Mahirdən yeni hekayə: Bir gecə

Mahirdən yeni hekayə:   Bir gecə

11 Fevral 2022 14:21 765


Hər qaranlığın sonu işıq deyil,
bəzən o işığı heç arzulamırsan da...

- Çox sağ ol, gözəl!

Ceyran başını qaldırıb salamat gözünü təəccüblə Ayxana zillədi. İlk dəfəydi kimsə ona – gözünün biri bəxtinin rənginin əksinə ağarıb sifətinə hamının gözlərini yayındıraraq baxa bilməyəcəyi qədər qorxunc görkəm vermiş çoban qıza gözəl deyirdi. Üstəlik də bu kimsə şəhərdən gəlmişdi, üst-başı yağışdan, palçıqdan pis günə düşsə də, zövqlə geyinmişdi, yaraşıqlıydı... Tək gözünün kəskin baxışı Ayxanı dəlib keçdi, üzündə görmədiyi, içində gizlətdiyini ehtimal etdiyi istehzanı tapmağa çalışdı. Tapmayanda çaşdı, özünü itirdi. Bəlkə düz eşitmədi? Yəni doğrudan “gözəl” dedi?

Elə Ayxan da ağzından qeyri-iradi çıxardığı sözün yaratdığı təlaşdan özünü itirmişdi. Onu rentgenləyən baxış qarşısında bayaqkı kimi rahat dayanmaq asan deyildi. Özünü danladı ürəyində. Gül kimi vəziyyət yaranmışdı, lazım idi birdən-birə “gözəl” demək? Allah bilir, nə fikirləşir indi mənim haqqımda. Tərslikdən “gözəl” sözünün əvvəli “göz” sözüdür. Yüz faiz elə bildi ələ salıram, şikəst gözünə görə məzələnirəm. Nə iti baxışı var zalım qızının, elə bil iki gözün də gücü birində toplanıb, qarşısında nə varsa lazer kimi deşir. Necə düzəliş edim indi, davammı, tamammı? Ehh, Ayxan, axı qadınlarla dil tapmaq sənin ən yaxşı bacardığın işdir. Oğlanları barmağında fırladan bərkgedən şəhər qızları qarşında duruş gətirməyib, indi bir çoban qızın könlünü ala bilməyəcəksən? İrəli!

Nəhayət gözlərini yayındırıb dar pəncərdən çölə boylandı. Düşündü ki, mövzunu dəyişmək üçün ən yaxşısı yenə havadan gileylənsin, ancaq buna ehtiyac qalmadı.

- Ceyran, harda ölüb qaldın? Tez cəhənnəm ol, gəl, inəklər yağışın altında qırıldı!

Anasının səsini eşidən kimi Ceyran oturduğu yerdən sıçrayıb qalxdı.

- Mənsiz işləri keçmir.

Bayaqdan köhnə tikilinin künc-bucağından içəri doluşan qəzəbli uğultunu batıran gur səsi çox yavaş çıxdı bu dəfə. Taxtadan əllə düzəldilmiş sınıq-salxaq stolun üstündə az əvvəl hazırladığı süfrəyə işarə edib heç nə olmamış kimi gülümsədi:

- Sən yeməyini ye.

- Həm də qoçaqsan, ona görə. Beş barmağında beş mərifət var.

Ayxan “səhv”ini düzəltmək imkanını qaçırmadı. Bayaqkı gərginlik yenidən yerini gizli yaxınlığa verdi. Bu dəfə Ceyranın üzündən şübhə əvəzinə xoşhallıq yağırdı, özü də bilirdi ki, “qoçaq” kəlməsi ona kompliment kimi deyilsə də, yalan deyil. Qapının ağzında dayandı, qoçaqlıq söhbətində iddialı olduğunu Ayxanın da bilməsini istədi:

- Bir dəfə yaylaqda qızlarla danışdıq ki, hamımız səhər tezdən bulaşıq boşqabları gətirək bulaqda yuyaq. İlk növbə də mənim idi. Səhər gələndə qızlardan biri düşdü qabağa, dedi birinci mən yuyacam. Neynədim razılaşmadı. Dedim, onda icazə ver sənin qablarını da mən yuyum. İnandı, dedi, “gəl, yu”. Mən də keçdim irəli, onun boşqablarını bir-bir götürüb qayanın başındakı daşa çırpıb qırmağa başladım. Qorxusundan qaçıb getdi...

Ayxanın danışdıqlarına məna verə bilməyərək kal-kal üzünə baxdığını görüb bu dəfə ucadan güldü.

