Kəramət səmimiyyətini harada itirir - Rasim Qaraca yazır...

Kəramət səmimiyyətini harada itirir   - Rasim Qaraca yazır...

22 Aprelel 2025 16:14 46


"Səs" romanı haqqında tezislər və anti-tezislər

1. Bundan əvvəl də Kəramətin bir romanını ("Əlqəmə") oxumağa başlamış, lakin yarıda buraxmalı olmuşdum, şəhər həyatından bəhs edən bu əsər mənə bədii cəhətdən uğursuz təsir bağışlamışdı (təsvir edilən hadisələr inandırıcı deyildi). "Səs" romanı isə fərqlidir. Bu əsərdə Kəramət öz ədəbi istedadını maksimum göstərməyi bacarıb.

2. Romanın süjeti bilavasitə 80 saylı İmişli-Beyləqan seçki dairəsindəki seçki saxtakarlıqlarına həsr olunub. Yazıçı bu dairədən öz namizədliyini irəli sürüb, seçki prosesinin pərdəarxasını öz gözləri ilə görüb, adi seçicilərə məlum olmayan bir çox faktı aşkara çıxarıb, yekunda həmin dairənin nəticələrinin ləğv olunmasına nail olub və bunları yazıb. Əsərdə publisistik üslub bəzən önə çıxsa da, yazıçının bədii təxəyyülü hadisələrin sxematik mənzərəsinə bədii əsər səciyyəsi qazandırmaqdadır. Seçkilərin təkcə bir dairədəki mənzərəsi, oxucuda ümumən, Milli Məclisin necə formalaşdığı haqqında aydın təsəvvür yaradır. "Səs" romanını, mənim fikrimcə, ədəbiyyat tariximizdəki siyasi epatajın parlaq nümunəsi kimi qiymətləndirmək olar.

3. Həmin dairədəki seçki prosesinin özünəməxsus hazır dramaturgiyası var: seçki baş tutub, namizədlər kampaniyaya qoşulub, lakin nəticələr tanınmayıb. Əslində, bu, Kəramətin həm həyatda, həm də romandakı qeyri-adi qələbəsidir. Realda olan bu dramaturji xəttin romanda da eyni dərəcədə əks olunması təbii görünərdi. Bu qələbənin əsas fiquranı isə müəllifin "Cubbulu" adlandırdığı sevgilisidir. Məhz onun fəallığı nəticəsində çevriliş baş verir və nəticələr ləğv olunur. Mənim fikrimcə, müəllif bu təbii dramaturgiyadan maksimum istifadə etməli idi, ancaq bunu etməyib, romanın məntiqi vurğusu həmin bu "çevriliş" və onu törədən insanın üzərində deyil (cəmi 2-3 səhifə ayırıb buna), ikinci, üçüncü dərəcəli metaforik hadisələrin üzərindədir. "Cubbulu" mərkəzi fiqur olmalıykən, yazıçının diqqətindən kənarda qalır, əvəzində Cəmilə adlı qondarma bir obraza daha çox yer verir, onun üzərindən romantik bir dramaturgiya qurmağa çalışır.

Bir yerdə yazır:

"Neçə ay onun (Cubbulunun) yanında uzanıb Cəmilə haqqında düşünməyimi özümə bağışlaya bilmirəm".

Nişanlısı Əfqanıstan müharibəsində həlak olmuş, təqribən, 60 yaşlarda qadına, az qala, aşiq olur, qadın da Kəramətin gözlərinin dərinliyində "qəm lövbəri" görür. Əsərdə yazarın yalnız özünə bəlli olan bir qəm fəlsəfəsi var, "qəm qəmə halaldır" deyir və Cəmilə də "bir qəm səndə var, bir qəm də məndə" deyə qarşılıq verir, bir-birilərini başa düşürlər. Real seçki hadisəsi fonunda romantik "qəm-qəmə" söhbəti yersiz təsiri bağışlayır, əsərə süni poetika qazandırır. Yazıçının daim romantikaya meyl etməsi onu hadisələrin real dramaturgiyasından uzaqlaşdırır, onun dokumentallığını, dolayısıyla tarixi dəyərini azaldır.

