Əkrəm Əylislinin mövcudluğu - Səfər Alışarlı

Əkrəm Əylislinin mövcudluğu  - Səfər Alışarlı

06 Dekabr 2022 10:09 900


Onun mövcudluğu qrafomaniyaya bu gün də mane olur

Əkrəm Əylisli - 85

Səfər Alışarıı

Yazdıqlarımız özümüzü, həyatımızı, başqalarını dəyişmək cəhdidir. Bu gün yazmaq, yəni dünyanı dəyişmək üçün təkcə istedad azlıq edir: həm də mütaliə lazımdır ki, özündən əvvəl yaradılmış mənəvi irsə ənənə bağlılığın olsun, istedadın səni yer üzündəki saysız-hesabsız oyuncaqlarla aldadıb əsas mətləbdən yayındırmasın. “İstedad mənəvi enerjidir. Bədii əsər bu enerjinin müəyyən forması, sözlə ifadəsidir”, - bunu haqqında qısa yubiley sözü yazmaq istədiyim Əkrəm Əylisli deyib. Onun 85 illik həyatı, yaradıcılığı və böyük ədəbi mübarizə səhifələri ilə dolu yazıçı taleyi açıq kitab kimi gözümüz önündədir. Onu görməməyə, ondan imtina etməyə Azərbaycan ədəbiyyatının gücü çatmaz.

Tanrı nə vaxtsa yuxarıdan baxıb görmüşdü ki, 1937-ci ilin qanlı Stalin repressiyalarına başı qarışan zaman necə olubsa, gözdən-könüldən iraq dağların qoynunda doğulan bu uşağın ürəyinə bir ədalət, həqiqət eşqi, söz sehri, harmoniya sevdası qoyub. Deyilənlərə görə, tanrı nə edəcəyini xeyli fikirləşmişdi, axırda götürüb “Gələcək gün” romanını əzbər bilən, özü üçün şeirlər, poemalar, pyeslər yazan bu yetim oğlanı göndərmişdi Moskvaya oxumağa. Hər şey də oradan başlamışdı. Sovet ədəbi mühitinin ən qaynar və ən mübariz nöqtəsi onun ədəbiyyat və bədii həqiqət haqqında təsəvvürünü bir baxışla tamam dəyişmişdi. Nə baş vermişdi? Zənnimcə, o bəzi tələbə yoldaşlarının yaradıcılığına, müəllimlərinin ədəbiyyata münasibətinə və ali ədəbi səviyyələrdə oxunan, qiymətləndirilən həqiqi bədii əsərlərə baxıb görmüşdü ki, 1934-cü ildən bəri sosialist realizmini mənəvi, ideoloji bayraq etmiş Azərbaycan ədəbiyyatının bir an belə əynindən çıxarmadığı, zəncirlə qurşaqladığı, yamağını yamaq üstündən vurduğu milli çuxası üfunət iyi verir. Əgər 50-ci illərin rus nəsri Emmanuel Kazakeviçin, Vasili Qrosmanın simasında müharibə mövzusunun ura-patriotizmdən uzaq, yüksək kaliteli psixoloji nümunələrini yarada bilmişdisə, əgər sosialist realizminin banisi Maksim Qorkinin “Ana”sının qırmızı ətəyi altından canı və qanı bahasına sıçrayıb kənara çıxmış Leonid Andreyev, Mixail Bulqakov, Andrey Platonov vardısa, Azərbaycan nəsrinin sovet dövrü sənət və sənətkarlıq baxımından bomboş səhra idi. Sanki hər şey Mirzə Cəlillə bitmişdi və bu səhrada bir də heç zaman yaşıl nəsə bitməyəcəkdi. Kənddə doğulmuş, birdən gözlərini açıb Moskvadan da qırmızı Bakını görmüş gənc Əkrəm üçün bu mürəkkəb həqiqətin dərki onun öz həyat və yaradıcılıq kredosunu müəyyənləşdirməsi üçün yetərli idi. Bunu bəlkə də senzorun təsadüfi bir replikasından “Kür qırağının meşələri” kimi gözəl povestin doğulmasına bənzətmək olar...

Qorki adına Ədəbiyyat İnstitutu kimi ümumittifaq yaradıcılıq laboratoriyasında uğurla keçmiş beş-altı illik təhsildən sonra təzəcə Bakıya qayıtmışdı. 1964-cü ilin söhbətinə oxşayır. “Bütün yayı işləmişdim. Bakının dəhşətli istisində “Mənim nəğməkar bibim”i yazıb qurtara bilmişdim. İndi isə “Azərbaycan” jurnalı həmin povesti, necə deyərlər, qoltuğuma vermişdi. (Redaktor povesti bəyənməmişdi). Gedirdim. Fikirləşirdim. Nə kənddə pul göndərəsi bir adamım vardı, nə şəhərdə üzümə açılası hər hansı bir qapı. Özüm də yataqxanada olurdum. Düzdür, pərt idim, dilxor idim, amma çıxılmazlıq, ya ümidsizlik heç ağlıma da gəlmirdi, çünki yazdığım povestdən az-çox arxayın idim. Bilirdim ki, redaksiyada mənə qarşı ədalətsizlik olub və bu iş həmişə belə qalmayacaq – mənim povestim gec-tez mütləq çap ediləcək.

