Müxtəsər, o ən yaxşılarındandır - Rəşad Səfər

Müxtəsər, o ən yaxşılarındandır   - Rəşad Səfər

31 Yanvar 2024 14:50 348


Çığıranlar və çığırmayanlar
Rəşad Səfər

1

Deyirdim, yəqin, uzun keşməkeşlərdən sonra müasir ədəbiyyatımız yeni formalar, üslublar və mövzular üzərində bir az baş sındırar, yeni ədəbi estetikaların yaranmasına çalışar. Əvvəlkilərin donos, tərif, yaltaqlıq, daha sonrakıların etiraz ədəbiyyatının əvəzinə, nəhayət, həqiqi ədəbiyyatın özəyinə yaxınlaşarıq. Bəlkə, ədəbiyyatın qışqırıb-bağırmaq yox, yazmaq sənəti olduğuna inanarıq. Amma, deyəsən, gənc dostlar yenə kəsə yol tapıblar. Və bu yol getdikcə lap biabırçı həddə çatmaqdadır.

Bir ara çığırmağın məşhur forması hamını söymək, yerli-yersiz marjinal görünməkdi. Addımbaşı özünü gözə soxmaqdı. İndiki forma isə yerə-göyə sığmayan, əsassız təkəbbürdür. Janrı bilinməyən beş-altı cızmaqaranı əlində havaya qaldırıb kolxoz bazarının ortasında qışqıraraq ora-bura qaçmaqdır. Üfüqdə kiçik bir yazının, hekayənin işığı görünməzdən əvvəl çığırıb aləmə səs salırlar, ay camaat, işinizi-gücünüzü atın, hazırlaşın, yazıram. Yazıb bitirəndən sonra da qışqırırlar: bir hekayə yazmışam, indiyədək beləsi yazılmayıb, oxuyanda məhv olacaqsınız. Dərc olunandan sonra çox oxunsa, bir daha çığırıb özlərini tərifləyirlər, deyirlər, bundan sonra "əziyyət də mənəm, vəziyyət də, vəssalam”. Az oxunsa, yenə çığırırlar. Bu dəfə binəva oxucuları danlayırlar: xalq hələ məni anlayacaq səviyyəyə çatmayıb. Əvvəl-əvvəl guya bunu zarafatla deyirlər. Sonra zarafat yarıciddi-yarızarafat olur. Lap axırda özləri də buna inanır. Belə görürəm, yeni ədəbi estetikamız "bir şey yazmışam, hamınızın başına daş düşəcək” estetikasıdır.

Hətta biri var, xeyli irəli gedib uşaqlığında gördüyü falçını da özünə ortaq edir: illər öncə falçı bütün kəhanət gücünü işə salıb bunun parlaq yazıçı olacağını anasına müjdələyib. Elə bil üç münəccim kral Məryəmə müjdə verir.

Çığıranların başqa bir dəstəsi "ədəbiyyat”dan cütləşmə dövründə qarşı tərəfin diqqətini cəlb etmək üçün təkamül instrumenti kimi istifadə edir. Bu cür "ovçu”lardan biri yaxınlarda özünü milli hekayə onluğunda ilk beşliyə salmışdı. İlk üçlüyü ədəb-ərkan naminə ağsaqqallara güzəştə gedir. Sağ olsun, getməyə də bilərdi. Amma dördüncü yer dəqiqdir.

Ədalət üçün deyək ki, özünü tərifləmək məsələsi gənc nəsillə başlamayıb. Daha yaşlı nəslin nümayəndələri də arabir bu cür şou-biznes qaydaları ilə davranırlar. Gah Orhan Pamukun qabağına hekayə atırlar, zavallı Pamuk xıncım-xıncım olur. Gah deyirlər, Azərbaycanın Lorkası da mənəm, Rembosu da. Postmodernizmi gətirən də mənəm, bitirən də. Amma bu adamlar artıq özlərini təsdiqləmiş, illərlə xeyli yazıb-yaratmış adamlardır. Bəzən zarafatla, bəzən diqqət çəkmək üçün, bəzən də laqeyd oxucularını qıcıqlandırmaq üçün göstərdikləri təkəbbürü haradasa başa düşmək olur. Ancaq əlifba bayramında yaxşı şeir dediyinə görə həvəslənib bir-iki il sonra ədəbiyyata gəlmiş adamların ərşə çıxan çığırtıları artıq insanın başına düşür. Ürək bulandırır.

