Per Fabian Lagerkvist
1891-1974-cü illərdə yaşamış görkəmli İsveç yazıçısı,
1951-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı almışdır
İki xalq biri-biri ilə böyük bir savaşa girmişdi və hər ikisi bununla elə öyünürdü ki, savaşın doğurduğu ehtirasların yanında, adi kiçik insanı həyəcanları heçə sayırdılar. Döyüşdən sağ çıxan adamlar, yenidən, acgözlüklə savaşa başlayırdı. Bu qanlı qırğının davam etdiyi sərhədin hər iki tərəfində, özünü vətən uğrunda qurban vermiş və indi doğma torpağın altında uyuyan döyüşçülərin şərəfinə nəhəng abidələr ucaldılmışdı. Onlara çoxsaylı ziyarətçilər axışır, cəsur ölümləri ilə müqəddəsləşmiş və əbədi şöhrət qazanmış qəhrəmanların sümüklərinin yatdığı torpağın üzərində, onların şəninə alovlu nitqlər söylənirdi.
Qəfildən belə bir şayiə yayıldı ki, döyüşlərin baş verdiyi yerlərdə gecələr əcaib şeylər baş verir. Deyilənə görə, gecələr hər iki tərəfin ölmüş döyüşçüləri məzardan çıxır, sərhədi keçib, sanki çoxdan barışıbmışlar kimi, biri-biri ilə görüşürlər.
Xəbər hamını sarsıtmışdı. Xalqın səcdə etdiyi ölmüş cəsur qəhrəmanlar, düşmənlərlə görüşür, onlarla barışırlar!
Dəhşətdir!
Hər iki xalq məsələni aydınlaşdırmaq üçün sərhədə komissiya göndərdi. Savaşın alovlarından salamat çıxan yanıb qaralmış ağacların arxasında pusqu qurub, gecə yarısını gözləməyə başladılar.
Və... nə böyük dəhşət!.. Ağlasığmaz şayiələr təsdiq olundu. Torpağın altından qorxunc qarabasmalar çıxıb sərhədə doğru addımlamağa başladı, deyəsən, onlar özləri ilə nəyisə daşıyıb aparırdılar. Hamı qəzəblə onların üzərinə cumdu:
–Siz, canınızı vətənə qurban verdiniz, biz sizin qarşınızda baş əyirik, sizin məzarınıza gələn ziyarətçilərin ardı-arası kəsilmir, xatirənizi sayğı ilə yad edir, sizi unutmuruq, məzarlarınızı müqəddəs ziyarətgah kimi qoruyuruq, siz isə gəlib burada düşmənlə qucaqlaşır, onunla barışırsınız!
Həlak olmuş qəhrəmanlar təəccübləndilər:
– Siz nə danışırsınız? Heç elə şey yoxdur. Biz əvvəlki kimi biri-birimizə nifrət edirik. Ancaq siz döyüş meydanından sümüklərimizi toplayanda onların bəzisini düşmən sümükləri ilə qarışdırmısınız, biz sadəcə, bura gəlib onları dəyişirik.
Tərcüməçi: Araz Gündüz