- Yeməyini ye, bir azdan gəlib süfrəni yığışdıraram. Sənə də yorğan gətirəcəm, yoxsa gecə soyuqdan donarsan.

Ceyran haqlıydı. Qapının bir anlıq açılıb örtülməsi küləyin yağış qarışıq buz nəfəsi ilə içərini soyutmasına bəs elədi.

...Yazın ortasında neçə gündür yeri-yurdu qarsan cəhənnəm istisindən sonra gözlənilmədən hava dəyişdi. Günortadan sonra göy üzünü bürüyən qara buludlar günəşə hücum çəkdi, girov götürərək gizlətdi. Bir anda hər yerə qaranlıq çokdü. Soyuq Şimal küləyi özüylə gətirdiyi “çalpoy” yağışı sağa-sola səpələməyə başladı. Uzun illərdir ayrı düşdüyü dağlar Ayxanı xoş qarşılamamışdı. Yaşamağa çalışdığı nastolji duyğularının üstünə çilənən yağış damcıları qısa vaxtda onu alt paltarına qədər islatdı, bədəni soyuq küləkdən yarpaq kimi əsdi. Daldalanacaq bir yer axtardı. Çox düşünmədən dağın sinəsinə yamaq kimi yapışmış fermalardan ən yaxınına doğru qaçmaq istədi. Üzüaşağı atdığı ilk addımdaca ayağı yağışdan islanmış dağ otlarının üstündə xizək kimi sürüşdü, gedəcəyi fermaya doğru yuvarlanmağa başladı. Enişin az qala yarısını belə qət etdikdən sonra özünü birtəhər saxladı, ayağa qaxıb ehtiyatlı addımlarla fermaya yaxınlaşdı. Başqa vaxt olsaydı fermaların sədaqətli mühafizəçisi olan çoban itlərinin qorxusundan belə cəsarət göstərə bilməzdi. Allahdan onun “Ay ev yiyəsi!” çağırışına evdəkilərdən öncə səs verən qoca it ələngənin biriydi, bir-iki ağız hürüb susdu, deyəsən hava onda vəzifəsini yerinə yetirmək həvəsi buraxmamışdı. Taxtadan quraşdırılmış fin evindən əvvəlcə cavan bir oğlan, ardınca orta yaşlı qadın və gənc qız çıxdı. Şiddətli yağışın altında titrəyən Ayxanın nə istədiyini deməyə ehtiyac yox idi. Oğlan onu fin evinin yaxınlığındakı kiçik tikiliyə gətirəndə arxadan gələn qızın pıqqıldayaraq güldüyünü, anasının ona yavaşca acıqlandığını eşitdi.

Balaca otaqda demək olar ki, hər şey taxtadan kobud şəkildə əllə düzəlmişdi. Baş tərəfdə qurulmuş taxt az qala otağın yarısını tutmuşdu. Onun yanında odun peçi, daha sonra kiçik stol və stolun hər iki tərəfində oturacaqlar qoyulmuşdu. Otağın qalan avadanlığı isə qapının bir böyründə divara vurulan paltarasılan, digər tərəfdə lüləyi ağacdan yonulmuş əlüzyuyan və yanındakı balaca güzgüdən ibarət idi. Hiss olunurdu ki, burada daimi yaşayan yoxdur və yəqin Ayxan kimi təsadüfi qonaqlar üçün nəzərdə tutulub.

İçəri yağış yağmasa da, soyuqluğuna görə çoldən fərqlənmirdi. Onların ardınca içəri girən qadın Ayxanı diqqətlə süzüb gülümsündü:

- Donmusan ki, a bala. Ceyran paltar gətirsin, əynini dəyiş. Peçi də qalayarlar, qızışarsan.

“Nə qəşəng addır – Ceyran!”. Ayxan gur qara saçları çiyinlərinə tökülmüş qıza gözucu nəzər salanda üzünə maraqla zillənmiş bir tək baxışla qarşılaşdı və qeyri-iradi başını çevirdi...

Məcburən bayaqdan romantika kimi baxdığı odun peçinə yaxınlaşdı, istini ancaq buradan hiss eləmək mümkün idi. Peçin ağzını açıb yağışdan islanmış odunlardan birini közün üstünə atdı. Ceyranın təkidi ilə geyindiyi qalın yun jaket əyninə böyük olduğundan torba kimi sallanırdı. Düşdüyü vəziyyəti, geyimini düşündü, dodağı qaçdı. Allah bilir kənardan necə gülməli görünürəm. Yəqin qardaşının paltarıdı. Sağ olsun, canım qızışdı bir az. Qardaşının başı çatmır deyəsən, məni içəri gətirən kimi siqaret istədi, islanmış siqaretdən 2-3 dənə götürüb getdi. Daha fikirləşmir ki, yad kişi bacısıyla tək qaldı. Yəqin bacısından arxayındı. Bir də nə ola bilər ki? Amma bəlkə... Niyə də yox?