4. Hər bir yazıçı özünün, öz qələminin güclü tərəflərinin fərqində olmalıdır. Mənə görə, Kəramətin güclü olduğu tərəf onun sadə insanları yaxından tanıması və onların həyatını dərindən bilməsidir; 87-ci səhifədəki suçu ilə söhbəti buna misal göstərmək olar:

"Mən şəhid atasıyam, iki oğlumu Qarabağa qurban vermişəm, elə eləməsinlər, bu telefonu qulağıma alıb - cibindən telefonunu çıxarır - prezidentə zəng vurum, hər şeyi deyim. Deyim ki, biz şəhid ataları Çingizi istəyirik..."

Misal gətirdiyim bu parça ölkədəki ictimai-siyasi vəziyyəti, sadə xalqın durumunu yazıçı müdaxiləsi olmadan da çox parlaq şəkildə ifadə edir. "Səs" romanında Kəramətin bu cür təsvirləri çoxdur. Lakin yazıçı özü bu fitri qabiliyyətinin fərqində deyil, tez-tez romantik ricətlər, mənasız fəlsəfi ümumiləşdirmələr edir. Məsələn:

"Cəmilə:

- Mənim qəm iksirim var, məni qəm belə saxlayıb.

Kəramət:

- Axı qəm insanı qocaldır, məhv edir, çürüdür.

- Yox, gərək qəmi yaxşı saxlayasan, gərək qəmi tarla kimi becərəsən.

- Demək, səni qəm gözəlləşdirir? Heç belə şey eşitməmişdim.

- Bəs nə, hətta qəmin həzzi ürəyə xeyirdir. Xəbərin yox idi indiyə kimi?..."

Və bənzəri dialoqlar səhifələrcə davam edir. Ümumən, ədəbiyyatımızın əsas problemi - yaxşı redaktor və yaxşı ədəbi tənqidin olmaması əsərlərin belə qüsurlarla meydana çıxmasına səbəb olur.

5. Xalqın içindən çıxan, onun problemlərini yaxından bilən, elə öz doğulduğu rayondanca namizədliyini irəli sürən cavan oğlan, səsləri pulla satın almaq istəyən, artıq bu sahədə böyük təcrübəsi olan rəqibə qarşı mübarizə aparır, gücləri bərabər deyil, hər yerdə lağ obyektinə çevrilir və ən pisi, arxalandığı ən yaxınları, qohumları, dostları, inandığı kim varsa, hamısı rəqib (Çingiz Qənizadə) tərəfindən satın alınıb, Kəramətin üzünə gülən, ona dost, doğma deyən insanlar əl altından qarşı tərəf üçün çalışmaqdadır. İkiüzlü insanların tipajı yazıçı tərəfindən ustalaqla yaradılıb.

6. Romanda real personajlardan birinin, dərzi sexi olan İlham Əzizin adı 22 dəfə çəkilir. Boş vaxtlarında yazıçılıqla da məşğul olan bu adam seçki kampaniyasında geyinməsi üçün Kəramətə altı kostyum verir. Kəramət getdiyi görüşlərdə hər dəfə bu kostyumlardan birini geyinir və hər dəfədə də “İlham Əzizin hədiyyə etdiyi kostyumu geyindim” və ya buna bənzər bir cümlə işlədir, hər kostyuma görə bir dəfə yazıçı-tacir dostunun adını çəksəydi, bunu birtəhər başa düşmək olardı, amma bunu düz 22 dəfə edir. Məncə, bu, bədii əsərə qeyri-ciddi yanaşmanı sərgiləyir, əsərin personal heyətində xaotik bir iqlim yaradır.

7. Ümumən, ədəbiyyatımızda şəhər həyatından yazan yazarların kənd həyatından yazarkən uğursuz olması və əksinə, kəndi yazıb şəhər mövzularında axsaması ənənəvi haldır. Daha əvvəllər Əkrəm Əylisli yaradıcılığından bəhs edərkən bu mövzuya toxunmuşam. Və bu hal Kəramətdən də yan keçməməkdədir. Kəramət şəhər həyatından yazarkən özünün başlıca keyfiyyəti olan səmimiyyətini itirir. Yeri gəlmişkən, bu deyilənlər "Səs" romanının redaktoru Şərif Ağayarın yaradıcılığına da aiddir.