Məqsəd Nurdan qayıdış hekayəsi: Qoz ağacının göyə baxan gözləri

Məqsəd Nurdan qayıdış hekayəsi:    Qoz ağacının göyə baxan gözləri

02 Aprelel 2023 09:53 1880


"Dağlara dönüş" silsiləsindən


Bacım məndən on yaş böyükdür. Çox qocalıb. Keçən ay mənə isbat eləməyə çalışırdı ki, təqaüd vaxtı çatıb. Tənbəllik etməyib, elə yanındaca "Dost" xidmətinə zəng etdim, ad-soyadını, şəxsiyyət vəsiqəsinin şifrəsini dedim, məlum oldu ki, hələ bir il də gözləməlidir. Belə ki, qadınlar altmış üç yaşına çatmasa, təqaüd ala bilməzlər. Həmişəki kimi bu xəbəri eşidib mızıldandı, sızıldadı və Kəlbəcəri xatırladı.


Bizim Zülfüqarlı kəndi dörd qayanın arasında yerləşir. Uşaq vaxtı mən göydə ağ cızıqlar aça-aça sürətlə uçan təyyarələri görmək üçün səmaya baxanda bacım üstümə qışqırır və deyirdi: "A gədə, başın hərlənər, yıxılarsan". (Ümumiyyətlə, o, həmişə mənə, hərəkətlərimə instinktiv nəzarət edirdi. Sonra başa düşdüm ki, anam atamla birlikdə daim iş-gücdə olduğu üçün tərbiyəmin bir qismini ona həvalə ediblər. Heç indi də xasiyyətini tərgitməyib). Düz deyirdi, çünki bizim kənddə hər tərəf qaya diblərinə sığınmış yamaclıqlardan ibarət idi. Məsələn, futbol oynamaq istəsən, ya xeyli aşağı düşüb Tutquçay vadisindəki düzənlik əkin sahələrində bir yer tapmalı, ya da yaylağa çıxıb biçənəklərdə oynamalı idin.

Atam evimizə bulaqdan su çəkmişdi. Elə hər tərəf yamac olduğu üçün də su dəmir borularla özü axıb qapımıza gəlirdi. Yoxsa indiki kimi, ayrıca su motoru quraşdır, o motoru elektrik enerjisi ilə təmin et - üzü astarından baha başa gəlir. O vaxt atam bulaqdan su çəkdirdyinə görə çox qürurlanırdı, üstəlik bu su xəttinin bir ucunu mətbəxdə quraşdırmağı yamanca olmuşdu, hamı bizə həsəd aparırdı. Nənəm də oğlunun bu işindən fərəhlənib yeri gəldi-gəlmədi bacıma, qonşu qızlara qab yuduzdururdu.

Bacım bulaqdan çəkilən o suyu, mətbəxdəki yuyacağı xatırlayıb mənim şəhər həyatına öyrəncəli olduğuma min cür irad tutanda o günləri xatırlamalı oldum. Onu da deyim ki, torpaqların geri qayıtmasından xeyli vaxt keçsə də, bacım kəndimizə gedə bilmir. Daha doğrusu, bəzən elektron portalda yer olmur, bəzən adını portala daxil edib qabağa salmağa görə rüşvət istədikləri üçün acığa düşür, bəzən də özü qəti qərar verə bilmir. O gün məlum oldu ki, bacım həm də ölümdən qorxur. Sən demə, kəndə gedib qayıdan adamların bir neçəsi geri dönən kimi dünyasını dəyişirmiş. O, adları bir-bir sadaladıqca qəfil başa düşdüm ki, ölənlərin hamısı kişilərdir. Heç buna fikir verməyib, amma bunu ona deyəndə üzü güldü, özünü o yerə qoymamağa çalışsa da, alınmadı, mən isə yenə əlavə izahat verməli oldum:

- Əvvəla, ona görə ki, işğaldan azad olunmuş ərazilərə gedən qadınların sayı kişilərdən azdır, ikincisi, kişilərin əksəriyyəti qocalıb əldən düşüb, amma hər bulaq başında, az qala hər ağac dibində araqdan vurub, kababdan yeyib geri dönürlər. Yəni səbəblər çoxdur...

