Karl Qustav Yunqun analitik psixologiya təlimi haqqında bir neçə abzas
1907-ci ilin fevralında Freydlə görüşmək üçün Vyanaya gedəndə Karl Qustav Yunqun 32, Ziqmund Freydin 51 yaşı vardı. Buna qədər onlar qiyabi tanış idilər.
Freydin dəvətiylə günorta baş tutan ilk görüş zamanı onların söhbəti nə az, nə çox – düz on üç saat çəkmişdi. Yunqun Freydə sayğı-sevgisi, pərəstişi bir az da güclənmiş, Freyd öz ardıcılının, mənəvi oğlunun dərin ağlına, parlaq zəkasına heyran qalmışdı. Üstəlik, o biri şagirdlərindən hər mənada seçilən isveçrəli psixoloqun yəhudi olmaması psixoanaliz atasının lap ürəyincəydi, çünki bu fakt insan psixologiyası ilə bağlı cahanşümul ixtiraları yalnız bir qrup yəhudiyə xas komplekslər toplusu kimi qələmə verənlərin ağzını yumacaqdı.
Freydin Beynəlxalq Psixoanalitik Mərkəzin prezidenti vəzifəsinə Karl Yunqun namizədliyini irəli sürməsinin başlıca səbəbi də bu olmuşdu.
***
Elə həmin görüşdəcə Yunqun qəlbində ustadının nəzəri mülahizələrinə, xüsusən onun libido nəzəriyyəsinə münasibətdə şübhə toxumları da cücərməyə başlamışdı. Yunq libidoya yalnız erotik instinkt, şəhvət çərçivəsində baxmağın tərəfdarı deyildi; ondan ötrü libido ümumən yaşamaq eşqi, həyat stimulu, Şopenhauerin iradəsinə bənzər qüdrətli bir başlanğıc, cəmi məxluqatı, külli varlığı hərəkətə gətirən enerji mənbəyi idi.
Freyd öz təliminə müxalif mövqeyi qətiyyən qəbul eləmirdi, onun niyyəti psixoanalizi ehkama çevirmək idi. Yunq isə bununla razılaşa bilməzdi, çünki ustadının təlimində ciddi boşluqlar görürdü, bu təlimin izah verə bilmədiyi fenomenlərlə rastlaşırdı. Bu səbəbdən onların birgəliyi uzun sürmədi, beş-altı ildən sonra dahi ustadla dahi şagirdin yolu ayrıldı.
Yunq bu böhranı çox ağır keçirdi. Həm mənəvi tənhalığın, atılmışlığın (Freyddən ayrılandan sonra qalan həmkarları da onunla əlaqəni kəsmişdilər), həm də dünya müharibəsinin vurduğu psixoloji zərbələr onu dəliliyin, intiharın astanasına aparıb çıxardı. Avropanı qana çalxayan savaşdan sonra Yunq analitik psixologiya adlandırdığı təliminin qayğısına qalmağa girişdi, bununla da həm dünya fəlsəfi fikrinə, həm təbabət elminə, həm də ədəbiyyata, incəsənətə bir sürü yenilik gətirən mənəvi-ilahi ixtiralar müəllifinə çevrildi.
***
Freyd öz təlimində fərdi şüursuzluqdan qırağa çıxmırdı, hər kəsin təhtəlşüurunu onun şəxsi yaşantılarının, travmalarının, qısnanmış gizli niyyətlərinin, həyata keçməmiş arzularının zirzəmisi kimi qələmə verirdi. Yunq isə buna kollektiv şüursuzluğu da əlavə elədi. Ona görə, Eqo yalnız fərdi təhtəlşüurun yox, həm də kollektiv təhtəlşüurun diktəsiylə davranır. Kollektiv şüursuzluq özündə bəşəriyyətin keçdiyi milyon illik yolun, insan oğlunun qazandığı milyon illik təcrübənin izlərini, əlamətlərini daşıyır. Onun öz dili, işarələr, simvollar sistemi var. Yunq bu işarələrə “arxetip” adı verir.
