Müasir Azərbaycan ədəbiyyatı oçerkləri: Rasim Qaracanın avanqardistikası

Müasir Azərbaycan ədəbiyyatı oçerkləri:   Rasim Qaracanın avanqardistikası

28 May 2024 09:51 950


Tehran Əlişanoğlu
AMEA-nın müxbir üzvü

(“Ədəbiyyat qəzeti”ndə ixtisarla belə dərc edə bilmədyim yazı)

Rasim Qaraca müstəqillik dövrü Azərbaycan ədəbiyyatının inkişafında məxsusi yeri olan, avanqard və postmodern sənət cərəyanlarının ədəbiyyatımıza oturuşmasında xidmətləri ilə seçilən yazıçı; şair, nasir, publisistdir.

Ədəbi fəaliyyətə müstəqillik dövründə başlamış, Azərbaycanda ilk ədəbi qruplardan olan “Baca” qrupunu (1991) təsis etmiş, “Yaşıl söz” qəzetini (1992) çap etdirmişdir. Böhranlı keçid illərində Rusiyada müxtəlif türk şirkətlərində tərcüməçi kimi çalışmış; 2000-ci ildə Bakıya qayıdaraq, aktiv ədəbi fəaliyyətini bərpa etmiş, həmfikirləri ilə birgə “Azad Yazarlar Ocağı” (AYO) ədəbiyyat qurumunu (2001) yaratmışdır. Təsis etdiyi “Alatoran” jurnalı (2004) yeni nəsil yazarların yetişməsində böyük rol oynamışdır. Rasim Qaraca hazırda təsisçisi olduğu “Alatoran” nəşriyyatına rəhbərlik edir.

Rasim Qaracanın həyat və yaradıcılıq bioqrafisi “Zülmətdə bir alatoran” avtobioqrafik romanında da (2018) əksini tapır. 1980-ci illərin demokratikləşmə havasının “inqilabi” təsiri, bu abhavanın əyalət şəhəri Əli Bayramlıya (hazırkı Şirvan) qədər sirayət edən müsbət aurası, eyni zamanda çökməkdə olan sovet rejiminin acı təcrübəsi yazıçının həyat və ədəbiyyat baxışlarının formalaşmasında əsaslı rol oynayır, mühitlə barışmazlıq, şəxsiyyət və sənət azadlığı – həyat kredosuna çevrilir. Belə ki, həyatda azadlığını tapa bilməyən insan Sənətə üz tutur, Sənətin başlıca missiyası isə eynən, insanda bu azadlıq hissi-ehtirasını hifz etmək, yetişdirmək, həyat reallığına çevirməkdir. “Hər kəsin qəbul edəcəyi deyil, qəbul etməyəcəyi şeylər yazmaq yolunu tutdum. Bunun bir avantaj olduğunu başa düşdüm. Bu hiss mənim yaradıcılıq üslubumu formalaşdırdı. Bir yazıçının təkcə öz milli ədəbiyyatını deyil, bu günə qədər yazılmış bütün dünya ədəbiyyatını inkar etməli olduğu gerçəyinə vardım. Təsdiqi təsdiq ədəbiyyatı mənə görə deyildi...” (R.Qaraca, Zülmətdə bir alatoran. Bakı, “Alatoran”, 2018, s. 14)

Ortaçağlar “Oğuznamə”sindən alıb, sənət devizinə çevirdiyi “İnkar mübarəkdir!” prinsipi lap əvvəldən Rasim Qaracanın yaradıcılıq intibalarının mənbəyi və katalizatoru olur və sonrakı bütün şüurlu ömrü də həmin məqsəd uğrunda, modern dünya ehtiraslarının ədəbiyyatda realizəsi yolunda mübarizələrdə keçir. Hələ yeniyetmə yaşlarından musiqiyə meyli, aktyor olmaq istəyi, rəssamlıq sevdası başlanğıcdaca boğulan, - avtobioqrafik romanında etiraf etdiyi kimi, - gələcək yazıçının məhz ədəbiyyatı seçməsi və Ədəbiyyatın digər sənətlərin edəcəklərini də təkbaşına etmək qüdrətinə inamı, getdiyi yolda qətiyyəti və dönməzliyinin rəhni olur: “Yazmaq üçün qələm və dəftər yetərliydi...” (yenə orada, s. 9)

Həmin qətiyyət təsisçilərindən biri olduğu AYO-nun (Azad Yazarlar Ocağının) 16 oktyabr 2003-cü ildə imzaladığı “Azərbaycan yazıçısının əhdi” adlı on bənddən ibarət proqram-manifestində də əksini tapır: “1.Azərbaycan Yazıçısı şərəf və ləyaqət simvoludur... 5. Azərbaycan yazıçısı ziddiyyətli bir ölkədə yaşadığını unutmur, verilmiş zamandan maksimum istifadə edir, öz üzərində işləməkdən yorulmur, dünya yazıçılarının təcrübəsindən öyrənməkdə qəbahətli heç nə görmür, ənənəyə qapılıb qalmır, erudisiyasını daim genişləndirir. 6. Özünü dünya vətəndaşı hesab edir, yazıçı adını yüksək tutur, sağlam həyat tərzi keçirir və öz fəaliyyətinin son məqsədi olaraq milli ədəbiyyatımızın dünya ədəbi prosesinə, dünya beyninə qovuşması missiyasını daşıyır...” (Yaquar yerişli zaman. azad yazarlar ocağı - 2003. almanax. Bakı, “Adiloğlu” nəşriyyatı, 2004, son səhifə)

Rasim Qaracanın ədəbi-ictimai fəaliyyəti qarşıya qoyulmuş vəzifənin nə qədər məsuliyyətli olduğunu, heç də asan olmadığını göstərdi. Məhz onun passionariliyi və böyük zəhmətləri sayəsində yaranan “Alatoran” jurnalı (2004-2014) on il ərzində yeni, sol (bir qədər də radikal) düşüncəli ədəbi gəncliyin sırf ədəbiyyat və sənət meydanına çevrilir. Əsasını 2003-cü ildən, hələ qəzet səhifələrində - “Ədalət” qəzetinin Ədəbiyyat əlavəsi kimi qoymuş “Alatoran” dərgisi bütün maksimalizmi və radikalizminə rəğmən, ali niyyətlərdən doğulmuşdu: “Biz ürəkdən arzu edirik ki, Azərbaycanda ədəbiyyat və incəsənət sənayesi yaransın, kitab oxuma faizinə görə dünya xalqlarını geridə qoyaq, yazarların sayı indiki ilə müqayisədə on qat çox olsun, türk dilləri içərisində Azərbaycan dili ən zəngin və çevik dil olsun, saysız-hesabsız yüksək bədii əsərlərin sayəsində dilimiz cilalansın və indiki statik halından çıxsın, dədələrimizdən aldığımılz bu mirası tükədib axırına çıxmayaq, əksinə, daha da dolğun və gözəl bir şəkildə sonrakı nəsillərə ötürək. “Alatoran”ı əhəmiyyətli edən o qədər səbəb var ki...” (Redaktordan, “Alatoran” nədir? // “Alatoran”. Ədəbiyyat jurnalı, № 1, 2004, s. 2)

