Həmişə o fikirdə olmuşam ki, döyüş zamanı əsgərlər ölümlə həyat arasında neytral bir yerdə dayanır. Burada heç nə hiss eləmirsən. Nə qorxu, nə həyacan. Nədən qorxasan ki? Həyat səndən kənarda təhlükəsiz bir yerdə dayanıb. Sən isə boynuna düşən işi görməlisən. Ön cəbhəni yarmalısan, vəssalam! Döyüş ya qələbəli, ya da qələbəsiz sona yetəndə qayıdıb öz həyatınla ya birləşirsən, ya da yox. Mövlud o dəhşətli döyüşdən sonra həyatla tam birləşə bilmədi. O, öz həyatı ilə tam birləşsəydi, biz indi Cəbrayıl rayonu Daşkəsən kəndində Mövludun qolunun qəbri ətrafında belə sükut içində dayanmaz, gərginlikdən tez-tez ayağımızın birini götürüb o birini qoymazdıq. Bəlkə bu, heç gərginlik, üşümək də deyil. Hərbidə ayaqların qazandığı vərdişdir.
Ağzımdan metal tamı gəlir deyəndə başa düşdüm ki, müharibə Mövluda necə təsir eləyib. Tez-tez udqunur. Deyir, əlim istidən yanır. Əlini ovuclarıma alıram. Buz kimidir. Bəzən əllərin soyuması özünü yanğı kimi göstərir. Bilirəm ki, ən çətin anlarda insanı əlləri ilə isindirmək olur. Əllər birbaşa ürəyə gedən, beyni tənzimləyən, qan dövranına təsir göstərən bəlkə də, ən vacib bədən üzvüdür. Babam can verəndə yaşlı adamlar onun hər iki əlindən yapışımışdılar. Bu son görüşə, əlvidaya daha çox bənzəyir. Ancaq sonralar adamların nə üçün belə etdiklərini nənəmdən soruşanda demişdi ki, babanın rahatlıqla, asanlıqla can verməsinə kömək etmək üçün onun əllərindən tutmuşdular. Əldən tutmaq hər mənada insana kömək eləyir, həm ölümünə, həm də yaşamasına.
Mövlud udqunduqca nədənsə, məndə təngnəfəslik yaranır. Mənə elə gəlir ki, metal tamını tamamilə udub sakitləşmək istəyir. Onun xətrinə bir neçə dəfə udqunub o tamı ağzımda axtarmağa çalışıram. Ancaq heç nə yoxdur. Həm də anlamaq istəyirəm ki, müharibədə nədir bu dad?
Təskinlik üçün deyirəm:
– Füzuli döyüşlərində məndə də belə olmuşdu, sonra keçdi.
Əsgər yoldaşımız Qabil danışır ki, hər şey qəflətən oldu. Dan qızaranda biz göydə uçmağa başladıq. Bizimlə balaca daşlar, torpağın bərkimiş hissəcikləri, kol-kos da uçurdu. Torpağı eşələyib lap dərinlikdə Mövludu tapdım. Bədənini çəkib çıxarsam da, sağ qolu torpağın dərinliyində idi. Köməyə gələn əsgər yoldaşlarımla qolunu çıxaranda yerimizdə donduq. Bağırmaq istədim, səsim çıxmadı. Əlində başqa bir əsgərin dirsəkdən aşağı qolu vardı.
Əsgər yoldaşımız Elşad:
– Başqa adamın qolunu Mövludun əlindən güclə aldıq. Buraxmaq istəmirdi. Elə bil öz qolu idi, belə doğulmuşdu.
Tahir:
– Kənarda ayaqları torpağa batmış, başı yulğun ağacının haçasına keçmiş, üzdən bizə oxşayan, ancaq tanımadığımız bir əsgər də vardı. Qolu dirsəkdən aşağı yox idi. Huşunu itirmişdi. Onu və səni – üzünü Mövluda tutur – təcili olaraq hospitala yola saldıq.
Tahir əli ilə gölə yaxın bir yeri göstərir:
– Tanımadığımız əsgərin qolunu da orda dəfn etdim.
Mövlud:
– Mən yerə dəyəndən sonra heç nəyi xatırlaya bilmirəm.
