Məhəmməd Əmin Rəsulzadə
I
Hər ölkənin mədəniyyətinin inkişafı onun ədəbiyyatının inkişafı ilə bağlı olduğu kimi, hər millətin siyasi vəziyyəti də onun mətbuat azadlığı ilə bağlıdır.
O millət, o məmləkət xoşbəxt və azaddır ki, onların mətbuatı azad və xoşbəxt olsun. Bu məsələni lazımınca dərk etmək və anlamaq istəyiriksə, onda gərək mətbuat tarixini oxuyub araşdıraq, onun vəzifələrini və müxtəlif vəziyyətlərini təhlil edək.
Yunan filosofu Ərəstun deyir: “İnsan ağıllı vücuddur. Onun ağlı və işgörmə qabiliyyəti var, bunlardan biri olmasa və ya təzyiq altına düşsə həmin insanın yaradıcılıq qabiliyyəti itmiş olar”.
İnsanın zəkası və fəaliyyəti həmişə irəliyə və yüksəyə can atır. Yaşayan hər şəxs düşünür, daim irəliləyir, dəyişir, onu əhatə edən mühitlə təmasda olur. İctimai həyat – xarici hadisələr və insanlar arasındakı əlaqədən başqa bir şey deyil. Biz bir-birimizlə bağlıyıq, bir-birimizi duyur, bir-birimizlə fikir mübadiləsi edirik. Beləliklə, ictimai əlaqə saxlayıb ehtiyaclarımızı ödəyirik.
Əlaqə müstəqim və qeyri-müstəqim olur. Gündəlik ehtiyaclar müstəqim əlaqə nəticəsində tədricən ödənilir, bunu da danışıqlar yaradır.
Qeyri-müstəqim əlaqələr isə yazı vasitəsilə yerinə yetirilə bilər. Əlaqələr əvvəlcə insanlar arasında bilavasitə görüşmə, ikinci, yazı vasitəsilə həyata keçirilir. İkinci halda adamlar bir-birini görmürlər.
Vəziyyət nəzərdən keçirilsə, görərik ki, qeyri-müstəqim əlaqə üçün yazının meydana gəlməsi zəruridir. Bunu dərk etmək çətin deyil. O zamankı insanlar icma halında çox sadə yaşayırdılar, ictimai ehtiyaclarını ödəyə bilirdilər. O vaxt onların yazıya ehtiyacları olduğunu təsəvvür etmək olmaz. Bunu da bilirik ki, ehtiyac onları səy və çalışmağa məcbur etdi. Tədrici və təbii irəliləyiş, cəmiyyətin inkişafı, cəmiyyət üzvlərinin bu və ya digər yerlərə səfərləri və ümumi ehtiyacların ödənilməsi zərurəti nəticəsində yazı meydana gəldi. İnsanların ümumi ehtiyacları xeyli çoxaldığından ümumi və xüsusi məişət əvvəlki halından çıxdı, fikirlər genişləndi və hissiyyat artdı, onun nəticəsində də yazı ilə insanlar arasında əlaqə genişləndi.
Nə qədər ki, həyat şəraiti, yaşayış tərzi sadə, qeyri-müstəqim idi, yazı da xüsusi və şəxsi səciyyə daşıyırdı. Amma yavaş-yavaş ictimai məsələlər genişləndikcə xəbərlər və yazılar xüsusilikdən çıxdı, ümumi məlumata və ümumi mənafeyə xidmət etdi.
Beləliklə, xüsusilikdən çıxan yazı ümumi mətbuatın mənşəyi oldu, onun ictimai vəzifələri də buradan başladı. Əsrlər boyu mətbuatın təkamül tarixini nəzərdən keçirsək, onun əvvəllər necə olduğunu və simasının necə dəyişdiyini görərik. Mətbuatın əsasını qədimdəki xüsusi yazı və məktublar təşkil edir. Onlarda həmin dövrə aid məsələlərdən bəhs olunur və ümumi xəbərlər verilirdi. Belə məktublar qəzet, mətbuat rolu oynayırdı. Dostlar, xidmətçilər (katiblər) və məşhur adamlar ətraflı məktublar yazırdılar. Onları oxuyub əldən-ələ ötürürdülər, camaat mühüm hadisələrdən xəbər tuturdu. Bu cür təbliğat və nəşriyyat vasitəsi keçmişimizdən bizə irs qalsa da, bir müddət bu iş yüksək rütbəlilər arasında davam edirdi. İndi də, bilirsiniz ki, hər kəs xaricdən vətəninə, ya dostuna məktub göndərəndə “o ölkədən xəbərlər və s...”dən yazır. Eləcə də, vətəndən xaricə məktubda istisnasız yazır: “Ölkənin xəbərləri belədir... və ilaxır” və ya başqa məsələlərdən bəhs edir.
Nəhayət, yeni mətbuat meydana gəlir. Nəşriyyat yarandıqdan sonra bir neçə məsələ ortadan çıxır.