Böyük maneələr, çətinliklərlə üzləşən, məhz redaktorunun fədakarlığı sayəsində 18 sayı işıq üzü görən jurnal müstəqil Azərbaycan ədəbiyyatına bir çox parlaq imzalar bəxş edə bildi. “Azad Yazarlar Ocağı” ədəbi prosesin sonrakı həmlə və dalğalarına davam gətirməyib bir qurum olaraq sovrulub-getsə də, bədii-estetik cərəyan kimi ədəbiyyatımızı zənginləşdirdi; dəyərləri bugün də bu və digər şəkildə yeni ədəbi qüvvələrin nəfəsində özünü hiss elətdirir, yaşayır. Rasim Qaracanın hazırda rəhbəri olduğu “Alatoran” yayınları 500-dən artıq orijinal və tərcümə kitabları nəşr etməklə missiyasına sədaqətini qoruyub-saxlayır.

***

Rasim Qaracanın bədii yaradıcılığı “Ölüm haqqında günəş” (Bakı, “Adiloğlu”, 2002; təkrar nəşr – Bakı, “Alatoran”, 2017), “R hərfi olmayan aylar”” (Bakı, 2006), “Siz ey, ordakılar” (Bakı, “Alatoran yayınları”, 2011), “Birlər” (Bakı, “Alatoran”, 2019), “Zürafəsiz dünya” (Bakı, “Alatoran”, 2019), “Tənha qurbağanın səsi” (Bakı, “Alatoran”, 2021), “Yeni şeirlər” (Bakı, “Alatoran”, 2024) şeir toplularından, “Əyri evin qadını” (Bakı, “Qanun”, 2010), “Mənim həyatımı yaz” (Bakı, “Alatoran”, 2020), “Sənin toxunduğun hər şey” (Bakı, “Alatoran”, 2022) hekayə kitablarından, “On bir gecə” hekayələr romanı (Bakı, “Alatoran”, 2014), “Zülmətdə bir alatoran” avtobioqrafik romanı (Bakı, “Alatoran”, 2018) və “Türkün məsəli. Azərbaycan arqo deyimləri” (Bakı, “MBM”, 2005), “Azərbaycan arqo deyimləri” (daha üç nəşr – Bakı, “Alatoran”, 2009; 2015; 2016) tədqiq və tərtib işlərindən ibarətdir.

Rasim Qaraca ədəbiyyata şeirlə gəlib, həm də ciddi avanqard iddia ilə, yeni zamanların nəfəsini nümayişkaranə bəyan edən poetik manifestlə: “Gəlin avanqard ədəbiyyat haqqında danışaq. Ona görə yox ki, yaxın bir-iki ilə qədər bu haqda danışmaq yasaq idi, ona görə ki, bu gün avanqard ədəbiyyata doğrudan da ciddi ehtiyac var, cəmiyyətin həyatında gedən yeniləşmə prosesi, biz istəsək də, istəməsək də ədəbiyyata, o cümlədən poeziyaya zəmanə ilə ayaqlaşmaq əmrini pıçıldayır, yaradan adamdan tələb edir ki, bir qədər çevik olsunlar...” (Rasim Qaraca, “Bir dəqiqəlik səs-küy”. “Xəzər” jurnalı, № 2, 1990).

1991-ci ildə Əli-Bayramlı (hazırkı Şirvan) şəhərində Azad Yaşar və İsmayıl Bayramoğlu ilə birgə yaratdıqları “Baca” qrupu fəaliyyət üçün münbit şəraiti Bakıda, 1991-1993-cü illərdə müstəqillik dalğasının yaratdığı ədəbi coşqunluq atmosferində tapır. “Baca” qrupunun yaradıcılıq bəyanatlarına “Xəzər” jurnalı 1992-ci ilin 1-2-ci sayında meydan verir. Poetik avanqardın tarixən mövcud təcrübəsi və zərurətindən çıxış edən qrupun hər üç üzvü şeirlərində o dövrün böhran əhval-ruhiyyəsindən çox da ayrılmır: “İçimdə bir mahnı çalınmadan/ yaşayacam bu gündən...” (R.Qaraca), amma eini zamanda duruma etiraz edir, poeziyanın xilaskarlıq missiyasına güvənirdilər. Ən çox da “ciddi məqsədlərlə” ədəbiyyata gəldiklərini bəyan edən R.Qaracanın şeirlərində avanqard notları, “yazısız göyləri”n əbədiyyətini vərəqləməq ehtirası aşkardır: “Ay üzür buludların arasıyla.../ Bizim evimizin arxasıyla.../ Yazısızdır göyün varaqları/ orada nə il var, nə ay, nə gün,/ nə də saatlar qovur bir-birini...”

1980-1990-cı illər yaradıcılığında Rasim Qaraca sanki bilərəkdən, ictimai-siyasi böhranı, cəmiyyət həyatında mənəvi dekadansı görükdürmək üçün boyaları tündləşdirir: “Kəsilmiş əllərim masamın üstündə./ Son misramı yazdım -/ nöqtə yerində qan gölməçəsi...”. Şeirləri “son” ovqatı daşımaqla bahəm, barışmazlıq “missiyası”nı özündə saxlayır: “İçəri buraxmadım,/ qaldı qapı arxasında – / nəyimə gərək idi kəsilmiş əl./ Bir gün gördüm onu...”( “Xəzər” jurnalı, № 2, 1996).