...Təxminən bir ildən sonra povest “Drujba narodov” jurnalında çap olundu, sonra “Azərbaycan” jurnalında da çıxdı. Bu söhbəti salmaqda mən (lap elə özüm üçün də) bir məsələni aydınlaşdırmaq istəyirəm: görəsən, haqq-ədalətə o boyda inam məndə haradan idi və görəsən, həmin inam indinin cavanlarında niyə yoxdur?!”

Vikipediyada o illərdə ölkənin yeganə ədəbi jurnal olan “Azərbaycan”nın baş redaktoru məlum “Şimal küləyi” romanının müəllifi Qılman Musayev, Yazıçılar İttifaqının sədri isə “Səhər” romanının müəllifi Mehdi Hüseyn göstərilir. Əkrəm Əylisli deyir ki, Mehdi Hüseyn ona hələ tələbəlik illərindən böyük qayğı ilə yanaşıb, onun “Drujba narodov” jurnalında çap olunmuş “Dağlara çən düşəndə” povestinə ön söz yazıb, qısa müddətdə Bakıda kommunal mənzillə təmin olunmasına yardım edib və onun yaradıcılığına böyük ümidlər bəslədiyini gizlətməyib.

Əlavə olaraq demək lazımdırmı ki, “Xruşşov yumşaqlığı” səciyyəsilə bütün sovet sənətinin yeni nəfəs alması üçün 50-ci illərin ortalarında təsadüfən açılmış o pəncərə 1964-cü ilin oktyabrında Kremldə baş vermiş siyasi çevrilişlə qapandı? Ancaq cin şüşədən çıxmışdı. Sovet ədəbiyyatında hörmətə layiq nə imza tanıyırıqsa, onların hamısının sosialist realizmi konstitusiyasını dağıdan əsərləri daha böyük vüsətlə jurnal redaksiyalarına və nəşriyyatlara gəlməyə başladı. Ç.Aytmatov, V.Şukşin, V.Rasputin, V.Tendryakov, Y.Trifanov, A.Abramov, A.Rıbakov, F.İskander, V.Makanin, V.Belov, A.Vampilov və başqaları partiyalı ədəbiyyatın ideoloji çərçivələrinə sığmayan, oradakı yalandan, riyakarlıqdan və ədalətsizliklərdən iyrənib həyat uçurumlarının kənarında dayanmağa məcbur olan kiçik insanları ədəbiyyata gətirməklə dünənə qədər toxunulmaz sayılan sovet nomenklatura sisteminin yararsızlığını və çürüklüyünü göstərməyi sanki ədəbiyyatın vəzifələrindən biri olaraq təsdiq etdilər. Azərbaycan sovet nəsrində bu axını başladan, yazılı sözün üzünü ədəbi pafos şüarçılığından insana, vətəndaşa, həyat həqiqətinə doğru çevirən ilk yazıçı, heç şübhəsiz, taleyin hökmü ilə Əkrəm Əylisli oldu. Azərbaycanda muzdurluqdan proletar yazıçısı rütbəsinə qalxanlar onu çap etdirdiyi povest və hekayələrilə bütün kolxoz və antimolla ədəbiyyatını dərhal kölgədə qoyduğuna və hər evdə, hər auditoriyada əl-əl oxunduğuna görə belə mükafatlandırmışdılar: “Köpəyoğlu, sən sovet hökumətinin düşmənisən!”

Halbuki, “nəğməkar bibi”, bütövlükdə “Adamlar və ağaclar” trilogiyası müharibə dövründə ağır məişət qayğıları yaşayan bir kəndin hər cür kəpəkdən arınmış bədii təsvirindən başqa bir şey deyildi. Siyasi rəng vermək üçün axtarsan, o povestlərdə nəinki “antisovet”, heç “sovet” sözünə də rast gəlməzsən. Onlar özləri içində çürüdükləri həqiqətin belə ədəbi dərkini və poetik təsvirini yaza bilmədiklərinə görə onu sevmədilər, bəlkə də “onun varlığına, mövcudluğuna nifrət etdilər” demək daha düzgün olardı. Təxminən eyni sözləri on il sonra istintaq aparan prokuror BDU-nun həbs edilmiş dosenti Əbülfəz Əliyevə onun tələbələr arasında qeyri-standart çıxışları ilə bağlı ittiham kimi deyəcəkdi: “Sən respublikanı bütün İttifaqda rüsvay edirsən!” Həqiqəti söyləmək yox, həqiqətə doğru boylanmaq cəhdi milli rüsvayçılığa bərabər tutulurdu. Bunun bəzi səbəblərini aşağıda izah etməyə çalışacağıq.

