“Kral çılpaqdır” deməyi bacarmaq - Esse

“Kral çılpaqdır” deməyi bacarmaq   - Esse

09 Noyabr 2022 09:41 583


Mehman Qaraxanoğlu

“Kral çılpaqdır!”

(Ədəbi sezintilər)

Əgər biz kralın lüt olduğunu görmürüksə, bu, Andersenin günahı deyil...

Bilmirəm, indiyəcən niyə nağılın əvvəlindəki “Kral geyim otağındadır” cümləsinin fəlsəfəsini anlamamışam?! Məntiq budur: Biz nəyə çox aludə oluruqsa, faciəmiz də oradan başlanır.

Geyimlərə olan aşırı sevgi kralın axırına çıxır...

Yadınıza gəlirsə, kralın yaşadığı şəhərə varid olan iki yalançının toxuyacaqları libasın guya başıboş və küt adamların gözünə görünməməsi haqqında dedikləri cəfəng şeylərə kralın özü o qədər inanır ki, hətta işin necə getdiyini bilmək üçün “toxucular”a baş çəkməkdən də qorxur. Axı, libas, küt və başıboş adamların gözünə görünmür.

Deməli, hamımızn içində belə bir qorxu – dəhşətli və emosional dayanıqlı bir fobiya hökmrandır!

İlk dəfə məhz vəzir mövcud olmayan parçanın çox gözəl olduğunu söyləyir!

Bu yalançı ritorika indiki halımıza necə də oxşayır!

İşin gedişatını yoxlamaq üçün kral ən ləyaqətli əyanını göndərir. O da görmədiyi parçanı tərifləmək məcburiyyətindədir; əgər ortada parça yoxdursa və ya onun gözünə görünmürsə, demək, kütdür və yerində deyildir. Nəhayət, kralın da qəlbində parçanı görmək həvəsi oyanır.

”Kral düşündü: “Bu nə olan şeydir! Mən heç nə görmürəm! Heç yaxşı iş deyil! Yəni mən axmağam? Ya Krallığa yaramıram? Bu çox pis olardı!”

Nəhayət, kralı lümlüt soyundurub mövcud olmayan parçanı canfəşanlıqla ona geyindirirlər.

“İlahi, necə də yaraşır! Əynində nə gözəl görünür! Naxışa bax, rənglərə bax!

Birdən balaca bir oğlan çığırdı:

- Kral çılpaqdır!”

Balaca oğlanı qəhrəmana çevirmək doğru deyildir. O, sadəcə, qorxu-hürküsüz gördüyünü deyir, vəssalam...

Azərbaycan ədəbiyyatının spontan “Kral çılpadır!” deyə biləcək “Balaca” Oğlanlara ehtiyacı vardır!

***

Məşhur Niderland rəssamı Yan Vermeerin “Rəssamlığın alleqoriyası” adlı bir əsəri vardır. Tablo rəssamın emalatxanasını simvolizə edir. Burada təsvir olunan hər bir detal danışır. Əslində, hər bir sənətin özünəməxsus alleqoriyası – simvolları olmalıdır. O cümlədən, yazıçılığın da... Yox, söhbət təkcə yazıçı, dünyasını dəyişəndən sonra onun ev muzeyində nümayiş etdirilən əşyalardan getmir...

Burada iki istisnanı qeyd etmək istəyirəm. Biri hiperrealist Mirzə Cəlilin, digəri isə “fikir zadəganı” (Kamal Abdulla) Hüseyn Cavidin ev muzeyindəki əşyalardır. Məhz onlar epoxal qüssə və ağrının rasional və metafizik alleqoriyasını planetar formatda bizə yansıda bilir...

***

Biz milli xanlarımıza sovqat adıyla qurban verilən quzularıq. Amma hələ gör xanlarımız bizi qurban kimi qəbul etməyə “hazırdırlarmı?” Baxın, bizim xanların zehniyyətinə:

Nə durmusan dağ başında qar kimi
Məmələrin baş veribdi nar kimi, nar kimi...

(Mirzə Cəlil. “Quzu” hekayəsi)

Bir sümük və bir dəridən ibarət olan quzunu Kəblə Məmmədhüseyn məhz uyğun bir zamanda – Əziz xanın evindən onun öz “ifasında” oxumaq səsi gələndə aparıb ona sırımaq fikrinə düşür. Arvadı deyəndə ki, onu nəyə aparırsan, manat da verməzlər ona. Amma Kəblə Məmmədhüseynin cavabı bütün zamanlar üçün çox ibrətamizdir: “Yox, satmağa aparmıram, xanlığa aparıram. Bəlkə bir şey qopardam.”

Qopartmaq ehtirası! Bu nəinki qadın və kişini, hətta millətləri və ölkələri da birləşdirə bilir. Burada, sadəcə, uyğun zamanı seçmək lazımdır!

Xatırlayırsınızsa, Novruzəli də Vəli xana sovqat gətirir. Amma uyğun zamanda yox! Məlum qəziyyədən sonra xan Novruzəlinin başına gələnlərə qah-qah çəkib gülür. Çünki onun da beynində Novruzəli faciəsi yox, arvadının naxoşluğudur.