Dilindən, dinindən, irqindən, millətindən asılı olmayaraq arxetiplər hər bir kəsin təhtəlşüurunun kollektivə aid olan bölməsində öz yerini bərkidib. Ən müxtəlif mədəniyyətlərdə, sivilizasiyalarda arxetiplər özünü bir-birinə bənzər rəmzlər, simvollar dilində büruzə verir. Bu, hansısa bir ədəbi obraz (tutalım, xəsis), hansısa bir naxış, rəsm (tutalım, buta), yaxud da hansısa bir coğrafi məkanın sakrallaşdırılması (tutalım, dağın müqəddəsləşdirilməsi) şəklində ifadə oluna bilər. Yunqa görə, bütün bunlar ən qədim inancların, ümidlərin, qorxuların, sevgilərin ruhumuzdakı əks-sədasıdır.
Karl Yunq bəşəriyyətin kollektiv yaddaşını, universal işarələr sistemini çağdaş insanın dilinə “tərcümə eləmək” üçün fərqli xalqlara, sivilizasiyalara məxsus simvolların öyrənilməsinə xüsusi önəm verirdi. Bu məqsədlə o hətta okkultist, spiritualist, ezoterik, mistik təlimləri, ibtidai mədəniyyətləri araşdırır, orta əsr kimyagərlərinin sirli dünyasına baş vururdu. O düşünürdü ki, bizim psixikamızın strukturu kainatın strukturunun eyni (Nəsimi necə deyirdi: “Aləmül-qeybin vücudu kainatın eynidir”), onun kiçik modelidir. Başqa sözlə, sufilərin, o cümlədən hürufilərin dediyi kimi, insan mikrokosmosdur, bundan da o məna hasil olur ki, insan psixikasının sirlərini öyrənmək elə kainatın sirrini öyrənməyə bərabərdir.
Burada məşhur bir hədisi də xatırlatmasaq olmaz: “Kim özünü tanısa, Allahı da tanıyar”.
***
Beləliklə, arxetiplər ümumbəşəri təcrübənin, kollektiv şüuraltının sirlərini bizə ötürən gizli şifrələr, universal təhtəlşüurdan zühura gələn əzəli-əbədi psixoloji obrazlardır. Biz o şifrələri düzgün oxuya bilsək, keçmişimizdən də, gələcəyimizdən də xəbər tutarıq.
Əslində, bu, o qədər də yeni bir şey deyil, Platon nəzəriyyəsinin, ideyalar aləminin psixologiya elminin prizmasından yeni, fikir tarixi boyu, kim bilir, neçənci yozumudur. Arxetip elə ideyanın bir başqa adıdır. Eynən Platonun ideyaları kimi onların da sayı-hesabı yoxdur (məsələn, ağsaqqal, qonaq, qəhrəman, çoban, tacir, ata, ana, uşaq, sevgili, dost, düşmən…), ancaq bir neçə arxetip var ki, Yunq onlara xüsusi önəm verir. Bunlardan bir cütünü o, Anima (kişidə qadın başlanğıcı), bir də Animus (qadında kişi başlanğıcı) adlandırır. Persona (maska, insanın sosial kimliyi) dediyi də ən vacib arxetiplərdən sayılır. Eqo da, Persona da şüura aid arxetiplərdir. Anima, Animus, Kölgə, bir də Özlük isə kollektiv təhtəlşüura məxsus obrazlardır.
Dediyim kimi, Yunq bu altı arxetipə ayrıca diqqət göstərir. Kölgə – içimizdə yatan ən alçaq niyyətləri, əxlaqsız arzuları, zorakı meyilləri, cinayət hərisliyini barındıran arxetipdir, onun səsini batırmaq üçün insan kamilliyə, gözəlliyə, həqiqətə can atmalıdır. Bütün bu ali xüsusiyyətləri özündə cəmləyən arxetipinsə adı Öz arxetipi, başqa sözlə, Özlükdür. Bu arxetipin ən yüksək ifadəsi Tanrı obrazıdır. Tanrı – insanın özünü reallaşdırmasının son həddidir, bundan o yanası yoxdur. Yunqa görə, İsa Məsih Özlük arxetipinin simvoludur. Kölgə arxetipinin simvolu qismində isə, məsələn, Hitlerin obrazını götürə bilərik.