Əbülfəz bəyin arxasında yazılı mətn durmurdu, şifahi söz və beyni yuyulmuş çoxluğun qorxudan anlamaq istəmədiyi siyasi mövqe dururdu. Onu məhv etmək elə də çətin deyildi. Ancaq Əkrəm Əylisli ortaya həmin cahiliyyətin mənbə və tərkib hissələrini, hərəkətverici qüvvələrini, səbəb və nəticələrini ən adi məişət səviyyəsində faş edən bədii mətn qoymuşdu. Siyasi məmuriyyət və onun əliqələmli güruhu bir yana, hətta zaman özü bəzən belə mətnlərin qarşısında aciz qalaraq onları yandırır. Ancaq, deyildiyi kimi, əlyazmalar yanmır.

Əkrəm Əylisli hətta öz erkən yaradıcılığı ilə bunları fərqli düşünməyə, bədii həqiqətləri raykom katiblərinin, kolxoz sədrlərinin kabinetində deyil, Azərbaycan kəndlisinin ağır həyatında, kasıblığın törətdiyi rəzil məişətdə axtarmağa məcbur etdi. Çünki Moskvada “Drujba narodov” jurnalında çap olunmuşdu. ”Əgər Moskva olmasaydı, ola bilər ki, məni elə o povestlə də bitirib qurtaracaqdılar”, - Ə.Əylisli yazırdı. Bu böyük və çox mühüm ədəbi fakt zamanın çağırışı kimi bütün bədii həqiqətlərdən uzaq düşmüş, qırmızı şüarlarla dolu Azərbaycan ədəbiyyatının mənzərəsini dəyişdirməyə başladı. Amerikalı ədəbiyyatşünas Malihe Tayrel yazırdı ki, Əylisli “sovet cəmiyyətinin soyuqluğu və biganəliyindən doğan özgəlik hissini təsvir edir. Onun əsərləri “soyuq, yad cəmiyyətə qarşı mübarizə apararaq onun öz şəxsiyyətini ifadə edir”. Ədəbiyyata Anar, Fərman Kərimzadə, İbrahimbəyov qardaşları, İsi Məlikzadə, Elçin, Çingiz Hüseynov yeni insan, yeni qəhrəman dərkilə gəldilər. İsa Hüseynov pyes kimi yazdığı bəzi povestləri nəsr əsəri olaraq mövcud ədəbi reallıqlara uyğun ab-havada yenidən işlədi. Nəhayət, ən diqqətəlayiq nəsr əsərlərindən biri kimi İsmayıl Şıxlı 60-cı illərin sonunda “Dəli Kür”ü bitirə bildi.

Əkrəm Əylisli 60-cı illər Azərbaycan nəsrində birdən parlamaqla özündən əvvəlki ədəbi nəslin bütövlükdə ciddi rəqibinə çevrildi. Ölkədə oxunası müəlliflər onsuz da çox deyildi, o, öz səmimi kədəri, dərin psixoloji dramı və realist bədii nəsr poetikası ilə ölkədə yazılmış bütün sovet mətnlərini kölgədə qoydu. Daha doğrusu, öz parlaq işığı ilə o əsərlərdəki yararsız ideoloji bər-bəzəyi, onların arxasında gizlədilmiş şəxsi və partiyalı mənafeləri siyasi müstəviyə enmədən ifşa etdi. Onun qəhrəmanları bu sistemin özündə yer vermədiyi, ancaq verdiklərindən qat-qat saf, təmiz, dözümlü, həyat fəlsəfəsi etibarilə bir az da romantik insanlardır. Onlar Əjdər kimi zirzəmilərdə ölür, Qədir kimi cəlayi-vətən düşür, ancaq heç zaman özlərinə, dumanlı şəkildə təsəvvür etdikləri təməl ideallara, yəni həyatda tapa bilmədikləri o mənəvi sehrə, onun gəlməyən işığına xəyanət etmirlər. Ən azı şərə, fitnəyə xidmət etməməklə instinktiv şəkildə, sanki genetik səviyyədə özlərini yad cəmiyyətdən uzaqda saxlayırlar.

Müəllifin də dediyi kimi, bu yazıçı şöhrətindən həvəslənən bir çox qələm adamları tələm-tələsik yazdıqları əsərlərlə ona bənzəməyə çalışdılar. Bəziləri məlum üslub və təhkiyə ilə indinin özündə də onun altmış il əvvəl dişlə-dırnaqla açdığı cığırlardan çıxıb müstəqil yeriməyə çətinlik çəkirlər. 60-70-80-ci illərin ədəbi aləmi ən azı milyonluq kütləvi oxucusu ilə jurnalda, kitab rəflərində öncə məhz onun adını axtarmağa, onun yazdığı hər cümlənin mənasına və sintaktik quruluşuna varmağa başladı. O, tez bir zamanda, hələ otuz yaşı tamam olmamış baş nəşriyyatlardan birinin, sonra isə baş jurnalın baş redaktoru oldu. Əgər təcrübəli, qollu-qanadlı, mütəşəkkil qrafomaniya dəstələrinin yazıçı Əkrəm Əylisli ilə hər hansı ədəbi rəqabətə, yaradıcılıq davasına girməsi özlüyündə qeyri-mümkün idisə, naşir Əkrəmlə döyüş onlar üçün nisbətən asan idi.

