“Mən nə avtoritet olmaq istəyirəm, nə də “svarşik” - Gənclik kürsüsü

“Mən nə avtoritet olmaq istəyirəm, nə də “svarşik”   - Gənclik kürsüsü

01 İyun 2022 09:07 1085


YeniYaz.Az “Gənclik kürsüsü” layihəsindən şair Səddam Laçınla müsahibəni təqdim edir.

- Səddam, həqiqəti söyləmək də ağırdır, dinləmək də. Adam var ki, qulaq asanlardandır, adam da var ki, qulaq ardına vuranlardan. Bu yaxınlarda ədəbi fəaliyyətlə bağlı bir yarışma keçirildi. Necə düşünürsən, qaliblərin sırasında olmalı idinmi və yaxud qaliblər layiq idilərmi?

- Əvvəla onu deyim ki, yalan söyləmək də, dinləmək də həqiqətdən daha ağırdır. Amma nəzərə alsaq ki, insanlıq böyük bir illüziyanın parçasıdır və Kantın da dediyi kimi, həqiqətin ən böyük düşməni yalandır, o zaman bu fikrin niyə səsləndiyi məlum olur. Ona görə də düşmənlik edəcəyiksə, yalanla edək və doğru danışmaqla başlayaq. Bu yaxınlarda baş tutan tədbir haqqında çox danışıldı, yazıldı və deyəsən hələ çox danışılacaq. Atam hər zaman deyir ki, ən mənasız adam yeməyi yeyə-yeyə pisləyən adamdır. İndi mən də iştirakçısı olduğum tədbiri pisləmək istəmirəm. Çünki yarışma qismi xaric, tədbir özü çox möhtəşəm idi. Yarışmanı uğursuz edən isə “Avroviziya” mahnı müsabiqəsi kimi siyasi qiymətləndirmələrin aparılması oldu. Elə birinci və ikinci yerlərin sahiblərinin yaradıcılığına nəzər salsaq, bunu rahatlıqla görə bilərik. Eyni münsiflərin qiymətləndirdiyi yarışmada Ruslan Dostəli və Ulucay Akifin ard-arda yerlər tutması, sadəcə maraqlı idi. Bir-birindən tamamilə fərqli üslublarda yazan iki müəllifin hansı meyarlar əsasında qiymətləndirilməsi sual işarəsi olaraq qaldı. Hətta şeirə yox, müəllifə qiymət verənlər də oldu. Məsələn, Ulucayın ikinci olduğu yarışmada Rəvan Cavidin yer tutmaması inandırıcı deyil və ya Ruslanın birinci olduğu yerdə Ulucayın ikinci olması. Bir maraqlı məqamı da deməsəm olmaz. Tədbirin iştirakçılarından biri olan Emin Piri hələ tədbirin ilk günü, şeirlər səsləndirilməmiş, ilk üçlüyü açıqladı və özünəməxsus izah verdi. Necə oldusa, qaliblər Eminin dediyi ardıcıllıqla mükafatlandırıldı. Mən də ona “Simpsonlar”ın ssenaristləri ilə çalışma təklifi etdim. Güldü... Qaldı ki, mənim özümü qaliblər sırasında görüb-görmədiyimə, münsiflərdən əksəriyyəti şeirlərimi, yaradıcılığımı bəyəndiyini dedi. Mən özüm də oradakı şeirləri dinləyəndən sonra heç kimdən zəif olmadığımı gördüm.

- Bəzən fikirləşirəm ki, müəllifin şairlik iddiasının arxasında dayanan eqo ya onu birdəfəlik məhv edəcək, ya da təsdiqini tapacaq. Maraqlısı odur ki, bir gün təsdiqini tapmış şair süquta da uğraya bilər. Hansı daha pisdir, əvvəlcədən eqonun oduna məhv olmaqmı, yoxsa süquta uğramaqmı?