Mətbuatın tərifi və xüsusiyyətləri haqqında demək olar ki, mətbuat ümumi məsələlərin yazılı şərhidir, bir ümumi mənafeyə xidmət edir, onu bütün xalqın nəzərinə çatdırır. Mətbuat üçün üç şərt lazımdır: birinci – yazmaq, ikinci – ümumi mənafe, üçüncü – yaymaq. Əgər bunlardan biri yoxdursa, mətbuat da yoxdur. Yazı ümumi mənafeyə xidmət edib geniş yayılmırsa, o, mətbuat yox, şəxsi yazıdır. Mövzunun ümumiliyini, həmçinin yayılmasını müqayisə etsək, demək olar ki, mətbuatda gedən yazı ümumi mənafeyi güdmürsə, xalqın nəzərinə çatmırsa, o, mətbuat hesab oluna bilməz. Bunlar mətbuatın xüsusiyyətləridir. Həmin xüsusiyyətləri öyrənib dərk etmədən bilmək olmaz ki, mətbuatın vəzifələri, mətbuat azadlığı nədir və ona nə lazımdır?
II
Mətbuatın rolu çox böyük və əhəmiyyətlidir. Mətbuat mühüm milli qüvvələrdən biridir. O, milli iqtidarda dördüncü yerdə durur. Yəni iqtidarın üç qüvvəsi, birinci – qanunvericilik, ikinci – icraedici, üçüncü – hüquq orqanları. Bundan sonra mətbuat gəlir. Digər bir baxımdan, dünyada tutduqları mövqeyə görə beş mühüm dövlətdən – İngiltərə, Fransa, Almaniya, Avstriya və İtaliyadan sonra, altıncı beynəlxalq güc mətbuat sayılır. Yəni altıncı qüdrətli dövlət qələm aləmidir. Bəşər aləmində mətbuatın nüfuz dərəcəsini xalqın ümumi əfkari-ümumiyyəsi də göstərməkdədir. Elə ki, mətbuat ümumin qiymətini aldı, Avropada onun inkişafı üçün geniş meydan açıldı, yayılma imkanı yarandı.
Mətbuatın rolunu, vəzifəsinin əhəmiyyətini öyrənmək üçün onun tarixini nəzərdən keçirmək vacibdir. Bu tarixi diqqətlə nəzərdən keçirdikdə görürük ki, onun ibtidada vəzifəsi nisbətən sadə və yüngül olub, əvvəlcə ümuma aid olan faydalı siyasi xəbərləri yayırdı, daxili və xarici xəbərləri oxuculara çatdıran vasitə idi. Nəşrlərdə sevincli saray xəbərləri, şahlara aid, şahzadələrə verilən imtiyazlar barədə xəbərlər dərc edilirdi. Mətbuat səhifələri verilən məqam və rütbə, mənsəb və dərəcə, tərif, şahanə bəzəklər, saray cah-cəlalı və siyasi hadisələrə dair xəbərlərlə dolu idi. Şübhəsizdir ki, həmin məhdud məsələlərin ömrü az olur, yalnız müəyyən dövrü əhatə edir. Mətbuat təzəcə meydana gəldiyi dövrdə ruhsuz siyasi həyat təsvir olunurdu, onun səhifələrində şahlıq sarayından və şahın şəxsi mənafeyindən başqa bir şey yox idi.
Amma mədəniyyət yüksəldikcə mətbuatın da vəzifələri artdı. Elmi məlumatın çoxalması, tənqidin yaranması, ümumi ehtiyacların və təlim-tərbiyənin genişlənməsi mətbuatın da vəziyyətini dəyişdi. O, camaatın tərbiyəçisinə və xalqın fikirlərini yayan vasitəyə çevrildi. Mətbuat bir məktəb rolunu oynamağa başladı. O həm məktəb, həm də məktəbdən kənar öz işini görürdü. Millət mətbuat vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, ədəbi və siyasi xəbərlərlə tanış olurdu. Mətbuatı hava kimi fərz etmək olar. O hər gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki, müxtəlif ümumi məsələlərdən bəhrələnə bilmir, o öz təcrübəsi vasitəsi ilə də faydalı məlumat əldə edə bilməz. Öz yazıları ilə tanınan şəxslər də özlərinə lazım olan məlumatı mətbuat səhifələrindən ala bilirlər.
Mətbuat millət fərdlərinin, jurnalistlərin şəxsi fikirlərini cəmiyyətə çatdırandır. O, dövrünün mədəniyyəti carçısıdır, öz dövrü, başqa dövrlər barədə lazımi məlumatı camaata çatdıra bilir. Bir və ya bir neçə nəfərin yeni fikirləri min nüsxələrlə çap olunan mətbuat vasitəsilə ictimaiyyətin malı edilir, yayılır. Əlbəttə, yeni fikirlər, səadət və həqiqətin yolunu kəsən köhnə fikirlərlə toqquşur.
İnsanların ictimai-siyasi və iqtisadi vəziyyəti yüksək səviyyəyə çatdıqda mətbuat daha böyük əhəmiyyət kəsb edir. O, müxtəlif fikirləri yaymaqla milləti bütün siyasi və iqtisadi sahələrdə məlumatlandırmalı, məşrutə dövründə həmin sahələrdəki bütün məsələləri mütləq millətə çatdırmalıdır. Beləliklə, mətbuatın özü də siyasi və iqtisadi obyektdir. O, ümumi siyasi təşkilatları təbliğata dəvət edən, ümuma nicat verən, siyasət üzərində nəzarətçi kütləvi təbliğat vasitəsidir, ictimai fikri həyəcana gətirib formalaşdırandır.
Bu mövqedə mətbuat mühüm qüdrət və qüvvət kəsb edir. Ona dünyanın altıncı qüdrətli dövləti və ya dördüncü hakimiyyət ünvanı nahaq yerə verilməyibdir.
