"Kimsə ölmüşdü" - Aysel Həbib

"Kimsə ölmüşdü"  -  Aysel Həbib

22 Oktyabr 2023 17:36 367

YeniYaz saytı Aysel Həbibovanın "Kimsə ölmüşdü" essesini təqdim edir.

O yazın havasının hüzuru var ha? Nə çox soyuq olar, nə də çox isti. Onda çöldə yatıb durmaq və ancaq o havanı içinə çəkmək istəyərsən. Quşların cəh-cəhi ruhunu dincəldər, xəfif külək saçlarına toxunsun deyə əsər. Sonsuzluğa doğru qaçmaq-ancaq bu anı yaşamaq istəyindən doğar. Nə xoş ki, mən bunların heç birini hiss edə bilmirəm. Eşidirəm, görürəm amma heç kim məni eşitmir, heç kim də görmür. Ah, bir də eşitdiyim səslərdən və gördüyüm şeylərdən danışım sizə. Ah-nalələr, çığırışlar və bağırışlar. Səsi hələ də davam etməkdə olan hönkürtülər! Olduqca ürəkağrıdıcı səslənirdi. Gördüklərimdən isə onu deyə bilərəm ki, darvazanın qarşısında çoxlu kişilər dayanmış, darvazanın üst hissəsindən isə bir lampa salladılmışdı. Hə, deyəsən, başa düşdüm. Kimsə ölmüşdü. Bu hadisə ilə bu günün havası bir-biriləri ilə olduqca ziddiyətli idi. Kişilərin arasından süzülüb keçib, yuxarıya qalxdım. Eh, buraları təsvir etmək istəmirəm. Ölümün özü belə dəşhətli olduğu halda bir də onu təsvir etmək...Əslində, bəlkə də ölüm dəşhətli deyil ki. Onu dəşhətli hala gətirən bizlərik. Nə var ki, insanların buradakı ömürlərini başa vurduqdan sonra digər dünyaya köçməsi sıradan həyat hadisəsidur. Yaxınları yəqin həmin insan üçün darıxacaqlarından və bir daha onu yanlarında görməyəcəklərindən ağlayırlar. Nə də olsa, həmişə yanında olan birini itirmək asan olmaz. Amma bəzən ölümü elə təsvir edirlər ki, adam olduqca qorxur. Sonsuza qədər torpağın altında qalmaq və orda çürüməkmi? Bədənində müxtəlif qurdların gəzişib səni yeməsimi? Ay, ətim ürpəşdi. Eh, bu sözü də heç vaxt tərgidə bilmirəm. Məndə ətmi var ki, ürpəşsin də? Yerdə uzadılmış bədənin quruluşundan onun qadın olduğunu təsəvvür etmək çətin deyildi. Amma üzü örtülmüşdü. Bilmədim kim idi. Qadınların səsləri və hönkürtüləri bir az dinmişdi. Bəziləri də yalandan ağlayana oxşayırdı elə bil. Qadınlardan birinin mərsiyəni söyləyiş tərzi bəzilərini daha da ağladır, nəsə bir-iki nəfərin də gülməyi gəlirdi. Necə də qəribədir. Yox, qətiyyən, qınamıram onları. Bəlkə də vəfat edənin heç yaxını da deyillər. Amma yenə də...

Bir az sonra hamısı aşağı düşdü və avtomobillərə minməyə başladılar. Mən də özümə boş yer tapa bildim. Səhv etmirəmsə, qadını dəfn etməyə gedirdilər. Maşında qadınlar danışırdı ki, heyif, çox gözəl qız idi. Cavan getdi.

Necə yəni, heyif, çox gözəl qız idi? Mən bəzən insanları anlamıram. Bu nə deməkdir? Çirkin olanlar ölsə də olarmı yəni? Aman, nə xoş ki, Tanrı insanları yanına götürəndə onların xarici görünüşünə (çirkinliyinə ya da gözəlliyinə) baxmır. Bu qadınlara çox gözəl söz deyərdim, demədim. Deyə də bilməzdim.

Gəlib çatanda, dəfnetmə başlayanda mən də bir kənarda durdum. Baş daşı hələlik olmadığı üçün yenə qadını görmədim.Torpaqla üstünü bağlayanda bir az qəribə oldum. Niyəsini də bilmirəm.

