Müasir cəmiyyətdə xoşlamadığım o qədər şey var ki, xüsusilə, hansı gileydən başlayacağıma qərar vermək çətindir. Əslinə qalsa, bunun, həqiqətən, əhəmiyyəti yoxdur, çünki xoşlamadığım bütün şeylər yalnız müasir sənayə cəmiyyətinin strukturunun müxtəlif istiqamətlərindən ibarətdir. Bunlar sindrom halındadır və hamısının ucu eyni kökə dayanır: həm kapitalist, həm də Sovet tipli sənaye cəmiyyətinin strukturuna.
Vurğulamaq istədiyim ilk narazalıq hər şeyin, demək olar ki, hər şeyin satışda olmasıdır. Təkcə ticari məhsul və xidmətlər yox, fikirlər, incəsənət, kitablar, şəxslər, qənaətlər, hansısa bir hiss, gülümsəmə hamısı bir-bir metaya çevirilib. İnsan da bir bütün olaraq bacarıq və potansialı ilə elədir.
Burdan ortaya çıxan başqa bir nüans var – etibar edəcəyin insan sayı günü-gündən azalır. Həm kobud ifadə etsəm, iş həyatındakı saxtakarlıq və ya şəxsi münasibətlərdəki etibarsızlıq mənasında deyil, daha çox dərinə gedən mənada deyirəm. Satışda olan birinin sabah eynən bugünki kimi olmayacağına necə güvənə bilərəm? Onun kim olduğunu, kimə güvənməli olduğumu hardan bilə bilərəm? Sırf məni öldürməyəcəyini və ya qarət etməyəcəyini bilmək kifayətdirmi? Bu, həqiqətən də, arxayın salır insanı, amma o qədər də etibarlı deyil.
Əlbəttə, bu, “inanclara sahib insan sayı günü-gündən azalır” deməyin fərqli şəkildə ifadəsidir. İnanc deyəndə vurğulamaq istədiyim şey şəxsin xarakterinə, bütün şəxsiyyətinə kök salan və nəticədə onu hərəkətə gətirən motivlərdir. Sadəcə mərkəzi əhəmiyyətini qoruyan, asanlıqla dəyişdiriləməyən fikri nəzərdə tutmuram.
Vurğulamaq isədiyim bir başqa məqam odur ki, əvvəlki nəslin insanları böyük ölçüdə ənənəvi naxışların və uğurlu adaptasiya ehtiyacının formalaşdırdığı xarakterə sahib idilər. Daha gənc nəsildən olanların çoxu xarakterdən büsbütün məhrumdur. Bunu deyərkən onların dürüstlükdən uzaq olduqlarını vurğulamıram, əksinə, modern dünyada xoşa gələn çox az şeydən biri kimi gənc nəslin əksərən dürüst olmasıdır. Demək istədiyim, əqli və emosional olaraq qazandıqlarını yeyib-içmələridir. Hər ehtiyacı dərhal doyurur, öyrənmək üçün çox az səbr edir, ümidsizliyə, xəyal qırıqlığına asanlıqla sinə gərmir, daxildəki mərkəzdən, şəxsiyyət hissindən məhrumdurlar. Bu səbəbdən əzab çəkir, özlərini, şəxsiyyətlərini və həyatın mənasını sorğu-sual edirlər.
Bəzi psixoloqlar bu şəxsiyyət çatışmazlığından faydalandılar. Bunlar belə gənclərin bir şeyə bağlı olmayan, hər şey üçün səy göstərən “Protey xarakteri” daşıdıqlarını deyirlər. Bu, insan necə şərtləndirilərsə odur fikrini müdafiə edən B.F.Skinnerin “insan mühəndisliyi”nə xas mənliksizliyi dilə gətirməyin daha poetik ifadəsindən başqa bir şey deyil.
Ümumi cansıxıcılıq və sevinc çatışmazlığı da bəyənmədiklərim arasındadır. Əksər insanların canları sıxılır, çünki etdikləri şeylərə maraqlı deyillər və bizim sənayə sistemimiz bu həvəsi yaratmağa maraqlı deyil. Daha çox əyləncə (köhnə nəsil ilə müqayisədə) ümidi onların sıxıcı işlərini kompensasiya etmələri üçün yeganə mühim stimul olduğu hesab edilir. Bununla belə onların asudə vaxtları və əyləncələri də sıxıcıdı. İşləmə müddətini sənayə müəssisəsi idarə etdiyi kimi, əyləncə və istirahət zamanını da əyləncə sənayəsi idarə edir. İnsanlar sevinc yerinə həzz və həyəcan, inkişaf əvəzinə güc və mülk axtarırlar. Onlar olmaq yerinə daha çoxuna sahib olmaq və daha çoxunu istifadə etmək istəyirlər.
Onlara həyat və canlı prosesdən daha çox ölü və mexanik olanlar cəlbedici gəlir. Cansız şeyləri çəkici hesab etmə fenomenini Migel de Unamunonun istifadə etdiyi kimi “nekrofiliya” (ölüsevərlik), bütün canlı şeyləri cazibədar hesab edənləri isə “biofiliya” olaraq adlandırmışdım. Həzzə verilən xüsusi diqqətə baxmayaraq, cəmiyyətimiz daha çox ölüsevərlik və get-gedə daha az həyat sevgisi istehsal edir. Bütün bunlar böyük cansıxıcılığa gətirib çıxarır ki, bu da davamlı dəyişən stimullarla yalnız səthi şəkildə kompensasiya olunur. Bu stimullar, əslində, canlı və aktiv marağa nə qədər az imkan versə, bir o qədər də tez-tez dəyişdirilməlidir, çünki təkrarlanan “sönmüş” stimulların tezliklə monotonlaşması bioloji olaraq bir faktdır.
Ən çox xoşlamadığım şeylərin xülasəsi yunan mifologiyasında yunanların da şahidlik etdiyi “Dəmir dövrü”nə aid təsvirdə öz əksini tapır. Hesiodosun “Erqa” adlı əsərinə görə təsvir bu şəkildədir: “Nəsillər gəlib keçdikcə get-gedə daha pis olur. Zaman gəlib elə pis olacaq ki, gücə ibadət edəcəklər. Qüdrətə haqq qazandıracaqlar və yaxşıya olan hörmət silinib gedəcək. Nə vaxt ki pisliyə heç kim qəzəblənməyəcək ya da səfalətin varlığından heç kim utanmayacaq, Zevs onları da həlak edəcək. Yenə də o zaman nələrsə edilə bilər, yetər ki adi insanlar ayağa qalxsınlar və zülmkar hökmdarlarını yerə sərsinlər”.
Sözlərimi yekunlaşdırarkən bütün bunlara baxmayaraq, ümidsiz olmadığımı demək istəyirəm. Elə bir prosesin ortasındayıq ki, bir çoxları içində olduqları illüziyanı tərk edir və Marksın da dediyi kimi “illüziyaları tərk etmək illüziyaları tələb edən vəziyyətlərdən çıxmağın şərtidir”.
“Corriere Della Serra” qəzeti.
Yanvar, 1972-ci il.
Tərcümə: Hacı Zeynallı