Mətbuat xalqın milli nümayəndələrini öhdəsinə götürən, onun görüşlərini ifadə edən, yayan ictimai nəzarətçidir. Hökuməti nalayiq işlərdən çəkindirən, onun fəaliyyətini bir an belə gözdən qoymayan, ciddi əsaslı tənqidə rəvac verən, nöqsanları açıb göstərən, hakim dairələrin yaramaz hərəkətlərinin qarşısına dəmir sədd çəkən də mətbuatdır. Mətbuatın qayəsi məşrutə hökumətidir. Ancaq bilmək lazımdır ki, bu hökumətin də qanun-qaydası nə qədər düz olsa da, o, xalqın müstəqil hissiyyatını lazımınca anlaya bilməyəcəkdir. Bu mənada mətbuat mütləq və müstəqil iqtidardan üstündür. O görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi çıxışları, mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana gətirir, camaatın təlimini və zəkasını zənginləşdirir, eyibləri açır, xəstəlik və yaraları sağaldıb aradan qaldırır.
İndiki dövrdə informasiya vermək, yaxud əqidə mübahisələri aparmaq üçün ümumi meydanlara və bazarlara getməyə ehtiyac yoxdur. İndi bir şəxsin bütün ömrünü mütləq məktəbdə keçirməsinə, dərin təhsil, təcrübə və kəşflərə sərf etməsinə də ehtiyac yoxdur. İndi ölkənin idarə üsulundan və ya nümayəndələrin rəftarından qorxmaq lazım gəlmir. Mətbuat var. O, bütün bu vəzifələri öz öhdəsinə götürüb. Bundan əlavə, qələm sahibi olan bir dəstə adam vardır ki, onlar insanlıq aləminə aid məlumatları verməklə məşğuldurlar və bu fəaliyyətdən çəkinməyəcəklər.
Təzə informasiya vermək, tərbiyə etmək, maarifləndirmək yeni mətbuatın vəzifələrindəndir, o, bu vəzifəni tədriclə, təbii surətdə yerinə yetirir, qalan qaranlıq pərdələri qaldırıb onların arxasındakı zülm, sitəm və təzyiqlərin kökünü kəsməyə çalışır.
Mətbuat elmi, siyasi və bəşəri informasiyanı çoxaldır, bu isə insanların zehninin işıqlanmasına səbəb olur. Mətbu sistemi geniş olan millətin zehni, fikri də işıqlı olur. İnkişaf etmiş millət o millətdir ki, onun mətbuatı azaddır, ciddidir, başqalarına nisbətən çoxuna müyəssər olandır.
Bilik və informasiyanın əsas qaynağı həyatdır. Biliksiz və məlumatsız həyat əsl həyat deyil, cansızdır, ölüdür.
III
Mətbuat bir müəllim vəzifəsini yerinə yetirir. O, xalqın tərbiyəçisidir. O, mənəviyyatdan uzaq ola bilməz. O, təmiz, saf olmalı, əxlaqdan kənara çıxmamalıdır, kənara çıxsa, öz mənafe və məqsədinə xidmət edə bilməz. Aşağı səviyyəli yazı, söyüş, abırı aparan yazı, fitnə-fəsad törədən yazılar – bax bu üç əxlaqdan kənar çıxışlar mətbuatı hörmətdən salar, əxlaqdan məhrum edər.
Tənqidi kobud, ədəbsiz və nalayiq olan yazılar – aşağı səviyyəlilər sırasına daxildir. Bu qəbildən olan mətbuata əxlaqca geri qalmış, tərbiyə görməmiş cəmiyyət üzvləri arasında, mədəni münasibətin nə olduğunu anlamayan yenicə ayılmış millət və yenicə ayaq tutmuş ölkələrdə təsadüf edilir. Ümumi tərəqqi genişləndikcə bu cür ədəbsiz yazılar da mətbuat səhifələrində azalır. İnkişaf və tərəqqinin məntiqi də bunu tələb edir. Digər tərəfdən mədəniyyət yüksəldikcə, əxlaq normaları da bərqərar olur, xalq aşağı səviyyəli yazılara dözmür. İrandakı vəziyyət bu baxımdan ən yaxşı nümunədir. Bugünkü mətbuatla neçə il əvvəlki İran mətbuatı arasında nə qədər böyük fərq olduğu göz qarşısındadır. Bu fərqi görmək üçün indi bizim təzə mətbuatın qələm mübahisələri ilə başqa mədəni ölkələrin mətbuatını müqayisə edin. Əlbəttə, bir afrikalı bizim qəzetləri oxusa ləzzət alacaq, amma onu bir fransız nəzərdən keçirsə, heyrətə düşəcək. Əgər aşağı səviyyəli yazılar, ümumiyyətlə, geridə qalmış ölkələrin mətbuatı payına düşürsə, abır-həyadan kənar və şəhvətpərəst yazılar da mədəni ölkələrdəki mətbuata məxsusdur. Bizim məqsədimiz o yazıları tənqid etməkdir ki, insanlarda şəhvətpərəstlik oyatmaq, ya pis məqsədlər üçün nəşr olunur. Rusiyada onlar “qara ədəbiyyat” adlanır, yəni onların alıcıları cahil, pis, əxlaqsız adamlar hesab edilirlər. belə yazılara bəzən hekayələr, romanlar və bu səpgidən olan digər kitablar da daxildir. Bunların məzmunu şəhvətpərəstlik və eşqbazlığın təsvirindən ibarətdir. Onları yazmaqda məqsəd müxtəlif macəraları oxucunun yadına salıb onda şəhvətpərəstlik hissləri oyatmaqdır. Bu cür kitablar asan və sadə dildə yazılır. Ucuz olur, mədəni hesab olunan ölkələrin əksəriyyətində, xüsusilə Fransada çox yayılmışdır. Bizim ədəbiyyat içində Şeyx Sədinin qəzəlləri böyük ədibin əxlaqının nə səviyyədə olduğunu göstərir. Übeyd Zakaninin divanı da bu qəbildəndir. Übeyd Zakani keçmişdə İstanbulda çap olunmuşdu, amma burada hökumətin qorxusundan yayıla bilmədi. Həmin kitab vaxtilə Tehranda İstanbul nəşri adı ilə buraxıldı, bir çox nüsxəsi yuxarıda göstərilən aşağı təbəqə arasında yayıldı. Bu növ ədəbiyyatdan ibarət olan bir sıra kiçik kitabçalar dəxi milli mətbuat və ədəbiyyatımızı ləkələyir.
