Elə duyğular var, onu hiss edən insanları yaralamaqdan və həyat eşqini zəiflətməkdən başqa bir işə yaramır. Təkamüldə sağ qalmaq qaydalarının ziddinə olan bu duyğular, çox güman, istehsal xətalarıdır. İnsanlıq təkamüldə təcili yeni mərhələyə keçməlidir ki, həmin duyğular artıq atavizm kimi tək-tük insanda qalsın. Əgər təbiət mənim bu tövsiyəmi eşitsə, növbəti mərhələ həmin atavizmli insanlar üçün tamam dözülməz olar və onların da nəsli qısa müddətdə tükənər. Beləcə, məsələn, heç bir məyusluq hissi keçirməyən, keçirə bilməyən həyasızlar bütün dünyanı bürüyər. Artıq heç bir insanı məyus edərək həyatdan soyutmaq, sağ qalmaq uğrunda mübarizəsinin önünü kəsmək mümkün olmaz. Bu da insan növünün daha uzun müddət həyasızcasına davam etməsinə səbəb olar.
Azərbaycan dilinin izahlı lüğətində məyusluq belə izah edilir: Arzunun baş tutmaması üzündən insanda əmələ gələn kədər, ruh düşkünlüyü, pərişanlıq, ümidsizlik hissi. İzahdakı arzu yalnız böyük arzuları nəzərdə tutmur. Hər bir xırda gözlənti onun baş tutması arzusunu daşıyır özündə. Bəzən xırda gözləntilərin baş tutmamasının yaratdığı məyusluq çox hiss edilmir, insanı birbaşa narahat etmir. Amma zaman keçdikcə, bu xırda məyusluqlar mütəmadi təkrarlandıqca bir də ayılırsan ki, səbəbini anlaya bilmədiyin bir ruh düşkünlüyü, pərişanlıq, ümidsizlik hissi çöküb üzərinə. Məyusluqların çoxluğu insanı sonda özünütəcridə sürükləyir. Mütəmadi məyusluq həm də uduzmaq duyğusu yaradır. Uduzmaq qorxusu həyat oyunlarına girməkdən çəkindirir insanı.
Xoşagəlməz duyğular silsiləsində məyusluq tək deyil. Başqa xeyli belə idbar duyğular var. Amma məyusluq bunların içində ən gözəbatanı, ən çox hiss ediləni, gündəlik həyatımızın başı üstündə Domokl qılıncı kimi dayananıdır. Elə cəmiyyətlər, ölkələr, regionlar var, orada məyus olmaq alın yazısıdır, insanın beşikdən qəbrə qədər ən yaxın yol yoldaşıdır. Nadir hallarda nəsə gözlədiyin, arzuladığın kimi nəticələnir. Arzuladığının ən kiçik hissəsinə nail olmaq üçün isə əvvəlcədən hesabladığın qüvvənin, əziyyətin dəfələrlə artığını verməli olursan. Böyük hədəfləri, arzuları, gözləntiləri qoyaq bir kənara. Ən bəsit məişət hadisələrində də məyus olmaq qaçılmazdır.
Dəfələrlə getdiyin, yeməklərindən və xidmətindən razı qaldığın bir kafeyə, restorana növbəti dəfə həvəslə gedəndə, görürsən, bu xidmətin lələsi köçüb, yurdu qalıb. Başına çırpılmayıb qarşına qoyulduğu üçün şükür etdiyin yeməyi birtəhər yeyib kor-peşman çıxırsan və bir daha qayıtmamağa and içirsən. Hələ sinəni irəli verib başqalarını da arxayın-arxayın dəvət etmisənsə, ya kiməsə məsləhət görmüsənsə, məyusluğun həddi bir neçə qat artır. Yaxud başqa xidmət yerləri. Hamısında eyni nəticə ilə qarşılaşırsan. Artıq heç kimə heç bir məkanı tövsiyə etməmək, getdiyin məkanların sayını tamam azaltmaq qərarına gəlirsən. Təcridə gedən addımlardan biri.
Çoxdandır görmədiyin dostlarla xoş vaxt keçirmək arzusu ilə görüşürsən. Əvvəlcə hər şey yaxşı gedir. Çox pis gedişatdır əvvəlcə hər şeyin yaxşı getməyi, çünki arzunun artıq reallaşdığına inancı daha da artırır. Bu inancın artmağı ehtimal olunan məyusluğu daha da dözülməz edir. Dostlarsa məclisin ortasında sənin məyus olmağın üçün əllərindən gələni edirlər. Davranışlarına, fikirlərinə məyus-məyus baxırsan. Bu dəfə alınmadı deyib, başqa dost-tanışla görüşürsən. Oxşar vəziyyət baş verir. Hətta bəzən daha ağır formada. Sonra bir gün kor-peşman evə qayıdanda yoldaca qərar verirsən ki, görüşdüyün insanların sayını tamam azaltmalısan, hətta bəzən sıfra endirməlisən. Təcridə gedən addımlardan növbətisi.
