Kölgədən xilas ola bilməmək - Qorxmaq Quliyev

Kölgədən xilas ola bilməmək   - Qorxmaq Quliyev

19 Oktyabr 2022 13:08 327


Platon incəsənəti/ədəbiyyatı "kölgənin kölgəsi" kimi dəyərləndirmişdi, yəni həyat ilahi ideyanın, ədəbiyyat da həyatın kölgəsidir. Filosofun məntiqindən çıxış etsək, ədəbiyyatşünaslıq / tənqid kölgənin kölgəsinin kölgəsi olacaq. Xronoloji düzüm baxımından bu həqiqətlə razılaşmaq lazım gəlir.

Lakin mütəfəkkirin "kölgə" bənzətməsi ilə razılaşmaq çətindir. Mənim real kölgəm yekrəngdir, daha doğrusu, bozdur, sıxılanda tündləşir və qaralır; kölgə cansızdır, mənsə rəngarəngəm, canlıyam. Deməli kölgə mənim həqiqətimi əks etdirmək iqtidarında deyil. Bu baxımdan ilahi ideya - həyat - bədii ədəbiyyat - ədəbiyyatşünaslıq/tənqid arasındakı münasibətləri kölgə metaforasına müncər etmək düzgün olmaz.

Mən son dərəcə metafiziki səciyyə daşıyan ilahi ideya - həyat münasibətlərini təhlil etmək fikrində deyiləm: bu filosofların işidir. Lakin apriori söyləmək olar ki, çox zaman (həmişə!) həyat onu istiqamətləndirən ideyanın müəyyən etdiyi cızıqdan çıxır; çünki həyat canlıdır. Bu baxımdan böyük ədəbiyyat da həyatın yekrəng və cansız kölgəsi deyil, onun göy qurşağının bütün boyaları ilə oynayan təcəssümüdür. Yeri gələndə bədii fikir həyata meydan oxuyur, ona təsir edərək dəyişdirir. Böyük ədəbiyyatşünaslıq/tənqid də ədəbiyyatın rəngsiz və cansız kölgəsi onunla mükamiləyə girən mükəmməl, canlı, dinamik həyat mövqeyidir.

Bu onunla bağlıdır ki, sənətkar həyatı təkrar etmir, onu dərindən öyrənib yenidən yaradır, tənqidçi bədii nümunəni təkrar etmir, bir tərəfdən əsərdə təcəssümünü tapmış həyat həqiqətlərini dərindən araşdırır, digər tərəfdən bədii nümunənin dərin qatlarına nüfuz edir və onların hər ikisinin mürəkkəbliyini ehtiva etməyə cəhd göstərir.

Lakin Platonla bir şeydə razılaşmaq lazım gəlir ki, mən addım-addım məni izləyən kölgəmdən xilas ola bilmədiyim kimi həyat da bədii inikasdan, ədəbiyyat da tənqidi inikasdan yaxa qurtara bilməz.