Bacım da hamı kimi kənddən çəkilmiş hər hansı bir videoya min dəfə baxmaqdan əl çəkə bilmir. Hər dəfə də yeni elementlər kəşf edir, yeni xatirələr ortaya çıxır. Yox, nə bilim, ev belə idi, filan ağac elə idi, filan daş yerini dəyişib, evin o tərəfini kol-kos basıb, burada soyuqluğumuz vardı, orada toyuq damı yerləşirdi və sair və ilaxır. Hər dəfə gözümüz həyətimizdə ermənidən qalma yandırılmış "nol on bir" cəsədinə sataşanda bacım ona qarğış edir, sonra da deyir ki, balam, nəyanquz evi yandırmayıb, amma maşını yandırıb? Axı kənddəki bütün salamat evləri yandırıb çıxıblar. Bacım deyir, ev elə gözəldi ki, əli gəlməyib. Heç kim bu sözə inanmır.

Bu dəfə isə videodakı qoz ağacı barədə aramızda mübahisə düşdü. Video çəkənlər Sarı əmimin dükanının arxasındakı qoz ağacını tərif edə-edə deyirdilər:

- Bax, ay bajı, bura da sizin məhlə, oy ay qa, bu ağac nə vaxt bitib?! Heç yadıma gəlmir. Ayə, - video çəkənin yanında, kadr arxasında kimdirsə ona deyir, - yəqin bunu erməni əkif ki, sonra kəssin ey...

Bacım da guya videoda şərh verən kəndçimizə dərhal cavab verir, yüksək səslə deyir:

- Ay bala, nə erməni, o qoz ağacı mən gözümü açandan oradadır ey, oralara qozu qarğa gətirir, özü bitmir, qoz ağacı əkmək olmaz, düşər-düşməzi olur. Yəqin bunu da biz uşaq olan vaxtlar qarğa gətirif. - Sonra mənə tərəf dönür. - Baloğlan əminin qoz ağacını kim əkmişdi, bilirdik? Yox! Uşax vaxtı orada o qədər təzə qoz yeyirdik ki, əlimiz-ağzımız qaf-qara qaralırdı. - Bacım qəfil qızardı, elə bil onun da uşaq vaxtı ağacın dibində təzə qoz sındırıb yeməyini bildiyimdən pərt oldu. - Səy-səy danışır! Yox bir, musurman əkif!

Bacımın pərt olmasına azacıq sevindim. Amma üstünü vurmadım. Çünki mən də Baloğlan əminin qoz ağacından təzə qoz yeyib evə qayıdanda ağzım elə qaralırdı ki, bacım hirsindən başımı yuyacağa basıb sir-sifətimi yuyur, sonra da xəbərdarlıq edirdi: "Bax bir də o tərəflərə getsən, heş-zad, səni öldürəjəm".

Hə, biz, qonşu uşaqları Baloğlan əminin iri, qol-budaqlı, nəhəng evi xatırladan qoz ağacına necə cumurduqsa, ətrafı şil-küt edir, dirriyi tapdayır, qara, şümal daşların birini altdan, birini üstdən qoyub təzə qozu qabığından çıxarır və ləzzətlə yeyirdik. Baloğlan əmi də bizi hədələməkdən, dalımızca salva tolazlamaqdan elə cana gəlmişdi ki, axırı bir gün hamımızı bir yerə yığıb sakitcə dedi:

- Ta mən də qojalmışam, agac da. Di gizlənməyin, a köpəy uşağı, bu qoz ağacı oldu sizin.

Sarı əmimin dükanı bizim məhlənin qabağında yerləşir, yola baxır. Əmim çox dinc, qamətli adam idi. Nənəm fəxrlə deyirdi ki, dədəsinə oxşayıb, sonra da əlini dağların o üzünə tərəf uzadıb, eyni tərzdə əlavə edirdi:

- Dədəsi haja da getmişdi, Məşhədə də.

Sarı əmim daim dükanın divarına söykənərək günəşdən xumarlanrdı. Əgər bilmək istəsəz, əsl xoşbəxtlik və əmin-amanlıq mənim üçün nədir, deyərdim, Sarı əmim kimi daş divara söykənib günəşdən xumarlanmaq.