Əslində, yaradıcılığının bütünü, şairə daim şeir yazdıran, heç bir vaxt şeirdən ayrılmağa qoymayan ali missiyanın tamam ayrı olduğunu göstərir: “Mənim düşüncəmə görə şeir yazmaq, o cümlədən rəsm çəkmək, mahnı oxumaq və ya rəqs etmək insanın təbiətindən irəli gəlir. İnsan təbiətən özünü ifadə etmək, iz qoymaq və ya gələcəyə məsaj ötürmək istəyən varlıqdır...” (“Zülmətdə bir alatoran”. Bakı, “Alatoran”, 2018, son səhifə)

2000-ci illərdə Rasim Qaracanın böyük həyat yükü və sınaqları ilə ədəbiyyata dönüşü yenidən kəskin avanqard jestlər, minillik poeziyanın qalın divarlarını “cırmaqlayan” şeir eksperimentləri, modern poeziyanın iti janr siyasəti və palitra çevikliyi ilə müşaiyət olunur.

İlk, “Ölüm haqqında günəş” şeirlər kitabına (Bakı, “Adiloğlu”, 2002) yazdığı manifestdə avanqard iddialarını şair belə deklarə edirdi: “Yalnız irəliyə! Bir yerdə dayanmaq üfunət doğurur. Nağıllarda geriyə baxan qəhrəmanın daşa dönməsi hadisəsini xatırlayırsınızmı? ...Yazıçı öz adını, əsərlərini abidəyə çevirdiyi, sağlığında heykəl (daş) olmaq istədiyi andaca özünə “köhnəlik” hökmü biçir, özünü zamanın durğun halına – keçmişə buxovlayır. Zamansa amansızdır, onunla oynayanları sevməz, tərk edər. Yazılanlara, yazdıqlarına dönüb baxmadan irəliyə doğru! Oğuznamədə deyildiyi kimi: İNKAR MÜBARƏKDİR” (Rasim Qaraca, “Ölüm haqqında günəş”. Bakı, “Adiloğlu”, 2002, son səhifə).

Kitabda şairin 1987-ci ildən 2001-ə qədər qələmə aldığı seçmə şeirləri toplanmışdı; və hər birisi konseptuallıq ifadə edən, bir-birindən fərqli şeir axtarışlarını yönləndirən, demonstrə edən bölümlərdən ibarətdi: “Əşyalar”, “İnkar”, “Erotik”, “Absurd (anlamsız) şeirlər”, “Aranjmanlar”, “Birlər”. Qəti ideya mövqeyi, yeni şeir dizaynı, avanqard ruhu ilə poetik toplu dərhal “göründü”, “gözlənilən” yönlərdə müxtəlif reaksiyalar da doğurdu. Məxsusən, bəzi sıralar (“Erotik”, “Absurd”) poeziyadan çox, epataja, eksperimentə yozulur, polemikalara yol açırdı. Zatən “avanqard”ın bir atributu da elə budur.

Əsasən ədəbi tənqid yanılmırdı: “R.Qaracanın mətnlərinin içindən bütöv-ardıcıl bir po¬etik fiqur boylanmır; amma hər dəfə səliqəli şəkildə mətnin kon¬sep¬tuallığına diqqət çəkən estetik bir hərəkətin olduğunu hiss edir¬sən; elə bil hər dəfə şair: şeir belə olmalı, bunu deməlidir amacı ilə gö¬rünür; adətən şüurlu imitasion yaradıcılıqda belədir – şeirin pred¬me¬ti bilavasitə şeir-quruculuğudur, kültür-mission dediyim budur...” (Tehran Əlişanoğlu, Şeirimizin gümüş dövründən fraqmentlər (bəzi poetik siyahılara prozaik düzəlişlər). - Tənqid.net jurnalı, № 8, 2011, s. 154)

Amma tənqid iqrar edəndə ki: “Əşyalar” silsiləsinin R.Qaracadan sonra elə bir davamı olmadı, eləcə də şairin öz yaradıcılığında...” (Yenə orada, s. 154) – təbii ki, yanılırdı. Şairin hər istiqamətdə öhdəsinə götürməyə çalışdığı “kültür-mission”un bir vəchi vardı və bu da poeziyamızın sonrakı “şeir axtarıcılığı”nda nəticələrini göstərdi.

Poeziyada sonrakı nəslin nümayəndəsi, şair, ədəbiyyatşünas Qismət “Ölüm haqqında günəş”i ümumən “müstəqillik dövrü ədəbiyyatımızın ən qiymətli şeir kitablarından” hesab edir; “Əşyalar” silsiləsini isə “Orxan Vəli qədər, yapon haykuları qədər fransız “Yeni romançılar”ına, məxsusən də bu cərəyanın lideri Alen Rob Qriyeyə nisbət, yenilikçi bir addım hesab edir: “Onun fikrincə, dəyişməz və sağlam olan yeganə şey nəsnələr, əşyalardır. Bəzən onu tənqid edirdilər ki, əşyaların səhifə-səhifə çəkən təsvirləri arasında insan yoxdur. O isə cavab verirdi: insan təsvir etdiyim əşyalarda, həm təsvirin hərəkətində belə mövcuddur...” (Qismət, Danışan əşyalar (Rasim Qaracanın şeirləri haqqında qeydlər) // Tənqid.net, 12, 2016/2017, s. 257-258) Qismətə görə, Rasim Qaracada da eynən belədir: “konseptual silsilə olan “Əşyalar”ın canı bu şeirdəki “əşyaların yaddaşı”na edilən vurğuda gizlənib” (Yenə orada, s. 258)

qumlara batıb qalıb
nikelli qaşıq
köpüklü dalğalardan bir parçası
beləcə dəmirləşib
(“Qaşıq”)

«Əşyalar» silsiləsində «inkar»ın mahiyyəti - şeiri lirik qəhrəman başlanğıcından özlüyündə mövcud şeylər aləminə (subyektdən obyektə) keçirməkdən ibarətdir: “pələng dərisi üzərində unudulub gözlük/ şüşə arxasındakı sınmış zolaqlar/ pələng dünyasının/ bizə bəlli olmayan gizli perspektivlərini/ açıb göstərir” (“Gözlük”)

Bu minvalla “Əşyalar”da bizi əhatə edən “şeylər” dünyası, sırasından asılı olmayaraq, xaotik: “Gəmi”, “Kitab”, “Külqabı”, “Corab”, “Sərçələr”, “Şokolad”, “Yataq”, Qrafin”... – poeziyanın diqqətinə gəlir, lirikanın predmeti “incə materiya”, metafizik sferadan (hisslər, təəssürlər, düşüncələr) sərt, fiziksəl, util dünyaya dəyişir: ...“Təndir”, “Ütü”, “Üzqırxan”, “Darvaza”, “Velosiped”, “Vaqon”, “Kötük”, “Cəllək”, “Çəkic” və s.