Bu cür yazılar aşağı səviyyəli adamların, varlı və yuxarı təbəqənin əxlaqsız məişətindən doğur. Eyni zamanda yoxsulluqdan. Dəhşətli ehtiyacdan və daha yaxşı yaşamaq arzusundan irəli gəlir. Bu bir ədəbiyyatdır ki, həm yüksək səviyyəli varlılar, həm də aşağı səviyyəli cahillər arasında yayılır. Belə əsərlər əxlaqsız varlı ailələrində uşaqlara zövq verən, mövhumi inam və məmnunluq yaradan halva kimi görünür. İnkişaf etmiş ölkələrdə meydana gələn varlılar yoxsulların iş və əməyi hesabına harınlaşmışlar. Yoxsullar isə təhsildən kənarda qalır, öz zəkalarının qüdrətindən istifadə edib, elm yolu ilə öz məişətlərini təmin edə bilmirlər. Diqqət edilərsə, onların əxlaqının aşağı səviyyədə olmasının da buradan doğduğu aydınlaşır.
Nəhayət, bu cür nəşrlərin zərərli və təhlükəli əxlaqi təsirinin də çox olduğunu söyləyə bilərik.
Pozğun qələmə alınan yazı, əsərlər həm əxlaqa, həm də tərbiyəyə böyük zərər yetirir. Öz xeyri üçün cürbəcür yalanlar, qərəzli qara fitnəkarlıq və iftiralar dərc edən mətbuat pozğun mətbuatdır, nəşrdir. Bu cür ədəbiyyat ancaq və ancaq pul qazanmaq naminə nəşr olunur, onların puldan başqa qayələri yoxdur. Belə mətbuatın səsi pul üçün çıxır, sakit olub susması da puldan asılıdır. Onu Avropada “zəkai söyüş” adlandırırlar. Həqiqətən də, belədir. Əxlaqsız qadınlarla belə mətbuatın nə fərqi var? Hər ikisi bir cərgədəndir. Onlar həya və abırlarını yelə verirlər, vücudlarını nəcis qiymətinə satırlar. Əxlaqsız qadın öz vücudunu hərraca qoyur, kim çox pul versə onunla gedir. Pozğun jurnalist də özünü hərraca qoyur, qələmini və vicdanının ixtiyarını “səxavəti” çox olanların ixtiyarına verir.
IV
Ziyanlı mətbuat və pozğun yazı da cəmiyyətə çox əziyyət verən zəhərdir, bəladır, beynəlxalq miqyasda kapitalizm meydana gələndən, zəhmətkeş fəhlə sinfi öz hüquqları uğrunda mübarizəyə qalxandan sonra bu cür nəşrlər geniş intişar tapdı. Elmi həqiqətləri danmaq, tənqidi yazıların qarşısını almaq, ümumin irəliləməsinə və zəhmətkeşlərin beynəlxalq əlaqələrinə mane olmaq üçün yuxarıda söhbət gedən mətbuat varlıların əlində alət olubdu.
Qanunvericilik məclisinə seçkilər zamanı pozğun mətbuat siyasətə qoşulur. İqtidarın cəmaətin, ümumin əlinə keçməsindən qorxuya düşərək ona mane olmağa çalışır. Külli miqdarda pul xərcləməklə mətbuat vasitəsilə hər şəkil və formada olursa-olsun, xalq arasına iğtişaş salıb hamını bir-birinə vurmağa başlayır. Xalqın fikrini döndərmək istəyir. Çalışırlar ki, camaat öz rəyini və siyasi hüquqlarını təzək qiymətinə satsın. Bədbəxtlikdən, bu ədəbi pozğunluq yavaş-yavaş bizim İranda da yayılıb adət halı alır. Mətbuat səhifələri varlı, vəzifəli şəxslərin və xaricilərin pulu ilə qaralanır. Söyüş yazmaq, zəhmətkeşlərin hüququnu tapdalamaq üçün bu cür mətbuata ali təbəqələr pul verirlər ki, onların istədiklərini eləsinlər. Həqiqətən, fahişəsifətli yazıçıların, qələm sahiblərinin əxlaqsız qadınlar kimi ədəbiyyatın ismətini hərraca qoyduqları, millətin cahil və nadanlığından istifadə edib, bir neçə tümən pul xatirinə vətəni və siyasi azadlıqlarını satdıqlarını görəndə adamı heyrət bürüyür. O alçaqlar ədəbiyyata ləkə vururlar, amma işi elə göstərmək istəyirlər ki, guya mədəni ölkələrdə olduğu kimi, bütün yazılarını millət işinə sərf edirlər, məşrutə adına mətbuat səhifələrini qaralayırlar.
