Hekayə
Doğulub, böyüdüyüm Mehdili kəndi sovet Azərbaycanı ilə İranın sərhəddində yerləşirdi. İranla aramıza girən bir Araz çayı idi, bir də arazboyu qurulmuş sərhəd-nəzarət məntəqələrini göz bəbəyi kimi qoruyan rus əsgərləri. Bu iki ölkənin sərhəddi heç vaxt yerli əhalidən olanlara etibar edilməzdi. Kənd camaatının zarafatla rus əsgərlərinə verdiyi:
İvan, bəs mən bu Arazı üzərək o taya keçsəm nə olar? - sualı mütləq belə bir cavab alırdı. “Patronlar o taya səndən daha tez çatar!” Bu cavabda bir qram zarafat yox idi.
Həyətimizdə "çaynaya roza" deyilən qızılgüllərdən əkmişdik. Tikanı qönçəsindən çox, ləçəkləri balaca, amma qoxusu bütün həyətə yayılan, pıtraq kimi gətirən cırtdan qızılgüllərdən. Gül dəstəsi düzəltməyə heç uyğun deyildi bu güllər, tikanlarını soyub qurtarmaq olmur, elə hey adamın əlinə batır, zəhləsini tökürdü. Üstəlik, görünüşü də bir şey deyildi. Bu gülünkü elə kasa yarpaqlarından qoparıb, çaynikə, ya qaynar çayla dolu stəkana atmaq idi. Qoxusu çaya yayılır, adamın ağzı qızılgül ətri ilə dolurdu. Anam hər güllü çay stəkanını başına çəkəndən sonra deyirdi ki, Gümüş, deyirlər, ürəyə xeyirdi ee bu...
Həyətimizin axar-baxarlı, bostanımızın bol, çardağımızın quru meyvə, evimizin gülüş dolu illəri idi o illər. Sevgi romanları oxuyub, şeirlər, gündəliklər yazan romantik bibilərim o güllərdən arada saçlarına da taxırdılar.
Qonşuluqda yaşayan ata babam bəzən bizə gəlirdi. Yay-qış qalın jaketinin üstündən boz pencək geyinmiş, qalın qaşlı, qara bığlı, qara saqqalı, hündürboy, gözləri bəbir gözləri rəngində olan babamın təmkinli, aram gəlişi həyətimizə bir sakitlik gətirir, bayaqdan didişən, səsi-küyü aləmi götürən qardaşlarım, əmiuşaqlarım tez kiriyirdi. Həyətin havasına ancaq babam gələndə hiss elədiyim bir ehtiram çökürdü.
Anam həyətdəki söyüdlərin altındakı masanın üstünü tez silib, babama çay süfrəsi düzəldir, armudu stəkanda çay süzüb, müxtəlif mürəbbələrdən masaya düzürdü. Anam qaynatasını çox istəyən nadir gəlinlərdən idi, bu çox istəməyi da babam öz sakitliyi, mehribanlığı, anama və bizə, nəvələrinə qarşı şəfqətli münasibəti ilə qazanmışdı. Çayı süfrəyə qoyandan sonra anam o çay qızılgüllərindən də bir neçəsini qoparıb, birini babamın çay stəkanına atır, qalanını qəndqabıların yanına qoyub, babamla üz-üzə otururdu. Babam stənaı burnuna çəkəndə, anam mehriban gözlərlə ona baxıb, dayı, sən canın, görürsən, nə gözəl iyi var, deyirlər, ürəyə də xeyirdi… deyirdi.
O bürkülü, qızılgül qoxulu yay günlərində anamla babam gəlin-qaynata oturub dərdləşirdilər. Anam hər dəfə babama nənəmdən gileylənirdi.
Birinci Qarabağ Müharibəsi 1993-cü ildə bizim kəndə də gəldi. Ailəmiz pərən-pərən düşdü. Ölkənin nisbətən isti rayonlarında onlarla çadır düşərgəsi salıb, qaçqınları bu çadırlarda yerləşdirdilər. Biz bu düşərgələrə yerləşən kimi atam bizi qoyub, Rusiyaya işləməyə getdi.
Bu çadırlarda illərlə yaşadıq. Düşərgələr ot bitirməyən, tikan kollarından başqa heş nəyə uyğun gəlməyən qumlu, şoran torpaqlarda salınmışdı. Sarı qumların arasından yaşıl tikan cücərdiyini görəndə sevinirdik ki, bu ölü torpaqlardan bir can boylanır. O ollərdə biz gülləri, çiçəkləri ancaq düşərgədə həftədə bir dəfə baxa bildiyimiz Hindistan filmlərində görürdük.
