Modern mağaralar - Cəlil Cavanşir yazır...

Modern mağaralar   - Cəlil Cavanşir yazır...

23 Yanvar 2024 09:52 590


İnsani münasibətlər sürətlə öz ibtidai halına qayıdır.

Xüsusilə ailə, sevgi və dostluq münasibətləri müasirlik, modernlik pərdəsi altında erroziyaya uğradıqca öz ibtidasına daha çox bənzəyir.

Sosioloqların fikirlərinə görə, ibtidai cəmiyyətlərin ailə quruluşu və sosial həyatı, bizə müasirlik adı altında sırınan münasibətlərə çox bənzər olub.

İbtidai cəmiyyətlər fərdlər arasındakı istənilən böyük fərqləri görə bilmirdi və müasir cəmiyyətdə də oxşar münasibətləri müşahidə etmək mümkündür.

Bir çox təcrübəli araşdırmaçılar ibtidai cəmiyyətlərin sevgi münasibətlərindən rahatlıqla uzaqlaşmalarından və sevgililərin bir-birinin yerinə keçə bilmələrindən bəhs edirlər.

Bu barədə uzun-uzadı izahata gərək yoxdur.

Cəmiyyətimizi müşahidə etsək, XXI əsrdə hər şeyin nə qədər ibtidailəşdiyinin şahidi ola bilərik.

Məncə, çəkilən filmlər, yazılan romanlar, şeirlər insan ruhunu aliləşdirmir.

Müasir insan oxuduqca, öyrəndikcə, elmi-texniki tərəqqinin müasir imkanlarından istifadə etdikcə ibtidailəşir.

İnsan yenidən mağaraya çəkilir.

***

Antropoloq Audrey Riçard 1930-cu illərdən etibarən uzun müddət Şimali Rodeziyadakı bembalılar arasında yaşayıb.

Yerlilərlə yaxın əlaqələri olan antropoloq, onları yaxından tədqiq edirdi.

Bir gün Riçard hələ də ibtidai vərdişlərindən və adət-ənənələrindən əl çəkməmiş bu tayfaya bir ingilis nağılı danışır.

Nağılın qəhrəmanı gənc şahzadə sevdiyi qızın əlindən tutmaq üçün şüşə dağlara dırmaşır, dərin uçurumlardan keçir və əjdahalarla vuruşur.

Bembalılar bu nağıla açıq-aşkar çaş-baş qalsalar da sakit dayanırlar.

Nəhayət, yaşlı qəbilə başçısı səsini qaldıraraq oradakıların hislərini ən sadə sualla ifadə edir:

"Şahzadə nəyə görə başqa qızı seçmir?"

***

Müasir "şahzadələr" artıq sevgi üçün heç bir əziyyət çəkmir.

Modern insan, bu baxımdan ibtidai əcdadından qətiyyən fərqlənmir.

Kapitalizmin dəyərlər sistemində insani və ülvi dəyərlər üçün mübarizə aparmaq yoxdur.

Mübarizə ancaq yaxşı yaşamaq və kapital uğrundadır.

Müasir insanın seçdiyi şüurlu yol, əslində, ibtidai insanın yaşamaq uğrundakı mübarizəsindən bir o qədər də fərqlənmir.

İbdtidai cəmiyyətlərdə əzələsi böyük olan ən yaxşısına sahib olurdu.
Müasir cəmiyyətlərdə isə bank hesabı böyük olanlar hər şeyi satın alır.

İnsan oğlu öz ibtidai babalarının etdiklərini təkrarlayır.

Mağaradan çıxmış insan dönüb-dolaşıb "modern mağaralar"a qayıdır.

***

Şübhəsiz ki, dəyərlərin, meyarların olmadığı cəmiyyət irəli getmir.

İbtidai insan mağarada ən vəhşi tərəfini qoyub çıxmışdı, amma göydələnlər, villalar, bər-bəzəkli otellər, kamfortlu istirahət mərkəzləri daha ibtidai düşüncəli insanlar üçün mağaradır.

Təkərin kəşfindən ən bahalı model avtomobillərin dizaynına qədər keçilən yolda, insan hisləri və duyğuları durmadan geriyə gedib, öz ibtidai formasına qayıdıb.

Müasir şəhərlərdə ibtidai mağaralar peyda olur.

Müasir şəhərlərdəki bahalı mağaralarda ibtidai düşüncəli insanlar, öz babalarından daha əxlaqsız, daha qəddar və daha vəhşidir.

Müasir mağaralar müasir insanın beynidir.

Qısacası müasir insan mağaraya qayıdır.