Gördüyümüz kimi, burada da köklü bir yenilik yoxdur. Özlük arxetipi xeyirin, Kölgə arxetipi isə şərin timsalıdır. Ümumiyyətlə, Yunqun təqdimatında şəxsiyyətin strukturu Freydin modelinə nisbətən xeyli qəliz, mürəkkəbdir. Freyd sırf materialist olduğuna görə instinktlər aləmindən, başqa sözlə, bədənin sərhədlərindən kənara çıxmır, Yunq isə faktiki olaraq insanı ruhla bədənə ayırır: fərdi şüuraltı onun bədənində cövlan eləyən istəklərin, instinktlərin inikasıdır, kollektiv təhtəlşüur onun ruhundan gələn siqnalların, intuisiya dalğalarının saxlanc yeridir.
***
Yunq insanları psixoloji tip olaraq iki qismə ayırırdı: introvert tip, bir də ekstravert tip. İntrovert daha çox öz içinə qapalı, cəmiyyətdən qaçan, özüylə danışan insan tipidir. Ekstravert isə daha çox ünsiyyətə meyilli, qırağa yönəli, diqqət mərkəzində olmağı sevən tipdir. Sadə dillə birinciləri iç adamı, ikinciləri çöl adamı da adlandıra bilərik.
Ancaq bu, o demək deyil ki, hər hansı fərd mütləq şəkildə bu tiplərdən birinə mənsubdur. Hər kəsdə bu xarakterlərin hər ikisindən nəsə var, sadəcə birində birinci, o birində ikinci tipə xas xüsusiyyətlər əks qütbə aid cəhətləri əhəmiyyətli dərəcədə üstələyir. Yoxsa dünya lallarla qaraqışqırıqçıların dialoqa girə bilmədiyi əcaib səhnəyə bənzəyərdi.
***
Allaha inanıb-inanmadığıyla bağlı suala Karl Yunq belə cavab vermişdi ki, onun işi, vəzifəsi inanmaq deyil, bilməkdir. Yunqun fikrincə, bəşər öz fövqündə duran Tanrının varlığı-yoxluğu məsələsinə heç vaxt aydınlıq gətirə bilməyəcək, ancaq bir arxetip kimi Allah insan ruhunun ən uca zirvəsində qərar tutub.
Doğrudan da, insan Yaradanın nə varlığını, nə də yoxluğunu təsdiqləmək gücündədir. Yüz milyardlarla qalaktikanın, trilyonlarla ulduzun arasında girinc qalmış düşüncəmiz heç milyon il sonra da belə bir qüdrətə yetişə bilməz. Ancaq biz öz qəlbimizdə, şüurumuzda Tanrı Dağı adlı bir zirvənin olduğunu, min illərdir dayanmadan o zirvəyə can atdığımızı yaxşı duyur, yaxşı bilirik. Bunu duymaq, bunu bilmək bizə yetər.
Bəli, Allah bizim ruhani potensialımızın zirvəsidir. Özümüzdən kənarda Tanrı axtarışına çıxmaq havayı zəhmət, vaxt itkisidir.
***
Tale-qismət məsələsinə Yunqun münasibəti də maraqlıdır. O deyirdi ki, biz daim təhtəlşüurumuzun hökmü, diktəsi altındayıq; neçə ki o təhtəlşüuru (söhbət ümumiyyətlə şüuraltıdan, yəni şüursuzluğun hər iki bölməsindən gedir) şüurun taxtına oturtmamışıq, həmişə ondan asılı olacağıq, bunun da adını tale, qismət qoyacağıq.
