Gün sıyığı
Atma məni hara gəldi
adamların arasına.
Mən könlümü əllərimdə
daşıyıram, düşüb sınar.
Üzüm tutulur, doluram,
bir bulud qəhər oluram.
Əllərinin çətirində
şehlənib səhər oluram.
Gah bal gölündə çimirəm,
gah dönüb zəhər oluram.
Heç özüm də bilmirəm ki,
niyə birtəhər oluram.
Yığışdır süfrəmin üstdən
şübhələrin qırığını.
Süz içim ay işığını,
ver yeyim gün sıyığını.
Bilirsən ki, məndə hava
tezcə dəyişir, rahat ol.
Bircə yumulub-açılan
əllərimdən muğayat ol.
Sərhəd xətti
Hər dəfə
inciyəndə, küsəndə
bir yana çəkilib büzüşürəm.
Sərhədi keçib
gülümsəyirsən,
gözüyaşlı yanağına düşürəm.
Qollarının torunda
özümə gor qazıram.
Qısılıram boynuna,
köynəyinə adımı yazıram...
Köynəyin nəmlənir,
saçlarım yuyulur
dodağının altında.
Gözlərim yumulur.
Nəfəsim kəsilə-kəsilə
“xoşbəxtəm” deyirəm sənə.
Zaman durur.
Bizi ayıran sərhədlər
qudurur.
Məni də sənə görə…
Sən qıymazdın hər sözü şeir olan qadına,
gör bir necə qırıldım, gör bir necə dağıldım.
Atdım bütün sözləri ayağının altına,
misra-misra qırıldım, heca-heca dağıldım.
Nə yalan deyim axı, bircə sən idin dərdim,
dodağının ucundan asılmışdı nəfəsim.
Sənin misralarında vergül ola bilərdim,
ya sözlər arasında qısa köks ötürməsi.
Sinəndəki son sığal soldu barmaqlarımda,
yasım neçə küçədə bayram olar görəsən?
Xına yeri qızarar gəlin dırnaqlarında,
o havalı qızı da götürərsən, gələrsən.
Mən bağban deyildim ki, çiçəkli bağ saxlayam,
bir ağacın kölgəsi bəs idi yaşamağa.
Qoymadılar içimdə bir yeri sağ saxlayam,
əlim çatmadı səni özümlə daşımağa.
Mənə qurğu qurdular səni sevən qadınlar,
ahları bulud-bulud qanadlandı üstümə.
Könlümü qovurdular səni sevən qadınlar,
üzüm-gözüm qarsıdı, canım çıxdı tüstüdən.
Bir ümid saxlamışdım yandıram qara günçün,
odumu aram-aram söndürdülər, şairim.
Sən yüyənsiz ömrünü çapıb-sürdün özünçün,
məni də sənə görə öldürdülər, şairim...
Udmuşam ayrılığı
Arada barmaqlarımın ucuna
yaxınlaşır şeytan.
"Dayan, – pıcıldayıram, – dayan,
korlama tilsimi"...
Arada barmaqlarımın ucunda duyuram
mələklərin hənirtisini.
"Dinlə" deyirmişsən kimi...
"Danış" deyirmişsən kimi...
Ey dünyanın bir adam boyu böyümüş modeli,
ey bütün otaqları üzümə taybatay açılmış otelim,
ey dəniz sahilindəki evim,
yaxmacım, Cırtdanım, Divim,
səni necə sevim?
Ey yasəmən çayım, portağal ətrim,
Günəş-təndirim, Ay-fətirim.
Küknar budağından asılan hədiyyəm.
Nə deyim?..
Titrək-titrək döyükmür daha boğazımda əsəb,
qalib ədasıyla döyünmür daha damarlarımda qəzəb.
Ey yeganə səbəb, təbib-dərman,
yeganə tələb-üsyan,
çırağımın cini, arzumun qızıl balığı,
ovsunlu xurcunum, uçan xalçam,
sehrli çarığım,
udmuşam,
yeyib bitirmişəm ayrılığı.
Necə gözəldi…
Necə gözəldi axı,
günəşin səhər çağı
pəncərələri döyüb
adamı oyatmağı.
Günün günortasında
adın yazılan zəngin
qulağıma çatmağı.
(Necə gözlədim axı –
bax beləcə gözləyir
ürəyi qaça-qovda
bapbalaca uşaq da
sevimli oyuncağı...)
Nə yuxudu, nə nağıl
sənlə dolu qucağım.
Necə gözəldi axı,
axşama bir az yaxın
məni gizləmək üçün
pərdələri salmağın.
(Günün hər vədəsində
bu sevinc vadisində
gəzib dolaşmaq olar.
Hərdən danışmaq olar,
hərdən dalaşmaq olar.
Ürəyin istəyəndə
narıncı başmaq olar!
Hər şeyi aşmaq olar...)
Necə gözəldi axı,
gecənin asta-asta
gözlərinə köçməsi.
Yuxudan bir az əvvəl
Tanrının qulağına
çatan pıçıltı səsim:
"Gəlsin, sabah da gəlsin!"