Bəlkə də dünyada Mikayıl Müşfiq və Federiko Qarsiya Lorka qədər bir-birinə yaxın, ruh əkizi, tale qardaşı şair olmayıb. İkisi də azğınlaşan dünyaya öz lirikaları ilə meydan oxumuşdular. Müşfiq bir də geri gətirilməsi mümkün olmayan, axıb su kimi əlimizdən gedən xoşbəxt anlar haqqında dünyanın ən böyük şeirlərindən birini - "Yenə o bağ olaydı"nı yazmışdı, Lorka eyni şeyi qaraçı nəğmələrində, öküz döyüşündə ölən dostu İqnasio Sançez Mexio üçün yazdığı elegiyada etmişdi. Və bu peyğəmbəranə şeirlərin əhvalı həm də çox keçmədən baş verəcəkləri xəbər verirdi... Lorka Qranada şəhərində öldürülüb. İndi Lorkasevərlər şairin öldürüldüyü yerdə, Alfakardakı zeytun ağaclarına onun şeirlərdən misraların yazıldığı kağızlar asırlar. İspanlar başa düşüblər ki, şairin skeleti olmaz, onun bədəni qarışan torpaqda ancaq söz çiçəkləyə bilər...
Sunay Akından oxumuşam, olduğu kimi paylaşıram: "Anadolunun bir kəndində günəş yavaş-yavaş batmağa, hava qaralmağa başlayır. Qaranlıq kəndin üstünü örtür. Kənddəki evlərdən birində bir kişi ilə bir qadın yerlərini salıb yatmağa hazırlaşırlar. Ertədən yatıb səhər sübhdən duracaqlar. Kişi paltarını dəyişib, yatağa girir. Evin pəncərəsindən bir kölgə keçir, bir kölgə keçir qaranlıq bağçaya düşən işıqda ağacların arasından. Qadın pəncərədən baxır və gülümsəyir. Qadının sevgilisi bağçadadır... Vədələşdikləri kimi, razılaşdıqları saatda və yerdə sevgilisi onu gözləməkdədir. Ərin yatmağından əmin olan qadın, sakitcə yerindən qalxır, əynini geyinir... və pəncərədən hoppanıb qaçır. Başqa biri üçün ərini tərk edir. İki sevgili qaçmağa başlayır... Tarlaları, çəmənləri keçirlər...
Anadolu kəndidir, necə qaçmasınlar ki?! Arxalarından onları qovalayan o qədər şey var ki: namus bəlası, törə cinayətləri, yoxsulluq, cəfa, qorxu. Dallarınca bunlar düşmüşkən, necə dayanmaq olar ki?! Kənddən xeyli uzaqlaşandan sonra, nəfəslərini dərmək üçün dayanırlar. Qadın fasiləni fürsət bilib təngnəfəs dillənir: “Evdən çıxandan bəri ayaqqabım sıxır, elə bil, içində nəsə var.” Qadın ayaqqabısını çıxarıb baxır ki, içində bir topa pul. Əri hər şeyi bilirmiş. Bilirmiş ki, qaçacaq... “Məni tərk edəcək, amma illərlə şorbasını içdim, paltarlarımı yudu, ütülədi, üstümdə zəhməti var.”
Həmin yoxsul kəndli kişi başqasıyla onu tərk edən arvadı yad ellərdə ac qalmasın deyə, arvadının sürətlə ondan uzaqlaşan ayaqqabısının içinə bütün pulunu qoyubmuş.
O böyük ürək sahibini, o inanılmaz böyüklüyü göstərən kişini hamınız tanıyırsınız. Çünki o məşhur misrasında bizə səsləndiyi kimi, həmişə “uzun incə bir yoldaydı və gedirdi gündüz-gecə...”
O, Aşıq Veysəl idi.
Bu izahagəlməz hissin əkiz qardaşı Müşfiqin bir şeirində var, onu da bir dəfə Azər Qaraçənli yazmışdı. Görün nə deyir Müşfiq:
Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?
Sevgilinin hətta özgəsinə üz tutmağında belə onun sevmək hissini itirmədiyinə, sevgidən aralı düşməməyinə qurban olan şairin cismi elə yoxa çıxmalı, izaholunmazlığa qarışıb əbədiyyətə çevrilməliydi.
Ruhlarına ehtiramla!