Demək olmaz ki, Rasim Qaraca şeiri bütövlükdə obyektləşdirməyə, “şeylər”in təbiətinə, “yaddaşı”na, fəlsəfəsinə girməyə nail olur; hətta silsilədə bu sayaq soyuqqanlı şeirlər (“Qaşıq”, “Gözlük”, “Bıçaq”, “Ev”, “Daş” və s. kimi) azlıq təşkil edir. Məsələn belə: “yolçular/ düzənlikdəki ən böyük daşa yetişib/ bir an ayaq saxladılar/ bir az keçəcək/ dəstərxanlarını da elə burada açacaqlar/ daş/ öz böyüklüyünün/ fərqində belə deyil”(“Daş”)

Rasim Qaracanın “Əşyalar”ı əksərən “insanlı (subyektli) şeirlər” olaraq qalır, “əşyalar” şairin dünyaya fərqli, dünyadan (“obyekt”dən, obyektiv) baxışlarını ifadə etmək üçün – sadəcə bir bəhanə olur. Bu onu və bir sıra ardıcıllarını (məsələn, N.Kamal, S.Pərvanə kimi) qurmaq istədikləri “yeni şeir”ə - real poeziyaya aparır:

konserv qutusundan külqabısı
yağ tənəkəsindən oturacağı vardı
dostumun
qəzetdən süfrə sərdi
bankada çay dəmlədi
qəndi yarıya böldü
döşəmə yırğalanırdı
sanki gəmidə idik
ayağa qalxanda
başım tavana dəydi
(“Tavan”)

Bu şeirlərdə dünyanın cisim sərtliyi, bərkliyi ruhun sərbəstliyi, azadlığı ilə qarşılaşır, üz-üzə gəlir, dirəşir (“Qulaq”, “Ayaqqabı”, “Eskalator”, “Bığ”, “Xalça”, “Məzar”, “Planet”, “Parfüm”, “Kanalizasiya”, “Kartof” və s.-də olduğu kimi). Şair dünyanı sərtliyindən görməyə çağırır və real poeziya yaradır: “ümidsizlik daşıyır axşam qatarı/ hər kəs yorğun/ hamının üzündə turşumuş maska/ əgər adəti pozub/ bir az gülümsəsən/ ya da birinə xoş bir söz desən/ hamı dönüb maddım maddım baxacaq/ beləcə/ başqa planetdən gəldiyinin/ üstü açılacaq” (“Planet”)

“Real poeziya” Rasim Qaracanın sonrakı yaradıcılığında da aparıcı xətdir. “Siz ey, ordakılar” (2011) silsiləsində də (“Dörd şeir”, “Zaman”, “Yol”, “Dəniz”, “Çili”, “Nə olsun” və s.), “Zürafəsiz dünya” (2019) toplusunda da, “Tənha qurbağanın səsi” (2021) poemlərində də davam edir.

İşdir şayət dünyaya gəldiniz
əsla darılmayın
bir oyuna başladınız ki
bu oyunu gözəl oynamalı
sevməli nifrət etməli bəzən
gözlərinizi qapayıb içinizdəki boşluğa qulaq kəsilməli
orada nələr var bir bilsəniz...
(“Dörd şeir”dən)

Rasim Qaracanın “real poeziyası”nda sosial ruh hakimdir və bu, hər dəfə soyuq, güzəştsiz, kəskin cəmiyyət mənzərələrinə açılır. Gündəlik hadisədən də: “İnanıram/ hər yeni günün özü ilə günəş gətirdiyinə/ səhər obaşdan/ açıram pəncərəmi/ səhər yeməyinə bir az külək/ bir az da dəniz havası/ qrafində su/ lakin bilirəm günəşə inanmaq azdır/ onunla yaşamağı da bacarmalısan...” (“Dörd şeir”dən)

Portret çizgilərindən də: “sarışın/ çil-çil uşaqdı Məhərrəm/ biz ona Çili deyərdik/ 11 uşağın ən kiçiyi/ anası Laləzar süpürgəçi/ bacısı Roza topaldı/ böyük qardaşı Davud/ anadangəlmə lal...” (“Çili” şeirindən)

Sevgi hekayətindən də: “Metronun qarşısında görüşdük/ Ancaq bir-birimizi tapana qədər neçə kontur xərclədik/ Çünki sevgilim mən gəlincəyədək dükana girib/ Ayaqqabılara baxmışdı...” (“Nə olsun” şeirindən)

Qlobal düşüncədən də: “Siz ey, ordakılar/ uzaq planetlərdə yaşayan humanoidlər/ nə olar/ sözümü eşidin, səsimə səs verin nə olar.../ 1 nömrəli uşaq evi/ ünvan Bakı, Rüstəm Rüstəmzadə küçəsi 66/ uşaqların sayı 120, onlardan 70-i yetim/ ehtiyacları: qış paltarı, yorğan və döşək, ayaqqabılar,/ bir də əgər imkanınız olsa/ elektrikli sobalar...” (“Siz ey, ordakılar...” şeirindən) – şair insan həyatı, cəmiyyət problemlərinə çıxır.

İctimai kəsər R.Qaraca avanqardistikasının daimi atributu, başlıca ruporudur. Uşaq evlərindən reportaj-epataj şəklində yazılan “Siz ey, ordakılar...” şeiri gerçək faktlar, rəqəmlər, ünvanlar, acı həqiqətlər üzərinə (şəhər-şəhər: Bakı, Lənkəran, Şəki, Sabunçu rayonu Maştağa qəsəbəsi, “Kar uşaqlar üçün 1 nömrəli Respublika İnternat məktəbi Bakı şəhəri, Şərq küçəsi, ev 13”, “2 nömrəli Mərdəkan yetim uşaqlar evi”, “Suraxanı rayonu, 4-cü mədən küçəsi, 7 nömrəli internat məktəbi”, “Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi 43a”, “Sumqayıt şəhəri, 5-ci mikrarayon, əlil uşaqlar üçün internat məktəbi”, “Ordubad, Rəfiyev küçəsi 1, M.Füzuli adına İnternat məktəbi”, “Culfa rayonu Əjdəroğlu adına internat məktəbi”, Siyəzən rayonu, Tovuz rayonu, Biləsuvar rayonu, Qusar şəhəri, Neftçala şəhəri, Goranboy rayonu, Şamaxı rayonu, Qazax şəhəri, Göyçay rayonu, Ağdaş rayonu, Lerik rayonu, Mingəçrevir şəhəri, Salyan şəhəri, Zaqatala rayonu, Balakən şəhəri, Quba rayonu, “Bakı şəhəri Bakıxanob küçəsi 37 körpələr üçün 1 nömrəli uşaq evi”) gəzişərək, sosial problemi eyni ahəngdə, eyni ritmdə, təkrar-təkrar insan ağrısı olaraq notasiya edir və hər dəfə artıb-enən, mahiyyətcə dəyişməyən rəqəmlər sonda apogeyə çatanacan yüksəlir:

Siz ey, ordakılar
uzaq dünyalarda yaşayan humanoidlər
səsimə səs verin nə olar
Şəki İnternat məktəbi
unvan: Axundov küçəsi 162
uşaqların sayı 56
56-sı da yetim...

