Nəriman-duşa moya! - Nərmin Kamal

Nəriman-duşa moya!   - Nərmin Kamal

30 İyul 2024 11:11 235


Berlin divarı sökülən vaxt mən Nərimanov parkında karusel növbəsində durmuşdum. Karuselin adı “Vesyolıe qorki” – “Şən təpəciklər” idi. Dəmir qatar relslərin üzəriylə dəmir təpəciklərə qalxır, qəfil enir, adamlar qışqırışırdı.

Məni bu parka tez-tez gətirirdilər. Yelləncəklər, təkərli atlar, günəşə bənzər “Orbita” kimi nəhəng karusellər beş-on qəpiyə idi. Bir ovuc qəpik qurtarana qədər Nərimanov parkının bütün karusellərini sınayırdım, bəzilərinə üç dəfə minirdim. Bircə “Şən təpəciklər” heç cür adiləşmirdi, ona tək, atamsız minə bilmirdim.

Ancaq 1989-cu ildə dünyada gedən qlobal dəyişikliklər nə cürsə uşaqlara da təsir göstərdi və mən özümü bu karuselə tək minməyə hazır hiss etdim. Kassada atam dedi: “Papa qurban, mən də gəlim?” Mən çiyin atdım. Dəmir pilləkənlə karuselin ətrafındakı döşəməyə qalxdım. Orada adi addımlarla addımlamaq da möhkəm səs çıxarırdı. Özümə bir yer seçib oturdum və zənciri kilidlədim. Oturacaq çox sərt idi. Sovet dövləti karusellə silahı eyni bir maddədən düzəldirdi. Uşaqlar, böyüklər yanımdan ötüb yer tutmağa tələsirdilər. Cəmi bir il sonra başımıza nə gələciyini – bu parkı tikən dövlətin dağılacağını, müharibə başlayacağını, valideynlərimin ayrılacağını bilmədən, qarşıdakı kasıb və kədərli illərdən xəbərsiz karuselin yola düşməsini gözləyirdim. Çiynimdə çəhrayı çantam, çantada açılıb-yığılan şəxsi stəkanım və yelpiyim vardı. İndi onlar da mənlə bir səyahətə çıxacaqdı.

Karusel əvvəl yavaş gedirdi, çəpərin o üzündə gözləyən anamla atamın yanından hər ötəndə mənə əl yelləyirdilər. Onların əllərində telefon yox idi, mənim videomu, öz şəkillərini çəkmirdilər. Elə bir cihaz hələ yer üzündə yox idi, başqalarına göstərmək üçün yox, özümüzçün əylənirdik. Birdən karusel sürəti artırdı. Bir neçə nəfər qışqırdı, amerikan rollerkosterlərində adamların ürəyi ağzına gələndə belə qışqırarlar. Karusel hər dəfə şən təpəciklərin ən hündüründən üzüaşağı gedəndə nəinki təpələrdən, lap dağların başından aşağı gedirmiş kimi uçunurdum. Qışqırıqlar çoxalırdı. Hansısa uşaq ağlamağa başladı. Mən də qışqıra bilərdim, ağlaya bilərdim, qorxumu, həyəcanımı hansısa yolla göstərə bilərdim, amma səsimi çıxarmırdım, hisslərimi büruzə vermirdim. İndi də eyni şeyi edirəm. Təzə təmirdən çıxan Nərimanov parkında oturmuşam, “Şən təpəciklər” yoxdur, onun yerində tikilmiş “İskender” adlı restorana baxıram, səsimi çıxarmıram, hisslərimi büruzə vermirəm.

*

1990-cı illərin əvvəlində Azərbaycan xalqı ölkəyə ayaq açan ilk Türkiyə teleserialına – “Çalıquşu”na rus dilində dublyajda baxırdı. Orada bir personaj o birinə demişdi: “Neriman, duşa moya.” Adım da elə idi ki, məktəbdə bir-iki uşaq mənə “Nəriman, duşa moya” deyib gülürdü.

Deməli, cəmi otuz il əvvəl azərbaycanlılar türk serialına rus dilində dublyajla baxırdılar. Otuz ilə gör sərhədlər nə qədər qarışdı, xəndəklər nə qədər örtüldü. İndi Nərimanov parkında azərbaycanlıların açıb işlətdiyi “İskender” restoranında yeyib-içən yeni nəslin bu sözün əslində Azərbaycan dilində “İsgəndər” olduğunu bilməsinə əsaslı şübhələr var. Adama elə gəlir, restorandan çıxan bu gənc qızlardan birini saxlayıb nə yediyini soruşsan, deyəcək: Heeç, dönər, pilav, falan.