Ədəbi general Mirzə İbrahimovun kitabına ön söz yazmağı o illərdə ədəbi zənginliklərə buraxılış vəsiqəsi kimi qiymətləndirənlərin ortasında bundan üzbəsurət imtina edən Əkrəm Əylislini böyük bir cinahdan hansı zərbələrin gözlədiyini yalnız təsəvvür etmək olar. Qovluğu qoltuğuna verilən qrafomanlar yeri düşdükcə onun cığal və antisovet obrazını yaratmağa çalışsa da, yuxarılarda Moskvanın tanıdığı yazıçını qoruyan adamlar hərdən tapılırdı. Ancaq bununla belə, o, “ədəbiyyat” adlı bu fahişənin ucbatından nə qədər dost itirdiyini”, özünə qarşı nə qədər əliqələmli kin-küdurəti qazandığını görürdü. Onun təsəvvüründə Yazıçılar İttifaqı, ədəbi jurnallar və nəşriyyatların bədii ədəbiyyat redaksiyaları partiyalı yazıçı yetişdirmək missiyasından birdəfəlik əl çəkib qrafomaniya ordularına müqavimətin təşkili və bu xəstə mühitdə həqiqi istedadları şöhrətpərəst, qafiyəpərdaz, bir bənd şeirinin çap olunması üçün bütün “qəhrəmanlıqlara” hazır zümrənin içində arayıb-axtarmaqla məşğul olmalı idi. O özü bu təmənnasız nümunəni göstərməklə qaragüruh qarşısında həm qaçılmaz naşir məğlubiyyətini yaşadı, həm də ətri çox uzaqlara yayılan yazıçı çörəyinin zəhərini daddı.

1981-ci ildə Şüvəlanda Yazıçıların Yaradıcılıq Evinin açılışında ona qarşı başladılmış total müharibə öz apogeyinə çatdı. Tədbirdə ölkənin partiya rəhbəri Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd Heydər Əliyev də iştirak edirdi. Bütün neft, pambıq, üzüm, tütün, heyvandarlıq məhsulları plan və öhdəliklərini artıqlaması ilə yerinə yetirən respublika hər il keçici qırmızı bayraq alır, Brejnev Bakıya gəlir, Azərbaycan iri addımlarla irəliləyirdi. Ölkənin zəhmətkeş insanları və qaynar işgüzar mühiti haqqında yalnız tərif demək qələm adamının borcu kimi sanki öz-özünə müəyyənləşmişdi. Bir çox yazıçı və şairləri də ağuşuna almış qəzetçi-jurnalist ordusu gecə-gündüz partiyalı sözün keşiyində durmaqda davam edirdi. 50-60 otaqlıq Yaradıcılıq Evinin açılması partiyanın ədəbiyyata böyük qayğısı və diqqətinin təzahürü idi. Tədbirdə də məhz inkişaf uğurlarına həsr edilmiş publisistik çıxışlar gedir, ədəbiyyatın bu çağırışlardan kənarda qalmaması əsas vəzifə olaraq qarşıya qoyulurdu. Ədəbiyyat generallarının moderatorluğu ilə ölkə rəhbərinə verilən bu yazıçı raportları çox incə bir xətlə “Azərbaycan” jurnalının fəaliyyətinə qarşı yönəldilir, jurnalın hər nömrəsində publisistik giriş məqaləsinin verilməməsi və çap olunan bəzi əsərlərdən ideoloji tədqiqat nəticəsi kimi çıxarılan qondarma mətnaltı mənalar baş redaktorun ciddi qüsuru kimi göstərilirdi. Əsəbləri bu haqsız, qeyri-ədəbi tənqidə dözməyən Əkrəm Əylisli natiqlərə cavab vermək məcburiyyətində qalır.

Heydər Əliyev hələ DTK-da işləyən vaxtlarından bu natiqlərin çoxunu tanıyırdı. Ədəbiyyata bələdçiliyi çox dərin olmasa da, kimin kim olduğunu yaxşı bilir, onların ən atəşin danışanlarının baş redaktordan MK-ya donos yazdığını üzə vurmur, səbirlə dinləyir, Azərbaycan ədəbiyyatını ölkənin hüdudlarından kənara çıxarmağa qadir olanları şəxsən himayə etməyə çalışırdı. Odur ki, dünyanın oxuduğu yeganə azərbaycanlı yazıçını qaragüruhun güdazına verməyə Heydər Əliyevin heç zaman əli gəlməzdi. Eyni zamanda total tənqidə onun partiya rəhbəri olaraq reaksiya verməməsi də mümkün deyildi. Öz çıxışnda dolayısı ilə olsa da, siyasi publisistikanı bədii ədəbiyyat qayğılarından önə çəkən şair və yazıçılara müəyyən mənada dəstək vermək məcburiyyətində qaldı və tədbir qurtarandan sonra artıq foyedə “kitabının bağlandığını” sual olaraq dilə gətirən Əkrəm Əylislinin çiyninə əl qoymaqla ona öz işini davam etdirməyi nümayişkaranə tövsiyə etdi. Heydər Əliyev istedadlı adam idi, o, böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq, heç zaman sənətlə, sənətkarla mübahisəyə girməyi xoşlamırdı. Yaranan anlaşılmazlıqları adətən ağsaqqal müdrikliyi ilə uzaqdan-uzağa sülhə tərəf çəkməyə çalışardı.

