O adamlar niyə Allahın ümidinə buraxılıb? - Sahilə Yaya

O adamlar niyə Allahın ümidinə buraxılıb?   - Sahilə Yaya

26 Fevral 2024 10:45 284


Sahilə Yaya

“Apatiya” filmi haqqında

Filmdə adamları iddialı, apatik əhvaldan uzaq gördüm. Ailənin başçısı həvəslə kişiliyi ilə bağlı qaynının ağzından çıxan hər sözün dalınca düşür, qalın-qalın optik şüşələr arxasından hər şeyi görür, qadın fiziki, ardınca mənəvi məhdudiyyətləri olan ərindən yaxşı güzəran istəməkdən yorulmur, dayı gələcəyə kürəkəninin imkanları sayəsində əminliklə baxır.

Evin balacası da əlini ailəsindən üzməyib – divara üçünün normal görüntüsünü və marketi çəkir. Əksər uşaqlar kimi marketdən istədiyini ala bilmək onun ən böyük xəyalıdır.

Film böyu Xoşqədəm xanımın səsi adamın başına düşür. Və əslində real dünyamızda da xalq olaraq onun səsinin başımıza düşdüyünü anlayırıq. Əminəm, çoxunuz bu yerdə rahatladınız. “Bu Xoşqədəmlər, Zaurlar evimizi yıxdı” ritorikasında yaşayırıq – məsuliyyəti və günahı həmən üstümüzdən atmağa, televiziyaları, onların reytinq dalınca düşən aparıcılarını qınayıb sudan quru çıxmağa öyrəncəliyik.

Son ümid yeri olaraq o verilişlərə yol tapan əsasən əyalət və səfalət insanlarının hekayələrindəki əsl günahkarları sorğulamadan həkim, hakim, müəllim, immitativ ziyalı olaraq yaşayırıq. Xoşqədəm və Zaur verilişlərində bədbəxt insan həyatlarını düzəltmir, nəticəni göstərir. Cəmiyyətin ucuz ölüm və oluma itələdiyi yüzminlərlə insanı təqdim edir.

Filmdə o insanların niyə ekrandan belə iy verən evə sığınıb heyvani instinktlərlə yaşamasına işarə edən bircə tutarlı detal yoxdu. O adamlar niyə fiziki, mənəvi məhdudiyyətləri ilə Allahın ümidinə buraxılıb? Hanı o insanların insan kimi yaşaması üçün məsul olan adamlar? Hardadı adamın təqaüdü? Xatırladım, metafizik səbəb səslənir – anam məni doğdu, günahkar odu.

Amma filmdə işıq var idi. Mən onu gördüm. Mən sənətin işıq vermək öhdəliyini qismən qəbul edən adamam. Amma hər işdə o işığı sarı rəngdə axtarmıram. Projektor kimi işıq qışqıran filmlər süni gəlir. Apatiya filmi obrazlara aid iyrənc hekayənin nə əvvəlini, nə sonunu göstərir. Rejissorun işi göstərmək deyilmi? Göstərilən kifayət qədər şey var.

Filmin müəllifi son yazmaq istəməyib. Hekayə davam edir. Növbəti səhifəni siz yazın deyir.

O balaca oğlan üçün “happy end”i biz yaza bilərik.