Mövcud situasiyanı ustaca qiymətləndirən hiyləgər Kəblə Məmmədhüseynlər və klassik qafiyələr xurcununun pornoqrafik gözünü özüylə əbədi olaraq hıqqına-hıqqına daşıyan Əziz xanlar cəmiyyətində yaşayırıq. Ətraf qopartmaq ehtirası ilə alışıb yanır. Və ya kim daha çox qopara bilər? - zehniyyəti ilə. Məqsədlərinə çatmaq üçün onlar hər şeydən keçməyə hazırdırlar. Təki onların “perfomansları” ağlı başında olmayan xanlarına xoş gəlsin! Çünki kresloda oturan xanların hərəsi bir cür xəstədir; biri seksual aclıqdan, biri harınlıqdan, biri allahsıslıqdan, biri ağlının itməkliyindən, biri uşaqlıqda aldığı travmalardan və daha nələrdən, nələrdən əziyyət çəkir... “Millət! Vətən! Dil!” (Mirzə Cəlil) bunların ehtişamlı, dəbdəbəli səltənətlərinə çox rahat düşən və onları baş verəcək təhlükələrdən xəbərdar edə bilən mistik açar sözlər missiyasını yerinə yetirir...

İşiniz avand olsun, Kəblə Məmmədhüseynlər!

“Nar” və “qar”a qənşər, Əziz xanlar!

Ruhun şad olsun, Mirzə Cəlil!

***

Bu gün şeirimizdə qəm-kədərlə, dərdlə simulyasiya edən yüzlərlə şair vardır. “Simulyasiya” bildiyiniz kimi, latın sözü olub “simulatio”, yəni, yalançılıq deməkdir. Daha çox futbolda işlənən bu termin futbolçunun yalandan yıxılması anlamını verir. Meydançanın bütün əraziərində simulyasiya edən futbolçulara rast gəlmək olur. Amma daha çox qapı qarşısında simulyasiya edən futbolçu 11 metrlik cərimə zərbəsi almaq istəyir. Əvvəlki dövrlərdə alırdılar da! İndi ortada “VAR” var, nadir hallarda buna nail olmaq olar. Məsələ orasındadır ki, poeziyamızın da “VAR”a ehtiyacı vardır. Amma “VAR”-a, mentalitetimizdə əbədi oturuşan dostbazlıq, qohum və tayfabazlıq prinsipləri ilə deyil, vicdan və namusla baxıb, doğru, dürüst qərar verən poeziya hakimlərini haradan tapıb gətirək?!

Baxırsan, dərdlə bunun arasında min kilometrlik bir məsafə vardır, arxadan, soldan, sağdan ona heç bir toxunuş yoxdur, amma atır özünü dərdin on birliyinə, elə yana-yana dərddən danışıb göz yaşı tökür ki, istər-istəməz ciyərləri şişən dahi Sabirin aşağıdakı misraları yada düşür:

Ağladıqca kişi qeyrətsis olur,
Necə ki, ağladı, İran oldu.

Çağımızda dərdin şəklini çəkən kim, doqquz aylığını gözləməyə səbri çatmayıb qeysəriyyə əməliyyatı ilə onu doğuşunu sürətləndirən kim, ona layla çalıb “yatırdan” kim, “balam” deyib şivən qoparan kim, dərdli bir poza alıb özünə özü kimi “dərdli” məşuqələr tapan kim...

Durun, cənablar!

Dərdlə manipulyasiyalar sizə nə verməyib ki? Ev, vəzifə, ad-filan, orden-medal, maşın, mükafatlar... Daha nə istəyirsiniz bu xalqdan, onun dərdi ona bəsdi...

Əgər biz “dərd”i Lüğətinizdən çıxarsaq, sizdən nə qalacaq?

Deyimmi nə qalacaq?!

Qara bir dəlik...

Fürsətcil olmayın, qara kosmik bir dəlik...

***

Ədəbiyyatı, ədəbiyyat adamlarını hədsiz dərəcədə şişirdib göyə qaldırmağımızın bədəlini ödəməli olacağıq. Ədəbiyyat olsa, olsa yüzlərlə özünü ifadə üsullarından biridir. Sadəcə, həmin özünüifadənin xammalı söz olduğundan (o söz ki, hamı ondan istifadə edir) bu da yazarlarda qəribə bir Eqonun yaranmasına gətirib çıxarır; yəni, baxın, hamının əkib-becərdiyi eyni tarlada mən müstəsnayam! Amma XIX əsrin sonlarına qədər belə olmayıb, söz sənəti əsrarəngiz bir kosmosla – bütövlükdə incəsənətlə tam vəhdətdə olub. Sanki hər şey Mir Möhsün Nəvvabla bitib qurtardı...

Təbriz miniatür məktəbinin banisi Sultan Məhəmməd və onun dünyaya səpələnmiş tələbələri hansı söz adamından aşağı mərtəbədə dayanıblar? Əksinə, onlar sözü də miniatürə çevirib insanlığın başı üstünə qaldırmağı bacarıblar.

Hansı şair və yazıçı Azərbaycan təbiətini Səttar Bəhlulzadə qədər vəsf edə bilib?

Səxavət Sahil inciməsin, Toğrul Nərimanbəyovun ruhumda yandırdığı nar tonqalını heç nə söndürə bilməz!

Qara Qarayevin “İldırımlı yollarla” baletindəki ehtiraslı rəqsi sözə çevirin, çevirin, cənablar!

Bəs Fikrət Əmirovun “Min bir gecə” baletindəki qızların rəqsini necə? Onlardan biri 22 yaşlı Məhsa Emini idi, tanıdınızmı?!

Mənim üçün Cavad Mircavadov XX əsrin Hüseyn Cavididir...

Nə qədər ki, biz sözü nəhəng incəsənət faktı kimi qəbullamayıb, onu yüksəlmək üçün alçaqlıq (Ruhun şad olsun, Hüseyn Cavid!), rəzillik və fahişəlik faktı kimi qəbul edirik, vay halımıza!

“Qələmin müqəddəs vəzifəsi xalqın xoşbəxtliyi yolunda xidmət etməkdir. Bu ola gərək hər bir qələm sahibinin amalı.” (Mirzə Cəlil)