Yunq özünün heyrətamiz metoduyla taleyin, qismətin sirlərinə də əl aparmışdı, gah keçmişdən, gah gələcəkdən xəbər verirdi. Hələ gəncliyində bir pasiyentinə filan vaxtda, filan şəraitdə filan üsulla adam öldürdüyünü söyləmişdi, qatilin əməllərini üzünə oxumuşdu. Adam buna nə dərəcədə heyrətlənmişdisə, gənc psixoloq özü də öz fəhminə bir o dərəcədə mat-məəttəl qalmışdı. Bundan çox illər sonra – 1938-ci ildə isə verdiyi bir müsahibədə növbəti dünya savaşını proqnozlaşdırmışdı, Hitlerin də, Stalinin də psixoloji kimliyinə yüksək dəqiqliklə diaqnoz qoymuşdu, onların aqibətini bir kahin uzaqgörənliyi ilə öncədən söyləmişdi.
***
Dini kütləvi nevroz sayan Ziqmund Freyddən fərqli olaraq Karl Yunq platonizmi, onun kütləvi versiyası sayılan xristianlığı psixologiya müstəvisində, elm dilində yenidən yaradıb. O, dinin car çəkdiyi, əsrdən-əsrə daşıdığı dəyərlərə psixoloji legitimlik qazandırıb. O, bəşəriyyətin kollektiv təhtəlşüurunda Tanrının əl izlərini aşkarlayıb, mələklərin dilini, cinlərin əlifbasını öyrənib, ruhun, əbədiyyətin varlığını tutarlı psixi dəlillərlə sübuta yetirib. O, bilməklə inanmağın arasından sərhədi götürüb; onun biliyi inama, inamı biliyə çevrilib. Əgər Freyd həyata pessimist yanaşması, bədbin təfəkkürü etibarilə asket, şair idisə, Yunq insanları bir-birinə bağlayan qızıl telləri kəşf eləməsi baxımından optimist mistik, çiynində müqəddəs yük daşıyan missioner, öz dövrünün məsihidir.
Onun bütün həyatı, xarakteri, fəaliyyəti məhz peyğəmbər arxetipinin boyuna biçilib. Bəşəriyyət dediyimiz nəhəng kollektivin qayğılarıyla yaşamaq, fərdləri tənhalıq adlı təkadamlıq türmənin dustaqlığından qurtarmaq, insanları bir ocaq başına toplayıb yenidən qardaşlaşdırmaq bu arxetipin təcəllası olan şəxsiyyətlərin ən başlıca xüsusiyyətidir. Bu baxımdan Yunqu da yeni dövrün peyğəmbərləri sayılmağa layiq Hüqo, Dikkens, Dostoyevski, Tolstoy, Nitsşe, Berqson, Hüsserl, Yaspers, Tomas Mann kimi parlaq zəkaların, azman mütəfəkkirlərin sırasında görmək, zənnimcə, düzgün baxış olardı. Onun özcə təlimini öz boyuna ölçəndə, onun mənəvi varlığına özünün yaratdığı arşını tutanda bundan başqa nəticəyə gəlmək mümkün deyil.
***
Katoliklərin Müqəddəs Avqustin, pravoslavların Əziz Avqustin dedikləri böyük xristian mistiki, ilahiyyatçı filosof Avqustin Avreli deyirdi: “Tanrı insan oldu ki, insan yenidən tanrılıq zirvəsinə ucala bilsin”.
Hər azman fikir adamı o ruhani ucalığa öz bayrağını sancıb, hər biri o zirvəyə öz dilində ad-ünvan verib. Özlük arxetipi də Tanrı ucalığının Yunq dilində adıdır. O, səksən altı yaşında bu dünyaya gözünü yumana qədər öz bütünün sədaqətli əshabəsi, “kollektiv təhtəlşüur” adını verdiyi tanrısının sadiq elçisi, peyğəmbəri kimi müqəddəs missiyasını yerinə yetirməkdən usanmadı.
İnanmaq istərdim ki, fərdi təhtəlşüurunu bu dünyada qoyub kollektiv təhtəlşüurunun içinə çəkiləndə Yunq öz nəzəriyyəsinin isbatını öz gözləriylə görüb, öz təliminin doğruluğuna doyunca əmin olub.
“Yeni Azərbaycan” qəzeti