“Mənim tısbağam Azərbaycan yazıçılarının doxsan doqquz faizindən ləyaqətlidir” - Seymur Baycanla Zamin Hacının söhbəti

“Mənim tısbağam Azərbaycan yazıçılarının doxsan doqquz faizindən ləyaqətlidir”   - Seymur Baycanla Zamin Hacının söhbəti

14 Martt 2022 11:48 2501


YeniYaz.Az yazıçı Seymur Baycanın tanınmış yazıçı-publisist Zamin Hacıdan götürdüyü müsahibəni təqdim edir.

- Zamin bəy, hər bir kitab azarkeşinin kitablarla ilk dəfə nə zaman, hansı şəraitdə, necə ünsiyyətə girməsi haqqında öz tarixçəsi olur. Sənin tarixçən necədir? Nə vaxtdan kitab oxumağa başlamısan? Necə oldu bu oyuna girdin?

- Təbii ki, ilk oxuduğum kitab “Əlifba” olub. Mənim babamın adı Əlifdir, özü də müəllim olub, mən doğulmamışdan hardasa 10 il qabaq ölüb. O üzdən “Əlifba” kitabı mənə xüsusi əziz gəlmişdi, səsləşmədən elə sanırdım Əlif babam haqda oxuyuram. Bu mənada kitablar mənim üçün üzünü görmədiyim, ancaq çox sevdiyim adamlarla söhbət, ünsiyyət kimi bir şeydir. Ancaq anlayıram ki, sən kitab oxumaq tarixçəsi deyərkən dərsliyi yox, bədii ədəbiyyatı nəzərdə tutursan. İlk oxuduğum kitab hansı kitab olub, bunun üzərində bir neçə il qabaq nəyəsə görə çoxlu fikirləşdim. Axırda yadıma saldım, o, Qrimm qardaşlarının yazıya aldığı alman xalq nağılı “Ağgül və Qızılgül” olub. Nazik, uzun, şəkilli bir kitab idi. Uşaqlığımda (1970-80-ci illər) elə uşaq kitabları seriyası vardı. O kitabı kəndin kitabxanasından götürmüşdüm, yoxsa evimizdə idi, daha onu yadıma sala bilmədim. Kənd yer üzündən silinib, soruşmağa da kimsə yoxdur. Həm də bu, yalnız mənim üçün vacib detallardır.

Kitab oxumağı, kitabları sevməyi oyun adlandırmazdım. Bu, ciddi əhvalatdır. Bəlkə, yeganə oyun tərəfi kitabın içinə girib real dünyanı unutmağımızdır. Yaxşı kitab azadlıq verir, müdriklərdən kiminsə dediyi kimi, “mən kitab oxumağı heç bir insanla ünsiyyətə dəyişməzdim”.

- Oyun sözünü pis mənada işlətməmişdim. Yaxşı mənada işlətmişdim. Əvvəlcə istədim sualı “necə oldu bu muncuq oyununa girdin” formasında verəm, sonra fikirləşdim “Muncuq oyunu” əsərinin adın hallandırmaq pafos kimi görünə bilər. Son vaxtlar pafosdan çox qorxuram. Həm də pafosa qarşı bir qram dözümüm qalmayıb. Nifrət edirəm pafosa. Sən də sualda oyun sözünü işlətməyimi pis tərəfə yozdun. Eybi yox, olan şeydi.

- Pafosdan mən də it kimi qorxuram və zəhləm gedir. Hətta bayaqkı suala cavabda babamı xatırlamağımı indi hardasa pafos sayıram və oxuculardan üzr istəyirəm. Hər şəxsi xatirə və hisslərimizi dinləmək borcları yoxdur.

- Bəs nə baş verdi ki, ardıcıl bədii ədəbiyyat oxumağa başladın. Bu prosesdə kiminsə sənə yaxşı mənada təsiri olub?

- Atam da babam kimi müəllim idi, üstəlik rayon qəzeti və bəzi mərkəzi qəzetlərlə əməkdaşlıq edirdi, bədii yaradıcılığı vardı. 1986-cı ildə “Yazıçı” nəşriyyatında kiçik hekayələr kitabı da çıxmışdı. Əmim şeir yazırdı. Rayon şairləri hərdən evimizdə yığışıb məclis düzəldir, şeir deyirdilər. Məsələn, hansısa şairin misrası indiyəcən yadımdan çıxmır: “Köndələnim, göydələnim!” Mən bunu qonşu otaqda gizlənib eşitmişdim, gülmüşdüm, çıxıb üstümə təpinmişdilər.

