Ötən əsrin səksəninci illərində Azərbaycanda qəribə bir dəb yarandı: ərə gedən qızın mebel dəstində kiçik bir kitab hücrəsi olmalı idi. Əslində kitab hücrəsi olan dəsti "yuqoslavski" mebel istehsalçıları "kəşf etmişdi", varlılar isə onu sosial həyatımıza gətirdilər. Səhv etmirəmsə, sonradan Xırdalan mebel zavodu da eyni tərzdə mebel istehsal etməyə başladı və beləcə kitab hücrəli dəstlər ucuzlaşdı, əlçatan oldu. O hücrələrə uzağı əlli-altmış kitab yığmaq olurdu. Yadımdadır, ailələr həmin kitab hücrəsini doldurmaq üçün ruscadan tərcümə edilmiş "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasına abunə olur, parıltılı, qədtəzə kitabları cehizlə bərabər qız evinə yollayırdılar.
Kitablar mebel dəstinə xüsusi yaraşıq verirdi. Təəssüf ki, o dövrdə və ondan sonra, bu kitabları oxuyub-oxumayan övladlarımızın statistikasını əldə edə bilmərəm. Amma bir az zəhmət çəkib qohum-əqrəba arasında kiçik bir sorğu apardım. Təxminən əlli adamla. Onlardan altmış faizi oğlan, qırx faizi isə qızlar idi. Məlum oldu ki, rəyini soruşduqlarımın cəmi yeddi faizi anasının cehiz hücrəsindən bir neçə kitab oxuyub. Onların da arasında oğlanlar üstünlük təşkil edir - yetmiş faizə yaxın. Belə çıxır ki, ailələr daha çox oğlanlarını savadlı görmək istəyirmişlər, onları kitab oxumağa yönləndirirmişlər. Axı heç bir uşaq özbaşına kitab oxumaq istəmir. Qoy bunu sosioloq dostlarım araşdırsın, hətta mənim əvəzimə desinlər ki, sonradan müharibə başladı və təbii şəkildə kitab oxuyan qızlar önə çıxdı, fikirləşsinlər ki, o hücrələrdəki kitablardan oxunan mətnlər kimin həyatını necə dəyişdi? Amma bu yazını tamamlamaq üçün mən bir həftə boyunca Bakı metrosunda və ictimai nəqliyyatda kitab oxuyan gəncləri saymağa başladım, necə deyərlər, "daxili sorğu" apardım. Hər vaqonda orta hesabla üç, hər avtobusda bir gənc kitab oxuyur. Onlardan ikisi qız, biri oğlandır (Yerdə qalan hamı cib telefonlarını "yeyir"). Hə, onu da deyim ki, Dostoyevskinin "Bəyaz gecələri" də daxil olmaqla, ictimai nəqliyyatda oxunan kitabların təxminən yetmiş faizi Türkiyə türkcəsindədir və böyük əksəriyyəti də (doxsan faizi) tərcümə ədəbiyyatıdır.
Bu müşahidələrimi əsasən son günlər keçirilən kitab sərgiləri, imza günləri və təqdimatlar fonunda apardım. Düzünü deyim, sərgilərdən sonra həm sevindim, həm də kədərləndim. Naşirlərin, kitabın, müəllifin "sosial-iqtisadi vəziyyət"i kənardan göründüyü qədər də ürəkaçan deyil. Lakin göz önündəki kitablaşma, qardaşlaşma, intellektual çəkişmə öz dinamikası ilə gələcəyə ümid verir. Bir çoxları kimi, çağdaş ədəbiyyatımızı təmsil edən müəllif dostlarımın halına acımağı ağlıma da gətirmirəm - əksinə, nə yaxşı belə fədakar insanlarla bir dövrdə, bir ölkədə yaşadığımı düşünürəm. Bəlkə də, siz dünyanın heç bir yerində bu qədər axtarışda olan qatma-qarışıq ədəbi çevrələr, ürəkli adamlar tapa bilməzsiniz. Üstəlik, mənim ölkəmdə hələ də bürokratiyanın, inhisarçıların, rus-sovet zehniyyətinin qorxduğu ən birinci kəsim də elə bu bir koma müəllifdir, onların dəyərli kitabları, əsərləri dilimizin, ruhumuzun şifrələrini qoruyan cəhdləridir. Sizcə, bu insanlarla qürur duymağa dəyməzmi?!
İndi yazıçılardan daha çox naşirlərə kömək etmək vaxtıdır. Onların biznesi üçün müstəqil, gəlirli, təhdidsiz bir sistem qurmaq lazımdır. Naşirin üzünü "Qərib Cinlər Diyarından" döndərib geri qaytara bilsə, yenə də öz müəllifi qaytaracaq. Amma vaxt gedir, biz isə hələ də kitabı, mütaliəni dəbə gətirməyimizdən fərəhlənir - yəni, əlifbadan çıxa bilmirik.
Elə yuxarıda danışdığım "yuqoslavski" kitab hücrəli mebellərin dəbə düşdüyü vaxtlarda kitab passajları da vardı. Bu passajları kommersiya dükanlarına çevirdilər. Doxsanıncı illərin axırınadək Bakıda və mərkəzi şəhərlərdə səyyar rəsm və kitab əraziləri fəaliyyət göstərirdi. Onlar niyə yoxa çıxdı? Bu əraziləri bərpa etmək, yarmarka halına gətirmək, nəşriyyatların burada davamlı fəaliyyətinə təminat vermək çətin bir iş deyil axı. Poçt yollamaları üçün ödənişləri kitabın xirtdəyindən asmaq nə dərəcədə ədalətlidir? Heç olmasa kitab satışında özəl sektorun maraqlarına toxunmasaq olmazmı? Axı kitab, dil, ədəbiyyat milli təhlükəsizlik qədər önəmlidir, statistikalara, konsepsiyalara, "bu gün yox, sabah"lara sığmır.
O gün İctimai Televiziyanın "Sabaha saxlamayaq" proqramında dedilər ki, uşaq futbolunu inkişaf etdirmək üçün bu gün başlasaq, on il sonra, bəlkə, nəsə olar. Eyni sözü milli kino strategiyası barədə də deyirlər. Olsun. Bəs bu yanaşmanı milli ədəbiyyata da tətbiq etmək mümkündürmü? Əmin deyiləm. Ədəbiyyat milli konsepsiyalara, strateji planlara, dövlətin və millətin iradəsinə tabe olmayan hücrədir.
Müharibələr, fəlakətlər o hücrəni bir anın içində viran edə bilir, mənasızlaşdırır, lakin onun yumşaq gücünü dağıda bilmir. Milli ədəbiyyat gözəllik deyil ki, dolduraq hücrələrə və cehiz verək. Gərək milli ədəbiyyata müstəsna hal kimi yanaşaq. Yoxsa onu da futbol və kino kimi uğurlu boz gələcək gözləyir.
Qaynar İnfo