R.Qaracanın “Birlər” silsiləsinin kökü də “Əşyalar”da, bu şeirlərdən nəşət edir (“Günəş”, “İldırım”, “Daş”, “Çəllək”, “Qapı”, “Düymə”, “Cığır”, “Pul”, “Xalça” və s. olduğu kimi). Məsələn:

daşların yanından
səssizcə ötüb keçdim
onların min illik ibadətini pozmadan
(Daş)

Yaxud:

uçan xalçanı ipə sərib
həyətin ortasında döyəcləyir evdar qadın
amansızca vurur zərbələri
bir də xam xəyala düşməsin
(“Xalça”)

Bu – “Əşyalar” silsiləsindəndir; bu isə “Birlər”dən:

Sahilə can atan köpüklü dalğalar
ölümü maraq edən
körpə uşaqlar kimi

***

Axşam qatarında yorğunluqdan
gözləri qapanır cavan oğlanın
Sökülmüş ayaqqabılarısa onun
həyatla çarpışdığını
açıb tökür

“Birlər” - modernin “minimalist şeir” konsepsiyasından gəlir; şair özü bunu “minatür şeir” adlandırır. Bu şeir yığcam “maksim”lərlə dünyanı, həyatı, yaşamı metafizik və “fizik” (real) seyri, fərdin ətraf aləmdə itib-batmayan, batmaq istəməyən ruhunu ifadə edir. Adətən yapon haykuları ilə müqayisə olunan “Birlər” bəzən aforizmlərə, hikmətli sözlərə də nisbət olur, amma prozaik yox, poetik məxrəcdə; bəzən sadəcə iti müşahidələrə yüklənir. “Birlər” – bütünlükdə, Şairin dünyanı poetik müşahidə xəritəsini verbalizə edir. Hər cürəsi var:

Gözlərimə yaxşı bax
gör bir orada nə qədər uçurum var

***

sarışın oğlan uşağı
anasının meyidi üzərində dayanıb
üzüm yeyir

***

yaşıl mavi qonur addımlarım

***

ilahi, bir səbəb sal
mətbəxdə qab yuyan o qadının
dodaqları qaçsın

***

Hörmət qazanmağın sadə bir üsulu var
həqiqəti danışmaq
sevilməyin tək bir yolu
aldatmamaq

***

dünya xəritəsinə düşməyib doğulduğum şəhər
doğulduğum ev heç düşməyib
mən heçdən də heç
(“Birlər” silsiləsindən, 1990-2002)

“Minimalist şeir” tərzi bu və ya digər uğurla, bizdə buna qədər də vardı; Rasim Qaraca ona ad qoydu, konseptuallaşdırdı. “Birlər” – silsilə, daha sonra kitab halında (Bakı, Alatoran yayınları, 2019) reallaşdı, məhz R.Qaracadan sonra poeziyamızda geniş yer aldı, gəlişdi.

R.Qaracanın “Anlamsız şeirlər”i mərhələvi aktdır; bir zaman rus avanqardistlərinin “Zaumi” yaratmaq cəhdlərinə bənzəyir. Poeziyanın mənadan əvvəl ahəng, ton, səs iddiası, iç təzahürü-gerçəkliyi olduğunu görükdürür. Bəzən bu niyyətlərdə heca, qoşma, gəraylı şeirinə parodiya həvəsini də görmək olur:

...Dərdə gəz ev ün
Sevda köz bol tin
Barda bir qız ən
Eşqə düş kim dor...
(“Gəraylı”)

Burda Şeirin fəlsəfəsini dəyişmək, onu ritorika-bəlağət-pafosdan təmizləmək, məhz sırf sənət-texnika tərəflərinə istinad-israr etmək, vurğu salmaq “tapşırıqları” aşkar və aktualdır.

Bu minvalla R.Qaraca “Əşyalar”da şeirin obyektivini (subyektdən obyektə) dəyişməyə cəhd edirdisə, “İnkar” şeirlərində funksiyasını (duyğusallıqdan hadisə-narrativə), “Erotik” silsiləsində estetikasını (yaşamdan naturallığa), “Anlamsız şeirlər”də məna planını (sözdən səsə), “Aranjmanlar”da niyyətini (nəzirədən ironiyaya), “Birlər”də isə poetik tutumu (çoxhəcmlikdən misra-şeirlərə) hədəfə alır, bütövlükdə əzəl “ilham pərisi”ni funksionallığa transform edir.

Odur ki, R.Qaraca şeiri – konseptual şeirdir. Forma, üslub, ahəng, texnika (hətta poetik orfoqrafiya) zaman-zaman dəyişir; epataj, reportaj, bəyanat, absurd, parodiya, süjet-narrativ, müşahidə-seyr, poetik aktualizə şəkillərini alır; yeganə dəyişməz cəhət – estetik fəallıq, Şeiri paslanmağa qoymamaq, günün nəbzində saxlamaq, avanqard iddiasıdır.

2010-cu illərdən Rasim Qaracanın yaradıcılığında poeziyanın çəkisi azalmağa, əksinə nəsrin payı artmağa başlayır. “Zürafəsiz dünya” (2019) və “Tənha qurbağanın səsi” (2021) kitablarına toplanmış son poeziyası: poetik etüdlər, eskizlər, müşahidələr, çizgilər, qırıq-parça xatirə, hisslər dumanı, cəmiyyət motivləri, “dua kimi”lər, hikmətlər, birlər, insan mənzərələri, “qəlbin qaralaması”, “məna deyilən şey”lər, anların poeziyası, qadın tematikası, kişi dünyası, kişilər- qadınlar, sevgilər-ayrılıqlar, “korlar”-aydınlıqlar... – olmaqla, bütün seirlərinin çulğaşığı, kvintessensiyasıdır.