Evimizdə gözümü açandan çoxlu kitab görmüşəm. Üstəlik, rayondan kənd məktəbinə göndərilən bütün kitabları atam gətirirdi və o kitablar birinci bizim evdən, mənim “yoxlamamdan” keçirdi. Təzə kitabları, mətbəə qoxusu hələ üstündə qalmış o bədii əsərləri elə isti-isti, ilk dəfə oxumaq ayrı ləzzət verirdi. Mən orta məktəbi bitirəndə az qala kənd kitabxanasını bütünlüklə oxuyub bitirmişdim.

- Uşaqlıq və yeniyetməlik vaxtlarında oxuduğun hansı kitablar yaddaşında dərin izlər buraxıb?

- Hər uşağın oxumalı olduğu kitablar var. Mən də böyük məhəbbətlə “Robinzon Kruzo”nu (Daniel Defo), “Qulliverin səyahəti”ni (Svift), “Qarqantua və Pantaqruel”i (Fransua Rable), “Don Kixot”u (Servantes), “Dəfinələr adası”nı (Stivenson), “Üç müşketyor”u (Düma), “Sonuncu mogikan”ı (Kuper) oxumuşam. “Kapitan Qrantın uşaqları”nı (Jül Vern), yaxşı yadımdadır, bir sutkaya oxudum. Axşam düşdü, hamı yatırdı, mən evin qabağında, pilləkəndə oturub oxuyurdum, bilmək istəyirdim bu macəra necə bitəcək. Valideynlərimə minnətdaram, heç vaxt “o kitabı qırağa at, get filan işi gör”, ya “gəl yat, oxuma” deyə məni oxumaqdan ayırmayıblar.

Mayn Ridin “Başsız atlı” romanı da unudulmaz kitablardan idi. Prişvinin, Seton-Tompsonun təbiət hekayələri, Qorkinin Dankosu, Qoqolun Dikanka xutoru, Aleksey Tolstoyun Aelitası və mühəndis Qarini, Kerrolun və Kir Bulıçevin Alisaları, Alfons Dodenin Taraskonlu Tartareni, yunan mifləri, Skandinaviya əfsanələri, yapon nağılları, Balaca Şahzadə, Tom Soyer və Heklberri Finn, Baron Münhauzen... Yaddaşımda izlər buraxan kitablar saysız-hesabsızdır. Çox tanınmayan Amerika yazıçısı var, Hovard Fast. Onun “Toni və sehrli qapı” əsəri də uşaqlıqda mənə möcüzəvi təsir bağışlamışdı.

İndi bir nəşriyyatımız var, təəssüf ki, dünya klassikasının qol-qanadını qırıb, ixtisar edib buraxır. Guya bu yolla uşaqlar asan oxuyacaq. Məncə o romanlara qarşı bu hərəkət düşmənçilikdir.

Uşaq və yeniyetməlik dövrümdə folklorumuzu da xeyli oxumuşam. “Koroğlu”, “Dədə Qorqud” dastanlarını, nağılları az qala gözümə təpirdim. Ən sevdiyim nağıl “Məlikməmmədin nağılı” idi. Bu yaxında sənə də bəlkə maraqlı gələcək bir fakt oxudum. Sən demə, bizim bir çox indi populyar olan nağıllarımızı görkəmli folklor yığıcısı və alim Hənəfi Zeynallı 1920-ci illərdə Arazboyunda, Horadiz kəndində bir kişinin dilindən yazıya alıb. Nağılların içində yaşamışıq, xəbərimiz olmayıb.

“Min bir gecə” nağıllarını da uşaqlığımın əsrarəngiz dünyasında iz buraxan kitablar sırasına əlavə edim, yadımdan çıxmamış.

- Sonralar bu kitabları təzədən oxuyanda ilk təəssüratlarının dağılacağından qorxmamısan?