Bir gün düşərgəyə alverçi gəldi. Daha doğrusu, yerli camaatdan qadın idi, əlindəki bezdən tikilmiş torbada mürəbbəlik gül ləçəkləri satırdı. Anam onu çaya dəvət elədi, qamışdan qurulmuş yay mətbəximizdə onun altına kətil qoyub, təzədəm çay süzdü, qadın çayını içəndə, anam torbanı açıb, başına az qala torbanın içinə soxdu. Mən də həvəslə baxırdım, çünki nə zamandan bəri idi ki, ilk dəfə güllər, özü də qızılgül görürdüm. Bu qıpqırmızı, zərif ləçəkli, ətri hər tərəfi bürüyən güllər bizim cındırından cin ürkən çadırımızda elə qəribə, elə yersiz görünürdü ki…
Anam başı gül torbasının içində sinədolusu nəfəs alıb, sonra məni çağırdı:
- Gümüş, gəl, sən də iylə, deyirlər, ürəyə xeyirdi eee bu...
Gülsatan qadın dedi ki, öz həyətindən yığıb ləçəkləri, alverçi deyil. Pul istəmirdi, pulun durmadan qiymətdən düşdüyü o illərdə gətirdiyi malı qaçqınlara humanitar yardım kimi verilən ərzağa dəyişən adamlar çox idi, bu qadın da gülün əvəzinə yağ, un, quru çay istəyirdi. Anam güldən bir xısma götürüb, stəkanına atdı, sonra stəkanı başına çəkib, gül qoxulu nəfəsi ilə dedi ki, torbanı qoyub getsin, iki gündən sonra gəlib, iki litr yağ apara bilər. İki gün sonra yardım almaq günümüz idi.
Qadın torbanı qoyub, getdi...
Ləçəklərin ağ diblərini qayçı ilə kəsdik, anam deyirdi, o yeri acılıq verir. Sonra üstünə bir kilo şəkər tozu töküb, mürəbbə bişirdi. Palçıq kimi oldu. Limon duzu vurmaq lazım imiş gül mürəbbəsinə. Anam bilmirdi. Kəndimizdə o daha çox gavalı, ərik, armud, heyva mürəbbəsi bişirmişdi, gül kimi nərmənazik, elit şeylər onluq deyildi.
Uşaqlıqdan xasiyyətimdir, anamın yadından çıxarıb, duz atmadığı xəmirin çörəyini, dibi yanmış yeməyini heç kim yeməyəndə, mən hamısın yeyirdim ki, zəhməti boşa getməsin. O vaxtdan duzbilməm pisdi, duzlu ilə duzsuzun tamını elə də ayırd edə bilmirəm. O mürəbbəni də çörəyin üstünə yaxıb, çayla yeyirdim. Hər dəfə əlimdə gül mürəbbəli çörəyi görəndə, üzümə gülümsəyib, deyirdi:
- Ye, Gümüş, deyirlər, qızılgül ürəyə xeyirdi…
Nənəm, babam, əmim arvadı və kiçik bibim də bizimlə birlikdə çadır düşərgəsində yerləşmişdilər. Nənəm çadırda da öz təmiskarlığından, vasvasılığından əl çəkməmişdi. Humanitar təşkilatların qaçqınlara yardım parlayanda qurub qaldığı böyük çadırlardan birini onlardan dava-dalaşla qoparıb, özünə böyük çadır qurmuş, içini öz əli ilə düzəltdiyi həsir yataqlarla, yorğan-döşəklə, xalça-palazla bəzəmişdi. Hardansa armatur parçaları tapmış, babamı məcbur etmişdi ki, bu parçaları qaynaqçının yanına aparıb, masa, kətillər düzəltdirsin. Axşamlar çadırının qabağında bu masada çay süfrəsi açırdı. Gündüzlərin adamın ciyərini qovuran istisindən sonra əsən sərin axşam mehindən həzz alaraq, çay içirdi.
Çadırlarımız qonşu idi. Bir axşamçağı anam bişirdiyi gül mürəbəsindən nənəmə və babama da apardı. Nənəm mürəbbənin rənginə, şəklinə baxıb, əli ilə geri itələdi, babamsa palçığa dönmüş mürəbbəni qaşıqlayıb, iştahla çayını içdi.