Evə qayıdanda yenə qadınların yanında idim. Bir qadın dayanmadan ah-nalə ilə inildəyirdi və qızının qatilinə acı-acı sözlər söyləyirdi. Qızını ona verdiyi günə bəla gələrdi deyirdi. Hamıya nəzər salanda görürdüm ki, bəziləri arasında pıçıldaşır və kimisə qınayırdı. Ölmüş qadına qarın nahiyəsindən 12 bıçaq zərbəsinin vurulduğu haqqında danışılmasını eşidəndə acını öz qarnımda hiss elədim. İnsanlar necə bu qədər vəhşi ola bilir axı? İnsanlar niyə izn vermir ki, Tanrı özünün verdiyi canı özü də alsın? Cəmiyyətdə onları nə vadar edir ki, kimisə öldürsünlər?Öldürdükdən sonra peşiman olmayanları demirəm hələ. Bəziləri bununla qürur da duyardı. İntiqam aldığını ya da namusunu təmizlədiyini deyərdi. Amma xəbərləri olmazdı ki, qəlblərini artıq kirlətmişdilər. Qəzəb! O, sanki bir yaylıqdır. İnsanın gözlərini bağlayır, görməyə qoymur. İnsan öz iradəsini idarə edə bilmir və o zaman da ən dəşhətli hadisələr baş verir. Qatillərə, onların törətdikləri cinayətlərə görə heç zaman haqq qazandırmaq olmaz mənə görə. Axı mən də..Nəysə...Aşağıdan bir orta yaşlı oğlanın çay istəməsi ilə bağlı qışqırığı gələndə dedim bir az da gedim kişilərin yanında durum. Onlar bu məsləyə necə baxırlar. Amma nə qəribədir. Bir insan ölüb, digərləri isə yemək dərdindədir, içmək dərdindədir. Kişilər aşağıda sakitcə oturmuş şəkildə çay içirdilər. Nəsə çoxunun ölən vecinə deyildi. Siyasətdən danışırdılar. Bəziləri sus-pus oturmuşdu. İkisi isə kənarda nə isə fısıldaşıb deyirdilər ki, yəqin günah qadında olub. O nəsə edib ki öldürülüb. Yaxşı at özünə qamçı vurdurmaz ki...

Önyarğılar həmişə başımıza bəla olub, olacaq da. Əzizim cəmiyyət bir növ önyarğının üzərində qurulub. Sən nə danışırsan? O insanların həyatının bir parçasıdır. Biz insanlar ''müdrik filosoflar'' ki birisi haqqında doğru oldu- olmadı düşünməyi çox xoşlayırıq. Etiketlər yapışdırırıq. Əslində, həqiqəti heç vaxt görmürük, görmək də istəmirik. Amma nəsə bu kişilərin də sözü məni artıq əvvəlki kimi əsəbiləşdirmirdi. İnsanlar nəyə inanmaq istərsə, ona da inanır. Onları dəyişdirmək isə çox çətindir. Axı cəmiyyət belə formalaşıb. Onun- bunun sözündən çəkinərək hərəkət etməyimiz və insanlar haqqında gerçəyi bilmədən uydurma şeylər danışmağımız. Biz insanlar ki cəmiyyətin məhsuluyuq. İndi bilmirəm bu vəziyyətə görə sənimi qınayım, özümümü, yoxsa bütün cəmiyyətimi? Həll yolu axtarıb-axtarıb sonda isə çarəni yenə qınamaqda tapan mən insan. Düzəlməyəcəyik, deyəsən.

Hava azca soyudu. Çox adam dağılışdı. Yalnız yaxınlar qaldı o balaca evdə. Darvazanın üstündəki lampa hələ də yanırdı. Gecə hamı yatmağa gedəndə evi nəzərdən keçirdim. Nəsə buralar çox tanış gəlirdi. Eyni zamanda da yad. Çox mebelin üstü ağ örtü ilə örtülmüşdü. Güzgü olduğunu düşündüyüm mebelin qarşısına gələndə örtünü azca çəkib özümə baxmaq istədim. Amma orada heç kimi görmədim. Elə bil ki, mən orada yox idim. Qalan hər şey əks olunmuşdu amma. Sonra güzgünün yanındakı masada bayaqdan fərqinə varmadığım çərçivəni gördüm. Deyəsən, ölən qadının şəkli idi. Yaxınlaşıb əlimə götürüb də onun üzünü gördükdə çərçivəni dəşhətlə yerə saldım və şüşəsi qırıldı. Oradan cəld bir şəkildə qaçanda otağdan kimsə çıxıb qışqırdı. ''O burada idi! Rənanın ruhu burada idi!