...Gəlir xəyalıma o köhnə Bakı,
Keçən əsrdəki, doxsanlardakı.
Nə alov qülləsi, nə göydələn var,
Bir sakit şəhərdi, bir sadə bulvar.
Və bir də bir qız var, gerçək, həqiqət,
Gözündə parıltı, üzündə heyrət.
Hələ sədaqəti yağmalanmamış,
Hələ məhəbbəti damğalanmamış.
Hələ qırığı yox qanadlarının,
Hələ buxovu yox inadlarının.
Qaçır ayaqları yerdən üzülü,
Bilmir yollarına torlar düzülüb.
Bilmir hansı yoldan nə yönə dönsün,
Səksənir, ürpənir, bağrı yarılır.
Görəsən, birinci kim “şah” deyəcək,
Atlarmı, fillərmi, piyadalarmı?!
Bilmir bu şəhərdə nə neçəyədi,
Axı sevinc satıb qəm alasıdı.
Bilmir azadlığın qiyməti nədi,
Bimir ki canını kim alasıdı.
Kim nişan alıbdı, xəbəri yoxdu,
Şaqraq gülüşünə kim toy tutacaq,
Körpə sevincinin qatili kimdi,
Kim qamış ölçəcək boyuna, bilmir.
(Çox pis oyunçudu, oyunu bilmir).
Ona deyən yoxdu, kiri, qızcığaz,
Burda bu nəğməni oxumaq olmaz.
Diksinər bu yoldan keçən adamlar,
Burda səs karları, rəng korları var.
(Qara fiqurların hər tonları var).
Burda istiqanlı olmaq da günah,
Vampiri çox olur isti qanların.
Bilmir ki, gözünü sildiyi timsah,
Ağlayır yedikcə öz qurbanların.
Ona elə gəlir, göydədi tanrı,
Ona elə gəlir, hamı adamdı.
Ona deyən yoxdu, eh bu aləmin,
Yeyəni adamdı, yemi adamdı.
...Gəlir xəyalıma o köhnə Bakı,
Keçən əsrdəki, doxsanlardakı.
Nə alov qülləsi, nə göydələn var,
Bir sakit şəhərdi, bir sadə bulvar..
Və bir də bir qız var...
***
Bahar can verirdi oktyabrda,
Ahıl ağacların budaqlarında.
Yarpaqlar nə yaşıl, nə də sarıydı
Yaşılla sarının qarışığıydı.
Payız çalınırdı bütün simlərdə,
Zaman da boynunu qısıb gedirdi.
Quşlar, allah bilir, neçənci dəfə
Soyuq ölkələrdən küsüb gedirdi.
Təkcə dayanmışdı dayanacaqlar,
Yolçular harasa çıxıb getmişdi.
Üzbəüz eyvandan baxan bayraqlar
Yenə sinəsini al-qan etmişdi.
Yollar maşınsızdı, küçələr səssiz,
Şəhər sakit-sakit yuxulayırdı.
Hardasa ürəyin xəlvət yerində
Yeni bir bahara ümid varıydı.
***
Sənə ən doğma adam da
Özgədi, canım-gözüm.
Uzağı səni göstərən
Güzgüdü, canım-gözüm.
Bu güzgüdə özünə bax,
Özünü sev bir daha.
Gücün qalmayıbsa artıq
Kimsəni uydurmağa.
Başını yorma ki niyə
Belədi ömrün-günün.
Bu yazını yazan, bəlkə
Dəlidi, ömrüm-günüm.
Yenidən dünyaya gəlsən,
Taleyini zorlama.
Bir daha alın yazını
Oxumadan qollama...
***
And olsun ayrılığın kədərli gözlərinə,
And olsun ən qüssəli əlvida sözlərinə,
Sevgi şeirlərinə,
Payız yağışlarına,
And olsun anıların
Hələ də diri qalan məzlum baxışlarına
Bu son gedişdi...
Sənə demişdim...