1980-ci ilin payızı iki ilin baş redaktorunun həyatında bu qalmaqalla bitdi. Biz Moskvada oxuyurduq, uzaqdan eşidirdik, məsələlərin dərinliyinə varmağa heç bir imkanımız yox idi. İndi bu olayları Əkrəm Əylislinin “Ədəbiyyat yanğısı”, “Əylisdən Əylisəcən” kitablarından, ədəbi vicdan ağrısı dolu prinsipial müsahibələrindən bir daha oxuyub o dözülməz mühiti yaradanlara zərrə qədər də olsa, haqq qazandırmağa, özümüzə isə təskinlik verməyə heç nə tapmırıq. Ə.Əylislinin yaradıcılığı o mühitdə çoxlarının peşəkar yararlığını şübhələrə məruz qoyan lakmus kağızı, hətta təhlükə mənbəyi idi. Onun “May günü” hekayəsi var. Oxuyun, 1972-ci ildə yazılıb. Dəli-dolu bir gəncin itinə münasibəti haqdadır. Bundan ötrü müəllifi KQB-yə çağırıb guya may bayramını ələ salmaqda günahlandırırdılar. Ədəbi qaragüruh onu sırf şəxsi maraqları və merkantil mənafeləri naminə daim hakimiyyətin qılıncı altına itələyirdi.

1982-ci ildə Yazıçılar Birliyində “Azərbaycan” jurnalının ikinci edam prosesi başladıldı. Bu təşkilata onda Mirzə İbrahimov rəhbərlik edirdi. İttihamlar eynilə iki il əvvəlki, ittihamçıların sırası bir az da geniş... “Sarı üzlü jurnal” sözləri bir neçə ildən sonra əbədi mif olaraq istedadlı və vicdanlı şair-yazıçıların dilində ədəbiyyatın ən gözəl zamanlarının rəmzitək titrəyəcək və daha heç zaman bu ölkədə onların Əkrəm Əylisli kimi baş redaktoru, ədəbi himayədarı və qardaşı olmayacaqdı. Hələliksə qırğın gedir: ümidverici ədəbi gəncliyin jurnala axınını bəyənməyən “korifeylər” Şüvəlanda olduğu kimi hər cür demoqogiyadan istifadə etməyə çalışırlar. Jurnal səhifələrindən dövrə yeni, həqiqi ədəbiyyat nəfəsi gətirmək istəyən əsərlər antimilli mövqeyinə görə tənqid edilir. Arqumentsizlik faktiki olaraq hoydu-hoyduya çevrilərək baş redaktoru jurnaldan bezdirib prerikdirmək qəsdi daşıyır. Baş redaktorun cavab nitqi kimi səslənən məntiqli və əhatəli məruzəsində aşağıdakı sətirlər də vardı: “12 nəfərlik kollektivi, bu zalda oturanların hamısına məlum olan səbəblərə görə jurnaldan bərk narazı düşən bir qrup adamın qızğın şəxsi ehtirasının paslanmış və iylənmiş dəmir məngənəsinə salıb sıxmağın heç bir yaradıcılıq məsələsinə dəxili yox idi və ola da bilməzdi. Jurnalın müzakirəsini onun mühakiməsinə çevirmək cəhdləri göz qabağındaydı”.

Pul-para sarıdan xroniki korluq çəkən Azərbaycan ədəbi mühitində bu vəzifədən o adam dördəlli yapışıb durardı ki, onun öz şəxsi yaradıcılığı olmasın. Ya da adi, ortabab bir qələm adamı olsun. Ya da rəhmətlik Yusif Səmədoğlu kimi həftədə bir gəlib redaksiyada siqaretini tüstülədib getsin: yazan onsuz da yazacaq, çap olunmalı onsuz da çap olunacaq, ortada Don Kixotluq edib hamı ilə üz-göz olmağın, özünə düşmən qazanmağın nə mənası?! Cavidi, Müşfiqi öldürən adamlara qüsl vermək nəyə lazım?!

Əkrəm Əylisli fitrətən bu düçüncənin sahibi deyildi. Olsaydı, yəqin ki, dağların necə gülümsədiyini görə bilməzdi. Bu dünyada gümanı bir pişpişə ağacından başqa heç kimə, heç nəyə gəlməyən həyatın qara zirzəmiləri ilə döyüşdə məğlub olan qəhrəmanın son iniltisini eşidə bilməzdi: “O pişpişəyə deyərsən ki, Əjdər ölür”. Onun qəhrəmanlarının istək və arzuları, həyat və taleyi zamanla sıx bağlıdır. Zamanın butafor simasını təşkil edən, ora hər hansı bir yad cismin toxunuşuna belə imkan vermək istəməyən məxməri durğunluq ura-patriotizmdən başqa bir ictimai-siyasi, təəssüf ki, həm də bədii söz tanımaq istəmirdi. Niyə? Çox böyük sualdır.

