Ədəbi prosesdə müstəvilərin əyilməsi və ən müxtəlif deformasiya halları həmişə baş verən hadisələrdəndir, yəni onun mümkünlük dərəcəsi, bəlkə daha çoxdur, sadəcə, bir anın mində birində elə sürəkliliklə meydana gəlir ki, göz yumub-açınca bunu hiss etmirik. Ancaq məsələ bu deyil.
Yazdığı mətnin dəyərini yox, dəyərləndirilməsini istəyən yazarın iki çıxış yolu var: susmaq, yazdığının içindən gələn "xaric səsləri" eşitmək, bunun kökünü tapmaq. Və... yazıyla bağlı reklam və marketinqdən əl çəkmək.
Tərif yağır, müəllif gül-çiçək yağışına tutulub, düşünmür ki, bəlkə bu, sonuncu gündür, bir daha bu havanı uda, bir daha güzgüdə özünə o cür baxa bilməyəcək. Güzgüyə o qədər yaxınsan ki, nəfəsin orda görünən səni yox edir, duman, çiskin içindəsən.
Bəs tərif yağdıranların məqsədi nədir? Bunu bilmək çətindir, sadəcə, məlum stixiyanı izləmək lazımdır.
Bədii mətnə yanaşmada iki ifrat var: 1) əsərin (hekayə, roman...) təhlilinə, şərhinə yanaşmada standart müəyyənləşdirmək. Nəyi görmək istəyirsənsə, mətndə onu "əkmək", cücərtmək, mətn tarlası sənin görmək istədiklərinlə dolsun, müəllifdən gələnlər, sadəcə, gözardı edilsin; 2) Umberto Ekonun təbirincə, ifrat interpretasiya. Yəni, sənin yanaşmanda şərhin sonsuzluğu, mətn ərazicə nə qədər geniş, yaxud sonsuz olsa da, təhlil və şərhin hüdudları var. Hər iki halda, bədii mətn kənarlaşdırılır, yox olur və təhlilçinin arzu və istəklərinə tabe tutulur.
Bədii mətnlərdə gələcəklə bağlı xəbərdarlıq var, sən əgər Mirzə Ələkbər Sabiri düzgün, mətnin intensiyasından ("mətn intensiyası" ideyası Ekoya məxsusdur - !) çıxış edib oxumursansa, ordakı ən mübhəm şeylər sonradan sənin başına gəlir.
Çatışmayan şərhlə (standartın tətbiqi - !) artıq/ifrat şərh arasında şübhəsiz ki, xalis bədii mətn yoxdur. Hər iki ifrat, qeyd edilməlidir ki, Riçard Rortinin praqmatik yanaşması, başqa sözlə, bədii mətnə tədqiqatçının dar məqsəd və niyyətinin tətbiqi ilə bağlıdır. Əgər tədqiqatçı bədii mətnə özünün nəzər-nöqtəsindən yanaşırsa və bu təsadüfdə hər şey uğurla "həllini tapırsa", bu halda, bədii mətn haqqında bircə kəlmə də deyilməmiş olur. Mətndən, sadəcə, istifadə edilir. Yəni, sizi tərifləyənlər, yazdığınız mətnlərdən, sadəcə, istifadə edirlər. Yəni bunlar, sadəcə, cızma-qaradır. Tənqid və təhlil deyil, əsla!
Bizim filoloji tədqiqatlarda və xüsusən, tənqidi fikirdə mətndən bu şəkildə istifadənin minlərcə nümunəsi mövcuddur. Yəni, yalnız oxucunu "nişan alıb", bədii mətn haqqında söz demək, əgər söhbət şeirdən gedirsə, ona gözucu baxıb "oxucunun ürəyini oxumaq", onun duyğularına təsir etmək əsas məqsəd olmuşdur. Bununla bağlı biz çox sayda nümunələri göstərə bilərik, ancaq bundan vaz keçib digər nəzəri postulatlara diqqət edək.
Şübhəsiz ki, "ifrat interpretasiya" zamanı müəllif və bədii əsər kənarlaşdırılır. Müəllif niyyəti ilə bərabər, bədii əsərin yazılmasının bir konteksti var, bu kontekstləri kənara atandan sonra bədii əsər U.Ekonun təbirincə desək, "vakuumda" özbaşına hərəkət edəcəkdir.
Umberto Eko irəli sürdüyü nəzəri konsepsiyada oxucu interpretasiyası üçün, hansısa, meyarın müəyyənləşdirilməsi ilə maraqlanmır. Onu maraqlandıran mətn şərhinin müəllif niyyəti ilə bəzən buna əks olan oxucu niyyəti arasında balans yaratmasıdır. Bədii mətnə yönəlik sonsuz sayda şərhlərin bir çoxu özünü doğrultmaya bilər, yaxud zamanla ixtiyari sayıla bilər. Bəs bu şərhlərin doğru olmaması necə meydana çıxır? Şübhəsiz ki, "mətn intensiyası" sayəsində. Məhz bu niyyət müəllif niyyəti ilə oxucu şərhi arasında balans yaradır, məhz bu niyyət, yəni mətndə ehtiva olunan intensiya bədii mətnin yazılma kontekstini daim vurğu altında saxlayır. Bu kontekst şərh zamanı unudularsa, bədii mətn Ekonun nişan verdiyi boşluqda üzdükcə, üzəcəkdir.
Siz bu boşluğu mütləq görəcəksiniz.
“Ədəbiyyat qəzeti”