- Nadir hallarda olub belə şeylər. Məsələn, Kanada yazıçısı Ernest Seton Tompsonun canavarlar haqda “Lobo” hekayəsi uşaqlığımda çox sevdiyim əsər idi. Böyüyəndə təkrar oxudum, həmin sehri yaşamadım. Görünür, doğrudan da hər yaşın öz kitabı var. Hərçənd, o vaxt oxuduqlarımın indi hamısını təkrar oxumağa vaxt tapmıram, deyə bilmərəm hansında təəssürat dağılar, ya dağılmaz. Əksi də olub, məsələn, “Qulliverin səyahəti”ni bir neçə il qabaq təkrar, rusca oxudum, necə möhtəşəm kitab olduğumu başa düşdüm. Dünyanın ən yaxşı romanlarından biridir. Yeri gəlmişkən, bizim dilə pis tərcümə ediblər, hətta Svifti redaktə ediblər.

- Hansı kitablar sənə artıq yer üzündən silinmiş evinizi xatırladır? Sualım aydın olsun deyə özümdən misal gətirim. İsi Məlikzadənin yaşıl üzlu “Dədə palıd” adlı kitabı var. O kitabı harda görürdümsə istər-istəməz, özümdən asılı olmayaraq nənəmgilin rahat, təmiz, sadə evini xatırlayırdım. Möhkəm kədərlənirdim. Ən pisi də o idi ki, kədər məni hazırlıqsız vəziyyətdə, qəfildən yaxalayırdı.

- Öncə bayaqkı cavabıma kiçik əlavələr edim, çünki qəfil ağlıma gəldi ki, orda Azərbaycan ədəbiyyatını saymamışam. Əslində bizim ədəbiyyatı uşaq vaxtı elə çox oxumamışam. Ancaq Mirzə Cəlilin Danabaş kəndini və Süleyman Sani Axundovun qorxulu nağıllarını qeyd etməsəm günah olar.

İşğal zamanı dağılan evimiz və kitablar mövzusunda sənə bir xatirə danışım. Mənim orda çoxlu kitablarım qaldı, tələbə vaxtı aldığım kitabları da Bakıda daimi yaşayış yerim olmadığından məcburən kəndə daşıyırdım. Atam taxtadan rəflər düzəltmişdi. Mən az qala hansı kitabın hansı gözdə olduğunu əzbər bilirdim, gözüyumulu tapardım. 1993-ün yayında kənd işğal edildi, bir neçə ay kəndi yuxuda görmədim, bunu çox istəsəm də. Hardasa dekabrda ilk dəfə evimiz yuxuma girdi və səncə nəyi gördüm? Kitab şkafımı! Özü də kitablar sanki dilsiz danışırdılar, məni qınayırdılar ki, niyə bizi özünlə aparmadın. “Bir qalanın sirri” kinosunda Elşənin kitablarla söhbəti var ha, təxminən onun kimi. Sözün əsl mənasında tər içində oyanmışdım. Dəhşətli, qorxunc yuxu idi.

Üstündən hardasa bir ay keçdi, yanvar ayında ordumuz hücuma keçdi, kəndi geri aldılar. Bibim oğlu var, Sahil adında, avaranın birisidir, kəndi azad edən qoşunun əsgəriydi, bizim evin salamat qaldığını isbat üçün döyüşçü çantasına 3-4 kitab atıb gətirmişdi. Ancaq bu azadlıq heç bir ay çəkmədi.

Konkret sualına gələndə, “Azərbaycan Sovet Ensiklopediyası”nın qırmızı cildlərini və “Min bir gecə nağılları”nın o dövrdəki nəşrini görəndə evimizi, uşaqlığımı xatırlayır və çox kədərlənirəm. Bir dostum 4-5 il qabaq söz vermişdi ki, “Min bir gecə”nin o nəşrinin cildlərini mənə hədiyyə edəcək, ancaq sözünün üstündə durmadı.

- Bütün bunlar çox ağırdı...

- Yəqin ki. Ancaq sızıldamağın da mənası yoxdur, keçmişi tərsinə döndərmək olmur. İki il qabaq kənd azad olunan kimi evimizə getdim. Evin yerini güclə tapdım. Halbuki, tragikomik bir ümidim vardı: “Bəlkə kitablar qalır?”. Bu ümidin yaranmasında nənəmin uşaq vaxtı danışdığı bir nağılın yaddaşımda buraxdığı izlər rol oynamışdı. Nağılın axırı belə idi ki, ev yanırdı, külü qalırdı, külü eşirdilər, içindən çıxırdı bir palan, palanın altından kitab, kitabı oxuyub görürdülər bütün bunlar yalan-palan... Mən evimizin külləri içindən bir-iki şifer qırığı tapdım, Bakıya gətirdim.