*

Bu park 1950-ci illərdə salınıb, 60-cı illərdə metronun tikilməsiylə park canlanıb. O vaxtdan bugünə Azərbaycan hansı yoldan keçibsə, həmin yol, həmin vəziyyətlər, həmin mədəni-siyasi mühit bu parkda da əks olunub.

Parkın 1970-ci illərinin – mən dünyada olmayan vaxtlarının fotoları var ailə albomumuzda. Bu o vaxtlardı ki, Brejnevin milisləri parklarda kişilərə yaxınlaşıb iş vaxtı burda nə gəzdiyini soruşur. Nizam-intizam, geniş simmetrik yollar, sıralı ağaclar, kollar, Nəriman Nərimanovun ciddi görkəmli büstü aydın görünür fotolarda.

Sovet vaxtı bu ərazinin memarı kim olubsa, sağ olsun, tipik Sovet-Avropa parkı salıb. İndi ruslar ingilislərin sözüylə belə parklara “skver” deyirlər, yəni yaşayış binalarının arasında çox da böyük olmayan bir ictimai bağ. Şərq şəhərlərində yoxdur belə skverlər, yoxdur sadə adamların yaşadığı evlərin arasında belə ortaq ictimai ərazilər, olmur xalqın toplaşması üçün meydanlar, meydançalar. Şərq şəhərlərində dar küçələr olur, fəqirlər o dar küçələrlə gedib öz qapılarından içəri keçirlər.

Amma bir məsələ var, memarlar nə layihə çəkirlərsə çəksinlər, hər hansı məkan gec-tez öz sakinlərinin xəyallarının şəklini alır. Sovet dövləti bir vaxtlar modern mikrorayonlar salırdı, bir-birinə paralel beşmərtəbələr, doqquzmərtəbələr tikir, onların arasında binanın iki misli böyüklükdə intervallar qoyur, enli küçələr, geniş prospektlər inşa edirdi. Nəzarət zəifləyən kimi sakinlər o binaların beşinci, yeddinci doqquzuncu mərtəbəsinə eyvanlar artırıb oğul-uşaq evləndirdilər. Birinci mərtəbədə yaşayanlar eyvanlarının qabağındakı torpaq sahəsini tikanlı məftillə, çarpayı dəmirləriylə, şifer parçalarıyla ayırıb özlərinə şəxsi bağ-bağat saldılar. 1997-ci ildə bir gün yuxudan durub gördüm bizim binanın birinci mərtəbəsində yaşayan həcixanım həmin bağ-bağatda gümbəzli bir məscid tikdirib.

Bu park da Sovet dövləti dağılandan sonra yerli sakinlərin xəyallarının formasına düşdü. Yelləncəkləri, karuselləri ayrı-ayrı adamlar dövlətdən alıb işlətməyə başladılar, karusellərin aralarındakı boş ərazilərə Çindən başqa karusellər də gətirib qoydular. Yenə boş yer qaldı. Həmin boş yerləri də səyyar yemək-içmək satanlar, qarğıdalı, kartof bişirənlər tutdu. Skamyaların hərəsinin qabağında bir topa tum qabığı olurdu, fəvvarə zibilxanaya dönmüşdü, fəvvarənin ətrafında sərhədi-bucağı olmayan çayxanaların plastik stulları düzülmüşdü. Parkın ən maraqlı karusellərindən olan uşaq avtodromuna isə yaxınlaşmaq mümkün deyildi, oranı çoxlu işsiz-gücsüz cavan əhatəyə alıb fit çalır, qışqırışırdı…

Yenə elə olacaq. Geci-tezi var. Memar nə cızırsa cızsın, inşaatçı nə tikirsə tiksin, nəzarət çəkilən kimi bu park öz sakinlərinin xəyallarının şəklini alacaq. Ona görə də sakinlərin xəyallarını düzəltmək lazımdır. Bizim işimiz bundan ibarətdir.