Məqaləmizdə pozğun və simasız mətbuatın mədəni ölkələrə aid olduğunu qeyd etdik. Bəzi sadəlövhlər bizim sözümüzdən elə nəticə çıxara bilərlər ki, bəlkə mətbuatın pozğunluğuna və əxlaqın dəyişməsinə mədəniyyətin inkişafı səbəb olubdur? Bəzən belə nəticə çıxarmaq da mümkündür. Hətta mədəniyyətin inkişafı bəzilərini mətbuatı ittiham etməyə də sövq edə bilər. Göstərək ki, mədəni ölkələrdə mətbuatın bir qisminin pozğunluğu mədəniyyətin pozğunluğu nəticəsində deyil. Bu pozğunluq müvəqqətidir. Bəşəriyyət əxlaq və elmin inkişafına, ictimai yeniliyə nə qədər tez nail olarsa, pozğun mətbuatın da ömrü o qədər tez başa çatar. İrəliləyiş isə davam edir, mədəniyyət də daim inkişafdadır. Nə qədər ki insan ömrü var, mədəniyyət də var və inkişaf etməkdədir. Həqiqi mədəniyyət əxlaqın pozulması yox, əksinə, əxlaq pozğunluğunu aradan qaldıran əsas amildir. O, həqiqət günəşini işıqlandırır. Pozğun mətbuatın axırı yoxdur, o, karvansara qonağı kimi bu qapıdan girib, o biri qapıdan çıxıb gedir, çünki onun varlığı da belə davamsızdır.
Keçən məqaləmizdə mətbuatın əxlaqi vəzifəsinin təlim-tərbiyə olduğundan bəhs etmişdik, indi də əxlaqa zidd mətbuatdan söz açaq, onun müxtəlif pis təsirini göstərək. Bu iki növ mətbuatın bir-birindən fərqi məlumdur.
Biz yuxarıda mətbuatın tarixi vəzifəsini göstərmişik. Söyüşçü və abır aparan mətbuatdan yaxşı şey gözləmək olmaz. Heç kəs şübhə etməz ki, qərəzli mətbuat bundan əvvəl dediyimiz mühüm vəzifələrin öhdəsindən gələ bilməz. Həmin vəzifələri ümumi əxlaqı gözəlləşdirmək istəyən ciddi, elmi, mədəniyyətə xidmət edən mətbuat həyata keçirə bilər. Qələmlərindən ismətə zidd yazılar çıxan şəxslər şəhvətpərəstliyi qızışdırır. Bu, təəccüblü görünə bilər. Pozğunluq yaratmaq, hərzəlik etmək, söyüş deməklə məşğul olan jurnalistlər əxlaqı necə gözəlləşdirə bilər, həqiqət və mədəniyyət bayrağını necə ucalda bilərlər? Həmin mühüm vəzifələri o adamlar yerinə yetirə bilərlər ki, qələmlərini insanların zehninin inkişafı, ümumi təlim-tərbiyə və ədalətin genişlənməsi və bərqərar olmasından başqa heç nəyə işlətməsinlər.
Buna görə də zehni inkişafa xidmət edən və öz tarixi vəzifəsini yerinə yetirən mətbuat nüfuz sahibi ola bilər. O, əsas müqəddəs ideyaları müdafiə edərək müxaliflərə önə çıxmağa imkan verməməli, heç bir hədəfdən qorxmamalıdır. Pozğun və əxlaqa zidd mətbuat müvəqqətidir, davamı yoxdur, onun nüfuzu da aşağı və süni olur. O, heç vaxt tarixi əhəmiyyət kəsb edə bilməz, ziddiyyətli, anlaşılmaz fikirləri və müəyyən məsələləri müdafiə etməkdən başqa onun heç bir işi olmaz. Buna görə də mədəni ölkələrdə düz məsləkli və əxlaqlı mətbuata ehtiram və hörmətlə yanaşırlar.
V
Mətbuat o zaman öz vəzifəsini lazımınca yerinə yetirə bilər ki, öz işində tam azad olsun. Öz məqsədinə çatmaq üçün mətbuat azad olmalıdır. Mətbuat azadlığı onun öz işində – yazmaqda, nəşrdə, yaymaqda, insani fikirləri çatdırmaqda tam azad olmasından ibarətdir. Mətbuatın işi insani fikirləri yaymaq, insanların fikirlərinin inkişafını təkmilləşdirmək, mütləqiyyətin özbaşınalığının qabağını almaqdır. Demək olar ki, ümumi inkişaf və yüksəlişin qarşısını almaqda mətbuat azadlığının qarşısını almaqdan zərərli heç nə yoxdur. Bu da təbiidir. Belə olduqda mətbuat öz təlim-tərbiyə vəzifəsini yerinə yetirə bilməz. Çünki deməli olduqlarını deyə bilməz, yazmalı olduqlarını yaza bilməz və öz məsuliyyətinin öhdəsindən gələ bilməz.
Mətbuat azadlığı tarixinə diqqətlə nəzər salsaq, görərik ki, mətbuat meydana gələndən sonra əsrlər boyu necə müxtəlif şəkillərə düşübdür.
