Meyxana pandemiyasının öldürdüyü nəsil

Meyxana pandemiyasının öldürdüyü nəsil

19 May 2022 15:00 304


Ölkəmizdə üç mövzu daimi gündəmdədir: toy, meyxana, kriminal.

Yadımdadır işlədiyim saytların birində “Azərbaycanda qeyri-adi toy” başlıqlı yazı vermişdik, oxunma sayı rekord qırdı.

Kriminal da məlum. Bəzən insanı depressiya və stressdən ona aid olmayan daha gərgin hadisələr xilas edir. Bu xəbərlər və bu qisim film-seriallar həm də içimizdəki potensial qatili ovudur.

Bəs meyxana niyə həmişə gündəmdədir? Seçkilərdən tutmuş rayonlarımızın işğaldan azad olunmasına qədər ən ciddi hadisələr belə onu arxa plana keçirə bilmir.

Meyxana bir subkultura faktıdır. Alt-kültür mənasını verən bu ifadəni təxminən belə izah etmək olar: mədəniyyətin zirzəmisi.

Zirzəmi düşüncəsi (andeqraund) həm də meyxananın təbiətindədir. Əslində onun mövcudluq şərti “qalstuklu kültürə” alternativlikdir.

Sovet İttifaqı nə qədər “aşağıların” ölkəsi sayılsa da, alt-kültürləri sevmirdi. Çünki burada fərdlərin ifrat azadlığı açıqca təbliğ olunur, hətta bu azadlıq bəzən özbaşınalığa qədər gedib çıxırdı. İçki, nəşə, həbsxana mövzuları, qanuni oğrulara simpatiya meyxananı “yuxarılar” üçün qorxulu, “aşağılar” üçün cazibədar etmişdi.

Sovetlərin dağılması bir çox sürprizləri ilə yanaşı meyxanaya verdiyi ifrat azadlıqla da xarakterizə olundu. Alt-kültür kültürün yerinə keçdi. Andeqraund həyat sürən “meyxana ustaları” efirdən “SMS” dilənməyə başladılar. Etiraz sənəti “Həci”lərdən açıq maddi dəstək ummaqla “özünü təklif etməyə” başladı.

Bu, gerçək kültürü öz ayaqları üstündə dura bilməyən Azərbaycana açıqca qəsd idi.

Meyxana özünün mənəvi ölümü - maddi dirçəlişi mərhələsinə qədəm qoymuşdu.

İndi isə mütərəqqiliyə zərrəcə dəxli olmayan bu spesifik yaradıcılıq sahəsi o qədər kütləviləşib ki, az-çox intellekti olanları ciddi-ciddi düşündürməyə başlayıb.

Meyxananın ahəngi yoluxucudur. Son illər Türkiyədə də özünə dinləyici yığmağa başlayıb. Ciddi ədəbiyyatımızın bircə addım ata bilmədiyi qardaş ölkəni meyxana fəth etməkdədir. Dəhşət nədədir: biz ağıllı türklərin gözündə petrol pullarını sağa-sola səpələyə-səpələyə meyxana dinləyən geri zəkalılarıq.

Alt-kültür dünyanın hər yerində var, lakin o ölkələrdə əsl kültür də lazımı qədər inkişaf edib və özünün əks qütblərinə müqaviməti yüksəkdir.

Bizdə isə vəziyyət doğrudan da fəcidir!

Kültür öz yerində deyil deyə, alt-kültür təşəbbüsü ələ alıb və düşünməkdən məhrum, balaca zəkası “danqa-durunq”la havaya sovrulan yüz minlərlə “cırt-qoz” yetişdirib. Lazımından artıq dindar, milli mentalitetin ən sarsaq cəhətləri ilə silahlanmış bu kəsim öz qara kurtkaları və ciblərindəki milli bıçaqları ilə təkcə mədəniyyətin deyil, həm də dünyəvi düşüncənin düşmənidir.

Çevrəsi getdikcə böyüməkdədir. Çevrəsi böyüdükcə meyxanaya sosial yatırım da artır. Tələb-təklif paradoksuna girən cəmiyyət başını tamam itirib.

Biz indi təxminən meyxana pandemiyası zamanında yaşayırıq və virusdan fərqli olaraq bundan qorunmaq və ya buna qarşı peyvənd olunmaq imkanımız yoxdur.

Mətbuat öldükcə, ədəbiyyat zəiflədikcə, kitab lazımı məqamına yüksəlmədikcə meyxana hər yanı ağuşuna alır. Sosial platformaların ifrat azadlığı bu “sənət”in ifrat özbaşınalığı ilə bütün bəhrlərdə qafiyələnərək daxili dünyası çırtma ritminə köklənən dingilim-tuş nəsil yetişdirir.

İstedadlı gənclər də rəşaddağlıların, namiqaraçuxurluların və namiqmənaların yaxşı yaşayışını, bahalı maşınlarını, saysız-hesabsız fanat ordusunu görüb onlara bənzəmək, onların yolu ilə getmək istəyir.

Anlayıram, iki-üç düşük qafiyə ilə sənət ehtirasının orqazmını yaşayan düşünmə əngəlli çoxluğu idarə etmək asandır, ona görə ixtiyar və imkan sahibləri üçün hava xoşdur. Lakin bir gün heç bir dildən anlamayan milyonlara adi həqiqətləri də izah eləmək mümkün olmayacaq. Onda düşdüyümüz vəziyyətə uyğun bircə dənə də qafiyə tapa bilməyəcəyik.

BakuPost