Tanınmış yazıçı Vidadi Babanlının “Vicdan susanda” romanı nəşr olunub.
Kitab “Qanun” Nəşrlər Evinin yeni başladığı “Milli bestseller” layihəsinin ilk kitabıdır.
Bu layihədə sovetlər zamanında bestsellerə çevrilmiş Azərbaycan ədəbiyyatı nümunələri işıq üzü görəcək.
“Vicdan susanda” romanında yüksək vətəndaşlıq, nəciblik, xeyirxahlıq hissləri ilə cılızlıq, paxıllıq, sırf şəxsi mənafe güdən bədxahlıq kimi çirkin əməllər qarşı-qarşıya durur. Güzəştsiz ölüm-dirim çarpışması gedir. Bir sözlə, köhnəliklə təzəlik tərəfdarları “döyüşür”. Bu vuruşda iki vicdan, iki əqidə, iki psixologiya üz-üzə dayanır.
Birinci qütbdə təmiz əxlaq, saf vicdan sahibləri; vətənə, xalqa, cəmiyyətə, ümumilikdə bəşəriyyətə təmənnasız xidmət edənlər: professor Söhrab Günəşli və onun istedadlı aspirantı Vüqar Şəmsizadə böyük əzmlə, inadla elmi nailiyyətlərini sübuta yetirməyə cəhd göstərirlər. Yeni avtomobil yanacağı axtarışındadırlar. Təzə ixtira izinə düşüblər.
İkinci qütbdə isə vicdanlarını susdurmuş xudbinlər, elmə-yaradıcı aləmə dal qapıdan fırıldaqla, qeyri-məqbul üsullarla gəlmiş kütbeyinlər: Bəşir Bədirbəyli, Ziya Lələyev, istedadsız aspirant İsmət çarpışırlar. İşləri-peşələri müxtəlif çirkin yollar, üsullarla Söhrab Günəşliyə və onun aspirantına mane olmaq, apardıqları elmi təcrübələrə əngəllər törətmək, pərsəng olmaqdır.
“Vicdan susanda” romanında sevgi-məhəbbət xətti çox canlı, maraqlı, yaddaqalan detallar, boyalarla tərənnüm olunur; əsərin əvvəlindən son səhifələrinədək davam edir, hadisələri oxucuya gərgin maraqla izlətdirir.
Bu roman yuxarıda göstərilən bədii keyfiyyətlərinə görə həm öz respublikamız daxilində, həm də xarici ölkələrdə müəllifinə böyük məhəbbət qazandırıb.