Natiq Rəsulzadənin pəncərəsi - Elmir Həsən yazır...

Natiq Rəsulzadənin pəncərəsi -  Elmir Həsən yazır...

27 Fevral 2023 14:32 778


Yeniyaz.az gənc yazar Elmir Həsənin "Natiq Rəsulzadənin pəncərəsi" essesini təqdim edir.


Bəzən məna dərinliyi zəngin olan mətləbləri qısa ifadələrlə ifadə etmək yüksək yaradıcılıq məharəti tələb edər. Təbii olaraq ədəbiyyatda janrlar içərisində bu cür poetik ağırlığı özündə cəmləşdirən hekayə janrıdır. Dünya ədəbiyyatında hekayə janrında bir-birindən müxtəlif, bədii mənalandırması kifayət qədər yüksək olan əsərlər yazılıb və buna görə də bu janrda yaradıcılıq nümayiş etdirmək xüsusi bədii istedad və bacarıq istəyir.


Hər şeydən əvvəl isə yaradıcılıq yolunu tutan şəxs ilk növbədə yaradıcı mühitdə böyüyüb yetərincə dünyagörüşünə malik olmalıdır. Fəlsəfə, psixologiya və incəsənətin bütün sahələri yaradıcı insanın yaradıcılıq yoluna işıq salmalıdır. Çünki sadaladıqlarımız yaradıcı şəxsin yaradıcılıq yolunun əsas qayəsini, strukturunu təşkil edir. Hər hansı bir əsəri mütaliə edən zaman oxucu hadisələri təbii olaraq qəbul etməli, əsərdəki hadisələrlə bərabər yaşamalı, baş verən müxtəlif psixoloji proseslərin içərisində özünü bilavasitə hiss etməlidir. Təbii ki, bu gerçək məqamları, ab-havanı müxtəlif poetik bənzətmələrlə süjet çərçivəsinə salmağı yazıçı bacarmalıdır.

Natiq Rəsulzadə də bu cür yazıçılarımızdandır. Onun özünəməxsus yazıçı şəxsiyyəti diqqətçəkən məqamlardan biridir. Çexov hekayələrini oxuyan zaman ordakı incə detalların necə də yüksək assosiasiya ilə hekayədəki hadisələrlə əlaqələndirməsi, ilin hər hansı fəsillərini hekayəsi üçün əsaslı detal olaraq seçməsi Çexov üçün necə xas idisə, Natiq Rəsulzadə üçün də bir o qədər özünəməxsus formadır.

Məşhur Amerika yazıçısı və qısa hekayələr müəllifi kimi tanınan Josef Hellerin çox sevdiyim bir cümləsi mənə məlumdur: O qeyd edir ki, “Son cümləm olmasa, heç vaxt yazıya başlaya bilmərəm”. Bəli, məhz Natiq Rəsulzadə əsərlərini bu cür səciyyəvi əsaslarda qurur. Pəncərə əsərində də əvvəl ilə son arasında möhkəm fikir, düşüncə assosiasiyası mövcuddur.

Natiq Rəsulzadənin “Pəncərə” hekayəsi də insanın düşünmək, nəticə çıxarmaq bacarığını üzə çıxarır və hekayə janrının məna baxımından hüdudlarını aşacaq, geniş zənginlik qatacaq mövzular ortaya atması əsərə məxsusi canlılıq bəxş edir.

Vaxtilə indiki əksər binaların yerində müxtəlif həyətlər olmuş və ötən əsrin ortalarına aid xüsusi görkəmlərində, (təbii ki, bəzilərimizin ömrünün gənc çağları ötən əsrin ortalarına olmasa da, ən azından sonlarına təsadüf edib) sözüm onda deyil, Bakının o dövrdə özünəməxsus unikal görkəmi vardı, təkcə görkəmi deyil insanları da özünəməxsus idi. Yazıçı əsərin başlanğıcında Bakının əvvəlki simasını itirməsini, insanların dəyişməsini, bəzi şeylərin müsbətdən mənfiyə doğru çevrilməsini təəssüflə qeyd edir. Nə yazıq ki, zamanın əleyhinə getmək mümkün deyil, zaman özü ilə hər şeyi dəyişir.

“Pəncərə” hekayəsində diqqətçəkən obrazlardan biri qoca rəssamdır. O qoca rəssam ki, incəsənət insanına aid olan ən gerçək xüsusiyyətləri yazıçı onun xarakterində o dərəcədə real şəkildə canlandırır, sanki rəssama aid olan və bizlərin görmədiyi tərəflər var. Onu da yalnız yazıçı müşahidə, təsvir edə bilərdi: “Qoca rəssam idi - tanınmamış və aztəminatlı. Kiçik təqaüdü heç rəng almağa çatmırdı” yaxud “Döş cibindən görünən eyni rəngli dəsmal isə az yuyulduğundan təzə qalmışdı. Rəssamdır da, nə etmək olar?!”
Əsərdə ən xüsusi məqam qoca rəssamın yaşadığı evin, daha doğrusu, anbarın pəncərəsinin olmamasıdır. Bu o anbar ki, vaxtilə pəncərəyə lüzum olmayıb.

