Müharibə haqqında ən gözəl hekayə - Orxan Həsəni

Müharibə haqqında ən gözəl hekayə   - Orxan Həsəni

13 İyun 2022 10:11 793


YeniYaz.Az Orxan Həsəninin "Mənim qardaşım “Banan balığıdır”" adlı yazısını təqdim edir.

Yaxın günlərin birində havalar korlandı. Yağış, külək, şimşək göyü ağzına aldı. Gurultu açıq pəncərələrin şüşəsini əsdirdi və məhəlləyə dadanan beş-altı qonur küçə iti göyün qəzəbindən ciyildəyə-ciyildəyə gizlənməyə yer axtardılar.

Belə havalarda hamı gizlənməyə yer axtarır.

Quşlar, adamlar, pişiklər və itlərin gözündən eyni qorxu oxunur. Özgə vaxt ürkək davranan pişiklər evə girmək, çarpayının altına soxulmaq üçün qapını cırmaqlayırlar. Hətta ağaclar da saçını yolub şivən qoparırlar. Söyüdlərin sallaq yanaqları küləyə bənd olub süzülür. Sanasan, çinarlar kökündən qopub mizraq kimi havada süzəcək və haradasa uzaqda bir yerə mıxlanıb yenidən yarpaq tökəcək.

Belə vaxtlarda yuxum ərşə çəkilir. Məşğuliyyət tapıb başımı qatıram; ya kinoya baxıram, ya da kitab oxuyuram, oyun oynayıram ki, bu nadinc, vahiməli havanın əsəbindən yan keçim.

Qardaşımla eyni yataq otağını bölüşürəm. O, Vətən müharibəsində şiddətli döyüşlərin iştirakçısı olub. Yan çarpayıda şirin-şirin yuxulayan bu cavan, cüssəli oğlana baxanda müharibə haqqında adamın ağlına heç nə gəlmir. Gün boyu dinc, zarafatcıl dolanır. Axşam gec yatıb səhər gec oyanır. Yaxşı yeyir. Siqaret çəkir, lakin spirtli içkilərə aludə deyil. Müharibənin, ölüm qorxusunun və ölüm şahidliyinin ağrıları zaman axıb keçdikcə, həyat əvvəlki rejiminə qayıtdıqca, yavaş-yavaş canından çıxır.

Havaların korlandığı o yaxın günlərin birində yenə əhvalım təlx olmuşdu. Nəsə oxuyub başımı qatmaq istəyirdim. Bu dəm dəhşətli şaqqıltı yeri-göyü lərzəyə saldı. Əvvəl-əvvəl foto-aparaq flaşı kimi açılan işıq seli otağa doldu, sonra səs, sanasan, özünü yerə çırpdı. Səsin özünü yerə çırpmasını mən həyatımın müxtəlif məqamlarında eşitmişəm, lakin bu onların hamısından ağır idi. Sanki səs göy ilə yerin bir-birinə müqavimətindən cana gəlmişdi.

Yan çarpayıda şirin-şirin yuxulayan qardaşım gurultudan diksinib dik atıldı, yuxulu-yuxulu otağın içində dörd dolandı, “silahım haradadır?” deyib özünü otağın divarlarına vurdu, gah yerə yıxılıb süründü, gah qalxıb nəsə axtardı. Handan-hana mənim təəccüblü baxışlarımın nəzərində özünə gəldi. Su içdi, əlini sinəsinə aparıb nəfəsini dərdi. Heç nə olmamış kimi çarpayıya uzanıb yatdı.

Səhər hadisə haqqında heç nə xatırlamayanda başa düşdüm ki, müharibə içində olduğumuz gerçəklikdə, gündəmdə bitsə də, insanların içində, ruhunda davam edir və bu travma, bəyaz köynək üstə siyah ləkə kimi qalıb özünü əbədi nişan verəcək. İyirmi il, otuz il sonra yenə bir gurultunun səsi onu qolundan tutub 2020-ci ilin payızına gətirəcək və 2020-ci ilin payızı o bədən durduqca əbədi davam edəcək. Əvvəldən sona, sondan əvvələ yol ölçəcək, qorxular, narahatlıqlar sıxlaşıb-sıxlaşıb beynin ən müdafiəsiz anında qırmızı bayraq qaldıracaq.

