"Ləzginka" niyə belə hüznlüdür? - Sərdar Amin

"Ləzginka" niyə belə hüznlüdür?   - Sərdar Amin

30 Dekabr 2023 10:18 229


Qartal Prometeyin qaraciyərini dimdikləməyə başladığı gündən Qafqaz dağlarına bir kədər zəncirlənib.

Dimdiklənən və qaraciyər kimi yenidən bərpa olunan bu kədərin adı “bu da keçəcək”dir. Bu kədərin adı heç vaxt “axırımız necə olacaq?”, “batdıq!” olmayıb.

Bu kədəri bizə daim aydın saxlayan onun üzərindəki məşəldir - cəsarət işığı.

Tanrıdan oğurlayıb insanlara işıq verəcək cəsarət sahibi elə Qafqaz dağlarına zəncirlənməli idi.

Tanrılardan oğurlayıb insanlara işıq verənlər Qafqazda cəzalanır.

Bəlkə də qartal Prometeyin ciyərini yemirdi, Prometey ciyəri ilə qartalı yeyirdi. Buna görə də 30 il dözdü.

Bəlkə də heç bir fərqi yoxdur; Prometeyin qaraciyəri, yaxud qara qartal.

Bəlkə də buna görə bu dağların qədim sakinlərindən olan ləzgilərin dilində qartal və ciyər sözləri eynidir: “Lek”

“Qafqaz ritmi”, “qafqaz rəqsi” adı altında dünyada ən çox dinlənilən musiqilərdən olan “Ləzginka” rəqsinin içində gizlənən həmin kədər də qoluzəncirlidir.

Ritmində gizlənməyə çalışsa da, həmin kədər insanı ən zəif anında - rəqs edəndə yaxalayır. Mənim “Ləzginka”ya yaxşı rəqs edənləri görəndə ağlamağım gəlir.

Qartal kimi süzən kişilər ritmdirsə, yanlarında tərpənməz gedən qadınlar həmin ritmdə gizlənən sərasər kədərdir.

“Ləzginka”ya rəqs edən qadınların ayaqları ritmi hiss etdirmir, ətəyi yerlə sürünən qadın rəqs edəndə sanarsan, o yerində durub, yeri sənin ayağının altından çəkirlər.

“Ləzginka” rəqsini dinləyəndə içindəki kədər ağlıma müxtəlif hekayətlər gətirir. Sanki bu rəqs ilk dəfə minillər əvvəl bir çayın kənarında yaranıb. O çayın ki, az əvvəl həmin çayın sahilində tayfalararası savaş olub, xeyli kişi qırılıb, məğlub obanın kişilərinin meyitləri düzdə qalıb.

Sonra uzun donlu bir qız meyitlərin arasında sevgilisini axtarır... Ancaq çayın o tayından onlara baxan düşmənlərinə üzüntüsünü göstərməsin deyə həyəcanını hiss etdirmir, tükü də tərpənmədən şütüyür. Bəli, sanki o durub, yer sənin ayağının altından qaçır. Baxışları yerdəki meyitlərin üzündə gəzir. Sonra gözündən yaş süzülür. Göz yaşını da silmir ki, ağladığını bilməsinlər, özü necə süzürsə, yaş da yanağından eləcə süzülüb gedir. Yaş yanağından necə süzülürsə, özü də eləcə süzür gedir. Bu rəqsin kökündə göz yaşı süzülüşünün diqtəsi var.

Bu dağların ki, həmişə üzünə gün düşəndə beli buz kimi olub, Qafqazın bütün nemətləri də belədir. Üstü soyuq, içi qaynar.

Analarımız həmişə yaylıqlarını çənələrinin altında düyünlədilər ki, lazım gələndə heç kimə hiss etdirmədən göz yaşlarını silə bilsinlər.

“Ağırlıq həmişə yük deyil”.

Qafqazın bu kədəri də insana ağırlıq vermir. Həmin kədər bütün xas musiqilərimizdə, sənətimizdə var. Dünyanın yeganə minor himni Azərbaycanındır.

Bizim heç kəslə işimiz yoxdur. Himnimizlə də kimisə qorxutmuruq.

Cıdırımız alnımız, paradımız vicdanımızdır.

Bir Prometey dözümü müddəti – 30 il sonra Azərbaycan özünü tam bərpa etdi – qaraciyər kimi.

Qartal tamamlandı.

Qafqazın qartalı – heç yerə oxşamayan, özü boyda yurdum!

Qanadlarından dimdiyinə çaylar axan Azərbaycan!

Sənə qurban olaram!

Mən də, yalnız sənə himn oxuyanda xora qoşuluram.

Olsun! Rəqslərə ağlaya-ağlaya baxarıq, rəqs eləyəndə ağlayarıq, yaylığımızı çənəmizin altında bağlayarıq. Yetər ki, hər dəfə himn oxuyanda gözlərimizi yaşardan heyrəti bizdən əsirgəmə!

Bizi yaşadan o heyrəti!

Qafqazİnfo