Yazıçı əsərin başlanğıcında Qocanı bir qədər yüngülməcaz, dəyişkən xarakterdə təqdim edir. Belə ki, bəzən qoca seçdiyi sənətin onun üçün yad olduğunu, bəzən də isə özünü böyük istedad sahibi hesab etməsi, qonşularla münasibətdə bəzi oyunbazlıq, təlxəklik etməsi qocanın simasını öz açıqlığı ilə ortaya çıxarır. Digər tərəfdən isə qocanın yaşının yetmişdən üzü yuxarı olması və bu günədək ailə qurmaması, eyni zamanda qonşularından və uzaq qohumlarından başqa bir kimsəsi olmayan bir şəxs kimi, bəlkə də, onu bu qədər deyib-gülən, şad edən yalnızca yaşadığı məhəllənin öz ailəsitək bildiyi qonşuları idi. Axı “uzaq qohumdan, yaxın qonşu yaxşıdır!” deyib atalar.

Əsərin başqa bir hissəsində qoca - Mirağa yeni qonşusu olan Ceyran ilə tanış olur. Hekayənin kulminasiya nöqtəsi hesab oluna biləcək ən yüksək hissə də məhz yetmiş iki yaşlı Mirağanın on yeddi yaşlı Ceyranı görməsi anıdır. Mirağa bu görüşlə sanki ömrünün qədim günlərinə, gənclik çağlarına qayıtmış oldu. Ömrünün bu qürub çağında on yeddi yaşlı qızla qarşılaşması onun daxili aləminə rəng qatdı, davranışları daha da məxsusi forma aldı, özündən uzaq olduğu çağlara yaxın oldu, elə bil, Ceyransız ömrü başa vurmağının bir an qorxusunu yaşadı.

Yazıçı bir məqama da toxunaraq, bəlkə də öz duyğu aləminə baş vurur. Mirağa bu günə kimi Ceyranda gördüyü davranışa, məlahətli simaya digər qızlarda rast gəlməmişdi. On yeddi yaşı olmasına baxmayaraq, qısa həyatında sağalmaz acılar onu mənən böyütmüşdü. Bəlkə, Qocanı da cəlb edən bunlar idi?! Ən əsası qoca indi ən xoşbəxt, hamıdan xoşbəxt idi.

Qoca sevgisini yeniyetmə qıza necə göstərə bilərdi, bütün ətraf divarları bəzəyən rəsmləri iləmi, yoxsa ki, daxili aləmini gənclik ruhuna qaytarmaqlamı?!

Qocanın divarlara çəkdiyi rəsmlər qızı heyrətə gətirdikcə qoca daha da xoşhal olurdu. Sanki qoca, rəsmləri ilə sevgisini qıza bəyan edirdi, elə bil, yalnız rəssamlıq istedadı bircə köməyinə çatırdı.

Yazıçı həm də impressionist yanaşma sərgiləyir. Hər bir oxucunu öz baxış bucağı ilə hadisələri dəyərləndirməyə sövq edir.

Öz kiçik otağındakı şəkillərlə qızı tanış etdikcə onu daha da heyran edirdi. Qocanın pəncərəsiz otağın divarlarına çəkdiyi pəncərə rəsmi sanki gerçəkliyin özü idi: “Mən elə bildim ki, doğruçu pəncərədir. Fikirləşdim ki, burada dəniz haradan?”

Qoca qızın əllərinə toxunur, hər hərəkətində onun gözlərinə ilahi bir sevinc bəxş etməyə çalışırdı; hər davranışı ilə qoca sanki gəncliyini yenidən və bu dəfə başqa cür yaşamaq istəyirdi. Qızın portretini kitaba sarı əyilmiş vəziyyətdə çəkmişdi; qoca bu portretə bütün ruhunu həsr etmişdi; heç kəsin duymadığı, görmədiyi incəlikləri təsvir etmişdi. Əslində, qocanın heç kimsəyə özünü ifadə etmək üçün səbəbi və istəyi yox idi. Ceyran xaric.

Baxmayaraq ki, sənətdən anlayanlar rəsmdəkini daha gözəl duya bilərdi. Axı sənəti duymaq, hiss etmək üçün bir az da sənətkar olmaq gərəkdir.