Çox sevdiyim Cerom Devid Selincerin “Banan balığının asan ovlanan günü” hekayəsi müharibə haqqında yazılmış ən gözəl hekayələrdən biridir. 1948-ci ildə, İkinci dünya müharibəsinin sonundan düz üç il sonra “The New Yorker”də nəşr olunan hekayə, elliptik və düşündürücü dialoqların köməyi ilə həm xarakter yaratmaq, həm də süjet qurmaq haqqında ustad dərsi keçir. Hadisələr əsasən iki səhnədə cərəyan edir: otel otağında və çimərlikdə. Sonda bu iki məkan hekayənin faciəli finalı üçün qovuşur.

Hekayə İkinci dünya müharibəsindən qayıdan insanların yadlaşmanı təsvir edir. Əsas qəhrəman Seymur həyat yoldaşı da daxil olmaqla hamıdan mənəvi olaraq qopub.

Hekayə açılır. Qaynar bir Florida günündə Muriel adlı gənc qadın anası ilə telefonda danışır. Onlar müharibədən qayıdan Seymuru müzakirə edirlər. Beləliklə, ər-arvad – Muriel və Seymurun Floridaya tətilə getdiyini öyrənirik.

Murielin anası Seymurun qeyri-sabit psixi vəziyyətindən narahatdır. Qayğı onu götürüb. Murielin anası hesab edir ki, ordu Seymuru hospitaldan buraxmamalı idi, çünki onun özünə nəzarəti büsbütün itirmək təhlükəsi var. Dialoqlardan bilirik ki, Seymur qayınatasının maşınını vurub və Murieldən xahiş edib ki, alman dilini öyrənsin. Ona görə ki, müharibə zamanı göndərdiyi alman dilli şeir kitabını yalnız bu yolla oxuya bilər. Seymur düşünür ki, bu şeirlər əsrin ən böyük şairi tərəfindən yazılmışdır.

Muriel və anası telefonla danışarkən Seymur çimərlikdə gəzir və onunla eyni oteldə qalan azyaşlı uşaq Sibil ilə söhbətləşir. Onların söhbəti gənc oğlan və uşağın söhbətindən çox iki yaşlının mükaliməsinə oxşayır.

Seymur nəhayət xalatını çıxarır və Sibillə birlikdə suya girir. Sibilə uydurma banan balığı haqqında danışır. Uşaq bu nağıla inanır, hətta ağzında altı banan olan banan balığını suda gördüyünü həyəcanla söyləyir.

Seymur otelə qayıdır və liftdə bir qadını onun ayağına baxmaqda günahlandırır. O, arvadının yatdığı otağa gəlir, çantasından tapançanı çıxarır və başına atəş açır.

“Banan balığının asan ovlanan günü” hekayəsini Virginiya Vulfun “Mrs. Dallovey” romanı ilə asanlıqla müqayisə edə bilərəm. Romanın mövzusu müharibədən qayıdan və həyata uyğunlaşmaqda çətinlik çəkən əsgərin hekayəsini danışır. Selincerin hekayəsində necə ki, Muriel Seymura kömək edə bilmir, eləcə də “Msr. Dollavey”də sədaqətli Lukritsiya mərmi şokuna düşən ərinə kömək etməkdə acizdir.

Bunla bərabər Selincerin hekayəsini daha bir bədii nümunə ilə oxşarlığı duyulur. Ernest Heminqueyin 1925-ci ildə yazdığı "Əsgərin evi" hekayəsinin qəhrəmanı Harold Krebs adlı gənc Birinci Dünya Müharibəsindən qayıdır və məmləkətindəki insanlara qaynayıb qarışmaqda çətinlik çəkir.