- İllər keçdikcə əsərlərə, yazıçılara qarşı münasibətdə yer dəyişmələri baş verir. Əvvəllər çox da bəyənmədiyin əsəri, yazıçını bəzən daha çox qiymətləndirməyə başlayırsan. Yaxud da tərsinə, əvvəllər şiddətlə heyran olduğun əsər, yazıçı nəyəsə görə kobud desək, gözündən düşür. Bu mənada son illərdə səndə hansı yerdəyişmələr olub?

- 90-cı illərdə Markesi, Dostoyevskini çox sevirdim. “Patriarxın payızı”nı diktatura haqda ən diaqnostik əsər sayırdım. Hesab edirdim ki, dünyada “Karamazov qardaşları”ndan böyük roman yoxdur. Ancaq indi onları təkrar oxuya bilmərəm. Sanki mənə saxta, qurama gəlirlər. Kurt Vonnehut “Pişik beşiyi”ndən sonra gözümdə zirvələrə qalxmışdı, “Beş nömrəli qəssabxana”dan sonra dərəyə düşmüşdü, lakin “Qalapaqoslar”ı oxuyanda aldığım zövqdən əsməcə tutdum. Mirzə Cəlilin böyüklüyünə hər il keçdikcə daha çox şahid oluram. Çexov və Qoqol da ədəbiyyat pyedestalımın yuxarı başında daim dururlar. Rey Bredberini yeniyetməlik, gənclik dövrümdəki qədər sevərək oxuya bilmirəm.

- Səncə hansı yazıçı layiq olduğu şöhrəti qazana bilməyib? Məsələn, məncə Platonov layiq olduğu şöhrəti qazana bilməyib. Bu, çox böyük ədalətsizlikdi. Adam heç bilmir bu ədalətsizliyə görə kimi, nəyi qınasın.

- Platonov elə bir rus dilində yazıb ki, onu ruslar özü çətinliklə anlayır. Bir növ bizim Sabir Əhmədlinin dilidir. Platonov qədim türk şamanıdır, onun əsərlərini bu prizmadan oxumalıyıq. Həm də ədəbiyyatda belə sənətkarlar olur, onlara “şairlər üçün şairlər” deyirlər. Platonov kütləvi sənət deyil. Onun yazdıqları nəsə paralel kainata aid bir şeydir, şəxsən mən onu oxuyanda çox qorxuram – geri qayıda bilmərəm deyə.

Yazıçı şöhrətinə təsir edən elementlər haqda elə bitkin fikirlərim yoxdur, bu haqda düşünməmişəm. Ancaq doğrudan da çox tanınmayan gözəl yazıçılar var. Məsələn, biri sənin də çox təbliğ elədiyin Riçard Oldinqton. Onun “Qəhrəmanın ölümü” romanı müharibə haqda ən yaxşı romanlardan biridir, di gəl heç vətəni İngiltərədə də kişinin Anarın Göyçaydakı şöhrəti qədər şöhrəti yoxdur. Yaxud rus ədəbiyyatı deyərkən neçə adamın yadına Kuprin və onun “Olesya” əsəri düşər? Yəqin min adamdan birinin. Ancaq möhtəşəm əsərdir. Bizdə layiq olduğu qədər tanınmayan dünya haqda çox yekə danışmağa haqqım çatmır və xəbərim yoxdur – yazıçılardan Kamilo Xose Sela, Harold Pinter, İsaak Başevis Zinger, Kobo Abe, Alexo Karpentyer, Yen Benks, Tom Robbins, Dario Fo-nun adını çəkmək istəyirəm.

Tərsinə, Soljenitsının “İvan Denisoviçin bir günü” povestinə harda baxsan bəy tərifi vururlar, halbuki, orda ədəbiyyat deyə nə var? Rövşən Yerfi, Elxan Elatlı elə əsərlərdən ildə beş dənə yazır, di gəl Nobel verən yoxdur. Herman Hessenin “Siddharta” əsərinin şöhrəti də mənə çatmır. Xalid Hüseyninin “Çərpələng uçuranı”nı oxuyanda isə ət tökdüm. Biz belə şeyləri Sovet vaxtı kənd klubunda hind kinosu kimi izləyirdik, adamlar isə bestseller sayırlar.