Uzaqdan itlərin hürüşməsi gəlir. Quşlar xaotik hərəkətləri ilə havada elə bil dünyanın xəritəsini təzədən cızırlar. Duman yanımızdan böyük bir insan seli kimi əyilə-əyilə, hüzurunda dayandığımız balaca qəbirə səcdə edə-edə, hərdən də ləngiyə-ləngiyə keçib gedir. Döyüş zamanı ölümlə həyat arasındakı o neytral ərazidən Mövludun fikrini tamamilə geri qaytarmaq, həyatı ona daha dərindən xatırlatmaq istəyirəm.
– Sevgilin var?
– Var. Elə-belə...
– Necə yəni elə-belə?
– Müharibə başladı, ürəyimi aça bilmədim. Yol ayrıcında, küçənin tinində baxışlarımız yol gözləyə-gözləyə qaldı.
Daşkəsən kəndində söykəndiyimiz səngərin divarında dünən yağan yağışın suyunu hələ də özünə qida kimi saxlayan otların kökləri yaşamaq eşqini həmişəki kimi özlərinə saxlayır. Onlar üçün heç nə dəyişməyib. Bir az yaralanıblar. Ancaq yenə də yaşamağa davam edirlər. Otların sulu kökləri paltarımıza yapışıb. Palçıqdansa otlara söykənmək soyuqdan qorunmaq üçün daha yaxşıdır.
Göydə, ancaq aşağıdan ala-bula barıt tüstüləri ağır-ağır, yulğun ağacların üstündən elə keçib gedir. Tüstülərin başı aşağıdır. Elə bil xəcalət çəkir, bir anlıq ayaq saxlayıb səngərə sığınmış əsgərlərdən üzr istəmək istəyirlər. Ancaq arzuları qəbul olunmayacaq deyə birdən-birə hərəkətlərini daha da yeyinlədir, qaçıb lap uzaqlarda qaralan kol-kosun arxasında gizlənirlər.
Deyəsən, Mövludun əli qızıb.
– Bax, görürsən, həyat davam edir – deyirəm – ulduzlar həmişəki kimi sayrışır. İtlər hürmək vəzifələrini can-başla necə yerinə yetirir, görürsənmi? Heç nəyi itirmir, yadırğamırlar. Qarşıda sol tərəfdəki göldən qurbağaların qurulutusu gəlir. Bir neçə gün öncə o gölə güllə yağışı yağırdı. İndi necə sakit və düşüncəlidir, heç nə olmamış kimi öz işini böyük həvəslə necə yerinə yetirir, görürsənmi?
Mövlud məndən bir az kənarda qolunun qəbri önündə qürurla dayanıb. Nə bilmək olar, bəlkə də Gəncədə ürəyini aça bilməyə macal tapmadığı qızı düşünür. Yol ayrıcında, küçənin tinində toqquşan baxışlarını, saçlarını, əllərini, barmağına taxacağı üzüyü... Külək onun sağ qolunun xatirəsi önündə boş dayanmış köynəyini kefi istədiyi kimi sağa-sola yelləyir. Bu yellənmə qolun heç kəs tərəfindən kəşf edilməyən və qəbul edilməsi mümkün olmayan bir bayraq instinkti də ola bilərdi. Körpə uşağa oxşayan balaca qəbir bizi dünyanın nə qədər ədalətsiz olduğuna inandırmaq və bəlkə də var gücü ilə qışqırmaq istəyir:
– Siz hələ də ədalətə inanırsız?
Hərdən mənə elə gəlir ki, torpaq tərpənir, qol qəbirdən çıxmaq, kimdənsə yapışıb həyatına qayıtmaq istəyir. Qəbirə baxdıqca sağ qolum dinc dayanmır. Sanki mənə tabe olmaq istəmir. O da Mövludun boş qalmış köynəyinin qolu kimi səbəbsiz yerə öz-özünə yellənir. Mən səbəbsiz deyirəm. Əslində, dünyada səbəbsiz heç nə yoxdur. Bəlkə də, yerindən dartınan qolum ya torpağın altdakı qolun yanına girmək istəyir, ya da elə bu an, heç bir dəqiqə gözləmədən Mövludun çiynindən asılmaq arzusundadır.