Yunanıstanda da, Afina və Sparta da mətbuat geniş yayılmadan əvvəl tam azad idi, hər yazıçı öz fikirlərini və qələminin məhsulunu bütün xalqa azad surətdə çatdıra bilərdi, təkcə rəsmi dinin və ümumi əxlaqın ziddinə olan yazılar qadağan idi. Allahın şəriki olduğunu iddia edən, Allahı danan, beləliklə də, küfrə səbəb olan, ciddi məzhəbi tənqidlər yazılmış kitablar xalqın əxlaqına pis təsir göstərdiyi üçün o zaman yandırılır, müəllifləri isə ya qovulur, ya da məhkum edilirdilər. Beləliklə, yazı nəşr olunmazdan qabaq onu məhkum etmək üçün bir qayda yox idi. Yayılıb xalqın nəzərinə çatandan sonra o, müxalifət və iqtidarın ümumi mühakiməsinə tabe olmalı idi. Buna baxmayaraq, kitablar hədsiz dərəcədə sərbəst yazılırdı. Hətta məzhəbi, qanun-qaydanın əsaslarını lağa qoyan, əxlaqa mənfi təsir edən yazılar geniş yayılırdı, heç yerdə onların qarşısını alıb dayandırmırdılar.
İtaliyada, yəni qədim Romada da eyni vəziyyət müşahidə olunurdu. Qələm azadlığı Afina və Spartadan qabaq burada yayılmışdı. Bu da qədim tarixi şəhərin xüsusiyyətindən irəli gəlirdi.
Bunlara baxmayaraq, belə vəziyyət xristianlığın əvvəllərində çox davam etmədi. Siyasi iqtidar və əfkari-ümumi yeni din əleyhinə yazılanlarla ziddiyyətə başladı, onlara qarşı təzyiqi artırdı. Xristianlar da bütpərəstlər kimi yazılanlara təzyiq göstərdilər. Hər ikisinin də təzyiqləri bir-birinin eyni idi. Burada çox vacib bir məsələyə nəzər salaq ki, əgər bütpərəstlik yayılanda romalılar yazı və kitablara son dərəcə şiddətli müqavimət göstərirdilərsə, xristianlıq meydana gələndə bu təzyiqin əleyhinə çıxdılar. Az sonra xristianlıq dini yenidən Roma imperatorlarının təsiri altına düşüb məğlub oldu, pak din kitablara, yazılanlara nəzarət etməyə başladı, nəzarət senzora çevrildi. Orası da məlumdur ki, xristianlıq meydana gəlib yayılmağında yazılı yayım vasitələrinə möhtac idi. Bu qələm azadlığı bəşəriyyəti İsanın dininə dəvət etməkdə böyük rol oynadı. Elə ki din pərdə arxasında ruhanilərin pozğun məqsədlərinə xidmət etməyə başladı, qələm tənqidə girişdi. Həmin ruhanilər öz fəsadlarını gizlətmək üçün qələm azadlığının qarşısını almağa çalışdılar. Keşişlər dində özbaşına cürbəcür dəyişikliklər və təhriflər yaratdılar. Dinin gücü ilə müxtəlif bəhanələr tapıb qələm və tənqidi yazılar əleyhinə bayraq qaldırdılar. Elə ki xristianlıq Avropada genişləndi, bütpərəstlik yavaş-yavaş süqut etdi, ruhanilər rəsmi məqam və nüfuz sahibi oldular. İlahi səltənətin ixtiyarı papanın əlinə keçdi. O, özünü Allah hesab etdi. Xristianlıq-katolik məzhəbi fövqəladə qüvvəyə malik oldu, bu isə İsa dininin əqidəsinə zidd idi. Ona görə də sonda hər yerdən kilsə-katolik dini və ruhanilərin əleyhinə etirazlar ucaldı, dedilər onlar qoyunsifət gorqazanlardır ki, ruhani libasında öz şəhvətpərəstlik məqsədlərini, mütləqiyyət iddialarını dinin gücü ilə həyata keçirirlər, batində onlarla özbaşına Roma imperatorunun fərqi və təfavütü yoxdur. Möhkəm və ciddi tənqidə başladılar. Tarixin səhifələri şahiddir ki, xalq öz etirazında haqlı idi.
O zamanın ruhaniləri Allahpərəstlik məzhəbini əllərində şərafət, soyğunçuluq aləti etmişdilər, xalqın malını talamaqla, mülkünü qəsb etməklə dərə-bəylik idarə üsulu və yeni mütləqiyyət yaratmışdılar.
Bu tənqidə, hücumlara qarşı papa və kilsə zorakılığa, xalqı dəhşətli surətdə qorxutmağa başladılar, papa hökmranlığının əsaslarını möhkəmləndirməyə, əqidə və qələm azadlığını ləğv etməyə çalışırdılar. Onlar üzərində iki nəzarət: “divan və təftiş” sistemi qoydular.
XII əsrin axırlarında (1183) ruhanilər Vuron şəhərində toplaşıb “Divani-təftiş” yaratmaq haqqında qərara gəldilər.
XV əsrdə (1471) əsas senzura qoyuldu. “Divani-təftiş” şər və məzhəbi mühakimə rolu oynayırdı. Məhkəmə ixtiyari ruhanilərin əlində idi. Onların işi katolik əqidəsinə müxalif və azad fikirli adamları tapıb işgəncə vermək idi.
Bu cür qeyri-qanuni əməllər üçün hər cür alçaqlığa əl atır, istədikləri adamları döydürmək, öldürmək, hətta tikə-tikə doğratmaqdan da çəkinmirdilər. “Divani-təftiş”in əli ilə tələf olan insanların sayı-hesabı yox idi. Onların hesabını heç kəs söyləyə bilməz.