Çığırtıların səbəbi, adətən, qorxular olur. Bir sənət adamının böyük qorxularından biri görünməmək, kölgədə qalmaqdır.

Çığıranlar davranışlarında haqlı olmasalar da, qorxularında qismən haqlıdırlar. Tarix səssizliyə çəkilmiş çox müəllifi elə axıra qədər səssizlikdə saxlayıb. Yaxşı əsərlərin gec-tez üzə çıxacağına dair ümiddə də həqiqət payı var. Hər halda, Dostoyevski, Tolstoy, Prust, Stendal, Tomas Mann, Herman Hesse kimi nəhənglərin həmişəlik gizlində qalması inandırıcı deyil. Bu nəhənglərə heç bir səssizlik tab gətirə bilməzdi. Amma tozlu rəflərdə mürgü vuran nə qədər kölgə ədəbiyyatı da var. Səbəbi sadədir: dünyada ədəbi əsərlərin həddindən artıq çox olması ədalətli seçim etməyə, ədəbiyyat tarixini obyektiv yazmağa imkan vermir. Çoxdan oxuduğum bir araşdırmanın müəllifinə görə, onun məşğul olduğu istiqamət üzrə təkcə on səkkizinci-iyirminci əsrlər Britaniya ədəbiyyatına aid otuz minə yaxın roman var. Hələ bundan dəfələrlə artıq fransız, alman, italyan, rus, Amerika romanları. Çoxundan heç kəsin xəbəri yoxdur. Bu qədər romanın içərisində, heç olmasa, məşhur ortabab romanlar səviyyəsində mətnlərin olmaması ağlabatan görünmür. Bu qədər romanın çoxunun heç oxunmadığını, bu sahənin peşəkarlarının isə fiziki cəhətdən bunları oxumaq imkanları olmadığını nəzərə alsaq, demək, ümumi dəyərləndirmədə bir ədalətsizlik var. Yəni, çığıranların qorxusunu bu baxımdan, bəlkə də, anlamaq olar. Amma bu qorxunun özünə də layiq olmaq üçün əvvəlcə yol keçmək, hazırlaşmaq, ciddi nələrsə yazmaq lazımdır. Abrınız olsun, heç olmasa, bir az özünüzü inkişaf etdirin, bir müddət yazın-pozun, yaxşı mətnlər yaradın, sonra qışqır-bağır salarsınız. Dünyaya baxmayın, balaca ölkədə yaşayırıq. Qərar verib bilərəkdən inzivaya çəkilməmisənsə, tanınmaq üçün xeyli fürsətiniz var.

2

Çığıranlardan sonra, sənətdə nəinki çığırmaqla, deyəsən, heç yüksəkdən danışmaqla da arası olmayan bir yazıçımızın kitabı haqqında qısa yazmaq istəyirəm. Əslində, bu yazı bütövlükdə həmin kitab haqqında olmalıydı. Amma müəllifin kitabını oxuduqca və özünün səssizliyini düşündükcə bizim çığıranlar haqqında fikirləşməyə bilmədim.

Kitab sərgilərinin birində dostların tövsiyəsi ilə Saday Budaqlının "Yolüstü söhbət” kitabını aldım. Saday müəllimi yaxşı tərcümələri ilə tanıyırdım, cahilliyimi bağışlasın, özünün yaxşı mətnlərindən xəbərim yoxdu. Həm bu qərəz mərəzindən qurtara bilmirik deyə, kimisə öz nəsildaşlarından, oturub-durduğu adamlardan ayırmaq çətin olur. Həm də, anladığım qədər, müəllifin özü bizim gənc çığıranlardan fərqli olaraq tamam çəkilib bir kənara. Səbəbini bilmirəm. Küskünlükmü, enerjinin tərcüməyə xərclənməyimi, yorulmaqmı, tükənməkmi. Səbəbi bizlik deyil. Hər halda, yazan insanın, həm də normal yaza bilən insanın son otuz dörd ildə bircə kitab çıxarması, bu qədər yazmadan dayana bilməsi qəribə gəlir. Ümid edək, Saday müəllim çap etməsə də, sandığında nələrsə saxlayır.