Əgər diqqətlə fikir versək, XIX əsrin əvvəllərindən başlamış rus işğalından sonra Azərbaycan xalqının yad və istismarçı hakimiyyət altında bir qarın çörəyə işlədiyini görmək çətin deyil. Bu, müasir dövrün pərdələnmiş quldarlıq sistemi idi. Dəhşətli burası idi ki, ona qarşı hər hansı mübarizə ağıl və məntiq yox, axmaqlıq təzahürü sayılırdı. Yalnız 1970-ci illərdən başlayaraq Azərbaycan rəhbərliyi sovet rejiminin amansız sümürgə qanunlarına adekvat cavab verməyin üsulunu tapdı. Bu, əsasən kağız üzərində artıqlaması ilə doldurulan planlar, yerinə yetirilən öhdəliklər və s. idi. Rejimin huşunu itirməkdə olan qoca başçıları yalnız narkotik təsirli tərifə və gözə kül üfürən gurultulu sözə pul buraxırdılar. Ölkədə ikiüzlü hakimiyyət sistemi yaranmışdı. Mənəvi riyakarlıqların dərinliyinə baxmayaraq, məhz bu illərdə Azərbaycan kəndlisinin evinə zəhməti müqabilində pul gəlməyə başladı. Ədəbiyyat bunu qəbul edə bilməzdi. Etsəydi, bu, 20, 30, 40-cı illərdəki kimi onun intiharı olardı. Ona görə ədəbiyyat, xüsusilə istedadlı adamların yaratdığı bədii nəsr hüquq, azadlıq və insan ləyaqəti uğrunda mübarizənin yeganə və ön cəbhəsi rolunu oynadı. Əkrəm Əylisli milliyyətindən asılı olmayaraq vicdanı ilə alverə girməyən bütün sovet yazıçıları ilə o cəbhədə çiyin-çiyinə idi. Onun rəsmi ədəbi-tənqidi səciyyəsi isə aşağıdakı kimi idi: “Əgər Mirzə İbrahimov “Güləbətin”, “Pərvizin həyatı” və “Sahildə ev” əsərlərində zamanın nəbzini tutur, müasirlərinin fikir və tələbləri səviyyəsində dayanırsa... Əkrəm Əylisli “Kür qırağının meşələri”ndə mənəvi cəhətdən şikəst olan, görüşləri, istək və arzuları oxucuda ikrah hissi doğuran Qədiri, “bir qara qul”u xatırladan Səltənəti, “yer üzünün ən biganə adamı” Misiri, şəxsiyyəti, ləyaqət və mənliyi tapdalananda da “özünü karlığa, korluğa” vuran Qeybullanı kəndin səciyyəvi nümayəndəsi kimi ümumiləşdirməyə çalışır”. İndi gedin oxuyun “Pərvizin həyatı”nı.

Hər cür perspektivdən, faktiki olaraq gələcəkdən məhrum olan bu qəhrəmanları oxucu hələ o zaman dərhal tanıdı, onların hər birində özünün dalana dirənmiş, çıxılmaz taleyinin cizgilərini gördü və göz yaşlarına boğula-boğula sevdi. Mətbuatın yalançı hay-küyünə baxmayaraq, onlarla hər kəndin, hər şəhərin küçə-bacaları dolu idi. Əkrəm Əylisliyə qədər onları heç kim, heç bir Azərbaycan yazıçısı ədəbiyyata partiyalı mütləqiyyətin qurbanı olaraq gətirməmişdi. Əksinə, onların əlinə qırmızı bayraq verib sosializm yarışının yalançı qalibi etmişdilər. Kim bilir, əgər ötən əsrin 60-70-ci illərində faktiki olaraq bütün Azərbaycan isteblişmenti ilə ideoloji dartışmaya çıxmış Əylislinin zamanı alnından vuran bu ədəbi-bədii həqiqətləri olmasaydı, bizim ədəbiyyatda, müəyyən estetik qüsurlarla olsa belə, Kərbəlayi İsmayıl, Qılınc Qurban, Kollu Koxa, Cahandar ağa, Xrebtovı qəhrəmanları və barmaqla sayılası digərləri yarana bilərdimi?

