyğun gəlir, bir az da folkloru ifadə etdiyinə, milliliyi qoruyub saxladığna görə icra hakiminin, polis rəisinin diqqətindən və gözündən kənara sürüşə bilir.

Qulam həm də dükana uyğun paltarlar geyinir. Köhnə pencəyinin düymələri müxtəlif, irili-xırdalı olmağı bir yana dursun, hətta qara paltara qırmızı sapla tikilib. Ayaqqabı təmir edir. Ancaq öz ayaqqabısının dabanı laxlayır. Onun ayaqqabısına baxanda vaxtilə əlifba kitabında olan bir şəkil yadıma düşür. Demək, pişik sıçanı qovur. Sıçan qaçıb ayaqqabının içinə girir. Pişik sevinir ki, ay can, ay can, bu dəqiqə onu tutacam. Ancaq siçan ayaqqabının burnundakı deşiyindən çıxıb qaçır. İndi düşünürəm ki, icra hakimi, polis rəisi Qulamı ilişdirmək istəsə, siçanın ayaqabının cırıq burnundan çıxıb qaçdığı kimi, o da dükanının hansısa yırtıq-deşiyindən, ya ayqqabısının laxlayan dabanından, pencəyinin yamağından, ya da qara paltara qırmızı sapla tikilmiş düymələrin deşiyindən sivişib diqqətdən yayına biləcək.

Bu axşam evimizə gələndə gördüm ki, Qulamın dükanının qabağına “saat təmiri” sözləri də yazılıb. Ön şüşəsinə qol saatlarının dərisi çatlamış qayışıları yapışdırılıb. Qarnı açılmış saat cihazları adamı işin ciddiliyinə inandırır. Təəccüblü gələn isə elanların iri, dümmağ kağızlara yaraşıqlı, böyük və bəzəkli şirftlərlə yazılması idi. Fikirləşdim ki, bu yazılış nə dükana yaraşır, nə də Qulama. Yuxarıdan kimsə gəlib səliqəli elanlara görə onu danlayar və ya haqq-hesab çürüdə bilər. Ancaq bunu Qulamın özü də duyubmuş, ya nəymişsə, səhər blokdan çıxanda gördüm ki, stəkanın dibindəki çay yaxantısını elanların üstünə çırpıb bir az köhnəldib.

Binada yaşayanlardan kimsə yükü yuxarı qaldırmağa çətinlik çəkəndə Qulam o dəqiqə alıcı quş kimi özünü yetirir, əlində nə varsa qapıb lazımı yerə çatdırır. Əvəzində nə az, nə də çox, cəmi bir manat alır. Qulam həm də yuxarı mərtəbədə yaşayanların yerə çatan əlləridir.

Bəzən qadınlar pəncərədən başlarını aşağı salıb düz bloka qışıqırırlar:
– Qulam, bizə beş çörək al gətir.
Yaxud:
– Bizim kanaldizasiya tutulub. Gəl...
Və yaxud:
– Elektirik lampası yanıb, yenisini al gətir, dəyiş.
Arvadlar onu uşaqları üçün pampers almağa da göndərir. Kişilər balkonlardan maşınlarının açarını aşağı, blokun ağzında dayanmış
Qulama tullayıb deyirlər:
– Maşını bir az qabağa və ya arxaya çək.
Yaxud:
– Maşını yu, təkərlərini qaralt.

Əri ilə dalaşan, evdən küsən, inciyən qadınlar əvvəlcə dükan gəlir, ürəyini Qulama boşaldır. O da əsəbi arvadlara cana inək yağı kimi yayılan tövsiyyələrini verir: bütün ailələr belədir, tək sizdə deyil, hər şey yaxşı olacaq, mehriban olun... Qadınlar onun bu kimi məsləhətlərini vacib sənəd kimi rəhbər tutaraq evlərinə qayıdırlar.

Qulam məhləmizin arzu və istəklərini yuxarı qaldıran, eləcə də aşağı endirən və heç vaxt xarab olmayan ən etibarlı liftdir. Çörək, şkaf, şifoner, taxt, divan, kreslo, dava-dərman, palaz, gəbə, kilim, tozsoran, hər nə varsa, hamsını yuxarı qaldırır, əvəzində isə özünə, geyiminə uyğun az miqdarda pul alır. Qulamın fəaliyyəti get-gedə genişlənir. O gün baxıram ki, dükanın yöndəmsiz vitrinlərinə növ-növ siqaret qutuları düzüb. Görünür, həm də xırda ticarətlə də məşğul olur. Olsun! Burda pis nə var ki? Bacarana baş qurban! Mənə gülməli gələn isə bir aydan sonra dükanın ən görkəmli yerinə yapışdırılmış və iri hərflərlə yazılmış yeni elan oldu: “Nisyə mal verilmir və nisyə iş görülmür! Üz vurmayın!”.

Qulamın qabarlı əlləri əməlli-başlı pulla oynayır. Çürümüş taxtalar və əyiş-üyüş yüzlük mismarlardan, kiflənmiş şiferlərdən düzəldilmiş dükan, qara pencəyə qırmızı sapla tikilmiş düymələr, ayaqqabısının laxlayan dabanı, elanların üstünə çırpdığı çay yaxantısı isə onun üzünün pərdəsidir.