Kulis.az Murad Köhnəqalanın şeirlərini təqdim edir.
Yaxamdan tutub soruşurlar, hardasan indi, harda?
Bilsinlər, elə bu sualın çöküntüsündə gizlənmişəm.
***
Şübhələrdən diksinib qulağımı şəkləməm, çünki mən
Şübhələr içindəki ol yəqində gizlənmişəm.
***
Fikir arılarım qanad çalır zərrələr arasında kimyagərlərtək
Düşüncənin bala çevrilən məqamında gizlənmişəm.
***
Qəlbimdə ötən quşun nəğməsi yeddi rəngdədi
O rənglərin bahar cücərtisində, yaşılında gizlənmişəm.
***
Vaqon-vaqon ötüb keçən qatar təkərlərinin
Əbədi simfoniyasındakı xoşbəxtliklərdə gizlənmişəm.
***
Mənim halımdan narahat deyil daşdan baxan əziz anam,
Çün, vaqifdir halıma, kədər içindəki ipəkdə gizlənmişəm.
***
Sevginin itməməsi qanunum da var, biləsən,
Təbiət arxamda durur atamtək, vəhşiliyində gizlənmişəm.
***
Qorxmaram qaranlıqdan, diz çöküb təslim olmaram,
Mən beynimdəki şamların mumunda gizlənmişəm.
Başqa heç nə istəmirəm
Şəlaləyə karantin məktubu
Mənə heç nə lazım deyil
bircə Amur sakit yatsın
biz yanında pıçıldaşaq
söhbətləşək, arzulaşaq
onu xəyallarımızın üstü ilə
məktəbə yola salaq
dərslərini öyrədək
tərslərini düzəldək
gündəliyinə baxaq
sevəcəyi qızı - sinif yoldaşını
biz də bəyənək
hərdən deyinək
başqa heç nə istəmirəm.
Ancaq çox istəyirəm
bir gün dəniz sahilində
qumluqda oturanda
dalğalar sahilə atdığı butulkada
bir məktub gətirsin bizə.
Tıxacını çıxarıb
oxuyaq o məktubu.
"Amur danışacaq, narahat olmayın!"
yazılsın o məktubda.
Başqa heç nə istəmirəm
sonra tale bizə
bir dəfnə ağacının yarpaqları arasında
gözəlcə hörülmüş hörümçək toru göstərsin
şehi də üzündə.
"Amur xoşbəxt olacaq!"
yazılsın o torun üstündə
hörümçək əlifbasıyla
o yazıdan başqa
heç nə istəmirəm, heç nə.
Amur əyilib öz ayaqqabısının
qaytanlarını gül şəklində bağlasın
başqa heç nə istəmirəm, heç nə.
Qonşu bağında şıllaq atan
keçilərlə oynasın Amur yenə
özü də bir çəpiş olsun
keçilərin içində
başqa heç nə istəmirəm, heç nə.
Bağda gəzişəndə
bir yarpaq düşsün qarşımıza
üstündə belə yazılsın:
"Dalaşmayın, hər şey yaxşı olacaq
dünyada heç kim ölməyəcək, heç kim!"
başqa heç nə istəmirəm.
Mən hazırda alça ilə
"vinçester" viskisi içirəm
Amurun sən göndərən
şəkillərinə baxıram
vörd açıb şeir yazıram
başqa heç nə istəmirəm.
Bizə yersiz nifrət edənləri də
bağışlamaq istəyirəm
ancaq bacarmıram
mənə belə rahatdı
sizi nifrət qalxanıyla qorumaq
daha yaxşıdı
nifrət daha möhkəm
daha güclüdü
nifrət sevgidən də
güclü silahdı.
Sənin
Əziz dostum Rəşid Süleymanova
Rəşid, nə yaxşı ki, dünyada varsan,
Yaxşılıq tökülür əlindən sənin.
Ürəyin var olsun, canın sağ olsun,
Tanrı muğat olsun telindən sənin.