Realist Mirzə Cəlil nəsrinin bədii ənənələri üzərində öz novator yazıçı missiyasını əzab-əziyyətlərlə davam etdirən Əylisli ədalətli, obyektiv naşir missiyasında da on illik fəal mübarizədən sonra jurnalı tərk etməyə məcbur oldu. Ədəbi aləm dərhal sakitləşib səsini içinə qısdı: qrafomaniya cəlladı vurulub oyundan çıxarılmışdı. Troya məğlub olmuşdu! Ancaq onun fiziki və mənəvi mövcudluğunu qoruyan böyük yazıçı xofu onların başı üstündən çəkilib getməmişdi. Bunun üçün o, məhv edilməli idi ki, öz ədəbi irsi, həyatı və faciəvi yazıçı taleyilə onlara daim maddi və mənəvi dividend gətirsin. Siz elə bilirsiniz bu gün Caviddən, Müşfiqdən, Seyid Hüseyndən, Tağı Şahbazidən, Sanılıdan yazanlar, onların xatirəsinin yanından keçməklə bir ömürlük fəxr duyanlar bunu ədəbiyyat sevgisindən edirlər? Onlar bunu hələ diri Cavidlərdən yazmamaq, onları görməmək, eyni zamanda dollar rəmzində hakimiyyətin kanallarından axan ədəbi mənfəətlərini əldən verməmək üçün edirlər. Mən baxmaq istərdim o titullu, ordenli, medallı “korifeylərin”, məsələn, Eyvaz Əlləzoğludan, Əlabbas Bağırovdan, Rasim Qaracadan, Etimad Başkeçiddən, Şərif Ağayardan, Kəramət Böyükçöldən, Günel Mövluddan, Murad Köhnəqladan, Ataqamdan, Şaiq Vəlidən, Yafəs Türksəsdən və başqa müasirlərimizdən yazmağına. Axı ola bilməz ki, birisi Cavidi, Müşfiqi səmimi şəkildə sevsin, onların nakam taleyinə acısın, onların irsində vətən, insan mövzularını kitab-kitab təhlil edərək hər axşam teleekrandan üzümüzə üfürsün, ancaq yuxarıda adlarını çəkdiyim dəyərli qələm adamlarının yırtıcı kapital basqısı altında əzilən yaradıcılığını və həyatını görməsin! Çox vaxt bunun əksi baş verir: ədəbi aləmə çıxan ən mənasız, professionallıqdan uzaq, naşı, antiədəbi qələm təcrübələri yüksək ədəbi məqamlarda müzakirəyə çıxarılır, guya tam dəyişmiş zamanda qələmlə çörək qazanmaqdan başqa heç bir çarəsi olmayan sürtük, çürükçü və muzdur mirzələrin boğazdanyuxarı vəsf obyektinə çevrilir.

Ə.Əylislidən sonra jurnala baş redaktor Cabir Novruzu qoydular. Bunu şərh etməyə, o fəaliyyətə qiymət verməyə zərrə qədər də lüzum yoxdur. Yalnız onu demək lazımdır ki, qrafomaniya qaragüruhu, isti kabinetlərdə şirin-şəkər sevgi romanları uyduran məmurlar və onların ədəbi aləmə sıx-sıx yerləşdirdiyi “qadrolar” toxtadılar, sakitləşdilər. Qrafomaniyanın beş illik lomka dövrü qurtardı. Ancaq onların bütün istəklərinin əksinə olaraq ilk qaranquş missiyası artıq yerinə yetirilmişdi, həqiqi Azərbaycan ədəbiyyatını daha 40-50-60-cı illərin sərsəm havalı partiya əlaltısı vəzifəsinə qaytarmaq mümkün deyildi. Ədəbiyyat bütün bədii-estetik gücü və ideya-məzmun baxışı ilə rejimin mahiyyətinə qarşı işləməyə başladı.

Əkrəm Əylislinin 80-nin sonlarında başlanan milli azadlıq mübarizəsinə münasibəti hərəkatın ilk günlərindən ziddiyyətli olub. Lev Tolstoy 1905-ci il rus inqilabını qəbul etmədiyi kimi Əkrəm Əylisli də sanki yaradıcılığına yaxşı bələd olduğu şair və yazıçıların bu hərəkatın başında ölkəni inqilab yolu ilə ağ günə çıxara biləcəyinə şübhə edirdi. Lenin inqilabı qəbul etməyən Tolstoyu “rus inqilabının güzgüsü” adlandıraraq deyirdi ki, əgər Tolstoyun simasında bizim qarşımızda həqiqətən böyük sənətkar durursa, o, rus inqilabının bir sıra mühüm cəhətlərini mütləq qəbul etməli idi; o isə öz əsərlərində bir tərəfdən ölkədə baş alıb gedən sosial, mənəvi zülmü göstərir, digər tərəfdən bu zülmlə mübarizədə “şərə qarşı güc müqaviməti göstərməmək” fəlsəfəsini təlqin edir. Azərbaycan milli azadlıq hərəkatında Lenin boyda siyasi liderin olmaması üzündən Əkrəm Əylislini bu illərdə milli maraqların əleyhdarı kimi damğalamaqdan da çəkinmədilər. Bunlar istəyirdi ki, o, tribunada Xəlil Rza və başqaları ilə yanaşı dayanıb erməni, rus təcavüzkarlarını atəşli yazıçı sözü ilə odlasın. O isə bunu istəmirdi. Yeri düşdükcə öz müsahibələrində axına qarşı getməkdən də çəkinmirdi. Çoxları başa düşmək istəmirdi ki, Əkrəm Əylisli zamanında qanı və canı bahasına yerinə yetirdiyi möhtəşəm ədəbi missiyası – yaratdığı məşhur obrazlarla bu hərəkatın yetişib pərvəriş tapmasına əvəzsiz töhfələr verib. Onun qəhrəmanlarının, demək olar ki, hamısı mövcud sovet quruluşunun görmədiyi, əl uzatmadığı, öz biganəliyi ilə əbədi səfalətə məhkum etdiyi insanlar, əsasən gənclərdir. Meydanları dolduran, üçrəngli bayraqla yürüyən kütlə arasında, nisbət ölçüsü ilə götürsək, bəlkə də yarı say onun qəhrəmanlarından ibarət idi. Hərdən mənə elə gəlir ki, ustad o qəhrəmanları yaxşı tanıdığı şair, yazıçı liderlərə sadəcə qısqanırdı, bəlkə də etibar etmirdi.