“Divani-təftiş” İspaniyada əvvəlcə dini təəssübə xidmət edirdi. Sonralar səltənət istibdadının mənafeyini qorumağa başladı.
Senzura və yoxlama nəşrləri elmi və ədəbi cəhətdən inkişafına çox ziyan vurdu. Senzura katolik dini əleyhinə çevrilmiş nəzəri fikirlərin və elmin tərəqqisinin qabağını da alırdı. Senzura xüsusi heyətlərdə təşkil olunmuşdu, bunların işi məhkəmə aparmaq, yazıları məhkum etmək, papa və kilsəni tənqid edən kitabları aradan götürmək idi. Kilsə və dövlət qulluqçularının özbaşınalığını tənqid edən əsərlər yandırılırdı. Senzura məmurlarının xoşuna gəlməyən kitablar da oda atılırdı.
Diqqətəlayiq məsələ budur ki, senzura yaranandan düz 30 il sonra papa IV Sikst tərəfindən çap maşını ixtira edildi. XV əsrin axırlarında o, papa II Aleksandr tərəfindən təkmilləşdirildi. Birinci dəfə “Qadağan olunmuş kitabların siyahısı” kitabını çap etdilər.
Kilsənin yaratdığı divan və senzura – hər ikisi mütləqiyyət hakimiyyətinə xidmətə keçdi, keşişlərdən sonra yeni yaranmış hakimiyyətin tapşırıqlarını yerinə yetirməyə başladı, həyat və ümumi məişətin ixtiyarını öz əlinə aldı, xalqın elmi, milli intibah meyilləri və hərəkatını müdafiə etmək məcburiyyətində qaldığını dərk etdi. Əlbəttə, şahlıq rejimi mütəfəkkirlərin tənqidinə dözə bilmirdi. Onların iradə və fikirləri ilə razılaşmaq istəmirdi. Buna görə də ruhanilərin tədbirlərindən istifadə etməyə, onlardan kömək istəməyə məcbur olurdular.
İngiltərə krallığı başqalarından daha tez senzura tətbiq etmişdi. Ondan sonra Fransa, Almaniya, İspaniya və b. tətbiq etdi. Nəhayət, harada ki şahlıq-monarxiya möhkəmləndi, senzura orada özünə yer elədi, onlar bir-birindən aralanmadılar. Milli inqilablar dövrü qurtarandan sonra 1648-ci ildə senzura aradan yığışdırıldı. Sonra mətbuat, söz və düşüncə azadlığı elan edildi. Amerikada öz müstəqilliyini əldə edəndən sonra mətbuat və düşüncə azadlığı burada, ondan sonra 1789-cu ildə Fransada elan edildi. Lakin həqiqi mətbuat azadlığı XIX əsrdə milli inqilablar dövründə oldu və təkmilləşdi. Bu əsr nurlu əsrdir. Mətbuat azadlığını boğan əngəllər, şeylər ortadan götürüldü. Mətbuat əsl hüququnu əldə etdi. Mətbuat azadlığı yavaş-yavaş qabaqcıl ölkələrdən, Avropadan digər ölkələrə yayılmağa başladı. Əvvəlcə, təqribən 1866-cı ildə Yaponiyada, sonra 1906-cı ildə İranda, daha sonra 1907-ci ildə Türkiyədə və başqa yerlərdə mətbuat azadlığı elan olundu. Müxtəsər tarixi mütaliə mətbuat senzurasının bünövrəsinin necə zülm, sitəm üzərində qurulduğunu kifayət qədər olmasa da, hər halda, göstərir. Əlbəttə, katolik kilsələrin bu senzuranı necə zülm və istibdad rejimi əsasında qurduqlarını qədim tarix bilmir. Əslində, milli inqilablar səltənəti-mütləq (şahlıq) rejiminin əsasını dağıtdı. Aydındır ki, milli əsarət də elmi, ədəbi əsarətin tayıdır. Millətin azadlığı düşüncənin azadlığıdır. Başqa mənada zülmü güclə aradan götürmək azadlığa bərabərdir. Azadlıqda inkişaf ilahi bəxşişdir.
VI
Mətbuat azadlığına təzyiq göstərməyin nəticəsi çox üzücüdür. Bu təzyiq vəhşilik və məntiqsizlikdən başqa bir şey deyildir.
Mətbuat əsirliyini o şəxslər müdafiə edə bilərlər ki, onların həyat hadisələrindən və bu hadisələrin necəliyindən xəbərləri olmasın, yaxud xəbərləri olsa da, şəxsi mənfəətləri naminə ədalət və hüququ tapdalasınlar.
Mətbuat azadlığı insan azadlığının əsas sütunudur, çünki o, əqlin, təfəkkürün əsas qüvvəsidir. Onun varlığı ağıla və səbrə əsaslanan qüvvədir. Mətbuata təzyiq göstərmək və ya onu aradan çıxarmaqla ağlın qüvvəsini aradan çıxarmağın fərqi yoxdur. Buradan belə nəticə çıxır ki, mətbuat azadlığına əl qaldırmaq insan azadlığına təcavüz etməkdir. Adamların ağlı və fikri azad olsa, onların fərdi inkişafı da sürətlənər. Azadlığın qarşısını almaq insanın ağıl və təfəkkürünü əlindən alıb onu bir maşına, ya cansız alətə çevirmək deməkdir. Məşhur ingilis yazıçısı Milton neçə əsr bundan qabaq demişdi: “Bir yaxşı kitabın aradan çıxarılması bir yaxşı adamın edam olunmasına bərabərdir. Amma bir mətbuat orqanının qabağını almaq, ya onu aradan çıxarmaq nalayiq bir vəziyyətin yaranmasına səbəb ola bilər ki, bu da yer üzündə həyatın yox olmasından əlavə, mənəvi nəticələr verər və ağlın qüvvəsini də yox edər”.