Qurutmaq üçün peçin altına düzdüyü siqaretdən birini götürüb közdə yandırdı. Hələ nəm idi. Kif iyi versə də, dərin qullab vurub tüstüsünü ciyərlərinə çəkdi. Otaqda çəkmək adəti deyildi əslində, ancaq bu otaq elə bayır kimidir. Siqareti acgözlüklə sümürdükcə hiss elədi ki, nəsə çatışmır, darıxır, özü də cəmi bircə saat əvvəl görüb tanıdığı Ceyrandan ötrü. Onun gəlməsini gözləyir, hətta şiddətlə istəyir. Az qala kötüyünə kimi çəkdiyi siqareti peçə tullayanda bədənini qızdıran şeyin tək odun peçinin istisi və yun jaket olmadığını anladı, içində Ceyrana qarşı qəribə bir hiss alovlanırdı. Üstünə səliqə ilə yemək düzülmüş stola yaxınlaşdı. İştahası olmasa da, özünü yeməyə məcbur edəcəkdi, birdən xətrinə dəyər Ceyranın!

Ayxan qapının açılmasını fürsətdən istifadə edib özünü sürətlə içəri təpən küləyin uğultusundan hiss eləyib həyəcanlandı. Yağışdan islanmış gur saçları üz-gözünə tökülmüş Ceyran qucağındakı yorğanı taxtın üstünə tullayaraq stola nəzər saldı və razı halda gur səslə dilləndi:

- Bax belə. Afərin, yemisən yeməyini, xoşuma gəldin. Tək qorxub eləmədin? Şəhər uşağısan nə də olsa?

Onun şaqraq gülüşü Ayxana elə xoş gəldi ki, qorxaqlığına vurduğu eyhamı eşitmədi. Ceyranın xoşuna gələn nəsə demək istəyəndə gözü qapının ağzında büzüşmüş balaca oğlan uşağına sataşdı. Sual dolu baxışlarını Ceyrana zillədi.

- Ümiddir.

Bu dəfə nəsə səsi boğuq çıxdı Ceyranın. Ayxan anladı ki, uşaq haqda əlavə nəsə soruşmaq lazım deyil. Taxtın üstündə yatağı hazırladıqdan sonra Ceyran stolu yığışdırdı, bulaşıq boşqabı lüləsi taxtadan əlüzyuyanın altında yuyub yenidən stolun üstünə qoydu. Bir əliylə sakit-sakit baxan Ümidin əlindən yapışıb digər əlini qapıya uzadanda dayandı:

- Başqa bir şey istəmirsən? Gedirəm...

- İstəyirəm. Gecə tək qorxacam, şəhər uşağıyam axı. Yanıma gələrsən?

Son iki sözü deyəndə səsi titrədi. Guya Ceyranın bayaqkı sözlərinə zarafatla cavab verirmiş kimi gülməyə çalışsa da, alınmadı. Daha ox yaydan çıxmışdı, həyəcandan nəfəsini tutub açıq təklifinə bu çoban qızın nə reaksiya verəcəyini gözlədi. Ceyran başını ona sarı döndərəndə bu dəfə ciddidən qorxdu. Tərslikdən rəngi ağarmış göz birinci çevrildi Ayxana sarı və neft lampasının yaxşı işıqlandırmadığı yarıqaranlıq otaqda çox vahiməli göründü.

- Çox istəyirsən?

Küləyin uğultusunda boğulacaq qədər zəif səs güclə çatdı Ayxana. Ceyranın ciddi, yoxsa eyhamla soruşduğunu aydınlaşdıra bilmədiyi üçün baxışlarını yerə dikərək cavab vermədi. Yalnız bir anlıq içəri şığıyan soyuğun azalmasından qapının açılıb-örtüldüyünü, Ceyranın getdiyini anladı...

Külək bir az yavaşıdı, sonra güclənməyə başladı. Getdikcə daha da şiddətləndi. Sonra yenə yavaşıdı, yenə gücləndi. Yenə azaldı, bu dəfə yeri-göyü titrədəcək qədər şiddətlə əsdi. Və dayandı deyəsən...