Qrafomaniya həmişə, hər vəchlə onu hakimiyyətin qılıncı altına itələməyə çalışıb. Bu dünyanın bütün zamanlarında əsl sənətkarın vurulası açıq yeri o qədər çox olub ki, heç kim, hətta özü də öz müdafiəsini qurmaq haqqında düşünməyib. Belə yazıçıların taleyi onların yazdığı mətnə sıx bağlıdır. Yəqin ki, onları qoruyan da elə mətnləridir. Nazim Hikmət Türkiyədən qaçmaq üçün adi bir taxta qayıqda açıq dənizə çıxanda onu rumın gəmisinin görüb borta alacağını ağlına belə gətirmirdi. Bulqakov mübariz ateistlər ölkəsinin qırmızı bayraqlı ədəbiyyatına Ponti Pilat, İissus, professor Preobrajenski obrazlarını ildırım kimi çaxanda hansı təzyiqlərlə üzləşəcəyini təsəvvür edirdi. Lev Tolstoy zülmə qarşı biganə xristianlıqdan imtina edəndə onun həyatında nələrin baş verəcəyini yaxşı bilirdi. Yazıçılığın tale olduğunu bilənlər üçün ən pis aqibət təhdid və repressiyalar deyil, onların nəticəsində pis mətn yazmaq riskidir. Paradoksal olsa da, təhdidlər sözün çoxmənalı sehrilə yazıçının pis mətnini də yaxşıya çevirmək qüdrətinə malikdir.

Onun fiziki mövcudluğu hələ də qrafomaniyaya mane olur. Onun hər il ən azı bir povest, bir neçə hekayə yazmağı, ciddi ədəbiyyatdan bəhs edən müsahibələri onların nəinki yuxusunu, hətta rahat yeyib-içdikləri yerdə də kələfcələrini qarışdırır. Son on ildə çox şeylər oldu. Ancaq onu Avropa, Amerika oxuyur.

Sonda yazıçının məlum “Daş yuxular” romanını və onunla bağlı Azərbaycan cəmiyyətinin fırtınalı reaksiyalarını xatırlamamaq mümkün deyil. Mən o əsərin bədii keyfiyyətləri haqda yüksək fikirdə deyiləm. O şey ki, bədii cəhətdən axsaqdır, onun ədəbiyyata dəxili azdır. Bəziləri iddia edir ki, guya yazıçı bu əsəri Nobel mükafatı almaq üçün ermənilərin müəyyən dəstəyinə hesablayaraq yazıb. Deyir, keçəl dərman bulsa, öz başına yaxar. İndiyədək həmin mükafatı almış bir erməni yazıçısı varmı?

Ədəbi, estetik provokasiya bütün sənətlərin, o cümlədən yazıçı sənətinin də tərkib elementlərindən biridir. Misir ehramları, “Qara kvadrat” tablosu, “Məmurun ölümü”, “Qaraca qız” hekayələri provokasiya deyilsə, bəs nədir? Əylislinin də əksər əsərlərində bu elementlər bu və ya digər şəkildə öz yerini tutub, sadəcə onlar mətnin bədii sərhədlərini dağıtmayıb, üslub estetikası baxımından əsaslandırılmış formada bir qədər yumşaq rənglərlə işlənib ki, qıcıq və ikrah yaratmasın. Burada isə elə deyil. Mətnin bir çox parçalarına, o cümlədən türk əsgərinin guya uşaq əmizdirən qadına atəş açmasına, guya işgəncə ilə öldürülən hər erməniyə bir şam yandırmaq istəyinə-filana bədii interpretasiya vermək çətindir.

Bəlkə də 85 yaşı bu gün tamam olan görkəmli ədibin yubiley məqaləsi bir az başqa cür olmalı idi. Onun son onilliklərdə yazdığı dəyərli əsərlərinin bədii təhlili üzərində qurulmalı idi. Ancaq həyat və əlahəzrət məntiq bu gün belə diktə etdi.