Lazımlı və lazımsız mövzular haqqında - Seymur Baycan

Lazımlı və lazımsız mövzular  haqqında   - Seymur Baycan

01 Martt 2022 09:48 826


Yaxınlarda yerli yazıçılardan birinin povestlərini oxudum. Rəhmətə gedib deyə adının çəkilməsini bir az etikadan kənar hesab edirəm. Müəllifin uşaqlıq dövrü İkinci Dünya Müharibəsi illərinə düşüb. Təsəvvür edin, atası, əmisi, dayısı müharibəyə gedib və qayıtmayıb. Babası, nənəsi müharibə illərində ölüb. Ailə qalıb bir anasının umuduna. Oxuduğu məktəbi hərbi hospitala çeviriblər.

Sözün həqiqi mənasında böyük insan faciələri...

Böyük təlatümlər...

Nə qədər kobud, sərt səslənsə də bir yazıçı üçün mövzu bolluğu...

Sağa-sola yaz nə qədər istəyirsən. Nə qədər yazsan da qurtarmayacaq. Amma müəllif nə edib? Müəllif bu faciələri ətraflı, geniş, sadə bir tərzdə, səmimiyyətlə yazmaq əvəzinə, götürüb daha çox uşaqlıq xəyallarını, arzularını yazıb. Üstünlüyü verib uşaqlıq xəyallarını, arzularını yazmağa. Xəyallar da nə xəyallar. Göy qurşağının üstündə oturub ayağımı aşağı sallamaq istəyirdim…

Dayan görək sən allah. Qoy oturmuşuq. Müəllif sırf həmin illərdə baş verənləri, elə öz gördüklərini xüsusi bir hoqqa çıxarmadan, əllaməçilik etmədən yazsaydı daha yaxşı olmazdımı? Əlbəttə, daha yaxşı olardı. Bu gün sadə bir tərzdə, səmimiyyətlə yazılan bir mətn, bir xatirə, bir gündəlik, sabah faydalı, lazımlı bir mənbəyə çevrilə bilər.

İndi məni iki sual narahat edir.

Birincisi, bir yazıçı necə bu qədər əhəmiyyətli, yağlı mövzuları “batıra” bilər? Yəqin təcrübə çatışmazlığı, ədəbiyyat haqqında kökündən səhv təsəvvürlər mənfi mənada öz sözünü deyib. Bütün hallarda, bu qədər vacib mövzuları , insan faciələrini, real hadisələri, həqiqi həyatı kənara qoyub, mənasız, lazımsız uşaqlıq xəyallarını yazmaq bağışlanmaz cinayətdir.

İkincisi, doğurdanmı bu müəllifin ətrafında, mühitində, tanış-bilişləri arasında, kitabın nəşr olunduğu nəşriyyatda nəsri bilən, nəsrdən başı çıxan bircə adam olmayıb? Belə çıxır ki, olmayıb. Əks halda müəllifə faydalı məsləhətlərini, tövsiyələrini verərdi. Deyərdi ki, hörmətli yazıçı, mənasız, lazımsız uşaqlıq xəyallarını qoy kənara, real həyatdan, gördüklərindən, insan faciələrindən yaz. Yaz ki, o qanlı-qadalı illərdə necə yaşayırdınız, nə yeyirdiniz, nə içirdiniz, nə geyinirdiniz, necə yatırdınız, necə dururdunuz, saat neçədə yatırdınız, saat neçədə dururdunuz, evləri nəylə qızdırırdınız, adamların hospitalda yatan yaralılara qarşı münasibəti necə idi, qara kağız alan analar, bacılar, arvadlar əzizlərinin itkisinə necə dözürdülər, zavodlarda, fabriklərdə, neft mədənlərində, tarlalarda bir qarnı ac, bir qarnı tox gecə-gündüz işləməyə necə gücünüz çatırdı, hardan alırdınız bu qədər gücü?..

Nəsrdən başı çıxan, nəsri bilən bir allah bəndəsi müəllifə faydalı məsləhətlərini, tövsiyələrini versəydi, povestlərin səviyyəsi, əhəmiyyəti sırf ədəbiyyat nöqteyi-nəzərdən xeyli qalxardı.

Bəli, redaktor problemi Azərbaycanda ciddi problemdi. Xüsusən nəsr ənənəsinin zəif olduğu yerlərdə əsl redaktorların olmaması daha böyük fəsadlar yaradır. Əsl redaktor əlinə qələm alıb təkcə cümlələri düzəltmir. Mətni oxuyur və müəllifə lazım bildiyi məsləhətləri verir. Deyir, bu hissə artıqdı, buranı sil, buranı ixtisar elə, bu hissəni daha geniş yaz, burda fonu genişləndir, burda barıtı bir az artıq eləmisən, burda emosiya çatışmır, sonluğu dəyişsən yaxşı olar, dialoqlarda dinamikanı artır, burda nə demək istədiyin məlum deyil, burda qeyri-müəyyənlik hökm sürür, burda təbiət təsvirinin heç bir təyinatı yoxdu, burda obrazın daxili aləmini açmağa çalış və sairə və ilaxır.

Orası da var ki, müəllif lap bu tövsiyələri, məsləhətləri kimdənsə, X. adlı bir adamdan eşitsəydi, onlara əməl edəcəkdimi?

Bax, bu da ciddi sualdı. Probemi dövrümüzə transfer edək və bu suala cavab verməyə çalışaq.

Məsələn, tutalım nəsri bilən X. adlı bir adam bizim hörmətli, əziz Fəridə xanıma deyir ki, ay xanım, ay müəllimə, ay bacı, “Mau-Bau” qəbilələrindən bəhs edən, süni, quru, həqiqi həyatdan, reallıqdan uzaq, həqiqi həyatla, reallıqla heç bir əlaqəsi olmayan, koloritsiz hekayələr yazmağın başın burax. Bildiyin, yaxşı bələd olduğun mövzuları qələmə al. Öz həyatını, yaxından tanıdığın adamların həyatını, yaxından tanıdığın adamların dərdlərin, problemlərin yaz. Mətndə səmimi ol, özündən hoqqa çıxartma, öhdəsindən gələ bilməyəcəyin mövzulara toxunub Əli aşından da, Vəli aşından da olma, mövzuya toxunmazdan əvvəl potensialını, gücünü, istedadını dəqiq hesabla, yüz ölç, bir biç …

Fəridə xanım bu məsləhətlərə əməl edəcəkmi?

Çox güman ki, yox.

Eqo, nəsr haqqında kökündən səhv təsəvvürlər, ən əsası pafos bu məsləhətlərə əməl etməyə imkan verməyəcək. Yenə də öz bildiyin edəcək. Nəticədə həm özü, həm də ədəbiyyat uduzacaq.