İndi də səkkizinci mikrorayon kimi gözəl bir Sovet mikrorayonu sakinlərin arzularının məkanına çevrilir. Sakinlər istəyirlər ki, hər şey yaxında olsun, evdən çıxan kimi elə küçədəcə bazarlığını edib qalxsınlar yuxarı, daha hərəkət edib harasa getməyə ehtiyac olmasın. Elə də olur. İndi Azadlıq prospekti metrosundan səkkizinci mikrorayona çıxan adamlar ayaqlarını soğanın üstünə qoyurlar.

Nərimanov parkında da mən oturduğum bucaqdan “İskender” restoranına baxanda görünür ki, tezliklə burada “Balıq-əkmək” satan yerlər açılacaq. Çünki İstanbulda elədir. Çünki camaat Sankt-Peterburqu, Vyananı yox, İstanbulu gözəl şəhər sayır.

Çox sağ olsun yeni landşaft dizayner, parkın mərkəzində fəvvarəni saxlayıb. Fəvvarə yenilənib, gözəl olub. Bu fəvvarənin qarşısında cürbəcür illərdə atamla, dostlarımla şəkillərimiz var. Mən bu parkda keçən uşaqlıq, gənclik illərimə aid çoxlu xatirələr danışardım, amma başqalarının xatirələrinə qulaq asmağa hazır olan fədakar insanlar çox azdır.

Əsas odur ki, fəvvarə var. Adama elə gəlir, bu fəvvarənin yerində Azərbaycan, Türkiyə, Pakistan bayraqlarından ibarət dirəklər də ola bilərdi. Heç kimə qəribə görünməzdi. Necə ki, hər həftəsonu Novxanıya bağa gedəndə Mehdiabad avtomobil dairəsindən keçirəm, görürəm bu avtomobil dairəsinin mərkəzində bir neçə Azərbaycan və Türkiyə bayrağı yanaşı yellənir. Ən gözlənilməz yerlərdə, Binəqədidən Mehdiabada dönən yolda da Türkiyə bayraqları varsa, Nərimanov parkının ortasında da ola bilərdi.

Payızda İzmirə getmişdim. Çox miskin şəhərdir, bu barədə təəssüratımın bir qədərini “Qarovulçunun oğlu” hekayəmdə yazmışam. İzmirdə beş gün vurnuxub ora yaxın olan kiçik şəhərlərə, dənizkənarı qəsəbələrə üz tutduq. Birdən uşaq sual verdi ki, mama, bizdə hər yerdə Türkiyə bayraqları var, bəs burada niyə heç yanda Azərbaycan bayrağı yoxdur? Mən ona kiçik qardaş xəstəliyi, Yeni-osmanlıçılıq və Seymur Baycanın son məqalələri haqda bəzi məlumatlar verdim.

*

Fəlsəfədə belə bir söhbət var: əgər obyektin bütün tərkib hissələri dəyişdirilibsə, obyekt həmin obyekt olaraq qalırmı? Misal üçün, gəmidir, onun hissələrini bir-bir götürüb başqa hissələrlə əvəz edirsən, gövdəsi də daxil olmaqla sırayla, bircə-bircə onları çıxarırsan, yerinə başqa hissələr qoyursan. Axırda bu gəmi həmin gəmi olacaq, ya başqa gəmi? Yaxud corabdır, onun hissələrini bir-bir kəsib yerinə yamaq vurursan, başdan ayağa təzələyirsən onu. Əgər gəmi yeni gəmi, corab yeni corabdırsa, necə oldu köhnə gəmi, hara getdi köhnə corab?

Nərimanov parkında da yeni işıq dirəkləri, yeni tip oturacaqlar, yeni fəvvarə, yeni uşaq meydançası quraşdırılıb, yeni zibil qutuları qoyulub, yeni tamet daş döşənib, son illərin xırda çayxanaları, kababxanaları bağlanıb, əvəzində artıq qeyd etdiyimiz kimi, “İskender” adlı bir Azərbaycan restoranı fəaliyyətə başlayıb. İndi bu mənim uşaqlığımın həmin doğma parkıdır, ya başqa park?!

Nəsə mənə elə gəlir ki, həmin parkdır. Əsaslandıra da bilmirəm nəyə görə mənə elə gəlir.

Bəlkə fəvvarəyə görə, ya bəlkə ağaclara görə mənə elə gəlir ki, həmin parkdır bura.

26 iyul, 2024

nerminkamal.com