Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Milli Kitabxanada yeni nüfuzlu ədəbiyyat mükafatının təsis edilməsi ilə bağlı toplantı keçirildi.
Tədbir bir neçə məziyyəti ilə şəxsən mənim diqqətimi çəkdi.
Müzakirə üçün dəvət edilən yeni nəsil Azərbaycan yazarları çox dəqiqliklə seçilmişdi.
Bütün uğurlu işlərin başlanğıcı doğru zamanda doğru ünvana müraciət etməkdir.
Doğru zamandırmı?
Deyə bilmirəm.
Amma ünvan doğru idi!
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Mariflinin kitabxananın akt zalındakı “rəhbər kreslosu”nda oturmayaraq yazıçıların arasına gəlməsi ürəkaçan fakt idi.
Daha bir özəl vəziyyət: Nazirliyin təşəbbüsü ilə Milli Kitabxanada keçirilən yeganə tədbir idi ki, kitabxananın əzəli-əbədi direktoru Kərim Tahirov orda iştirak etmirdi və təşəbbüsü ələ alıb AzTV-AzTV danışmırdı.
“Nə dəxli var?” deməyə tələsməyin.
Çox dəxli var.
İzah edəcəm.
Nazirliyin 2008-ci ildə təsis etdiyi “Qızıl Kəlmə” Ədəbi Mükafatının ləğv edilməsi xəbəri ilə başlayan tədbir daha sivil, daha mütərəqqi bir mükafatın yaradılma ehtiyacından söz açılaraq davam etdi.
İlk çıxış edənlərdən biri mən oldum, çünki həm “Qızıl Kəlmə” Ədəbi Mükafatının yaradılmasında məmur kimi iştirak etmişəm, həm də illər sonra “Ən yaxşı nəsr əsəri” nominasiyası üzrə mükafata layiq görülmüşəm.
“Qızıl Kəlmə” adı köhnədir.
Hətta bir az da gülməlidir.
Orda da deyildi.
Razıyam.
Bax bu da ilk baxışdan lazımsız təfərrüat kimi görünə bilər...
Amma əsla!
“Qızıl Kəlmə” adında mütərəqqi bir ədəbiyyat layihəsi ola bilməz.
Bu, təsadüfi ad seçimi deyil, təsisçinin İQ göstəricisidir.
Adam ən azı “Qızıl Qələm” kimi 50 manata satılan düşük bir mükafata görə bu adı seçməməli idi.
“Qızıl Kəlmə” adlı ciddi mükafat olmadığı kimi, məmurun başda danqaz-danqaz oturduğu tədbirdən də mütərəqqi nəsə gözləməz olmaz.
Kərim Tahirovun açıb-bağladığı tədbirdənsə heç gözləmək olmaz...
Bütün bunlar da təfərrüat deyil, səviyyə və səmimiyyət göstəricisidir.
Ən başlıcası, müzakirə üçün gələn hər üç məmur gənc idi və onların doğrudan da nəsə ciddi bir iş görmək istədiyinə əmin oldum.
Ona görə, axır sözümü əvvəlcədən dedim.
Dedim, əgər obyektivliyi təmin edə bilməyəcəksinizsə, özünüzü havayı zəhmətə salmayın.
Ən nüfuzlu mükafatı belə layiq olmayan birinə verdinmi, dəyərini o an ədəbi olaraq itirəcəkdir.
Şöbə müdiri Akif Mariflinin danışıq və jestlərindən bunu anladım: gəncliyinə rəğmən Azərbaycanın mədəni reallığına kifayət qədər bələddir.
Əslində, burda elə bir qəliz iş də yoxdur - mədəniyyət, xüsusən ədəbiyyat sahəsində yaxşı bir addım atmaq istəyirsənsə, özünü mütləq titullu və vəzifəli qocalardan qorumalısan!
İllah da mükafat söhbəti varsa...
İllah da 20-30 min manat büdcəsi olan Milli Bukerin yaradılması söz konusudursa...
Bundan da ötəsi – mükafata layiq görülən əsərin dünyaya çıxarılması, beynəlxalq mükafatlara təqdim edilməsi planlaşdırılır.
Yaxşı fikirlər səsləndi, tərəqqipərvər yazarlarımızın “Qızıl Kəlmə” deyil, Buker səviyyəsində düşünməsindən, məmurlarımızın söhbətə adekvat reaksiyasından xeyli məmnun qaldım.
Qərara gəldik ki, yanvarın sonunacan mükafatın təsisatı ilə bağlı rəy və təkliflərimizi yazılı şəkildə təqdim edək.
Adamların bəzisi bütün bunların boş cəhdlər olduğunu düşünür.
Neçə dəfə başımız daşa dəyib!
Mən belə düşünmürəm.
Nəticə olmasa belə biz bu prosesi keçməliyik.
Sizcə nəyə görə?
Başqa əlacımız yoxdur da ona görə!
Bakupost.az