Əlbəttə, Messi heyranlarına söz atmaq istəyirəm. Daha faydalı işlərlə məşğul olsanız, ölkəmiz, dünyamız daha gözəl olmazmı? "Heyrət, ey büt..." eşqi içimizdən çıxınca, canımız çıxmasa yaxşıdır, fəqət, deyə bilərsiniz ki, ziyanlı vərdişlərdənsə, futbola maraq, Messiyə heyranlıq faydalı deyilmi? Faydalıdır, futbol ümumən faydalıdır, amma Messiyə bu dərəcədə heyranlıq davamlılıq, benefisiarların gələcək fəaliyyəti və davranışları baxımından neqativdir (Eynən QHT layihələrindəki şərtlər kimi).
Bircə şey aydındır: nəyə heyranlıq və kimə heyranlıq arasında ciddi fərqlər var. Amma hər iki halda, yenə də, həm ölçüləbilən deyil, həm də zərərlidir. Mənə görə isə hətta gələcək nəslin gələcək fəaliyyətlərinin keyfiyyəti baxımından təhlükəlidir. Qoy bunu da deyim, tema bitsin: uşaqlarımızı bu qədər trend asılılığına saldığımızdan, düzünü deyim, hamının yerinə, özüm utandım...
Ömrüm boyu xatırladığım və heç vaxt unuda bilməyəcəyim toy məclisi yadıma düşür. Onda mənim 6-7 yaşım vardı. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində, axar-baxarlı, güllü-çiçəki, şüşəbəndli gözəl evimizdə böyük qardaşıma 7 gün, 7 gecə toy edirdik. (Təxminən bir il sonra biz şəhərə köçdük). Həyatımda bu qədər qarğaşalı (səs-küy mənasında), get-gəlli, inli-cinli məclis görməmşdim. Ən çox xaosdan qorxurdum: elə bilirdim, bu kəsilən cöngələrin, qoyunların axan qanı, qaynayan qazanların, yuyulan qabların şaqqıltısı, bir-birinə bağıra-bağıra göstəriş verən insanların həyəcanlı çağırışları indi dünyanın sonunu gətirəcək. Az sonra başa düşdüm ki, əslində ətrafı bürüyən bu səs-küy, dialoqlar, monoloqlar toyun çeşnisidir - xalça ilmələri kimi tarixə toxunur...
Messinin milli mətbəxi dadmaq üçün dəvət edildiyi qarğaşanı görəndə də həmin məclis yadıma düşdü. Heç nə dəyişməyib! Hətta Messi arxsında bir-biri ilə pıçıldaşıb ora-bura qaçan, var-gəl edən adamlara qoşulub, daha doğrusu, o qatmaqarışığın içində eynən bizə bənzəyir. Heç bilmirəm, sevinim, yoxsa necə? Anladım ki, heç vaxt, heç nə dəyişməyəcək. Və yaxşı ki, dəyişməyəcək...
Bir-iki gün əvvəl dəyərli Tahir Əmiraslanovla rastlaşdıq. Təsəvvür edin, gözləyirdim, görəsən, təzəcə qapağını açdığım termosumdan buğlanan limonlu-mürəbbəli çay içməyimə necə reaksiya verəcək?
- Ən yaxşısını sən eləmisən! - dedi və mən çayın içərisindəki inqrediyentləri ona söyləyəndən sonra o qədər başqa variantlar da səsləndirdi ki, heyrətdən özümü güclə saxlayıb onun yaddaşına heyran olduğumu bildirdim. - Bəs necə, mən dünyaya qazanın içindən baxıram! - dedi.
Vəssalam! Bu yazını və bütün messikimilər sülaləsinin əndrəbadi davranışları barədə fikirləri burada sonlandırmaq da olardı. Lakin bir sözardı çərəz kimi yerinə düşər: toylarımız sübut etdi ki, hər xaosda bir qayda-qanun var - eynən atom və molekulların hərəkəti kimi (hərçənd, kvant fizikası hərəkət zəncirinin də bizim indiyədək bildiyimizdən daha mürəkkəb olduğunu ortaya qoyur). Bircə səliqa-səhman zənciri görünmür. Gec-tez o da qaydasına düşməyəcək!
Narahat olmağıma dəyməz. Messiyə toxunmaq üçün göz yaşları tökən uşaqlar, bəlkə də, vaxt gələcək, özlərinə güləcəklər...
Qaynarİnfo