03 Noyabr 2022 12:33 367
YeniYaz.az gənc şair Səttar Timuçinin şeirlərini təqdim edir.
NANƏLİ ÇAY
Qapı cırıltısına oyanan körpələrin hıçqırıqları
Son nəfəsini verən köpəyin çırpınışları
Yay yağışının yaratdığı iyrənc səssizlik
"İndi nəsə baş verəcək" simfoniyası,
Əsa, təsadüfən düşər yada, dənizləri bölən səda
"Mən təkəm" demə, xuda dənizləri süzər qaba,
Deyər, için-için yanır içim, bir qurtuma səma
Udar buludları, yağışla püsgürər amma
Duama mübtəla, əks qütblərə səla
Sükut.
Azan və fatihə, qunut
Unut sən hər şeyi unut
Diz çök
Ki, yalvarış, qırış yaratsın diz qapaqlara
Mənəm o Allaha dua edən ki,
Duam çatınca Allaha,
qabaqlaram daha
Bitdi.
Yağış yağır yay günü,
məhəllədə kimsə öləcək
Özümü pis hiss edirəm
Gedirəm ölməyə, evin arxasında,
Siqaret çəkiyim yerdə,
iki divar arasında
Cansız bədənim, qarışqalar,
gözlərimin didilməsi
Ölüm səsi
Mən onsuzda ölmüşəm,
siqaret kötüklərini yığın
Anam görüb üzülməsin
Siqaret qoxusunu hiss etməsin deyə
Nanələri yeyərdim
Anam da yazıq ilbizləri söyərdi
Kaş ölmədən nanəli çay içəydim,
Burnum axır
Qan imiş
RA (Tanrının avtobioqrafiyası)
Mən daha əvvəlki kimi hərşeyə üzülmürəm
Daha insan deyiləm bəlkə də, bəlkə yoxam
Bəlkə gözlərimdəki kədər şəkilləri də
Köhnəlib, köhnəlib, güvə yeyib onları?
Köhnə, naftalin iyi verən qonşu uşağın
Pencəyinə bükülüb, məscid qapılarına,
Buraxılan gözlərim qiblə divarlarına, dikilib, dikilib (heykəl kimi)
Yanımdan keçənlər məni görmədi, keçdi
Görünməzlik arzumu unutmamışdı Allah
Elə onda anladım uşaq arzusu heçdi
Gözlərini itirmiş mənim balaca dostum
Ağlaya bilməmişdi,
Elə onda anladım uşaq arzusu heçdi.
Mən kilsə kandarından baxırdım minarəyə
Quşlar pərvaz vururdu azan səsi gəlincə,
Bennu tanrısıydımı, ya adicə quş idi
Musanın əsasını ilana dönən kimi
Dimdiyində möhkəmcə tutub günəşə sarı
Ra, Ra, Ra çağırışları,
Boş idi.
Bir də yerə çırpılmağı vardı
Günəşin batmasıyla,
Ümidlər sonda ölür deyirlər,
Sonda ümidlər bic doğulurmuş
Yiyəsi yoxmu bəs bu tikə-para ümidlərin
Bir səs ucalar
Var, var, var
Dəli oluram, Allah
Götür məni, apar bir qadının ovucuna
De ki, cazandı götür
Kimsən, nəçisən, qadın
Kimin ovucundayam, nədir ki, sənin adın?
Həvva, Həvva, Həvva
.....
Ağzımda süd tamıyla, dodağım şişkin-şişkin
Tərin-suyun içində, biraz da bitkin-bitkin
Toyuqların su içib başını qaldıranda
Gizlənpaçda bir uşaq heç cür tapılmayanda
Gözlərimi açıram, sakincə yatağımda
Qaranlıqdı, gecədi, nədir, axı necədir?!
Bilmirəm ki, nə bilim bəlkə gözlərin çıxıb?
Baxım güzgüyə hələ
Heçnə görə bilmədim
Zibilə qalsın elə
Ya hələ də yatıram, ya da yuxu çin çıxıb.
TƏHMİNƏ VƏ MƏN
Kafedə, pəncərənin kənarında,
cırıldıyan bir stulda oturub,
yalandan kitab vərəqləyirəm
Yəni hələ də Təhminə fahişədirmi bilmirəm
Bir gözüm hey səkinin o başındadır
Bəlkə bu ala-bula düzülmüş səkidən,
Bəlkə, birdən, işdir
bu kələ-kötür səkidən ayaqların keçər
Çayım bum-buz olub, ümid dil yandırır
Saat qollarımdan yapışıb dartır
Kimsəsiz uşaqlar bax elə o başdan ayaqyalın keçər
Keçər, ay ömrüm keçər bilirəm
darıxmaq gəlib-keçən
Sonra yenə keçib-gələn zaddır
Ürəyim də hürdür amma
Bir it də azdırılanda demirlər ki, it azaddır.
Salafanlar uçub-uçub pəncərəyə yapışanda
Anladım ki, gəlib-keçməyəcəksən
Çünki bu qədər qəddar ola bilməzdi külək
Yağış yağanda anladım ki, artıq payızdı
Və sən payıza da, mənə də nifrət edirsən
Olsun, Təhminə olsun, sən fahişə deyilsən
Ən azı oxuduğum yerə qədər.