Heç bir şey söyləmədən
çəkilib getməyi öyrənir insan
yaşa dolduqca
Nifrət etmədən qopmağı
yox olmanın səssizliyini ...

Rasim Qaraca şeiri yaşa dolur, qocalmır. Şeirlərindən bir qismini şair “Rok-poeziya” adlandırır; və silsilədə rok, haray, çağırış, nisgil motivləri olmaqla mövqe poeziyası nümayiş etdirir:

Dostlar, bir az da
kölgənizi
kimsənin kölgəsinə qarışdırmadan
yaşayın...

“Tənha qurbağanın səsi”ndə tənhalıq, təkliyə üsyan, səhvlər, etiraflar, peşmanlıqlar, “virtual dostluqlar”... – müdriklik notları daha da çoxalır, şair kitaba “Aforizmlər” bölməsini artırır. Bununla belə, R.Qaraca şeiri avanqard təbiətini, azad mücadiləçi ruhunu dəyişmir, iki misralıq:

daha nə
bəhanə

(“Qafiyəli şeir”) - vurğusu ilə təsirlərini davam etdirir; əvvəlcədən cızdığı-yazdığı-anlatdığı dünyanın bərkliyi, sərtliyi, soyuqluğu ilə də isindirə bilir:

Pambıq kimi qar
qar kimi pambıq olmasın
qar qar kimi olsun

Göz yaşına bənzəməsin yağış
yağışa bənzəməsin göz yaşı
yağış da yağış kimi olsun

Zaman çay kimi axmasın
Çay da zaman kimi
Zaman elə zaman kimi olsun
bəzən axmasın
donsun

Seirdə bir zamanlar R.Qaracanın savaş açdığı, bəhsə girdiyi, dekonstruktəyə cəhd etdiyi R.Rza şeirinin reminissensiyası da aşkar duyulur (Xatırla: “Mən istəyirəm:/ buludlar ağlasın, uşaqlar ağlamasın -/ analı, ya anasız!/ Mən istəyirəm:/ güllər açılsın, güllələr açılmasın -/ amanlı, ya amansız!..”və s. – R.Rza, “Məndə ixtiyar olsa” şeirindən).

R.Qaraca poeziyası mahiyyətcə nikbindir; hər bir halda insan qəlbinin pozitivlərinə, işığına köklənir. İlk kitabı “Ölüm haqqında günəş”də avanqard ruhun dekadans üzərində qələbəsindən beləsinə “günəş” metaforası heç zaman bu şeiri tərk etməmişdir:

Ra günəş deməkdir, Rasim,
Məgər bu yetərli deyilmi
O kor yarasalara...

***

Rasim Qaraca avanqardistikasını hekayə yaradıcılığında da yeridir. Hekayələri mətbuatda vaxtaşırı ciddi maraq doğurmaqla yanaşı, hər bir hekayə kitabı da konseptual mahiyyətlidir. “Düşüncəli bir adamdır, dünyaya baxışının özünəməxsus əyri bucağı var, bu bucaq altından baxanda başqalarının görə bilmədiyi ağlagəlməz qəribə mənzərələr görür. Məntiq qanunlarıyla yaşamır, özü öz qanunlarını yaratmış, bu qanunlar içərisində heç kimsənin yaşamadığı və yaşaya bilmədiyi bir həyatı artıq neçə illərdir sürdürür...” – bu avanqard mövqe yalnız “Əyri evin qadını” hekayəsinin qəhrəmanını səciyyələndirməklə qalmır, bütünlükdə yazıçının eyni adlı hekayələr toplusunun (R.Qaraca, “Əyri evin qadını”. Bakı, “Qanun”, 2010) xarakterini və məntiqini də müəyyən edir.

R.Qaraca kitaba gənclik çağlarından 2010-cu iləcən qələmə aldığı hekayələri toplamışdır. Hər bir hekayənin “əyri bucağ”ı mahiyyətcə “düzlük mənzərələri”nə açılır. Kitabda müxtəliflik və çevik dəyişkənlik ovqatı yaradan janr mozaikası da, görünür ki, bu xüsusi səylərdən irəli gəlir. “Qaranlıqda və işıqlar sönəndə (detektiv)”, “Kim yatmış, kim oyaq (Cırtdan xalq nağılının dekonstruksiyası)”, “Ləkə (KQB sıralarında olmuş gerçək əhvalat)”, “Qamışlıqda yox olanlar (fantastika – yeniyetmələr üşün)”, “Hür-riyyət (birpərdəli tamaşa)”, “Aforizmlərim”, “Gündəlikdən notlar”, “Qara və qumral (film-hekayə)” və s. mətnlər R.Qaracanın müstəqillik illərinin gətirdiyi yeni abhavaya, dərin sınmalara, poeziyasında olduğu kimi, oynaq forma-struktur, çevik janr siyasəti ilə cavab vermək cəhdləridir. Bu hekayələr sırasında məxsusən pritça vurğusu ilə (“Sizif və tələbə - pritça”; “Şair və göz həkimi” - pritça”) və pritçavari əhvalatlar (“Yoldaş biznesmen”, “Savaş”, “Uşaq əti neçəyədir?”, “Nora, Diba və Şiri (uşaq hekayəsi)”, “Azadlıq (uşaq hekayəsi)”, “Əlaqə” və s.), ümumən real əhvalatlar (“Ağ pencəkli qadın”, “Dünyada hamıdan çox”, “Toy səyahəti”) – yazıçının sadəcə forma oyunlarına deyil, əksinə, altqat mənalara, gözünün qarşısındaca dəyişən dünya, həyat, cəmiyyət fonunda insana və insan mahiyyətinə fokuslandığını göstərir. Bu zaman R.Qaracanın prozaik qələmi modernin gerçəklərlə barışmazlıq ruhu, postmodernin dekonstruktiv üsulları, avanqardın həmlə gücündən məharətlə yararlanır.