Müharibə travmaları almış kişi personajın yadlaşması bu iki hekayəni birləşdirən tək kod deyil: Seymurun Sibil ilə oynaq söhbəti Krebsin kiçik bacısı ilə münasibətini xatırladır. Hər iki kişi baş qəhrəman yalnız uşaqlarla ünsiyyət saxlayırlar. Müharibə görmüş, insanın insanı öldürdüyünə şahidlik etmiş, öldürmüş, ölüm və həyat qorxusu ilə daim iç-içə olan insanlar böyüklərin qurduğu bu vəhşilikdən və vəhşiliyin amansız gərginliyindən xilas olmaq üçün uşaqlara, onlarla söhbətə sığınırlar. Və özləri də uşaq olmaq istəyirlər. Yalnız onların təmizliyi böyüklərin icad etdiyi və ləkə kimi insanların üstünə atdığı müharibə zillətini unutdura bilər.

Selincerin uşaq xarakterləri çox zaman ən müdrik xarakterlər hesab olunur. Böyüklər isə dünyanın ağırlığı və gündəlik həyatın bezdirici gerçəkliyi içində vurnuxduqlarından, günü günə caladıqlarından həyatın əsl mənası ilə təmasda qalmaqda acizdirlər Selincerin məşhur romanı “Covdarlıqda uçurmdan qoruyan”ın baş qəhrəmanı Holden üçün böyüklər saxtakardır. Uşaqlıq isə bizim artıq arxada qoyduğumuz saf vəziyyətdir. Ki biz o vəziyyəti biz əbədi itirmişik.
Banan balığı eləcə Seymurun özüdür.

Selincer yazır:

– ...Acan kimi suyun dibində olan darboğaz çalalara doluşurlar. O çalalarda kalan banan olur. Onlar bu çalalara girməmişdən qabaq adi balıqlardan heç nə ilə fərqlənmirlər. Amma elə ki, girdilər, özlərini lap donuz kimi aparırlar. Birini öz gözlərimlə görmüşəm.: o çalaya girəndən sonra birdəfəyə düz yetmiş banan yedi. – Oğlan önündəki döşəyi yükü ilə birlikdə üfüqə sarı bir az da irəli itələdi. – Təbii ki, onlar bu cür yediklərinə görə o qədər şişirlər ki, girdikləri çaladan bayıra çıxa bilmirlər. Onun dar boğazından çıxa bilmirlər.
– Çox uzağa getməyək, – Sibil dedi. – Bəs sonra neyləyirlər?
– Kimlər?
– Banan balıqları
– Hə, yəni bilmək istəyirsən ki, onlar bu qədər yeyəndən sonra o çaladan bayıra çıxa bilməyəndə neyləyirlər, hə?
– Aha
– Deməyə dilim gəlmir, Sibiş. Onlar ölürlər.
– Niyə? – Sibil soruşdu.
– Banan qızdırmasına tutulurlar.

Seymurun banan balığı olub düşdüyü çala müharibədir. O çaladan çıxa bilmir, heç vaxt çıxa bilməyəcək. Müharibə bitsə də, çala onun öz içində Seymuru əbədi izləyir. Gördükləri, yaşadıqları hadisələrdən əsgərlər şişir-şişir və onların müharibə çalasından çıxmağı imkansız olur. Seymuru öldürən də, gördüklərinin, yaşadıqlarının banan qızdırması idi. Deməyə dilimiz gəlməsə də, Seymur ölür.

Vətən müharibəsindən sonra intihar edən qazilərin sayı durmadan artır. Ədəbiyyat isə bizə müharibənin insana vurduğu zərbənin, bu amansız gərginliyin, vəhşi rəftarın kədərini danışır. Onlara yardım əli uzatmaq üçün yaxamızdan yapışır. Onların yardıma ehtiyacı var.
Banan balıqları çalada bağlı qalıblar.

Qardaşımla müharibə barəsində az-az danışırıq. Lakin onun sərxoş bir günün axşamında söylədikləri hələ də qulağımda oxunur:

– Yanmış insan ətinin qoxusunu unuda bilmirəm.

Kulis.az