- Eqo elə bir şeydir ki, onu danmaq belə eqodan irəli gəlir. Heç kim deyə bilməz ki, mənim eqom yoxdur. Sadəcə, bir məsələ var. Qədərindən artıq olan hər şey, (istedad da) insanı məhvə aparır. Əvvəlcədən məhv olmaq, yoxsa süquta uğramaq? Faktiki olaraq, heç birini yaşamamışam deyə dolğun məlumat verə bilmərəm. Amma bir şeyi bilirəm ki, söhbət insandan gedirsə, hər iki hal pisdir. Əvvəlcədən məhv olmaq bir ömür “bəlkə” ilə yaşamağa məhkum edir. Sonda süquta uğramaq isə ömrü heç edir. Hazırkı ədəbi mühitdə də kifayət qədər eqolu adamlar var. Məsələ burasındadır ki, onların eqolarından başqa heç nəyi yoxdur. İndi ədəbiyyat elə bir yerdədir ki, heç bir siyasi-ictimai çəkisi yoxdur. Yəni, ölkədə elə bir ədəbiyyat adamı yoxdur ki, yazdıqları ilə ictimai fikrə təsir edə bilsin. Bunun fərqinə varanlar individual şəkildə öz sənətləri ilə məşğul olur, biliklərini zənginləşdirir. Olmayanlar isə cəmiyyətə sitəm edir. “Niyə bizlərə dəyər vermirsiniz?” - deyə bar-bar bağırır. Nəticədə səsdən və küydən ibarət bir şey yaranır. Bu isə heç vaxt ədəbiyyat olmayıb.

- Belə bir deyim var: "Hər bir əsər müəllif ideyasından daha zəngindir". Təbii ki, hazırda bir mətni boyda olan müəlliflər də var. Kimlər yadında bir mətni ilə qalıb və ya həmin adamı görəndə "bu adam bu misranın müəllifidir, böyük şair ola bilər" - deyə fikirləşirsən?

- Ümumiyyətlə, yaradıcı adamlar külliyyat qoyub getsələr də, onlar hər kəsin yadında bir cümlə, bir misra ilə qalır. Bizim dostlarımızdan da belələri var. Hərəsinin bir misrası, bir sözü adama ləzzət edir, bunu yaza bilən adam nələr yazmaz deyirsən. Eminqueyin atasının ölümü ilə bağlı yazdığı

o bir adam sığışmayan evimizin qapısı
cənazəni çıxaranda necə elə gen oldu?

misraları o qədər xoşuma gəlmişdi ki, təsirindən uzun müddət çıxmamışdım. Elromanın “mağara dağların əsnəməsidir” misrası son illər oxuduğum ən gözəl misralardandır. Mehdi Dostəlizadənin

O qanad çırpa-çırpa yerə enməyi bilir,
Sən əlini yellədib göyə uça bilərsən?
Uça bilməyəcəksən

misraları da gələcəkdə böyük işlər görə biləcəyinin xəbərçisidir. Adını çəkmədiyim kifayət qədər müəlliflər var ki, onların da misralarında çox böyük istedad gizlənir. Bunlar sadəcə xatirimdə qalanlardır.

- Heç belə bir hal olubmu ki, kimsə sənə tənqid yazıb, amma onun tənqidindən narazı qalmısan və ya fikirləşməmisən ki, məhz şeirinin bu yerindən danışa bilər.

