Maraqsız gerçək, dəyərli yalan - İlahə yazır...

Maraqsız gerçək, dəyərli yalan   - İlahə yazır...

09 Oktyabr 2024 10:27 225


İlahə Səfərzadə

Uşaqlığımdan bəri hərdən mənə elə gəlir ki, bütün dünya yığışıb mənimlə zarafat edir. Yəni, guya, dünya məfhumu yoxdur, heç kim mövcud deyil, sadəcə yaradılışın canı sıxılıb və qəribə oyun oynamaq qərarına gəlib. Mənsə onların zarafatının fərqindəyəm, ancaq bu oyunu o qədər ciddi qəbul edərək oynayıram ki, hər şeyin böyük bir quramadan ibarət olduğunu bildiyimi heç kim sezməsin.

Ola bilsin ki, “həyat böyük bir teatr səhnəsidir” kimi şablon ifadələrin təsirinə çox məruz qalmışdım. Bununla belə mən gerçəyi bilmək istəyirdim. Düşünürdüm, hər şey yalandırsa... bəs?...

Gerçək... Lüğətimizdəki ən utanmaz, ən arsız, ən həyasız və ədəbsiz kəlimə. Çünki gerçək həmişə qeylü-qal səbəbidir.

Onda doğrusu nədir? Əsl gerçək haradadır? –deyə söylənərkən göy tanrılarının ən görkəmlisi gülümsədi və dedi: -ah mənim balaca müridim, qanmaz bəndəm, sən gerçəyin hələ də var oldunumu düşünürsən? O, yalanların arasından sezilib tez də yoxa çıxandır.

Sonra böyüdüm və düşündüm, uşaqkən bu yalana özümü inandırmağım əslində, xoşbəxtlik mənbəyim idi. Dünya mənim ətrafımda fırlanarkən bir anda mən dünyanın ətrafında fırlanıb özümü ona sevdirməyə çalışan hala nə vaxt gəldim, görəsən? Halbuki xoşbəxtlik oyun oynamaq idi, tez-tez ağlına gələni danışmaq, heç nəyi ciddi qəbul etmədən gəzinmək, sınamaq, itirmək, yenidən tapmaq idi. İndi həyatımızın bir mövzusu, məqsədi, hədəfi və nəticəsi var. Artıq biz ya kimlərəsə, ya da özümüzə nəyisə sübut etməyə çalışırıq. Və indi artıq qayğısız illərin qapısını bağlayıb açarını öz əlimizlə bizdən sürətlə qaçıb uzaqlaşan başqalarının ovucuna təslim etdik.
Əgər bir də mən sən ola bilməsəm, özünə yaxşı bax, əziz uşaqlığım. Mövcud olduğun zamanda və məkanda mən yenə də səninləyəm. Məni yenidən böyüt. Palçıqdan şirniyyatlar hazırlayıb xoşbəxt ola bilmənin sevincini yenidən yaşat. Küçədəki qocaman çinar ağacına baxıb “beş saniyə içində ağacdan yarpaq düşsə, arzum yerinə yetəcək” deyə sadəlövhcə düşünüb təsadüfən yarpağın düşməsi ilə atlanıb-düşən mənasız xoşbəxtliyimdən doğan sevinci və səs-küyü öz kimsəsiz künclərində qoru, mühafizə et.

İnsanın fəhmlə bildiyini düşündüyü bir kainat vardır. Onu ay işığından məhrum bir gecədə başınızı yuxarı qaldıranda görə bilərsiniz. İdrakımızın qəbul edə bilmədiyi başqa mövcudiyyətlər də bunun içindədir.

Hərdən başqa dünyaya keçid edə bilməyin mümkünsüzlüyündən doğan kədər içimə dolanda istəyirəm, sadəcə özüm üçün inanc sistemi yaradım. Nəyə istəsəm, ona inanım. Batil inanclardan ibarət yeni din yaradım. Orada bütün qanunları mən yazım, cəmiyyət mənim üçün heç bir qayda-qanun tərtib eləməsin –deyə düşünərkən “yeni çağların boş inanclarına bu qədər lağ etdiyimə baxma”, -dedi Şeytan, -boş inanclar insanların inanmaq məcburiyyətində qaldığı bütün dinlərdən daha yaxşıdırlar, çünki heç kimi heç nəyə məcbur etmir, seçim azadlığı təklif edirlər.

Bəzən deyirlər ki, bizim ədəbiyyatımızda azad insan obrazı yaradılmır. Necə yarana bilər? Nəinki özümüz, hətta ruhumuz belə əsirdir. Biz tez-tez “içimdən bir səs mənə mane olur” deyirik. İçimdən bir səs! Əslində, hiyləgər bir həmlə ilə lüğət tərkibimizə daxil olmuş bu cümlə hiss etdirmədən məharətlə özünü bizə doğma göstərir. Bəs bizim arzumuz başqadırsa, bu səs nə gəzir içimizdə? Əlbəttə, boş yerə daxil olmayıb oraya. O, arzularımızı boğan mühitin səsi, ya da səssiz pıçıltılarıdır.

Düşünə-düşünə doğrunu yenə tapa bilmədim. Nə vaxtsa tapmışamsa da o da yüz faiz yanlış olub. Doğru yanlışların, paradoksların arasından azca özünü göstərib sonra yenə itib batıb düşüncəmin dərinliyində. Ona görə heç vaxt dərin düşünüb gerçəyi axtarmağa çalışmamaq ən gözəlidir. Dərinlər qaranlıqdır, gözüm heç bir şey görmür oralarda. Çox yüksəklərdə isə qar bəyazı qamaşdırır gözlərimi. Bu dünyada yepyeni nəsə görmək istəsəm, bu durduğum göstərişsiz yerlər, arzular, xəyallar, çalılar, çırpılar, parklar, ağaclar, skamyalar... Dərinlərmi? Hətta tanrılar da boğular oralarda...