Belə ki, 1980-2000-ci illərin ən kədərli həyat mənzərələri də R.Qaracanın hekayələrində oynaq ritmdə, perspektiv sorağında, nikbin qayədə təqdim olunur. Müstəqilliyin vəd verdiyi azadlıq, sərbəstlik axtarışları həyatda olduğu kimi sənətdə də özünü-ifadə, realizə imkanlarına meydan açır. Məşhur “Cırtdan” nağılının qəhrəmanı çox qurnaz, arxivlərində hər kəsin dosyesi toplanmış, hətta Cırtdanın onu necə aldadıb öldürəcəyini də bilən Divin arqumentlərinə, şirnikləndirici dollarlarına sanki uyursa da, müəllif bununla barışmır, sonda: “...Ancaq Cırtdan yenə də özündə güc toplayıb, dostlarıyla birlikdə aradan çıxmağı bacardı. Nağılın sonunda əzazil div məhv edildi” (“Kim yatmış, kim oyaq”). “Əgər ən yaxın dostun...” hekayəsinin qəhrəmanı da barışmır; amma nağılda yox, gerçəklərdə, dostunun könüllü gedib Qarabağ müharibəsində şəhid olması, yoxluğu ilə barışmır. Yazıçı hekayəni həyatın dadı-gücü-oyaqlığı ilə ölümün amansızlığı arasında elə incəliklə qurmuşdur ki, insan ağrısının şiddətinə rəğmən heç vəch yaşamaq sevdasını qıra bilmədiyini də görürük. “Sizif və tələbə” pritçasında müdrikliyin sevinci ilə nadanlığın faciəsi üz-üzə gəlir, həyat yükünə qatlaşmağın daha böyük səadət olması fəlsəfəsi təsdiqini tapır. Ümumən, R.Qaracanın hekayələrində bütün maneələrə rəğmən həyata qatlaşanlar həmişə qalibdir, ən azı yükümlü olmanın sevincini yaşadıqlarına görə.

Buradan, R.Qaracanın ilkin nəsri hələ nikbin məxrəcdə köklənibsə, son hekayələri barəsində bunu demək olmaz. Əvvəllər qəhrəmanlarının yönü sabahadırsa, indi Rasim Qaracanın hekayələrinin üzü keçmişə, keçib-gedən zəmanələrədir. “Mənim həyatımı yaz” (“Alatoran”, 2020) kitabında toplanmış “Kəpənəkli günlər”, “Mənim həyatımı yaz”, “Tanya”, “Əlibaba bacı”, “Çaqqal görüşü”, “Nilufər” və s. ¬– 17 həyat hekayəsinin hər biri ötüb-getmiş, acısı-izi qalmış insan əhvalatlarıdır ki, “mənim həyatımı yaz” deyə yazıçı qələminə tuş gəlir. Qlobal ölçülərdə əhəmiyyətsiz görünən, getdikcə də əhəmiyyətsizləşən, kimsənin yadına düşməyən küncdə-bucaqda gizlənmiş hekayətləri oxucuya yaxınlaşdırmaq üçün R.Qaraca maraqlı bir “uzaq təhkiyə” xronotopu tətbiq edir. Təhkiyəçi bir başqasının hekayəsini danışır, başqası bir başqası ilə tanış edir oxucunu; təhkiyə ikinci, hətta üçüncü əldən olur və bu da özlüyündə uzaqlıq effekti yaradır. Amma bu şərti “uzaqlıq” müstəqillik illərindən o yana keçmir; təhkiyədə zaman və məsafəcə uzaqlaşdırma – ekzistensiyasında qəhrəmanlarını müasir oxucuya yaxınlaşdırır.

Rasim Qaracanın hekayələri sosiallıqlarla nəfəs alsa da, yazıçı birbaşa sosial problemlərdən yazmır, indi onun hekayələrinin predmeti heç bilavasitə İnsan problemləri də deyil. R.Qaraca problem-hekayələr yazır; İnsan-problemlərdən yazır. Bugün maşınlaşmış dünyada İnsan özü problemə dönüb-dönüşüb; Yaranışından İnsan kimi düşünməyə, xəyallar qurmağa, sadəcə (həyat) yaşamağa cəhdlər etmiş qəhrəmanlarını R.Qaraca uzaq-soyuq ironiyası ilə o yerdən haqlayır ki, həyatda problemə, əl-ayaqdan kənar bikəsə çevriliblər, ən çox da qadınlar: Nilufərlər (“Nilufər”), Aygünlər (“Yağışda gələn qız”), Şahanələr (“Şahanə”), Pərilər (“Qəribə sevgi”), Almazlar (“Dünyanın ən qorxusuz yeri”), Zərifələr (“Mənim həyatımı yaz”)... Qadın məsələsi klassik ədəbiyyatda olduğu kimi, bugün də Azərbaycan yazıçısının ən çox ağrıyan yeridir.

1920-ci ilin Vətən müharibəsində qazandığımız Qələbəyə qədər Qarabağ məsələsi Azərbaycan yazıçısının daha bir ağrıyan yarası, əsas mövzusu olmuşdur. Patriotik ədəbiyyatdan baxanda elə görünür ki, sanki Qarabağ müharibəsi ümumən andeqraund ədəbiyyatdan yan ötmüşdür. Müharibənin içində deyil, çölündə, yan-yörəsində yer almışdır. “Mənim həyatım”ın qəhrəmanlarından Seymur müharibədə iki ayağını itirib (“Kəpənəkli günlər”), həyatın dibindədir, Kanadadan dostu Kamran gəlib bir müddət ona həyatın keyfini yaşatsa da, mahiyyətcə heç nəyi dəyişə bilmir. Hamının yasında ağı deyən Əlibaba bacı (“Əlibaba bacı”) Qarabağdan “Fazilin ölüm xəbəri” gələndə, “oğlunun yasında vay-şivən qopartmayıb, ağlaşma deyə bilməyib, yaxasını cırmayıb, üzünə dırnaq atmayıb. Eləcə lal-mat dayanıb baxıb, göz yaşları öz-özünə axıb yanaqları boyunca... Cəmi bir ay sonra qara torpaq onu çəkib aparıb özünün əbədi sükunətinə”. “Yağışda gələn qız” hekayəsi “gəncliyi Qarabağ savaşıyla kəsilənlərdən biri”, “savaşın izlərini bütün bədənində daşıyıb, lakin veteran kimi qeydiyyata düşə bilməyən”, nəinki “haqqı olan təqaüdü”, həm haqq etdiyi həyatı da ala bilməyən bir Qarabağ məğlubu ilə bir həyat didərgini Aygün barəsində sadəcə qəmli bir əhvalatı təsvir edir. Daha bir uzaq Qarabağ təhkiyəsini “Qəribə sevgi” hekayəsi təqdim edir. Uzaq Ayıblı kəndində yeniyetmə ikən sevdiyi Pəriyə elçiliyi uğursuz 20 yanvar gününə təsadüf edən Fərasət uğursuz sevgisinin “çarəsini cəbhəyə yollanmaqda görüb”. “Ölmək və biryolluq yox olmaq haqqında düşünüb. Ancaq 2 il sonra savaşdan sağ-salamat qayıdıb”, “bəxtindən küsən bütün cavanların getdiyi ölkəyə yollanıb – Rusiyaya”. Sonrası Fərasətin uğur hekayəsi gəlir. Əli gətirir, uzaq Sibirdə biznes və kəndində imarət qurur. Hətta uğursuz, bəxtikəm, yetim qalmış Pərisinə də uzaqdan həyan olmağa çalışır. “Dünyanın ən qorxusuz yeri” hekayəsində də kişilərin nəfsi-əmmarəsi, kişi dünyasının basqılarından Almaz qır qazanlığında yaşayan Qarabağ kişisinə sığınmaqla qurtarır: “Adı Nəsib idi. Ailəsini müharibədə itirmişdi. Döyüşdə yaralanıb şikəst olmuşdu. İnsanlara qarışmırdı. Burada tərki-dünya həyat yaşayırdı”. R.Qaracanın hekayələrində sanki “uzaq”da görünən Qarabağ müharibəsinin şiddəti çox yaxındadır.