Ancaq Günəşin batışının bir sonu olmalı idi. Ceyranın anası qocanın qızına olan hislərindən xəbər tutduğu andan tədbirlər görməyə başladı. Ceyrana elçi gələndən sonra qocanın qəlbi qaraldı. Onsuz da bu kövrək sevginin müvəqqəti olacağını təxmin edirdi amma bu qədər tez olacağını ummazdı.

Mirağanın sonda xəstələnib yatağa düşdüyünün və intihar etməsinin təsvirini görürük. Hekayənin bu yerində yazıçının əsərinin sonluğunda sürrealizm cərəyanının təsirini aydın müşahidə edirik. Otağın divarında gerçəyə bənzər rəsm əsərinin - pəncərənin çəkilməsi və sonda öz sənətinin həqiqiliyinə, müəzzəmliyinə inanması onun daxili aləminin məlum təlatümlərinin riyasız estetik gözəlliyindən doğan əsas xarakter meyarıdır. Baxmayaraq ki, bu cərəyanın təsiri hopmuş nümunələrə geniş şəkildə Azərbaycan ədəbiyyatında təsadüf etmək mümkün deyildir.

Sürrealistlər sənətin məlum qayda-qanunlarının əleyhinə olaraq mürəkkəb olanları sadələşdirmək yerinə, sadəni mürəkkəbləşdirərək yaratmış olduqları sənət əsərlərində çaşqınlıq, qarışıq anlam yaradırdılar. Təbii ki, bu da məqsədsiz deyildi, çünki bu sürrealistlərin cərəyan olaraq düşüncə tərzi idi ki, bu da sənət üçün ən əlamətdar istiqamət sayıla bilərdi. Düşünmək sənətin mayasını təşkil etməklə yanaşı, onun ən dərin fikir qatlarına enməyi təmin edir. Natiq Rəsulzadə də öz pəncərəsində bu istiqaməti seçərək qarşısındakı oxucunu psixoloji axtarışa vadar edir.

Müəllif ən kiçik epizodlarda belə nələrsə deyir, təsirləndirir, oxucuya mənalı duyğu bəxş etməklə yanaşı, sonda fəlsəfi-estetik axtarış etməyə təhrik edir.

"Qız yatağa yaxınlaşdı. O, qızın əlini zəifləmiş əlinə aldı, tumarladı, nazik, uşaqlıqdan işə - gücə alışmış güclü barmaqlarına, əllərinə baxdı, özünə tərəf çəkib öpdü.

- Oy, nə edirsiniz, Mirağa müəllim! - Bu cür diqqətə alışmamış qız ürkərək əlini çəkdi.
- Al, - qoca döşəyin altından zərf çıxardı, - sənin toyun üçündür...
Al, - pul zərfini qızın ovcuna basdı - mən olmayanda portretini götürərsən. İstəyirəm ki, səndə qalsın..."

Biz bir insanın sevgi, məhəbbətin ilahi təsir gücünün nəticəsi ilə mənəvi baxımından necə müəzzəm ucalığa yüksəldiyinin şahidi oluruq. Çexovun "İt gəzdirən qadın" hekayəsində Qurovun Anna Sergyevnanın ruhani saflığının qarşısında necə yüksəlməsinin şahidi oluruqsa, burada da Mirağanın əsərin sonu yaxınlaşdıqca əsəri istər məna yönündən, istərsə də sevgi yönündən necə böyük əhəmiyyət kəsb etdiyini müşahidə edirik.
Yarıqaranlıq otağa girənlər yerlərində donub qaldılar - yataq boş idi, pəncərədə pərdə yellənirdi və uzaq - aşağıda günəşin şəfəqlərindən bərq vuran zümrüd dəniz sanki nəfəs alırdı.

Uzaqda, aşağıda qumlu çimərlikdə Mirağanın cəsədi düşüb qalmışdı, bədəni qəribə tərzdə düşmüşdü, ayağının biri qatlanmış, qolları geniş açılmışdı, qoca qəfildən yaxalandığı dəruni gerçək hisslərin bir müddət unutdurduğu təlxək xasiyyətinə sona qədər sadiq qalaraq, sanki indicə rəqsə başlayacaqdı"
Yazıçı əsərin ən yüksək yerində çox sadə və psixoloji anlamlı bir qarşılaşma yaradıb.

Bu, sıradan bir qarşılaşdırma deyil, bu qarşılaşdırma ömrün iki əks qütbündə dayanan tərəflərin hislərinin mənəvi kulminasiyasıdır. Bu yerdə həyatını sevgisiz başa vurmaqda olan, yaxud dünyanın bu üzündə öz yarısını tapmamış insanın obrazını görürük. Bəs, görəsən, dünyanın doğuşu ilə batışını necə qarşı-qarşıya gətirmək olar?!