Mənə həmişə qəribə gəlib, bizim məzhəkəçilər hər dəfə çıxış edərkən, niyə konsertin bir ortasında yersiz vətənpərvərlik nitqləri irad etməyə başlayırlar?
Bununla bizi vətəni çox sevdiklərinə inandırmaq istəyirlər?
Tutaq ki, inandıq, sonra?
Adam vətənini sevər də, bunu yüksək səhnələrdən bar-bar bağırmağa nə ehtiyac var?
Üçüncü sinif dərsliyi səviyyəsində yurd, vətən, bayraq sevgisi...
Sanki vətəni sevmirlər, bunun kompleksini yaşayırlar.
“Bu şəhərdə”nin konsertlərində qrupun prodüseri Müşfiq Abbasovun çıxışlarını yadınıza salın. Adam kilo-kilo ət tökür. Hakimiyyətə Şimali Koreya qafası ilə mədhiyyələr yağdırması, iqtidarın nədən ötrüsə seçib təltif etdiyi adamlara bəy tərifi vurması...
Döyüş ruhu, mübarizə əzmi, düşmənə nifrət, xalqa məhəbbət!
Kimsə bunları inandırıb ki, siz insanlarda vətənpərvərlik aşılamalısınız.
Elə bil 1940-cı illərin sovetində yaşayırlar və yoldaş Stalin hamıya “müsəlləh əsgər” olmaq əmri verib.
Mən demirəm, hakimiyyət haqda müsbət nəsə deyilməsin, sayılıb-seçilən adamlara, xalqa sevgi ifadə olunmasın. Qətiyyən. Mən deyirəm, bunun yeri yumor konsertləri deyil.
Ümumiyyətlə, yumorun mahiyyətində tərif ola bilməz.
Varsa, sən yumorun özü yox, onun hədəfisən.
Çox zaman öz işinin öhdəsindən gələ bilməyənlər belə dəbdəbəli nitqlərin arxasında gizlənirlər. Və bu çıxışlar əks effekt verir. Rəfaillə Coşqunun aşağı kateqoriyalı skeçlərinə bilet alan ən savadsız və ən dünyagörüşsüz adam da bu söhbətlərdən çiyrənir.
Adama deyərlər, vətəni belə çox sevirsən, bir dəfə də demokratik seçkidən, azad məhkəmədən, sosial bərabərlikdən danış.
KVN-nin özü də daxil bizim bütün yumoristlərin əsas lağ hədəfi geylərdir. Üstünə Koroğlu cəsarəti ilə gedirlər. Sanki böyük günahkarı tapıblar.
İstənilən babat bir məmurun qarşısında isə cücəyə dönürlər.
Kimsə bunlara izah etmir ki, konstitusiyamız cinsi mənsubiyyətə görə diskriminasiyanı istisna edir. Bunu sənət vasitəsi ilə etmək isə sadəcə yekəbaşlıqdır.
İnsaf naminə KVN-nin heç olmasa nazirlər, icra başçıları səviyyəsində tənqidi səhnəciklər hazırladığını qeyd etməliyik. Müşfiq Abbasovun ssenarilərində isə ən yüksək çinli hədəf ya sahə müvəkkilidir, ya da əyalət mollası.
Hə, bir də ermənilər var. Otuz ilin ritorikası. Elə bilirlər, erməniləri təhqir eləməklə bizi vətən sevgilərinə daha çox inandıracaqlar. Sosial şəbəkələrdə Nikol Paşinyana qulaq-buynuz çəkən sadəlövh insanlar kimi...
Anlayıram. Mətbuat kimi səhnədə də azadlıqlar məhduddur. KVN-i gözümüzün qabağında illərlə efirə həsrət qoymadılarmı? Lakin bir işi əlinə-üzünə bulaşdıracaqsansa, etməsən, daha yaxşıdır. Get taksi sür, fəhlə işlə, kimdən artıqsan? Əks halda, ən sərt tənqidləri və təbii, mənim də bu yazımı səmimi qəlbdən qəbul etməlisən.
Ümumilikdə, öz millətini, öz dinini, öz vətənini, öz hakimiyyətini açıq-saçıq və bir çox hallarda bayağı cümlələrlə tərifləmək sənətin etik çərçivələrinə sığmır. Mən boğazımdan kəsib bilet almışam, xeyir ola, sən mənim pulumun və zamanımın üstündən möhtəkirlik edirsən?
Üstəlik, zövqümü korlayırsan, içimdə əməli ifadəsini gözləyən daha səmimi vətən sevgisini manipulyasiyaya məruz qoyursan.
Təsəvvür edin, Çaplinin filminə baxırıq, bir ortada hiss edirik ki, İngiltərə xalqını, xristian dinini və kral sarayındakıları tərifləyir, hansı hissləri keçirərik?
Sənin xalqına, yurduna sevgin yaxşı səhnəciklər hazırlamağındır, tərif sənin işin deyil, bunun üçün televiziyaya çıxarmalı "n" qədər boşboğaz var.
Müqəddəs mövzularda möhtəkirlik etdikcə bu mövzularla səmimi davranmaq adətini itiririk və nəticədə Soçidəki “Şuşa” - “Buta” dilemması ilə qarşılaşırıq. Özümüzü duruluğa çıxarmağa çalışdıqca da batırıq...
Təlxəklər belə orta əsrlərdə hamını tənqid edə bilirdilər. Bunu bacarmırsınızsa, əksini də etməyin, gedin işinizlə məşğul olun. Məsələn, birini mən deyim: arvad paltarı geyinib karikatura çıxarmadan güldürməyin yollarını öyrənin.