2008-ci ildə ölkədəki bütün çadır şəhərcikləri ləğv edildi. On dörd il müddətində çadırlarda yaşayan əhalinin bir qismi artıq müxtəlif şəhərlərə, kəndlərə köçüb, yerli əhaliyə qaynayıb-qarışmışdı. Qalanlarına isə hökumət aran rayonlarında iki, üçotaqlı daş evlər tikib vermiş, qaçqınlıqda ikinci onilliyini xərcləyən əhali yavaş-yavaş insani şərtlər altında yaşamağa başlamışdı. Mən o zamanlar paytaxtda tələbə həyatımı bitirmiş, jurnalist kimi işləməyə başlamışdım.
Babam qaçqınlıqda dünyasını dəyişmiş, çadır düşərgəsinin yanında salınan qaçqınlar qəbristanlığında dəfn olunmuşdu. Anam hardansa tinglərini tapıb, babamın məzarınınü üstündə qızılgül kolları əkmişdi. Amma şoran torpaqlar bu gülü bitirməmiş, quruyub getmişdilər…
Bizimkiləri də Biləsuvardakı qaçqın qəsəbəsinə köçürdülər. Yenə ilan mələyən, daşlı-qumlu torpaqlarda ev tikmişdilər qaçqınlara. On dörd il idi, Azərbaycanın axar-baxarlı, yumşaq torpaqlı, bərəkətli torpaqlarından bizə yer tapa bilmirdilər. Arandan Muğana, Muğandan Milə köçürür, ölkənin savannasında burdan-ora, ordan-bura qovurdular.
İşləməyə başlayandan sonra tez-tez anama baş çəkirdim. Redaksiyamızın həyətində çoxlu qızılgül kolları vardı. Hər dəfə rayona gedəndə, kollardan ting ayrırır, oturduğum avtobusda tingi ayaqlarımın arasında sıxıb, Biləsuvara aparırdım. Anamla həyətdə əkir, sulayır, yarpaqlamasını gözləyirdik. İçdiyimiz çayların hamısının puçalını anam bu tinglərin dibinə boşaldır, puçalın yaxşı gübrə olduğuna Quran ayəsi kimi inanırdı.
Yarpaqlayırdı o kollar, anamsa fəxrlə deyirdi ki, ting nədi, torpağa basdırdığım taxta parçası yarpaqlayır, a bala. Əlimin bərəkətidi. Bir dəfə əlüzyuyanı mismarladmaq üçün yerə basdırdığı söyüd payası yarpaqlayandan sonra inanmışdım dediyinə.
İyirmi-otuz ting əkmişdik. Bitirmişdi hamısını. Göz bəbəyi kimi baxa-baxa əmələ gətirmişdi. Kollar hərəsi bir qucaq olmuşdu, onlarla qönçə gətirmiş, pardaxlayıb, göz-göz açılmışdı.
2013-cü ilin sentyabrında vətənimi birdəfəlik tərk etməli oldum. Sentyabr günlərinin birində heç kimə birdəfəlik getdiyimi demədən Sovet dövründən qalma zəhmli bir qatara minib, ölkəmi tərk elədim.
Gürcüstanda bir il, Almaniyada bir il, daha sonra Gürcüstanda iki il yaşayandan sonra Norveçə gəlib çıxdım. Sənəd, pasport işlərim bitəndən sonra Gürcüstana hər il yay tətilinə getməyi adət halına gətirdik. Anamla, qardaşlarımla ancaq Gürcüstanda görüşə bilirdim.
Anam Gürcüstana gələndə torba-torba qurudulmuş qızılgül gətirir. Birlikdə əkdiyimiz güllərin qurumuş ləçəklərini. Çay dəmləyir, hərdən torbadan bir çəngə çıxarıb, burnuma tutur:
- Gümüş, sən babayın goru, iylə, deyirlər, ürəyə xeyirdi eee…
Mən də gedib görə bilməyəcəyim həyətimizdə bir vaxtlar öz əllərimlə əkdiyim kollardan qoparılan güllərin qurumuş ləçəklərini qoxlayıram. Doğrudan da ürəyimin sakitləşdiyini hiss edirəm.
Norveçlilər kofe içir. Amma mən evimə gələn qonaqlara həmişə Azərbaycan çayı təklif edirəm. Nəzakət xətrinə razı olurlar. Stəkanı könülsüz ağzına aparanlar qəfil qoxuya diqqət kəsilir, uzun-uzadı iyləyib, çaya nə qatdığımı soruşurlar. Kəklikotu, mixək, bir də qızılgül ləçəkləri qatdığımı deyirəm.
Sonra qeyri-ixtiyari deyirəm:
- Deyirlər, qızılgül qoxusu ürəyə xeyirdi…