Müdrik və qışda isti soba kənarında maraqlı nağıllar danışan baba axtarışındakı uşaqlar kimi, vaxtilə böyük hesab etmək istədiyin insanların bir gün necə boş və çürük olduğunu görürsən. Şövqlə lehinə danışdıqları şeylərə ən böyük düşmənin elə özləri olduğunu anlamayan bozarmış natiqlər yaşın və təcrübənin faydalılıq ehtimalını bəzən alt-üst edirlər. Sonra anlayırsan ki, özlərindən asılı olmayan yaş artıb, amma artması özlərindən asılı olan təcrübə və ağıl yalnız uşaq nağılları danışmağa uyğundur. Beləcə, artıq nəinki gələcəyə dair arzular, hətta keçmişdəki inanclar və düşüncələr də məyusluq yaradır. Buyur, bu da növbəti təcrid səbəbi!
Yaxınlarda radioda bir sosial çarx dinlədim. Radiodan gələn səs insanlara liftlərdə necə davranmağı izah edirdi: Liftə minərkən divarlara tərəf çəkilin, liftdən düşən varsa, sağa çəkilin və düşənlərə yol verin. Çox şeyi izah etməyin vacibliyini təsəvvür edirəm, amma heç vaxt ağlıma gəlməzdi bu qədər bəsit bir davranışı izah etməyə, bundan ötrü sosial çarx çəkməyə ehtiyac yaransın. Bəzən heç izahına ehtiyac görmədiyimiz, tamamilə sadə hesab etdiyimiz şeylərin də açıqlamasına zərurət yaranır. Hər şeyi izah etməyin də yoruculuğu məlumdur. Sadə bir fikrin düzgün anlaşılması üçün saatlarla izah tələb olunur. Sonra o izahın da ayrı bir izahı olmalıdır. Nəticədə, həmsöhbətin yenə öz eşitmək istədiyini eşidəcək, söylədiklərin əlavə vaxt və enerji itkisindən başqa bir şey olmayacaq. Bu qədər yorucu ünsiyyətlərdən sonra anlaşılmamağın yaratdığı məyusluq səni uzun müddət susmağa vadar edir. Oldumu təcrid üçün növbəti səbəb?
Arzular və gümanlar tezliklə təslim olmur. Düşünürsən ki, yaşadığın şəhər, yaşadığın ölkə, içində olduğun cəmiyyət inkişafın harada olduğunu gec-tez anlayacaq və mütləq ora doğru gedəcək. Amma zaman keçdikcə səhv etdiyini anlayırsan və inkişaf edəcəyinə inandıqlarının nəinki yerində saydığına, hətta geriyə qayıtmağa and içdiyinə hüznlə tamaşa edirsən. Hətta bir gün artıq heç nəyin dəyişməyəcəyinə əmin olursan və arzu kameralarını bütün ətrafdan çəkib ancaq özünə fokuslayırsan. Təcridə gedən yolda növbəti mərhələni artıq uğurla qət eləmisən.
Özünə fokuslanmış arzuların da başqalarsız mümkün olmadığını anlayanda növbəti arzular, gümanlar yaranır. İnsan beynidir, idarə etmək həmişə asan olmur. Olduğun məkanı və insanları tərk edib tamam başqa şəhərlərə, başqa ölkələrə getməyi düşünürsən. Ən kədərlisi isə, ürəyinin dərinliyində bunun da növbəti məyusluq səbəbi olduğunu, getdiyin yerdə də məyus olacağını bilirsən. Bunu unutsan belə, bir gün qarşına Kavafisin o məşhur şeiri çıxacaq və sənə kədərli həqiqəti bir daha xatırladacaq: Başqa ölkələr tapa bilməyəcəksən, tapa bilməyəcəksən başqa dənizlər; Həmişə arxanca gələcək bu şəhər; Eyni küçələrdə dolaşacaqsan, qocalacaqsan eyni məhəllələrdə; eyni evlərdə ağaracaq saçların.