Göyçə dərvişisən, bizə qarışdın,
Dərviş ürəyinlə yanıb-alışdın,
Sözün gözəlini seçib danışdın,
Yalan eşitmədik dilindən sənin.
Məsəl var, xəncərə gümüş yaraşar,
İgidin başında gözəl dolaşar,
Arifsən, mahir də ovçuluğun var,
Sona əskik olmur gölündən sənin.
Aylar dolanıram, illər aşıram,
Bu zalım dünyaya baxıb çaşıram.
Sən verən nəmərlə aşıb-daşıram,
Bərəkət tükənmir pulundan sənin.
Köhnəqalam burda sözünü sıxsın
Qələmi yavaşca vərəqə yıxsın.
Həmişə qarşına yaxşılar çıxsın,
Tikanlar çəkilsin yolundan sənin.
Dəyir xətrimə
Bəhmənə bir nəzirə
Dağlar oğlu, elə kövrək olmuşam
Con da dəyir, Cek də dəyir xətrimə.
Bir arayış alammıram nə vaxtdı,
Kommunal da, JEK də dəyir xətrimə.
Varı olan papağı yan eyləyir,
Olmayanlar ahu-fəğan eyləyir,
Marketlərdə qiymətlər qan eyləyir,
Kassalarda çek də dəyir xətrimə.
Fəhmi olur, zənni olur hər gözün,
Zərgər kimi seyr edirsən sən özün,
Nə şairin qiyməti var, nə sözün,
Oğru-quldur, "zek" də dəyir xətrimə.
Çox vaxt həyat alçaqlara tac verir,
Ömrüm bu cür zülümlərə bac verir,
Zər də qısıb quyruğunu gec verir,
Şeş də dəyir, yek də dəyir xətrimə.
Qəzəblənib şimşək kimi çaxıram,
Durulanda rəvan olub axıram,
Ta, həyata multfilmtək baxıram,
Tərs kimi, Şirek də dəyir xətrimə.
Bu bir tələdi
Gecənin bətnindən əsdi bir külək,
Bütün binalarda işıqlar söndü.
Monitor da öldü - sonuncu işıq
bir qırıq şam tapdım qazın üstündən
yandırdım bəzəkli bir nəlbəkidə
sonra nə etməli? - fikirləşirdim
almazla doğranan düşüncələrim
beynimin içinə səpələnirdi.
Birdən uşaq səsi gəldi otaqdan
olmaya həzincə dəli oluram?
Ürpənib qorxaraq özüm özümdən
durub nəlbəkini əlimə aldım
girdim yan otağa: "kimdi ağlayan?"
rəqs edən kölgələr mənə gülsə də
uşaq ağlayırdı başqa otaqda
vahimə içində əllərimdə şam
otaqdan otağa keçib gəzirdim
uşaq otağında ayı kuklası
sökülmüş pazllar mənə baxırdı.
Mən qapını örtüb geri çıxanda
stula atılmış uşaq paltarı
bir an rəqs elədi öz kölgəsilə
güzgünün yanından ötüb keçəndə
qəfil bir səs məni özünə çəkdi.
Döndüm ki, güzgüdə biri dayanıb
əlində şam tutub nəlbəki yoxdu
baxdım, güzgüdəki üzü qırışmış
qaməti əyilmiş qoca kişidi.
"Burda nə gəzirsən?" - məndən soruşdu
"uşaq ağlayırdı" - dedim mən ona.
"Burda uşaq yoxdu, heç kim ağlamır.
Çalış dəli olma, ehtiyatlı ol".
Kişinin səsindən vücudum əsdi
Nəlbəki oynadı, şam yerə düşdü
Aşağı əyilib şamı götürdüm
Bu zaman zəng gəldi telefonuma
Uşaq ağlayırdı zəngin yerində.
Tələsik telefon tərəfə cumdum
Güzgüdəki qoca qışqırdı mənə:
"Götürmə, götürmə, bu bir tələdi!".
“Ədəbiyyat qəzeti”