- Təklif edirəm bir balaca da Azərbaycan ədəbiyyatından danışaq. Azərbaycan ədəbiyyatında ən çatışmayan cəhətlər, ən ciddi problemlər sənin fikrincə hansılardır? Nəsri nəzərdə tuturam.

- Maraqlı deyil – birinci bunu söyləyərdim. Azərbaycan ədəbiyyatını yüz il oxumasam, yadıma düşməz. Nəyə görə? Çünki bu ədəbiyyat nadir istisnaları çıxmaq şərtiylə, mənim – oxucunun, bu ərazidə yaşamağa məhkum insanın dərdini-sərini əks elətdirmir. Mənə rahatlıq, azadlıq duyğuları yaşatmır. Mənə zövq vermir. Nəsrimizdə həyatımızın mənzərəsi yoxdur. Min il sonra bu yazıları oxuyanlar bizim nə çəkdiyimizi başa düşməyəcəklər. Şumerlərin daş kitabələrindəki təsərrüfat məlumatları bizim 21-ci əsr ədəbiyyatından daha informativ və aktualdır...

- Müdaxilə etmək kimi alınmasın, min il məncə çoxdu. Yüz il bəs edir. Hətta yüz il də çoxdur. Əlliyə allah xeyir versin.

- Yəqin ki. Yaşayarıq, görərik... Bizim yazıçılar qorxaqdır. Hər şeydən, hər kəsdən qorxurlar, üyüdürlər: hökumətdən, molladan, icra hakimindən, “uçaskovı”dan, kölgələrindən, arvaddan, nə bilim, kitab köşkünün müdiri Anardan-filandan... Yazıçı isə, Oruellin təbiriylə desək, həqiqəti yazmalıdır, qələmlə, vərəqlə onun arasında heç kəs durmamalıdır. Yazıçı hərbçidən də cəsur olmalıdır. Mən bu qısır, partnomenklatura cızmaqarasını neyləyirəm ki? Hələ idiot “çıxış yolları” da tapırlar, guya biri qədim dərələrdən yazır, başqası Afrikadan, üçüncüsü yuxularından, dördüncüsü Attiladan. Rafiq Tağının sözü olmasın, dünya ədəbiyyatını oxuyan bizim nəsrə “burnunu da silməz”.

İkincisi, ana dilimizi bilən çox azdır. Azərbaycan folklorunu dərindən oxumayan, öyrənməyən adamlar bu xalqın ədəbiyyatını yarada bilməz. Elə cümlələr qururlar, g.tüylə başını tutuşdurana, anlayana qədər adamın yarım saat vaxtı gedir. Bu, indiki sürət əsrində kimə lazımdır?

Üçüncüsü, bizim nəsr sanki məcburiyyətdən yazılır. Özlərini zorlayırlar. Guya yazıçı adlanmaq nəsə matah bir şeydir. Halbuki, bu adı almaq üçün 12 kiloluq qoyunu və 3 dılğır ədibin dərkənarını AYB-nin ofisinə aparmaq yetir, olursan 3 min yazıçıdan biri. Mirmahmud ağanın parlamentdə dediyi sözü azca dəyişsək, indi bizdə itə daş atsan yazıçıya dəyir.

Yenə sayaram, ancaq bəsdir. Bizim nəsrə bu qədər vaxt ayırmaq da çoxdur.