Müharibədən sonra heç nə salamat qalmayıb. Valideynlərimiz, əmim, dayım, nənəm - hərə bir qəbiristanlıqda yatır. O gün bacım deyir ki, görəsən, bu ölüləri qəbirdən çıxarıb yerlərinə qaytarmaq olar? Ona cavab verə bilmədim. Özü cavab verir, deyir ki, biz onsuz da otuz ilin ölüsüyük. O vaxtdan ölmüşük, indi yerimizə qayıdırıq, qoy elə ölülər də qayıtsın, "noolajax, biz də ölmək üçün qayıtmırıx?"

Dedim:
- Balıqlar kimi!
- Nə balıx?
- Balıqlar ölmək üçün çayların mənsəbinə qayıdır...
Dinmədi.

Elə nataraz məğlubiyyət olmuşdu ki, adam düşmənə nifrət eləməyi də bacarmırdı. Bütün hisslər adamın ürəyini yarı yolda qoyub qaçıb getmişdi, yoxa çıxmışdı hər şey. Ona görə də bu otuz ildə elə bil hamı oradaca ölüb qalmışdı. Lap buzlaqlar altında donub qalan böcəklər kimi. Ayılanda isə gördük ki, heç nə baş verməyib, amma hər şey - ətraf, zaman elə dəyişib ki, bundan sonra yaşamaqdansa təkrar əbədi yuxuya getmək daha yaxşı olardı.

Atam məhləmizdə iki gilas ağacı əkmişdi. Biri bacım doğulan il, biri də mən. Bacımın gilas ağacı məndən on yaş böyük idi - özü kimi. Çəpər boyu düzülən türşməzə gilənarlar, alma, armud çox dadlı idi. Bizim cingiltili səslərimiz ətrafa yayılır, bu isə Sarı əmimin mürgüləməsinə elə də mane olmurdu. Uzaq başı gözlərini bir anlıq, azca açıb günəşə baxır, təzədən xumarlanırdı.

Bacımla baxışlarımız toqquşdu. Kəndimiz barədə ürəyimdən keçən sözləri ona deyə bilmədim. Həyətə çıxdım, hava limanına tərəf baxdım. Mən elə kəndimizin işğal olunduğu o vaxtdan Bakı hava limanına yaxın qaçqın şəhərciyindəki köhnə tikililərdən birində yaşayıram, buradakı məktəbdə ibtidai sinif müəllimiyəm, bacım isə Mingəçevirdə məskunlaşıb. Buranı abadlaşdrmışam, evə su çəkmişəm. Hərdən yaxınlıqdakı qaçqın yataqxanasının üstünə sarmaşıq kimi yapışıb qalmış su borularına baxıb atamı xatırlayıram. Heç bilmirəm, vaxtı gələndə mən də kəndə qayıdacam, yoxsa yox. Bilmirəm. Mənə elə gəlir ki, Sarı əmimin dükanından burulub məhləmizə girən kimi ürəyim elə oradaca dayanacaq. Ona görə dostlar nə qədər israr etsə də, kəndimizi görməyə getmirəm. Guya qayalardan küsmüşəm, bizi düşməndən qoruya bilmədiklərinə görə dağlardan incimişəm. Bir sözlə, bu kimi min cür yersiz bəhanələr gətirirəm. Əslində isə ölümdən qorxuram, məhləmizə girən döngədən, Sarı əmimin viran qalmış dükanından, bir də illərdir, göydə cızıq çəkə-çəkə evimizin üstündən uçan bütün təyyarələrə mənim əvəzimə baxan qoz ağacından qorxuram. Gör bu otuz ildə o ağac mənim əvəzimə neçə təyyarəyə baxıb. Mən isə buralarda qüssədən ölüb-qalmışam. Axı ölmüş adamın orada nə işi var, bura yaxşıdır. Budur ha, yenə hava limanından göyə qalxan bir təyyarənin səsini eşidirəm, digəri isə lap hündürdə ağ cızıq aça-aça şimala doğru uçur.