Kitab haqqında geniş danışmaq çətindir. Çünki burada nə böyük mövzular var, nə də uzun-uzadı xarakteri açılmalı olan obrazlar. Kitabda küçədə-bayırda heç kimdən fərqləndirə bilməyəcəyimiz, çox ehtimal, masa arxasında darıxdırıcı olan sıradan insanların zehninə səyahət edib onların başqa insanlara, nəsnələrə, hadisələrə baxışlarını, münasibətlərini hiss edirik. Bəli, bu baxışları, münasibətləri təkcə oxumuruq, təkcə mətndən anlamırıq, həm də hiss edirik. Yaponların "mono-no avare” estetikasını xatırladım. İfadəni tərcümə və izah etmək çətindir. Təqribi desək, "əşyalara və hadisələrə kədərli simpatiya”, yaxud "nəsnələrin kədərli cazibəsi”. Ötəri şeylərə, ötəriliyin özünə, kənardan əhəmiyyətli görünməyən xırda hadisələrə, davranışlara qarşı ani, amma dərin duyğunun yaranması. Kədərli və gözəl olanın eyni anda hiss edilməsi. Saday Budaqlı kiçik insanların ətrafa qarşı bu cür ani, kədərli, amma həm də xoş duyğularını sözlərlə yaxşı hiss etdirə bilir. Biz də həmin insanların özlərinə və davranışlarına qarşı oxşar hisslər keçiririk.

Sevgi, cinsi arzular kimi mətnə gətirilməsi təhlükəli olan mövzular var. Sevgi və cinsəllik söhbətləri fərdi duyğuların burulğanını yaratdığı üçün hamıda özünəməxsus təsir buraxır. Təcrübəsiz yazıçı da öz sevgi və cinsəl duyğularının yaratdığı təsiri ciddi, ədəbiyyata salınası mövzu kimi qəbul edir. Bu hisslərin dəfələrlə çoxunu yaşamış oxucuya isə müəllifin fərdi duyğularının təsviri bayağı gəlir. Ona görə də bu cür intim mövzularda bayağılıqla ciddilik arasında büdrəmək çox asandır. Amma Saday Budaqlı kitab boyunca sevgi və cinsəllik kimi intim duyğuları peşəkarlıqla, bayağılığa varmadan çatdırmağı bacarır.

Başqa sakit mövzularda da belədir. Hər şeyin yazıçı tərəfindən ədəbiyyata çevrilə biləcəyinə inanırsan. Ancaq bu inanmanın özü də bəzən başqa yazıçı-oxucular üçün təhlükəli olur. Baxış bucağının qeyri-adiliyi, bədii təfəkkürün gücü olmasa, belə söhbətlər çox boş, mənasız söz yığınına çevrilir. Buna görə, Saday Budaqlının mətnləri kimi mətnlərdən təsirlənərək sadəliyə müraciət edənlər çox vaxt sadəliyin gətirdiyi yükü daşıya bilmirlər, bir də onda ayılırlar ki, ədəbiyyata dəxli olmayan bir qalaq kağız-kuğuz yığılıb evdə.

Müəllifin dili də moderndir. Bizdə ya mətnlərin dili çox süni, enerjisiz olur. Ya da, Əli Novruzovun ifadəsi ilə desək, "ayə, ayə, al bu pərpətöyünü, qulanjarı, ver nənöyün kətə qayırsın” üslubunda yazılır. Saday Budaqlı isə həm dili modernləşdirir, aqrar estetikadan çıxarır, həm də enerjisi itmir, dildə sünilik yoxdur.

Bayaqdan Saday Budaqlının hekayəsindən, povestindən, romanından deyil, ümumilikdə kitabından danışıram. Çünki kitabda şərti olaraq iyirmiyə yaxın hekayə, bir neçə povest və bir roman olsa da, əslində, hamısı vahid əsər təsiri bağışlayır. Hamısında eyni üslub, eyni dildir və hamısı eyni duyğunu yaradır.

Müxtəsər, Saday Budaqlının kitabı yerli mətnlər içərisində son vaxtlar oxuduğum ən yaxşılarındandır. Deməli, çığırmadan da yaxşı yazmaq olurmuş. Hətta yaxşı yazmaq çığırmadan olur. Hərçənd, Saday Budaqlı kimi otuz ildə bir kitab buraxmağın da tərəfdarı deyiləm.

Qaynar İnfo