- Sovet hökuməti, sərhədləri bağlı ölkədə yaşamağımız Azərbaycan ədəbiyyatına hansı mənfi və müsbət təsirləri göstərdi? Necə fikirləşirsən, bəlkə də sadaladığın problemlərın, çatışmayan cəhətlərin çoxu bu və ya digər formada uzun illər bağlı ölkədə yaşamağımızın nəticəsidir. Lazımlı əsərlər, məqalələr vaxtında tərcümə olunmurdu. Əlli il, yetmiş il əvvəl bütün sivil dünyanın oxuduğu, qızğın müzakirə etdiyi əsərlər hələ indi-indi Azərbaycan dilinə tərcümə olunur. Yazıçılarımız ədəbi cərəyanlardan xəbərsiz qalırdılar. Ən nəhayət, sağlam rəqabət mühiti yox idi. İstedadsız, bədii təfəkkürü olmayan, səviyyəsiz adamlardan nəhəng inzibati resurslar hesabına dərin yazıçı, hətta fəlsəfi şair düzəldib camaata soxuşdururdular. İndi də o adamların həqiqətdə nə mərifət sahibi olduğunu camaata heç cürə başa salmaq olmur. Mən iki dəfə pambıq yığmağa getmişəm. Məktəbdən aparmışdılar. Üzüm yığmağa da aparırdılar. Üzüm yığmağın yenə bir az romantikası vardı. Pambıq yığmaq sözün həqiqi mənasında əsl qul əməyi idi. Sözümün canı var. Bizim yazıçılardan biri pambıq tarlalarında gecə-gündüz işləməkdən beli bükülmüş, başlarına təyyarələrdən zəhər tökülən qadınları, qızları çəmənlikdəki al lalələrə bənzədirdi. Sovetin bütün mükafatlarını almış, ilin on iki ayını kurortlarda, sanatoriyalarda, yaradıcılıq evlərində kef çəkmiş adamları indi də camaata dissident kimi təqdim edirlər. Guya əsərlərində sovet əleyhinə gizli cümlələr, gizli misralar var imiş. Hər şeyin bir həddi olmalıdır. Həmçinin insan həyasızlığının. Dissident hara, Stalin, Lenin, Komsomol mükafatı, “Sosialist Əməyi Qəhrəmanı” almaq, dövlətin hesabına sanatoriyalarda, yaradıcılıq evlərində kef çəkmək hara? Dissidentin hara, əsərlərinin dövlət hesabına yüksək tirajlarla nəşr olunub ölkənin bütün kitabxanalarına paylanması hara?.. Bu pəhriz nə, bu alça turşusu nə?

Yeri gəlmişkən, Yazıçılar Birliyi də bizə sovetlərdən miras qalıb. Nəyə görə yaradıldığını, hansı missiyaları yerinə yetirdiyini də çox gözəl bilirsən.

- Azərbaycan Yazıçılar İttifaqı 1934-cü ildə yaradılıb. Stalinə bütün ölkə boyu belə qurumlar lazım idi ki, sabah repressiyanı kütləviləşdirəndə yazıçıları elə yazıçıların öz əliylə gedər-gəlməzə göndərsin. O baxımdan, bu gün adını dəyişib “Birlik” qoymaqla AYB mahiyyətini qəti dəyişməyib, elə həmin NKVD-nin balasıdır, şər, böhtan, intriqa, yaltaqlıq yuvasıdır.

1938-1939-cu illərdə, repressiya vaxtı AYB-nin sədri Rəsul Rza olub. Stalin və Lenin ordenlərini almış “mübariz” ədiblərimizdən biridir. Brejnev və Xruşşov ordenləri olsa, Rəsul Rza onları da alardı. Sən yəqin bilirsən, onun belə cızma-qarası var: “Mübarizə bu gün də var, yarın da, Mən də onun ən ön sıralarında”. ANS yadına gələr, onun efirindəki “Döyüş alnınıza yazılıb” şüarı kimi. Heç olmazsa ANS deyirdi gedin döyüşün, biz bəhrəsini yeyək-içək. Bu isə mübarizədən danışırdı, ancaq ömrü boyu əli hökumətin ətəyində olub. Hərçənd, insafən Rəsul Rza Anar qədər istedadsız adam deyildi, bir neçə yaxşı şeirini tapmaq olar. Məsələn, onun “Ağ yasəmən” şeirindən uşaq vaxtı xoşum gəlirdi.

Bir-iki il qabaq Cəmil Həsənli “Azərbaycanda sovet liberalizmi” adında kitab yazıb. Orda guya bizim yazıçıların azadlıq mübarizəsindən bəhs edib. Vallah, mən üfürülüb 700 səhifəyə çıxarılmış o kitabda bircə dənə də liberalizm və ya mübarizə-zad görmədim.