Necə getməyimi istəyərdin, birdənəm,
Susaraqmı,
Küsərəkmi,
Dost qalaraqmı,
Düşmən olaraqmı?
Bilirəm, bu bir az
"Səni necə, hansı silahla öldürüm?”
Söhbətinə oxşadı.
Qatilin qurbanına mərhəmətinə oxşadı.
Amma nə olsun,
Bu həyatdı, birdənəm,
Qurban da qatilə çevrilə bilir,
Qatil də qurban olur bir gün...
And olsun, ürəyimin öz əllərimlə
Öldürdüyüm çırpınışlarına,
Məsumların aldanışlarına,
"Timsahların göz yaşları”na,
Sevgi şeirlərinə,
Payız yağışlarına,
Bu son gedişdi...
Sənə demişdim...
***
Hər axşamtərəfi
azan səsləri
özünü atanda minarələrdən
çıxıb getmək istədim bu şəhərdən
üzü şimala...
Çıxıb getmək istədim,
Dualar tüstü kimi
göyə ucalanda viranələrdən
və azan səsləri
özünü atanda minarələrdən.
***
Dörd yanın toz bürümüş bu köhnə zirzəmidə
Nədi ki özün asmaq?!
Bucaqdakı kəndirlə tavandakı halqaya
“Əlvida” sözün yazmaq.
Hər yerdə qalaq-qalaq, köhnə əlifbadakı
Unudulmuş kitablar,
Yerdə bir it zənciri, bir uşaq arabası.
Rəfdə paslı bir saat, xarab olmuş sərinkeş,
Boş bir araq şüşəsi və xiyar şorabası...
Küncdə hörümçək toru, tində siçan tələsi
Hərəsində bir qurban, ölümün təntənəsi...
Bircə insan cəsədi əskik bu zirzəmidə
Nədi ki özün asmaq?
Bucaqdakı kəndirlə tavandakı halqaya
Sonuncu sözü yazmaq...
***
Elə hamı səbəbkardı, ən yaxşıları ən çox...
Günahkardı sağlığına içdiyimiz adamlar,
Bütün şərab çeşidləri, bütün məzə növləri.
Cavablarından xəbərsiz o bicbala suallar,
Səbəbləri bilinməyən o ruh düşkünlükləri.
Elə hamı səbəbkardı, ən yaxşıları ən çox...
Günahkardı bu dünyanın bütün çıxış yolları,
Ən böyük super-marketlər və ən tünd şokaladlar.
Şair sayıqlamaları, filosof yalanları,
Tolstoylar, Şekspirlər, Platonlar və Kantlar.
Elə hamı səbəbkardı, ən yaxşıları ən çox...
Günahkardı unudulan, unutduran hər nə var,
Bütün gözəl indilərə xəyanətdi sonralar.
Təsadüflər günahkardı, zərurətlə örtülü,
Sevənlər də günahkardı, sevgilərin qatili..
Səbəbkardı bu çirkabın içindəki o saflar,
Varlıqları bu həyatın puçluğuna ithaflar,
Və intihar səhnəsində bir cümləlik monoloq,
Elə hamı səbəbkardı, ən yaxşıları ən çox.
***
Həyatımda kim var, düşsün,
Sonuncu dayanacaqdı.
O arxayın mürgüləyən adamı da oyadın,
Deyin, çatdıq.
Bilirəm, kiçik çillədi,
Hərdən-birdən qar atır,
Yavaş-yavaş axşam düşür,
Vaxtın səbri daralır,
Bir yandan da xəzri əsir,
Dəli edir havanı.
İndi quş da tərk eləməz
İsitdiyi yuvanı.
Deyin, məni bağışlasın,
Oyadın o adamı.
Burdan o yana getmirəm,
Düşün gedin, bir zəhmət,
Üzümə bir "əclaf" deyin,
Küsün, gedin, bir zəhmət,
Gedin üzü xoşbəxtliyə,
Gecdi...
Mən də qayıdım.
Amma nolar, sərxoş-sərxoş yuxulayan
o adamı yavaş-yavaş oyadın...