- Belə hallar çox olub. Bizim oxucumuz da, yazarımız da, təəssüflər olsun ki, tənqidçimiz də tənqidi pisləməklə səhv salır. Hər zaman deyirəm, beş bəndlik şeirdə bir misra ilə, bir bənd ilə məhdudlaşmaq digər bəndlərin gözəl olduğunu qəbullanmaqdır. Ya da bir romanda hərf səhvlərinə, durğu işarələrinə ilişmək, onlardan kənara çıxmamaq tənqid anlayışına ziddir. Tənqid tənqidçi ilə müəllif arasında şəxsi münasibətlərin təzahürü olmamalıdır. Tənqid mətnlə oxucu arasında körpü olmalıdır. Biz isə əksinə, uçurum yaradırıq. Bir dəfə dostlarımızdan biri yazım haqqında şəxsidə mənə çox gözəl fikirlər bildirmişdi, tənqidi yazısında isə yerdən-yerə vurmuşdu. Mən isə hansında daha səmimi olduğunu ayırd etməkdə çətinlik çəkdim. İki fikri də eyni adam bildirmişdi. Amma necəsə, birində bəyəndiyini, birində ümumiyyətlə bəyəniləcək bir şeyin olmadığını deyirdi.

- Hazırda hansı mövzular daha çox diqqətini çəkir? Həmin mövzular ki, gənclər arasında hələ heç bir dəfə də olsa, müraciət edən olmayıb...

- Dünya dəyişir, arzular, istəklər dəyişir. Paralel olaraq da mövzular yenilənir. Dünənin ən aktual mövzusu bu gün üçün maraqlı olmaya bilir. Gənclər arasında, içi özüm qarışıq ən az müraciət edilən mövzu vətənpərvərlik mövzusudur. Bəlkə də, ona görə ki, Vətəndən pafossuz yaza bilmirik, pafos da sünilik qatır deyə sevgimizi süniləşdirmək istəmirik. Amma son illər baş verənlər bizə yazıb-yaratmaq üçün kifayət qədər mövzu verib. Bu mövzular isə zamanla şairin, yazıçının süzgəcindən keçib şeir, hekayə, roman olacaq. O şərtlə ki, sənət adamlarına yazmaq üçün təzyiq göstərilməsin. Pandemiya, müharibə və bu kimi şeylər anında yazılacaq mövzular deyil. Birinci insan nə yaşadığını tam şəkildə dərk etməlidir. İnsan özünün hələ də içində olduğu mövzu haqqında kifayət qədər dolğun yaza bilməz. Bəlkə də, ədəbiyyatçını yazdığına görə ittiham etmək olar, amma yazmadığına görə, əsla.

Biri çıxır deyir ki, qələbə qazanmışıq, niyə yazmırsınız? Hara baxırsız, nə işlə məşğulsunuz? Heç kim başa düşmür ki, ədəbiyyat jurnalistika, ədəbiyyatçı da jurnalist deyil. “Şuşa işğaldan azad olundu” - bu, informasiyadır və onu rəsmi qurumlardan dəqiqləşdirib anındaca paylaşmaq olar. Lakin “Şuşa işğaldan azad olundu”nu ədəbiyyata gətirmək, son ana qədərki prosesləri, həmin anda şücaət göstərən qəhrəmanları, onların psixoloji vəziyyətini təhlil etməyi tələb edir. Hadisə haqqında xəbər verməklə, hadisəni təsvir etmək eyni deyil. Bunun üçün bizlərə zaman lazımdır.

- Yaşadığın mühitin yaradıcılığına göstərdiyi təsirlər çoxdurmu? Həyatında elə bir hadisə olubmu, yazmaq istəmisən, amma yaza bilməmisən?

- Ümumiyyətlə yaşadığın mühitin düşüncə tərzinə, həyata baxışına birbaşa təsiri var. Mən hər zaman deyirəm ki, özümdən xeyli gənc olanları ədəbi mühitdə görəndə yaxşı mənada həsəd aparıram. Çünki mən onlar yaşda olanda ədəbiyyatı sadəcə dərslik kitablarındakı müəlliflərdən öyrənmişdim. Bərdədə sexlərin birində “svarşik” işləyirdim. Ətrafımda gedən söhbətlər də dəmir qapıların necə yığılması, bu gün hansı sifarişin çatdırılması idi. Bundan əlavə dost çevrəm də tamamilə başqa dünyanın adamları idi. Yarısı “vorovskoy” aləmə meylli, yarısı çayxanada dominonu güclü oynaması ilə öyünən adamlar idi. İstər-istəməz mən də onlardan biri olmağa başlayırdım. Bu həyat tərzimə də, yazdıqlarıma da təsir edirdi. 17-18 yaşlarında yazdığım bir şeirim var. Hər dəfə bu tipli sualla qarşılaşanda onu misal çəkirəm. Deyirəm, ilk iki misranı istedadım, sonrakı iki misranı isə ətrafım yazıb, yazdırıb. Yazmışam ki,