Azərbaycan ədəbiyyatı doğrudan da uzun zaman dünyadan təcrid edilib. Nadir hallarda İshaq İbrahimovun, Natiq Səfərovun hansısa tərcüməsini tapırdıq, heyrətə gəlirdik ki, dünyada ədəbiyyat varmış! Yəqin xatırlayarsan, 1980-ci illərdə “Dünya” tərcümə almanaxı adlı bir-iki kitab çıxmışdı, ədəbi mühitə necə şok effekti vermişdi. Camaat belə kitabları gözünə təpirdi. Dünya ədəbiyyatından xalqı təcrid eləmək hardasa düşünülmüş siyasət idi, tək senzura üzündən olmurdu. Bizim “ədiblər” yaxşı başa düşürdülər ki, xalq dünya ədəbiyyatını oxusa, sabah bunlara salam da verməyəcək. Yoxa lənət misalı, xalq nə var ona şükür edirdi.

Bu ağır söhbətə bir az duz qatım, başımız ağrımasın. Deyirlər, Xruşşovun vaxtında bir az mühit yumşalanda, Yazıçılar İttifaqında iclasda sədr Mehdi Hüseyn üzünü Əli Vəliyevə tutur: “Biz gərək dünya ədəbiyyatını, Folkneri, Kamyunu, Kafkanı da oxuyaq”. Əli Vəliyev deyir: “Əşşi, Əbülhəsən qoyur ki, Kafkanı oxuyaq? Hər ay palaz boyda bir roman yazır gətirir, mən də onu redaktə eləyirəm”. Yanılmıramsa, Əli Vəliyev o vaxt hansısa nəşriyyatda redaktor işləyirmiş.

Yeri gəlmişkən, Əli Vəliyev də nəvəsi Afaq Məsuddan milyon dəfə istedadlı və koloritli adam olub. Nəsillərimiz cırlaşır, hamısı süni qidaların günahıdır.

- Son vaxtlar yazılarında klassik şərq şairlərindən tez-tez misralar verirsən. Nə demək istəyirsən? Məqsədin nədir?

- Nəyə görə mənim bütün hərəkətlərim, addımlarım məqsədli olmalıdır? Hər şeydən məqsəd güdən adamlar pulgir, mənfəətcil, beynini və qəlbini piy basmış şəxslərdir. Məqsəd yoxdur, misra xoşuma gəlir, yazımın içində verirəm, epiqraf kimi yazıram. Ümumən klassik ədəbiyyatımızı, Füzulini, Nəsimini, Xaqanini oxumağı çox sevirəm. Məsələn, gör şair burda nə gözəl deyibdir: “Qəd ənarəl-eşqə-lil-üşşaqi minhacəl hüda! Saliki-rahi-həqiqət eşqə eylər iqtida”. Füzulinin türkcə divanındandır.

- Mənə maraqlıdır, yazılarında verdiyin misraların mənalarını özün başa düşürsən?

- Əlbəttə. Başa düşmədiyim sözü heç vaxt yazmaram, oxucuları indiki zəmanədə aldatmaq mümkün deyil. Bayaqkı beytdə sənə anlaşılmayan nə vardı? Füzuli deyir ki, həqiqət eşqə eylər. Bundan artığını bilsən dəli olarsan.

- Heç nə başa düşmədim. Nəsə... Bir neçə ay əvvəl kulis.az saytında “Sulduz” adlı hekayəni oxumuşdum. Hekayə mənə zəif təsir bağışladı. Hətta düşündüm ki, ola bilsin sayt yazını hekayə kimi təqdim edib. Sənə də hekayənin niyə elə zəif alınması haqqında sual verməyə bir növ utandım. Dedim, müəllif nəsrdə ilk və kövrək addımlarını atmaqdadır. Həvəsdən salmaq olmaz. Hekayə də elə bir şeydi ki, həmişə ürəyin istəyən kimi alınmır. Bir dəfə yaxşı alınanda, on dəfə də zəif alınır. Çexov kimi bir əjdahanın nə qədər desən zəif, şit hekayələri var. Demək istəyirəm ki, hekayən zəif alınıbsa bunu çox da ürəyinə salma.

- Mən ümumiyyətlə yazılarıma ad qoymağa bəzən çətinlik çəkirəm, heç bilmirəm yazdığım köşə yazısıdır, publisistikadır, nağıldır, pyesdir, yoxsa hekayə. Sənin də bu istiqamətdə çaş-baş qalmağına sevindim, deməli müəllif nəyəsə nail olmuşdur.