Bu baxımdan, yazıçının bilavasitə müharibənin içindən yazmağa cəhd etdiyi “On bir gecə” romanı da (2014), prinsipcə, hekayələr romanıdır. “Savaş günlə¬rində eşq hekayələri – Qarabağ Dekameronu” vurğusu altda qələmə aldığı əsərdə, əslində, “Dekameron” kodu da, “Qarabağ savaşı” motivi də çağdaş oxucu ilə dialoqa girməyin postmodern bir üsulu kimi düşünülmüşdür, amma kifayət qədər işləmədiyindən mətndə eləcə passiv kompozision ünsür kimi də qalmışdır. Əvəzində, R.Qaracanın romanında başqa bir dialoji kontakt – cinsəl problemlər yaşayan, yeniyetməlik komplekslərini heç cür dəf edə bilməyən kişi cəmiyyətinin ağrıları qabarıq əksini tapmışdır. Sanki qəsdən naşı, profan üslubda nəql olunan hekayələr bayağı olduğu qədər də az qala bir-birinin eynidir, eyni nöqtəyə vurur. On hekayənin hər birində qəhrəmanların qa¬dına (və həyata!) qarşı formalaşmamış, natamam baxışları aprobasiya olunur. Bu – heç də ötəri mövzu olmayıb, R.Qara¬canın romandan əvvəl də hekayələrində (“Dünyanın ən qorxusuz yeri”, “Ağ pencəkli qa¬dın”, “Dünyada ha¬mıdan çox”) uğurla sınadığı aktual məsələdir. Mövzunu qaynar müharibənin içinə apar¬maqla yazıçı Qarabağ savaşının cəmiyyətdə psi¬xoloji təsirlərini daha dürüst fiksə etmiş olur.

Rasim Qaracanın qəhrəmanlarının hər birində lirika var, həyat lirikası; lakin yazıçı bu məqamın psixoloji qatlarına enməyi lazım bilmir. Başqa zamanlardır, lirik-psixoloji üslubla bugün həyatın məzmununa varmaq, açıq qapıları döymək kimi olar. “Mənim hekayəmi yaz” deyənlərin həyatını R.Qaraca başqa tərzdə qələmə alır və kitaba daxil etdiyi mətnləri postmodern hekayələr adlandırır. “Lazımı gözləyərkən”, “Böyük insanla görüşlərim”, “Şair Mazan Şələquyruq”, “Kor pişiyin qovulması (uşaqlar üçün, sərçənin dilindən)”, “Dördüncü yolçu”, “Sevgilim “Yox” olub” hekayələrində yazıçının soyuq-təmkinli təhkiyəsi habelə satirik notlar, dekonstruktiv yanaşma, ironik modusla zənginləşir. Bununla belə, Rasim Qaracanın həyat ironiyası bütövlükdə baxışlarında gizlənir, ağrı-nisgili içində (ekzistensiyasında) gizləyərək, təhkiyəsində məhz ironiyasını gerçəkləşdirir.

Rasim Qaraca ədəbiyyata avanqardla gəlib; bu nəfəsi yaradıcılığı boyu qoruyub-gəlişdirməyə çalışır. Vizual olaraq da (kitabının titul səhifəsində) bu vurğunu qabardan yazıçı “hekayələ r” deyə özünə çağırış edir və hekayələyir.

Yığcam, eskizvari, rəssam qələmi ilə çəkilmiş və rəsmlərlə bəzədilmiş “Sənin toxunduğun hər şey” (Bakı, “Alatoran”, 2022) kitabına daxil etdiyi portret-hekayələrində Rasim Qaraca özü ilə qəhrəmanları arasında məsafəni daha da azaldır. Ömrünün içində, yaddaşının hardasa uzaq bir küncündə, həyat dolambaclarında ilişib-qalmış, bugünə çıxmayan insanların taleyini, sözünü, özünü hekayələyir. Dünəndə, gerçəklərdə, keçib-getdiyi yollarda donub qalmış, sanki əşyalaşmış “toxunduğu hər şey”i yazmağı, oyatmağı, ona can verməyi yazıçı borc bilir: “Hekayə yazmaqdakı səbəblərimdən biri keçmişdə qalan, unudulub getməsini istəmədiyim, mən yazmasam birdəfəlik zamanın qaranlığında itəcək insanlara öz kitablarımda yeni həyat qazandırmaqdır. Heç olmasa bir-iki nəfəri unudulmanın burulğanından qurtarırsan – onlara yeni ömür bağışlayırsan...”

Müdrik çağlarında belə Rasim Qaraca sənətə avanqard tələblər, iddialar sürməkdə davam edir; bu iddianın adı həyatda da, sənətdə də yaşamaq adına təmənnasızlıqdır: “Biz istəsək də, istəməsək də təəssüflərlə dolu həyatımızda qazana biləcəyimiz, qazanmalı olduğumuz tək müdriklik – təəssüf etmədən yaşamağı öyrənmək, bizdən əvvəl yaşamış daha yaxşı insanların hekayətləri ilə tanış olmanın verdiyi təsəlli ilə, göy qübbəsi altında bir iz buraxmadan unudulub getmək olmalıdır...” (“Sənin toxunduğun hər şey”)