Oralarda hər tərəf viran qalıb. Cəngəllər, ağaclar bizim əvəzimizə yaşayıblar. İndi gedib onlara nə deyək? Həmişə "google"dan evimizə baxanda günəşin altında parıldayan gümüşü dəmir damımızı görürdüm, dam elə parıldayırdı ki, elə bilirdim, mən də göydəyəm, cızıq aça-aça uçan təyyarədəyəm. Elə bilirdim, Sarı əmim dükanın divarına söykənib məni gözləyir. Bircə damımızda üz-üzə dayanmış dəmir göyərçinləri görə bilmirdim, heç indi də onları videoda görə bilmirəm. O göyərçinləri erməni dəmirçi usta Qurgen düzəltmişdi, o vaxt dəmirvuran Qurgen damların üstünə belə dəmir göyərçinlər yerləşdirirdi. İndi isə o göyərçinlər də, o parlaq damlar da yanıb külə dönüb. Beləcə, mən də videolara baxdıqca elə bilirəm, oradakı damları və göyərçinləri bərq vurmağa məcbur edən o parlaq günəşim yoxa çıxıb.

Amma bu dəfə qəfil gördüm ki, videoda qoz ağacının üstündə, səmada ağ təyyarə cızığı var. Sevindim. Deməli, o qoz ağacı hələ də mənim gözlərimlə səmaya baxır. Bəlkə də, hər şey o qədər kədərli deyil. Amma bu geri qayıtmaq söhbəti başlayan kimi elə bilirəm, yenə məni məcburi şəkildə haraya isə köçürdür, sürgün edirlər. Axı oradan çıxanda cəmi-cümlətanı iyirmi iki yaşım vardı. İndi isə özümü az qala qoca kişi kimi hiss edirəm. Kim nə deyir desin, mən özümü otuz il əvvəl orada dəfn edib gəlmişəm.

Videodakı qoz ağacının əkilməsinə gəlincə isə... On yaşım olardı, həyətdə oynayırdım, bacım yenə məni axtardı, hansısa buyruğa göndərəcəkdi, elə bu vaxt atamın məni çağırdığını eşidib əlindəki qab-qazanı yuyacaqda taqqıldada-taqqıldada işinə davam etdi. Elə gözəl bir gün idi ki, hər tərəfdən xoşbəxtlik yağırdı. Mən də göydə ağ cızıqlar aça-aça sürətlə uçan təyyarə axtarırdım. Atam Sarı əmimin dükanının arxasındakı iri qayanın dibində yer qazmş, bir qoz tingini də tutub durmuşdu. Ona yaxınlaşdım.

- Ağacı tut, bərk saxla! - dedi.

Atam qoz tingini qazdığı quyunun içinə qoydu və bir xeyli ağaca baxdı. Heç bilmirəm, bu müddətdə bacım necə məni dinc qoymuşdu? Bu vaxt nənəmin səsi gəldi:

- Ay oğul, qoz əkmə, düşər-düşməzi olar. Qoz əkən yurdda qalmaz.

Atam heç vaxt anasına cavab vermirdi. İndi də susdu.

Budur, illər keçib, mən isə hələ də bir əlimlə o ağacı tutub saxlayaraq günəşdən, ətrafdakı quşların cingiltisindən, nənəmin səsindən, yuyacaqdakı qab-qacağın taqqıltısından, indi bacımın məni çağıracağından, atamın gizlin təbəssümündən və bu zaman səmaya baxarkən göydə ağ cızıqlar aça-aça sürətlə uçan təyyarədən asılı halda, o yerdə, o zamanda donub qalmışam. Lap buz altında donub qalan böcək kimi. Əlim hələ də o kiçik qoz ağacının şümal gövdəsindən yapışıb, atamın qazdığı quyunu torpaqlamasını, ağacın dibini tapdayıb suvarmasını gözləyirəm. O isə susur, eləcə ağaca və mənə baxıb fəxrlə gülümsəyir.

Bunları bacıma danışanda bir xeyli dinməzcə mənə baxdı. Gözləri doldu. Və qəfil dedi:

- Bıy, ay qa, sən orda nə gəzirsən, bə mən səni buyruğa göndərməmişdim?!

Fevral-mart, 2023, Bakı, Mərdəkan