Arzu kamerasını özündən və ətrafından uzaqlaşdırıb dünyaya yönəldirsən. Başı daşdan-daşa dəymiş, yaxşını-pisi artıq ayıra bildiyinə inandığın dünya yəqin ki, doğrulara bizdən bir neçə köynək daha yaxın olar, deyirsən. Sən demə məyusluğun ən böyüyü orada imiş. Tükənməyən müharibələr, qan və ağalıq hərisliyi, böyük axmaqlar və axmaqlıqlar. Səhər açılan kimi gözümüzə soxulan dağılmış insan parçaları, yerlə bir edilmiş şəhərlər, nüvə təhdidləri, yeni müharibə elanları. Arzu kamerasını təcili geri qaytarıb tutmağa təzə yer axtarırsan. Bəlkə də, kameranı söndürməyin zamanıdır. Təcridə gedən yolda yeni bir məhələ artıq geridə qaldı.
Məyusluq çox pis duyğudur. Başqalarında görəndə də özümü narahat hiss edirəm. Özüm isə məyusluqdan möhkəm qorxduğum üçün müdafiə mexanizmi qurmağa çalışıram. Üsullar sadədir: gözləntini mütəmadi aşağı tutmaq, öz şəxsindən kənarda, başqalarına dair arzuları azaltmaq, hətta mümkünsə, belə arzuları yaxına buraxmamaq, gələcəyə dair heç bir proqnoza inanmamaq. Amma üsullar sadə görünsə də, bunlara həmişə riayət etmək mümkün olmur. İki səbəbdən: birincisi, insanlıq halları çox müxtəlifdir, hər dəfə emosiyalara nəzarət etmək olmur; ikincisi isə, gözləntini nə qədər aşağı tutsan da, heç nəyə pis mənada daha təəccüblənməyəcəyinə inansan da, səni yanıldan, gözləntinin aşağı həddindən də aşağı, mənfiyə doğru yol alan vəziyyətlərlə hər an qarşılaşa bilirsən.
Külli miqdarda məyusluqlara qarşı müqavimət bir yerdə qırılır və özünütəcrid qaçılmaz olur. Məyusluqlardan qaçıb sığındığın təcridin müdafiəsi isə müvəqqətidir. Özünütəcrid getdikcə reallıqdan qoparır insanı və bir gün reallıqla ən xırda təmas yüksək gərginlikli elektrik naqilinə təsadüfi toxunuş kimi ağır işgəncə verir. Məyusluğun növbəti daha ağır mərhələsi! Beləcə, məyusluq girdabından qurtulmağın az qala mümkünsüz olduğunu anlayırsan.
Bir zamanlar məyusluqlara görə günahlandırdığım tanrının sonradan özünün də çox məyus ola biləcəyini düşündüm. Tanrı ilə aramızda olan texniki problemləri çoxdan həll etmişik. Qarşılıqlı qəzəbdən sonra indi qarşılıqlı hörmət və mərhəmət hissi var aramızda. Tanrının varlığını xəyal edəndə onu çox kədərli və məyus təsəvvür edirəm. Və tanrıya yazığım gəlir. Əgər xırda məxluq olan insan bu qədər məyusluq hissi keçirirsə, tanrının yaratdığı təbiətin və insanların davranışlarını və islah olunmayan qüsurlarını görüb şiddətli dərəcədə məyus olmaması mümkün deyil. O, öz işini gördü. Çox çalışdı: peyğəmbərlər, səmavi kitablar, cəzalar, mükafatlar, vədlər. Əvvəllər necə də ümidli imiş! Yəqin ki, sonradan baş verən prosesləri dəhşətlə seyr edirmiş. Son ümidini isə Ərəbistan çöllərində itirdi. İndi daha nə arzusu var, nə ümidi. Nə peyğəmbər göndərir, nə səmavi tövsiyələr. İndi uzanıb özünə doğma bildiyi kimsəsiz ulduzların birində, məyusluq və kədər içində kainata tamaşa edir, arada istehzalı təbəssümlə başını bulayır.
Məyusluqlardan qaçışın yaratdığı özünütəcriddən sonra daha qorxulu sonuncu mərhələ var. Bütün məyusluqların səbəbinin yalnız başqalarında deyil, səndə də olduğunu, sənin də başqalarını və özünü tez-tez məyus etdiyini anladığın aydınlanma anı artıq yoxolma mərhələsinin başlanğıcıdır. Bəlkə, tanrı özü də bu məqama yetişib, ya da yetişəcək. Amma özünün ölümsüzlüyünə inanır deyə, narahat deyil. İnsanınsa belə imtiyazı yoxdur.
Yazını təkamüllə başlayıb, tanrı ilə bitirmək də bir məyusluq məhsuludur. Baş verənlərin səbəbləri yerdə olsa da, təsəllisi göylərdədir. Yardım axtarışı kimi təsəlli yox, ən böyük olanın da məyusluğunu görüb sakitləşmək üçün təsəlli.
thebakureview.com