Fikirlər dərində, mənalar incə
Təzə köhnə olur təzə gəlincə

bəyənib bəyənməmək sizin ixtiyarınızdadır, amma mən bu iki misranı bəyənirəm. Ardınca isə yazmışam ki,

Bir qıza yüz manat xəricləyincə
Yüz manat pul göndər içəri, dostum

İndi bu misraları yazanda belə gülürəm. Məncə, mühitin nə dərəcədə təsir etdiyinin ən yaxşı nümunəsi elə bu dörd misradır. Belə şeylərdən sonra özümün buralara aid olmadığımı düşündüm. Hiss edirdim ki, mən nə avtoritet olmaq istəyirəm, nə də “svarşik”. Özümü doğmaların içində yad hiss etməyə başlamışdım. Elə ona görə 24 yaşında Azərbaycan Dillər Universitetinə qəbul oldum. Mühitimi, düşüncə tərzimi dəyişməyə başladım. Heca şeirindən başqa şeir dinləmədiyim üçün qafiyəsiz şeirləri mənasız hesab edirdim. Mühitin təsiri ilə bu tipdə yazılan çox gözəl şeirlər oxumağa başladım, sevdim, sevdikcə özüm də yazmaq istədim. Sonra mən də belə şeirlər yazmağa başladım. Nə qədər bacardım, bacarmadım bilmirəm, amma ən azından cəhd elədim.

Ölüm eskizi
Yarandın ...
Yaşadın ...
Yaşlandın ...
Öldün .

Ağladın ...
Ağlatdın ...
Aldatdın ...
Öldün .

Sevirdin ...
Sevildin ...
Sevindin ...
Öldün .

Ölürdün ...
Ötürdün ...
Öldürdün ...
Öldün .

Dirildin ...
Dirildin ...
Dirildin ...
Öldün ...

- Hansı sənət adamlarının mətnlərinin tərcüməsini dünya yazarları sırasında görmək istəyərdin?

- Sualın cavabına keçməmiş deyim ki, yerli ədəbiyyatı bəyənməyənlərin doxsan doqquz faizi oxumayanlardır. Bir də görürsən, biri qayıdır ki, əşi bizdə roman var, oxuyasan? Sual verirsən ki, filan əsəri oxumusan, deyir, yox, bəs filan, onu da yox. Maraqlıdır ki, oxumadığı halda fikir sahibi olan bu adamlar, təklif elədiyin əsərləri sonradan oxumaq “əziyyət”ini də çəkmirlər. Həqiqətən oxunmalı, dünya dillərinə tərcümə edilməli əsərlər var. Məsələn, mənim oxuduqlarımın içində Rəhim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanı var ki, Dostoyevskinin “Ölü evdən qeydlər” romanından heç də geridə qalmır. Elə buradan da oxumayan hər kəsdən bir qardaş kimi xahiş edirəm həmin kitabı tapıb oxusunlar. Daha sonra Şərif Ağayarın “Şəkil ”, İlham Əzizin “Məmmədbağır” hekayəsi, Ataqam və Xəyam Rəfilinin adını unutduğum hekayələri var ki, tərcümə olunsa, yaxşı piyar edilsə, dünyanın bütün dövlətlərində yüksək tirajla satıla bilər.

Nizami Bayramlı