Mücərrəd insanam, başım gavalı - Avamqard Şeirlər

Mücərrəd insanam, başım gavalı   - Avamqard Şeirlər

21 Oktyabr 2024 12:22 108


Məzahir Batini

Xaraba bir parkda bitir bu ağac
Tənhadır, çatıbdır yaşı yetmişə
Səmaya dartınır, səmada tıxac
Sərçələr, qarğalar çıxıbdır işə

Hər keçən gövdəyə nə isə yazır
Bıçağı batırır dərin qatlara:
"Əhmədli uşağı", "Yekdir Masazır"
Hər yazı gövdədə buraxır yara

İçkili insanlar dibinə qusur
Necə öyrəşsin ki kobud rəftara
Bu oğraş insanda görməsin qüsur?
Günləri qapqara, gəlibdir zara

Hər keçən dibinə işəyir, sıçır
O suya həsrətdir, batıb işəyə
Yoxdur ağacın ikinci qıçı
O necə şəhərdən qaçsın meşəyə?

***

Mücərrəd insanam, başım gavalı
Dünənim, bu günüm üçbucaq kimi
Əlimə götürdüm, çaldım qavalı
Gördüm ki, qavalın olmayır simi

Bəs nədən, nə üçün böcəklər susqun,
Bəs nədən, nə üçün atəşlər soyuq?
Qanadı nə üçün tüklüdür quşun,
Və nədən quş deyil zavallı toyuq?

Görünür həyatın mənası qəliz,
Görünür həyatın mənası sirli...
Səmada quşlardan qalmayır bir iz,
Buludlar uçuşur yaman fikirli

Şüurumuz səma, fikrimiz bulud
Yaman çətin gəlir bu sətrin dalı
Toyuqda dadlıdır həm qanad, həm bud
Mücərrəd insanam, başım gavalı

***

Qaranın içində gizlənibdir ağ
Bəs ağın içində nələr gizlənib?
Çörəyin sevgisi – həm pendir, həm yağ
Ağızlar çorəyi yeyib bitirib.

Bəs nələr gizlənir ahın içində,
Və nələr gizlənir için ahında?
Rezin çəkələklər yapırlar Çində
Axı pəncəsi var hətta şahın da

Mənim də çox nimdaş bir pencəyim var
Pencəyim köhnədir, sapları köhnə
Hər gecə üstümə yüyürür divar
Yüyənsiz bir atdır, özü də köhlən

Bizləri yaşadır ulu qaranlıq
Qaranlıq qədimdir, həm də ki xədim
Ürəyim döyünüb susur bir anlıq
Qapını döyürsən: yavrum, sən gəldin!

***

Otaqda əşyalar soyuqdan soyuq
Otaqda əşyalar uzaqdan uzaq
Kaş bu otağa girəydi toyuq
Yumurta salaydı sizlərdən iraq

Divarlar yırtıcı, əşyalar vəhşi
Təklənib qalmışam, kömək dilərəm
Yanımda da yoxdur meymun məməşi
O Əsli olardı, mən də ki Kərəm

Bir dastan yazardıq ucsuz-bucaqsız
O meymun məməşi, mən də yek şair
Bitib tükənərdi mürəkkəb, kağız
Batindəki sözlər olardı zahir

Hər əşya buraxır acı zəhərin
Heç inanmıram ki, çıxam səhərə
Dişi meymunda da tüklüdür dəri...
Yanıldım, yanıldım, yandım kaç kərə

***

Haraya gedim ki, rahatlıq tapım?
Çatlamış özgələr yolda maneə
Uzun incə yollar sapımdı, sapım
İynətək tikərəm yolu pəncəmə

Pəncərə üstünə qonubdur milçək
Kaş mənə verəydi qanadlarını
Milçəyə qardaşdır səmavi mələk
Mələklər hifz edir həm də arını

Qanadlar çırpınar, yaradar külək
Ey dostlar, hamımız gəlmişkən zara
Qarışqa olub da milçəyə minək
Uçaq, uçaq, uçaq uzaq diyara

Uçaq uzağa, yenə olaq uşaq
Saqqızlar şişirdək, şənlənək, gülək
Heç bir şey bizlərə olmasın yasaq
Qanadlar çırpınsın, yaransın külək

***

Siqaret sümürüb içirəm çaydan
Dünyanın dərdləri sarır ruhumu
Kaş ki bir uzaylı gələydi aydan
Dördbucaq olaydı onun hülqumu

Kaş ki bir uzaylı göydən düşəydi
Gözləri olaydı sarı, lacivərd
Kosmik varlıqlar nəmənə şeydir?
Yəqin tərk edərdi məni qüssə, dərd

Şahmat oynayaraq çaydan içərdik
Heç-heçə bitərdi bizim oynumuz
Uzaylı deyəydi "ay gözəl yerli,
Mən “ice tea” sevirəm, gətirsənə buz"

Gülüşüb, dərdləşib edərdik söhbət
Beləcə keçərdi birgə gecəmiz
Səhəri qonağım uçub gedəcək
Buraxıb qəlbimdə çox dərin bir iz