- Ümid mənim oğlumdur.

Ayxana elə gəldi ki, qeybdən gəlir bu yumşaq səs. Təəccüblə sönmüş odun peçinin, soyunduğu yun jaketin əvəzinə bütün bədənini qızdıran ilıq nəfəsə sarı çevrildi.

- Neçə yaşın var ki?

- 19 olacaq, ancaq o vaxt 14 yaşım yoxuydu hələ. Hamısını o oğraş qardaşım elədi. Onda ayrı adama çobanlıq edirdik. Başqa dağda alaçıqda qalırdıq. Dərədəki bulaqdan su gətirməyə getmişdim. Suyu doldurub gələndə Həmidlə rastlaşdıq, o da meşədən gəlirdi. Səhəngi məndən aldı ki, ağırdı, ver aparım. Həmid qonşu alaçıqda olurdu, əsgərlikdən təzə qayıdıb atasıgilə kömək edirdi. Qardaşım bizi dərədə görüb gəlib anama nə demişdisə, evə çatan kimi səsi bütün yaylağı bürüdü. Həmidgilə hücum çəkdi ki, oğlunuz qızıma sataşıb. Sonra da gəldi, saçımdan tutub məni sürüyə-sürüyə apardı Həmidgilin alaçığının qapısından içəri tullayıb qayıtdı...

Ayxan heyrət içində soruşdu:

- Evləndiniz? O yaşda?

- Yox ey, nə evlənmək, cəmi bir ay saxladılar məni. Sonra anam necə aparmışdısa, Həmid də eləcə saçımdan sürüyə-sürüyə qaytardı geri, anama dedi, yiyə çıx qızına, mənə koruş lazım deyil. Sonra da Ümid oldu...

Ayxan köks ötürüb qaranlıqda əlini Ceyranın sifətində gəzdirdi, hər iki yanağı nəmliydi. “Demək kor gözdən də yaş çıxır” – deyə, düşündü.

- Bəs anan, qardaşın niyə elə edirdilər axı?

- Qardaşım, bir az xəstədir. Günü dərələrdə malın-heyvanın dalına keçir. Bir dəfə də kürən madyana yaxınlaşmaq istəyəndə təpiklə başından necə vurmuşdusa, başı partlamışdı. Olan qalan ağlı da ondan sonra getdi. Anam da ki... Atam gedəndən özünə başqa kişi tapıb... Məni başından eləmək istəyirdi. Bilsə, işin bitdi, indi də sənə sırıyacaq məni.

Ceyran yavaşca pıqqıldadı. Sonra Ayxanın sinəsinə dağılmış saçlarını kənara çəkərək nəvazişlə sığalladı, dodaqlarını qulağına yaxınlaşdırıb pıçıltıyla soruşdu:

- Bir də gələcəksən yanıma?
- Çətin...
- Gələcəksən, dəqiq gələcəksən.

Payız çoxdan qapını kəsdirib növbəsini gözləsə də, yayın səngiməyən isti havalarının qorxusundan içəri girə bilmirdi. Ayxan idarənin qabağında maşını park etmək üçün həmişəki kimi çətinliklə yer tapdı və yenə kənar şəxslərin maşınlarını gətirib burda saxlamaqlarına deyinə-deyinə ikinci mərtəbəyə qalxıb otağına yaxınlaşdı. Qapını açıb içəri təzəcə girmişdi ki, telefonu zəng çaldı. Uşaqlıq dostu Rəşadıydı. Narahat oldu. Elə axşam danışmışdı Rəşadla, polisdə işləyən dostunun təzə vəzifəsini təbrik etmişdi.

- Salam, ə, avara.

Evlənmədiyi üçün Rəşad həmişə zarafatla “avara” deyirdi ona.

- Salam, rəis...

- Qanını qaraltmaq kimi olmasın səhər-səhər, təcili rayona gəlməlisən.

Ayxan tutuldu:

- Nəsə olub? Atamgil...

- Ə yox, salamatlıqdı. Başqa məsələdi. Yazda gələndə gedib dağda nə pox qaynatmısansa, bir arvadla bir hamilə qadın gəlmişdi səndən şikayət eləməyə. Arvad deyir, qızımı zorlayıb, tutduracam onu. Birtəhər sakitləşdirib göndərmişəm, dedim həll edəcəyik. Axır, gəlməyin lazımdır.

Ayxan Ceyranın onun qulağına pıçıldadığı sözləri xatırladı, gülümsündü...

29.07.2021