Anar Əli Eldaroğlunun yeni şeirləri
Çətini
Bir ürəyə nə qədər desən sığır arzular,
Gücünü bir yumruğa sıxıb yığır arzular.
Daha arzu qalmayıb bu bitən yolçuluqda,
Ölümə gedən yolda mənə uğur arzula.
Bir ömür yaşasam da, bilmirəm nə qazandım,
Amma yəqin bilirəm, ömrüm - Allah yazandı.
Dünya məni açmadı, küsdüm ondan lap tezcə,
Əlimsə Yerdən göyə O Allaha uzandı.
Bu kobud, sərt dünyada sevən könül incədir,
Sevgi Allahdan sonra, insandansa öncədir.
Biz sevgiylə bəndəyə, Allaha doğru getdik;
Çəksək də əzabını, çətini ölüncədir.
Ərişsə
Hərənin öz ömür yolu, bəxti var,
Hərənin öz çalışması, cəhdi var.
Kim deyir ki, bəxtin bizlə əhdi var,
Cəhdimizlə bəxtimizə nə düşsə..
Arzulardır bizi alan yollara,
Ümidlərdir işıq salan yollara.
Gedib çıxsaq birdən dalan yollara
Bu uğurdur əgər Haqqa dönüşsə.
Göz görməsə ürək sevməz yarını,
Sevən tapar sevgilidə varını.
Kim gözləsə düz əhdi-ilqarını,
Qorxusu yox yarıyla az görüşsə.
Bir verənlər əvəzini on alar,
İlahidən xələt alar, don alar.
Bütün yollar bir məkanda son alar,
Xoşbəxt odur, Tək olana ərişsə.
Gedim
Çoxu gedib, azı qalıb,
Lap qısa bir yazı qalıb,
Son yasin avazı qalıb,
Ömrü vurum başa, gedim.
Dünya məni heç açmadı,
Mənası var, həm saçmadı.
Bir tapmaca, min açmadı,
Ha düşündüm - boşa, gedim.
Mən də bu oyun içində,
Soyadın, soyun içində.
Məzara qoyun - içində
Əbədilik huşa gedim.
Olmasaydım - "heç olmazdı",
Ömürsüz də köç olmazdı.
Nə savab, nə suç olmazdı
Onlarla da qoşa gedim.
Yerdən göyə baş vuraraq,
Çığıraraq, qışqıraraq,
Özümlə savaş quraraq
Allahla barışa gedim.
Gecikmir insan
Həyatda yollar müxtəlif,
Ünvanları neçə-neçə.
Üz tuturuq biz onlara
Mənzilləri keçə-keçə.
Yollar da bağlı zamana,
Gərək vaxtında gedəsən.
Zamanın hökmü sərt olur,
Gərək, çıxdın da, gedəsən.
Sağa-sola dönmək olmaz,
Gecikməyin bədəli var.
Fürsəti əldən verdinsə,
Nə faydası, nə dəlil var.
Gecikmək olmaz o yerə,
Sözü anda-ada verdin.
Sənə ümid edənlərin
Ümidlərin bada verdin.
Bir maneə, ya bir əngəl
Nə qədər çıxsa önünə,
Hər haraya geciksə də,
Gecikmir insan ölümə.
Qalaram
Bir az mürgüləyim, gedim mən huşa,
Orda mənsizlikdə dönüm bir quşa.
Sonra qanadlanıb qalxım səmaya,
Bəlkə, rast gələrəm orda Humaya.
Ona qoşularaq ərşə yüksələr,
Yerdə görünməyən görərəm nələr.
Nurdan mələklərlə salamlaşaram,
Sonra Ərşin üstə keçib aşaram.
Gedib Allaha da qonaq olaram,
Orda əbədiyyən Onla qalaram.