Ancaq həmişə suallara açıq adamam. O hekayənin zəif cəhətlərini də, belə abstrakt yox, konkret dəlil-sübutlarla desəydin üzərində fikirləşərdim. Yoxsa indi nəyi ürəyimə salım, bilmədim.

- Bir ara tısbağa saxlayırdın. Necə oldu o tısbağanın axırı?

- Hazırda qış yuxusuna gedib, evin arxasında kol-kosun içində bir yerdə olmalıdır.

- Tısbağa sənə nə öyrətdi?

- Burda yəqin nəsə dərin, fəlsəfi cavab verməliyəm. Mən ona əvvəlcə mükəmməl varlıq kimi baxırdım. Doğrudan da, hava soyuyanda faktiki ölür, 4-5 ay sonra istilər düşəndə təzədən dirilir. Əcaib keyfiyyətdir, təsəvvür elə insanlarda bu bacarıq olsa nələrə qadir idik. Gördün ətrafda həyasızlıq baş alıb gedir, bir neçə il yat, sonra oyan, sıfırdan yaşa. İkincisi, ev-eşik, kirayə, ipoteka dərdi çəkmir, nəyi var onun içində yaşayır. Mənim tısbağam Azərbaycan yazıçılarının doxsan doqquz faizindən ləyaqətli varlıqdır, heç vaxt hökumətdən ev dilənmir.

Ancaq keçən yay bir az gözümdən düşdü, çünki pişiklərə yemək verəndə gəlib onlara şərik olurdu. Tək kələm, pomidor, qarpız, göy-göyərti bəs eləmirdi, ətli yemək də istəyirdi. Onun bu tamahını kəşf eləyəndən dünyaya kədərlə baxıram.

- Obrazlı desək, artıq həyatın ikinci seriyasına baxmaqdasan. Həyat haqqında nə düşünürsən, hansı nəticələrə, qənaətlərə gəlmisən?

- Hələ uşaq vaxtımdan çoxseriyalı filmləri sevmirdim, çünki ardı haçan olacaq, ümumiyyətlə olacaqmı, bilmirdim. İndiki vaxt deyildi, internet yox açıb dərhal bütün seriala baxasan, teleproqram da qəzetdə çıxırdı, gərək o qəzeti tapaydın və sairə. Filmin ardı veriləndə bəzən işıq sönürdü. Ona görə mənim üçün bir seriya, bütöv film daha yaxşıdır. Həyatımı da seriyalara bölmürəm. Bu obrazını, hesab elə, başa düşmədim.

Həyat haqda düşüncələrimə gələndə, bir qənaətə gəlmişəm ki, həyat haqda düşünmək ən mənasız işdir, onu yaşamaq lazımdır. Düşünmək ona görə mənasızdır ki, həyatımızda ən önəmli hadisələrə bizim təsir imkanlarımız sıfıra yaxındır. Doğulmaq, sevmək, ölmək, iş-güc və sairə - hansı bizlikdir ki? Hamısı milyonlarla təsadüfdən asılıdır.

Üstəlik, ətrafına baxsan, düşünmədən yaşayanların ən xoşbəxtlər olduğunu görərsən. Heyvan kimi yaşayırlar, di gəl necə xoşbəxtdirlər! Üzlərindən səadət yağır, tam ciddi sözümdür. Parıldayırlar. İşıq saçırlar. Mən onlara paxıllıq edirəm, həsəd aparıram. Düşünmək faciədir. Bədbəxtlikdir. Mənasız işdir. Pandemiyanı gördük, səncə korona virusu nəsə haqda düşünürdü? Əksinə, milyardlarla adam məcbur idi onun haqqında düşünsün. Uca millətimiz bunun formulunu çoxdan tapıb: “Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər”. Məsələn, bu dəqiqə Rusiya dünyanın ən zırrama vilayətidir, lakin planetin hamısı Putin haqda fikirləşməyə məcburdur. Halbuki, özünü adam kimi aparsa salam verən də olmaz.

Ya da, Kafka demişkən, onsuz “axırda hamımızın başını it başı kimi kəsəcəklərsə”, elə it kimi də yaşamaq lazım imiş.

- Bu qarışıq, təlatümlü günlərdə söhbətə vaxt ayırdığın üçün dərin təşəkkürümü bildirirəm.

- Mən də sənə maraqlı suallara görə təşəkkür edirəm, yaşasın Ukrayna!