Lalə Qasımlı
Taksi yolun qarşı tərəfində saxladı. Yenə həmişəki kimi özümü maşının altına ataraqmı yolu keçirdim, yoxsa niyə, bilmirəm, bir də baxdım ki, əlimdən tutub. Sağ əli idi, deyəsən. Əlimi sıxdım. Sanki iki barmağı əlimin içində idi. Çəkinərək tutmuşdu, yəqin, barmaqlarının ucu ilə, ya da iki barmağı ilə. Yoxsa, mən çəkinmiş, əlimin ucu ilə qarşılıq vermişdim. Ancaq yenə də etmişdim bunu. Xatırlamağa, nə baş verdiyini anlamağa çalışdıqca fikrim daha çox qarışır. Niyə əlimdən tutmuşdu, niyə əlimi çəkməmiş, qarşılıq vermişdim? Niyə indi bunu düşünürəm? Niyə yazıram bütün bunları? Niyə indi də əlimdən tutmuş kimi əlimi sıxıram? Yol uzandıqca uzanırdı. Dayanmadan belə gedə bilərdik. Əl-ələ... Gedirdik də...
Çoxdanın dostu idik. Ancaq bir-birimizi yaxşı tanıyırdıqmı, bilmirəm. Mənim tanıdığım ən qayğıkeş, anlayışlı, dərin, bəlkə də vaxtından tez müdrikləşmiş insanlardan biri idi. Bir az köhnə kişilərə bənzədirdim onu, ancaq bəzən o qədər müasir idi ki, lap təəccübləndirirdi məni. O mənim dostum idi. Son zamanlar daha da doğmalaşmış dostum. Az insanın sözünü dinləyərdim mən. Yox, dikbaş deyiləm. Ancaq öz prinsiplərimdən asanlıqla imtina edən biri də deyiləm. Onu isə çox vaxt dinləyirdim. Etiraz etmədiyim nadir insanlardan idi. Nə baş veridiyini başa düşə bilmirəm. Sadəcə bir əl tutması olsa, deyərdim ki, şərti refleksdir. Mən də şərti reflekslə cavab vermişəm,keçib-gedib. Əldir də tutulub. Bəlkə də, elə belədir, sadəcə, mənim güclü təxəyyülüm nə isə uydurur. Bir az yazmaq istəyir. Keçən gün adımın qarşısına “gözəl” sözü əlavə etmişdi vatsapdan yazanda. Hələ adımın çiçəyini də göndərmişdi. Sonra “xanım qız” oldum. Bunlar arabir edilir. Görməmişəm, deyəsən. Görməmişəm axı belə şeylər. Sevənim çox olsa da, əks cinsin diqqətini hər kəs kimi yaşamamışam. Uzun sevgi münasibətlərim olmayıb mənim. Heç əlimdən də tutulmayıb. Uzaqdan, bəzən platonik sevgilər, bəyənmələr yaşamışam sadəcə. Deyəsən, öz-özümə uydururam bütün bunları. Və çox qorxuram. Bunun doğru olmağından o qədər çox qorxuram ki. O da qorxur, əslində. Çox qorxur həm də. Cəsarəti ancaq adımın qarşısına “gözəl” sözü əlavə etməyə çatır. Mən də susuram, görməzdən gəlirəm, üstünə getmirəm, gedə bilmirəm. Ötüb-keçəcək deyirəm. Sezen Aksunun mahnısındakı kimi. “Neler, neler geçmedi ki...” Hər dəfə belə olmayıbmı?! Kimsə gəlib hisslərimi dalğalandırıb, mən hisslərimlə mübarizə aparmışam, aparmışam, tükənmişəm, sonra yenidən küllərimdən doğulmuşam. Kimsə buzdan hördüyüm divarlarımı əridib. Buzun içində deyil, buzlarım əriyəndə üşümüşəm. Yenə belə olacaq. Yenə ülvi hisslə ehtiras bir-birinə qarışacaq. Biri digərini əvəzləyəcək, biri digərini yüksəldəcək. Ürəyim tez-tez döyünəcək. Əlim əlini axtaracaq. Sonra bərk-bərk sıxılacaq yumruğum. Baxışlarını qaçırdığı anları xatırlayacaq. Telefonda mənim səsim geri-geri çəkiləndə onunku da titrəyəcək, nə deyəcəyini bilməyib nə isə deyəcək. Mən də nə isə deyəcəyəm. Sonra məndən həmişə belə qalmağımı istəyəcək. Belə kübar. Və iki dost kimi sağollaşacağıq. Arada elə acı çəkəcəyəm ki, bunu ona ifadə edəcəyəm. O da payızın üstünə atacaq, indi hamı bu haldadır deyəcək. Sonra övladının məktəb tədbirindəki videosunu göndərəcək. Mən də “Allah saxlasın” deyəcəyəm. Sonra ədəbyyatdan danışacağıq. Musa Yaqubdan sevdiyi şeiri xatırladacağam anidən, o da şeirin bir bəndini əzbərə yazacaq. Öyrətmə deyəcək, sən Allah, özünə öyrətmə məni. Yenə iki dost kimi sağollaşacağıq. Bəzən ağlımdan keçdiyi kimi çəkdiyim acının təsirindən kimsəsiz sahilə gedib qışqırmaq istəməyəcəyəm. Əksinə, dərin bir sükuta qərq olmaq, kimsə toxunmasın, kimsə heç nə deməsin istəyəcəyəm. Günəş batsın, dəli bir külək əssin... Bəlkə leysan yağışlar yağsın... Bir məzar qazıb ruhumu torpağa gömüm. Geriyə bir bədən qalsın istəyəcəyəm məndən, ruhsuz bir bədən... Bunu mənə yaşatdığı üçün qəzəblənmək istəyib qəzəblənə bilməyəcəyəm ona. Qıymayacağam çünki. Bitməsinimi, yoxsa bitməməsinimi istəyəcəyəm, bilmirəm. Yazanda həm hüzur tapacaq, sakitləşəcək, həm coşacaq, lakin ona niyə belə edirsən deyə bilməyəcəyəm. Dostca danışıb, dostca hal-əhval tutacağıq. Sadəcə, arada “gözəl” deyəcək, adımın çiçəyini göndərəcək. Sonra dostca vidalaşacağıq.
Mahnı bitmişdi, bir axşam ürək həzin-həzin titrədiyində İçərişəhərin qədim qala divarlarının qarşısında taksidən yağışlı payıza düşərkən biz də elə payızda idik, ömrümüzün payızında. Taksinin qapısını açdı. Yol nə vaxt bitmişdi, əlimi əlindən nə vaxt çəkmişdim, yoxsa o çəkmişdi ilk, heç nəyi xatırlamıram. O uzun, upuzun yol bitmişdi. Biz dost kimi taksiyə oturub, sonra dost kimi ayrılmışdıq. Mən sol əlimi bərk-bərk sıxaraq Qoşa qala qapılarından keçib evə doğru getmişdim. İsti evimə daxil olanda bərk üşümüşdüm. Bircə əlim üşüməmişdi, əlim hələ də isti idi. Sol əlim...
12.11.2023