Beləliklə, mətbuatda senzura və ona təzyiq göstərmək ancaq adamları hissiyyatsız edər və onların məhvinə səbəb olar.
Şəxslər ki, hissiz olub kütləşdilər, əqli qüvvə və zəka da işdən düşər. Ümuma xidmət edən mətbuat və nəşriyyatı bir dəstə yandırsa, onu aradan çıxarsa, elm və ədəbiyyat necə inkişaf edər? Şəxsi mənafeyə xidmət etməyən bir ədəbiyyatın qarşısı alınıb təbii yolundan çıxarılsa, o, həqiqəti göstərməyə necə nail ola bilər? Onlar həqiqəti deyə bilməzlər. Bəzən də senzura məmurları ilə üz-üzə gəlməmək xatirinə, ola bilsin ki, yazıçılar elmi həqiqətləri deməkdən əl çəksinlər. Çünki əkinçiyə toxum səpmək üçün münasib münbit və təmiz yer lazımdır. Maarifin də inkişafına və genişlənməsinə azad mühit və qələm azadlığı lazımdır. Onun qabağı alınanda qələm öz adi hərəkətini qoruyub davam etdirə bilməz. Peşmançılıq işin irəliləməsinə mane olar. Bu zaman yazıçı və alimlər öz məlumat dairələrini və nəşriyyatlarını genişləndirməyə çalışmaq əvəzinə, özlərini müəyyən edilmiş hüquqdan çıxmamağa məcbur edərlər, qələmlərini təyin olunmuş qaydadan kənara çıxarmağa qoymazlar. Buna görə də onlar xalqın təlim-tərbiyəsi ilə bağlı heç nə edə bilməzlər. Maarifin və inkişafın qabağını kəsmək, mətbuat azadlığını əldən almaq senzura işçilərinin əsas məqsədidir. Onların fəlsəfəsinə görə, əsl həqiqət nə qədər gizli qalsa, insanlar nə qədər savadsız olsa, dövlət o qədər də rahat hökm sürər, dövlət başçılarının istəkləri xoşluqla həyata keçər.
Senzura olan ölkələrdə maarifin tərəqqisinin qarşısını almaq üçün ayrı maneələr də vardı. Bu qaydanın siyasi nəticəsi çox əhəmiyyətlidir. Heç kəs inkar edə bilməz ki, mətbuat azadlığının olmaması zülmün, sitəmin, təcavüzün və qarətin yayılmasına səbəb olar. Keçən məqalədə senzuranın ədaləti məhv etdiyini şərh etdik. Göstərdik ki, istibdadçı mütləqiyyət senzuradan öz siyasi məqsədlərinə çatmaq üçün necə istifadə edirdi. Məlumdur ki, milli amalların qarşısını almaqda, eyiblərin üstünü örtməkdə, dövlətin qəbahətli və çürümüş siyasətini müdafiə etməkdə senzura nə qədər iş gördü. Azadlıqla siyasi əsarətin fərqi belə bir şəraitdə özünü göstərir. Gizlilik və açıqlığın fərqi də budur. Zülm, istibdad və mütləqiyyətin davamı həqiqətləri gizlətməklə bağlıdır. Mütləqiyyət üsulunun davamı, sirlərin gizli qalması, həqiqətin ört-basdır edilməsi bilavasitə senzuranın işidir. Senzura şübhələr yaranmasının, mühüm məsələlərin gizlədilməsinin, siyasi zülmün icra olunmasının əsas amilidir. Mümkün olan bütün əyriliklər, oğurluqlar, fırıldaqlar, zülmlər həmin pərdənin arxasında öz işini görür.
Mətbuatın əsarəti zəhmətkeşlərin və zülm altında əzilənlərin səsinin boğulması, onların dərdlərinin xalqa çatmasına mane olmaqdır, bu da əksəriyyətin istədiklərinin qarşısını almaqdır.
Siyasi baxışdan əlavə, bir əxlaqi heysiyyət də vardır. Mətbuatın əsarəti əxlaq pozğunluğu törədir, əxlaq gözəlliyi və yaxşı xüsusiyyətləri aradan çıxarır, yalan danışmağı, oğurluğu və casusluğu yayır, ədəbi və qələm pozğunluğu meydana çıxarır. Bunun nəticəsində bir dəstə yazar ortaya çıxır ki, onlar öz şərəf, fikir və əqidələrini saxta rütbə qazanmaq üçün nəcis qiymətinə satmağa hazır olurlar, zülmü və sitəmi müdafiə edirlər, biçarə milləti avara və sərgərdan qoyurlar. Bu da bir sıra qələm fahişələrinin cəmiyyət içinə girməsinə səbəb olur. Keçmişdə necə ki demişik, əxlaqsız qadınlar kimi bəzi jurnalistlər də namuslarını satır, pak əməllərini murdarlayır, vicdan və namuslarını, abırlarını həyasızlıq bazarına çıxarıb, kələfin ucunu əldən verirlər.